Səhifə 2 / 2 · 50%

Kaş mən Yarpızlıya üz döndərməyə idim, səkkizinci sinfə ayaq basmaya idim!..

– Yox, mən getməliyəm!.

Təcili iş üçün müdirdən izin aldığım tutqun bir payız səhərində Kaqorun məxməri faytonuna oturub, yeknəsəq zınqırov səslərinin ahəngilə dağları tərk edirdim. Əzizindən, vətənindən ayrılmağa məcbur edilənlərin əhval-ruhiyyəsilə kor-peşman şəhərə qayıdırdım. Bulud kimi tutulmuş, qış günü kimi qaralmışdım. Deyəsən kürəyimdən, ürəyimdən iti xəncər vurmuşdular. İsti yaramı bağlamağa, sağalmağa, bəlkə də daha belə yaralar almağa gedirdim.

Nə olur olsun mən vəzifəmin ləyaqətini saxlamaq üçün qəlbimin səsini boğmalı, Zivəri unutmağa çalışmalıyam.

Bu, əlbəttə çətin idi. Ancaq müqəddəs müəllimlik vəzifəsinə yenicə qədəm qoyan bir cavan üçün zəruri idi. Gedirdim, ancaq gözlərimi arxamda qoyub gedirdim. Qəlbimi, arzumu, hissimi, gələcəyimi, bəlkə də bütün varlığımı dağlarda qoyub gedirdim. Arxadan qarlı təpələrin, qara meşələrin, qıvrım yolların dalında bulaq sularının mülayim şırıltıları arasından məni həzin bir çağırış, bir nida səsləyirdi. Bu, həya və ismətindən pul kimi qızaran gözəl bir mələyin məyus gileyi, şikayəti idi. Mən bu səsi hər dəqiqə eşidirdim. Zehnimdə iki hiss çarpışırdı. Biri deyirdi: qayıt, toxta, işlə, məhəbbətinə çarə, yol axtar. Biri də deyirdi: yox, özünü də, Zivəri də rüsvay etmə, adını, müəllimlərinin nəsihətini uca tut!

Şəhərə qayıdandan sonra maarif müdiri məni uşaq kimi qabağına qoyub danladı.

– Niyə gəlmisən?

– Nə gəzirsən burada?

– Sənə kim icazə verib, kim?

Müdir hiddət və heyrətlə üzümə baxır, qayıtmağımın səbəbini təkidlə soruşur, cavab gözləmədən hökmünü verirdi:

Bəzi cavanlar görəsən niyə bir yerdə bənd almırlar? Bunlar nə istəyir, nə axtarırlar? Təyinat dəyişməkdən yorulduq. Bilmirəm nə sayaq eləyək!..

– Mən kənddən qaçmıram, daha uzaq yerlərə getməyə razıyam!

Əlbət ki, mənim dilim qısa idi. Açıq danışmağa, sirrimi deməyə də üzüm yox idi. İndi hara göndərsələr, gedəsi idim. Elə də oldu. Müdirdən təzə vəsiqə alandan sonra bir kömürçünün qatırını kirayə elədim. Qabaq təpə dağlarına üz tutub, arxama baxmadan getdim. O gedən getdim...

Həyatın təbii qanunları sakit axan sel kimi hər bir istəkdən, arzudan, ehtirasdan güclü olur. Fəsillərin dövrünü dayandırmaq mümkün olmadığı kimi, bu qanunların da məcrasını dəyişmək mümkün olmur.

Oddan götürülmüş köz kimi mənim Zivərə olan məhəbbətim zaman-zaman soyudu, söndü, nəhayət, unuduldu. Ömrün sərt ruzgarı bizim hərəmizi bir tərəfə yönəltdi, həyatın mürəkkəb, dolaşıq, çətin yollarında atıb-tutdu, sınaqlara saldı, böyütdü, bərkitdi.

Nə mən onu axtarır, nə o məni soruşurdu. İlk və son görüşümüz həzin bir xatirə olaraq qalırdı.

2

İndi bu hadisədən otuz il keçmişdir. Mən indi böyük bir ailənin başçısıyam. Zivər haqqındakı xatirələrim nə qədər əziz, nə qədər şirin olsa da, bunları dilə gətirməzdim, əgər bir münasibət olmasaydı.

Qapının zəngi çalındı. Kiçik oğlum qapını açan kimi qonaqları içəri buraxdı, cəld otağıma qaçdı:

– Ata, qonaq gəlib!

Uşaq evimizə gəlib-gedənləri tanıyırdı. Tanımadığı adamlar gələndə qabaqcadan mənə xəbər verməyi adət etmişdi: "Filan əmi, filan xala". Yox, "qonaq gəlib" - deyəndə bildim ki, nabələd adam olacaq. Gələnlər iki qadın, iki kişi idi. Dəhlizdə dayanıb, ev sahibindən rüsxət istəyirdilər. Mən onları qarşılayıb əl verdim, xoş gəldin eləyib dedim:

– Buyurun, buyurun içəri!

