Millətin “müalicəsi”
Kiçik zabit Maltus papiros çəkmək üçün ovcunda xəzəl ovurdu ki, bir məktub atdılar. Nürnberq şəhərindən, arvadından gəlmişdi. Sevincək açıb oxudu:
"M ənim əzizim, neçə vaxtdır səndən xəbər yoxdur, nigaranam. Axı sənə nə tapşırmışdım. Deyirlər, Rusiya torpağını bölüşdürürlər. Üç ildir vuruşursan, gərək sənə lap yaxşı yerdə bir malikanə versinlər. Böyüklərə ərizə ver, tələb elə! Qoy Odessada bizə yaxşı mülk versinlər. Bağımız olsun, inək saxlayaq, qaz saxlayaq. Otaqlarımızı kirayəyə verək, ruslardan kəniz tutaq, ömrümüzün axır-uxurunda biz də bir gün görək!"
Maltus kağızı cırıb atdı, başını tovladı:
– Səfeh qızı, – dedi, – keçi can hayında, qəssab piy! Biz rus mərmilərinin əlindən qaçıb gizlənməyə yer axtarırıq, sən nə xəyaldasan!..
Maltus bir qədər düşünəndən sonra arvadına haqq verdi:
– Nə bilsin, – dedi, – yazıq! Başımıza gələni onlara danışırlar ki!
Oturub müfəssəl bir məktub yazdı. Arvadına nəsihət etdi:
"Marqarita, xəyal şirin, yuxu yaxşı şeydir, heç olmasa, təsəllidir. Amma vaxtı deyil, sənə məsləhət görmürəm. Gümanım var ki, özünü bomba və ya aclıqdan qurtarsan, daldalanmağa bir yuva tapasan. Mənim halımı soruşma. Düşmənini də bu gündə görməyəsən."
Maltusun başı yenə döyüşə qarışdı. Ağzını şərqə doğru çevirməyə macal tapdığı topu vətənə tərəf sürürdü. Mövqelərin birində şiddətli bombalama nəticəsində alay məhv oldu, hər şey batıb-tükəndi. Toplar ölü çəyirtkə kimi bənd-bəndindən qopdu.
Maltusun da sağ qıçı getdi.
Cərrahiyyə əməliyyatından ayılandan sonra Maltus yenə arvadından məktub aldı, görünür ki, bu, onun yazdığına cavab idi:
"Mənim əzizim, məktubunu aldım, mübarək türbət kimi gözlərimə sürtdüm. Yazırsan ki, təzə nişan almışam, böyük zabit rütbəsinə çatmışam. Bilsən nə qədər sevinmişəm. Bir də tapşırıram, malikanə almağı unutma. Krımı tərifləyirlər, bacarsan oradan bir həyət al, ya Kiyevin yanındakı münbit torpaqlardan ələ keçir."
Maltus dalısını oxumadı. Kağızı lülələdi, uzun bir papiros büküb çeynəyə-çeynəyə çəkdi.
– Bəli, – dedi, – millət böyükləri bizim arvad ilə danışmağımızı, yazmağımızı da qadağan etmişlər. Senzuralar soldatın adından ailələrə şirin sözlər yazır ki, arxada əsəblər xarab olmasın. Eybi yoxdur, daha mənim evə qayıtmağıma az qalıb..."
Maltus qoltuq ağacı ilə yeriyib həkim komisyonunun qabağında dayandı. Kəsik qıçım göstərib soruşdu:
– Cənab kapitan, mən evə gedə bilərəmmi?
Kapitan çeşməyini açıb cibinə qoydu və başı ilə "yox" işarəsi verdi:
– Zabitsiniz, savadınız var, sizdən istifadə olunacaq!
Maltusu arxaya, hansı hissəninsə ştabına göndərdilər. Ucaboy, qoldan şikəst bir qadın onu qarşıladı, kürsü göstərdi:
– Otur!
– Yoxsa mənə kartoşka soyduracaqsınız?
– Tapsan soyarsan!
Qadın bunu deyib içəri getdi. Kirli və ağzıaçıq bir qutu gətirib ma sanın üstünə çevirdi. Qutudan rəngbərəng, müxtəlif həcmdə, müxtəlif biçimdə, müxtəlif ünvanlı məktublar töküldü. Qadın Maltusa dedi:
– Bunları açıb diqqətlə oxuyacaqsan. Əsəblərə toxunan nə varsa qaralayacaqsan. Əvəzinə beş-on kəlmə xoş söz əlavə edəcəksən ki, oxuyanın ürəyi açılsın. Lazım gəlsə bütün məktubu bir tərəfə qoy, özün bir yaxşısını yaz! Millətin ruhuna bələdsən, yaz! Fürerin əmri var, müharibə millətin əsəblərini korlamışdır, müalicə lazımdır!
Hamıdan qabaq, dedi, mən arvadımı müalicə etməliyəm. Elə bir məktub yazmalıyam ki, həm öz halımı bilsin, müsibətimdən xəbər tutsun, həm də ürəyi açılsın, qələbəmizi bayram etməyə hazırlaşsın. Gecənin arxayın çağında, hamının şirin yorğunluq və pərişanlıq yuxusuna getdiyi bir saatda Maltus arvadına "müalicə" məktubu yazdı:
"Əzizim Mara, and olsun yeddi yoldaşımın və qaynımın qəbrinə ki, bir dəqiqə yadıma düşmürsən. Mənim keyfim lap sazdır. Rus bombası sağ qıçımı aparanda nə ləzzət çəkdiyimi təsəvvürə gətirə bilməzsən. Bilirsənmi, rus topu adamı heç incitmir. Qıdıqlayan kimi olur. Yaralanıb çöldə qalmağın böyük səfası var imiş. Tək, rahatca uzanırsan, qıçından qan axır, sərin külək vurur, yara cana yayılır. Elə yüngülləşirsən, rahatlaşırsan ki! Soldat üçün qılça artıq şeydir. Çünki, əl-ayağa dolaşır. Bədən balaca olduqca güllə az dəyir. Yemək-içməkdən heç korluğumuz yoxdur. Zabit beş-on kəlmə danışan kimi, iştahan qaçır, elə bil, yağ içmisən. Yer verəcəklər, qorxma, Odessada, Kiyevdə, Krımda, Sevastopolda bizdən çox adama yer verdilər. Hər kəs boyuna münasib mənzil aldı, uzun soldatlar, gödək generallardan çox yer aldı. Çox yoldaşımız indi haqq dünyada rahatca yatıb bizim yolumuzu gözləyir. Deyəsən, bizi vətəndə, alman torpağında rahatlayacaqlar. Tələsmə, rəhbərimizin sayəsində tezliklə o dünyada görüşərik!."
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-milletin-mualicesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda qaldı".Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb elədi: "O hara, bura hara? Onu kim çağırıb?".
İkinci hissə, yeddinci fəsilBeşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.
İkinci hissə, səkkizinci fəsilVahid evə gələ bilmədi, deyəsən onun əsil işi indi, layihəsi qəbul olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı. Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi, şəhərin ən uca yerinə – Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən, get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi. "Yeni Bakı"nın quruluşu, həyatı, insanları qədər də təbiəti təzələnməlidir. Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana, muzeylər, saraylar, klublar, rəsədxana... Uca çinar, qələmə, qarağac, şam, həmişəcavan ağacları içində görünməz olmalıdır. Eyvanlardan üzüm salxımları sallanmalı; bağçalarda güllər dəstələnməlidir. Dənizdən gəmi ilə gələnlər dünyanın ən gözəl bir şəhərinə yanaşdıqlarını güman etməlidirlər. Bu mənim şəhərim! Məni böyüdən, mənim böyütdüyüm yerlər yenə də dilə gəlin, qoyun aləm bilsin!Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni tarixində böyük bir kitab yazılmışdır. Murmanskdan Bəsrə körfəzinə, Lamanşdan Vladivostoka qədər uzanan yollarda gəzənlər - yer, su, hava səyyahları - ruslar, azərbaycanlılar, özbəklər, kazaklar, türkmənlər, fransızlar, italyanlar, yaponlar, çinlilər, hindlilər... qaralar, ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə qədər açılan parlaq vərəqləri kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, göylərə baş vuran zavodlarda, çoxqatlı mənzillərdə, məktəblərdə, müalicə evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da, gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş səslə deyəcəklər.
İkinci hissə, doqquzuncu fəsilGəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı Gəldiyevə tanışdı.İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını "ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi.
Başqa şairlərin şeirləri
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Könlüm səni istərYüz şux dil-aram ola, könlüm səni istər,Yüz simin-zər əndam ola, könlüm səni istər,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,