Qonaqlar əyləşdilər, ətrafa nəzər saldılar. Onlar məni, mən onları seyr etdiyim dəqiqələrdə evdə uzun sünnəsi mümkün olmayan soyuq bir sükut hiss olundu. Deməyə bir söz tapmaqda çətinlik çəksəm də, sükutu pozmağı lazım bildim:

– Necəsiniz, əhvalınız necədir, təzə xəbərdən-zaddan nə var, nə yox?

Mən bu ümumi, bəlkə də mətləbsiz, mənasız suallarımla qonaqları dindirmək istəyirdim.

Güləşqabaq qadın cavab verdi:

– Əhvalınız yaxşı ölsun!

Qadın sanki mənim sualımı gözləyirmiş. Dərhal səsinin ahəngini dəyişərək, gözlənilmədən mənə sual verdi:

– Müəllim, yəqin ki, bizi tanımadınız?

Bu sözdən sonra mən qonaqlara diqqətlə baxmağa məcbur oldum.

Müəllimlik sənətinin bir gözəlliyi də budur ki, böyüyüb ərsəyə gələn gənclər arasında həmişə, hər yerdə şagirdlərinə rast gəlirsən. Sən unutmuş olsan da, gənclər hafızəli olur, səni unutmurlar.

Mən qonağın üzünə diqqətlə baxanda dumanlı xəyal, ya yuxumu, nəsə bir şey xatirimdə işıq kimi cilvələndi:

– Deyəsən sizi...

– Bəli, siz bizə dərs demisiniz.

"Dərs" sözünü deyəndə qadının səsindən, ahəngindən, otuz il əvvəlki bakir gənclik xatirələrinin nisgilindənmi, nədənsə, hər şey nəzərimdə canlandı:

– Sizin adınız, bağışlayın, Zivər deyilmi, Zivər xanım?

– Bəli, yaxşı tanıdınız, şükür ki, hafızəniz kəsərlidir!

Qadın, adına əlavə etdiyim "xanım" sözünün məhz əlavə olunduğunun mənasını yaxşı başa düşdü.

Doğrudur, mən qonağın adını soruşdum, zənnim də düz çıxdı, amma nədənsə, ürəyim döyünməyə, yenə də otuz il əvvəlki kimi halım dəyişməyə başladı:

– Mən şagirdlərimi, sinfimdə bir dəfə oturub dərsimi dinləyənləri

adı ilə olmasa da, simasından fövrən tanıyıram. Hələ ki, tanıya bilirəm...

Bəli, bu həmin gözəl qız səkkizincidə oxuyan ucaboy, ağbəniz, uzunsaç, qaragöz qızın özü idi. Bu həmin Zivər idi. Üçdə bir əsrlik zamanın uzun və tozlu yollarından keçib gəlmiş Zivər idi. Zivər indi ahıllaşmış ana, kübar, abırlı bir qadın idi. Daha o xurmayı hörüklər yox idi. Kəsilmiş xınalı saçlarını yana ayırmış, başına tirmə şal salmış, ağır, təmkinli, nurani bir görkəm almışdı. Rəngi qaralmış, sifəti kiçilmişdi. Zamanın qələmi oraya çox yazıb-pozmuşdu. Gərdəni nazilmiş, qabağa doğru bir qədər əyilmişdi. İşığını saxlamış, mənası bəlkə bir az da dərinləşmiş qara gözlər həmin gözlər idi. Baxışı və xüsusən ani təbəssümü həmin idi.

Mən, məsum simasında ilk məhəbbətin qığılcımlarını gördüyüm bu adam ilə görüşdən çox məmnun idim. Onu dinlədikcə güman edirdim ki, otuz il əvvəlki maarif müdirinin məzəmmətini təkrar-təkrar eşidirəm. Bunların, bu sözlərin indi mənim üçün məzmunu dəyişmişdi. Töhmət yox, şirin xatirə kimi mənə ləzzət verirdi.

Zivər xanım bizim evə elçi gəlmişdi. Yoldaşlarının müxtəsər dediyi xahişdən sonra özü gənclərin gələcəyindən xeyli sevinc, arzu-kam ilə danışdı, oğlunu mənə təqdim etdi:

– Urfan da Həqiqət ilə bir yerdə oxuyur. Hər ikisi neft mühəndisiolacaq, hər ikisi komsomolda, hər ikisi həmdərs, ürəkləri bir-birini tutub, ulduzları barışıb, tale gözəl gətirib, xoş görüşdürüb. Biz valideynlərin də borcudur ki, xeyir-dua verək. Bu bir təklif üçün cəsarət eləyib, hörmətli müəllimin qapısına gəlmişik. Ümidvarıq ki...

Mən qonaqlardan icazə alıb çıxdım. Həqiqətin anasını çağırdım. Qızın rəyini soruşdum...

...Zivər xanım dik-dik mənim üzümə baxdı. Sanki hamı bunu gözləyirdi. Bütün məclis mənə tərəf döndü.

Zivər xanım daha utancaq kənd qızı deyil, təcrübələrilə tanınmış olan bir kimyaçı idi. Onun xahişini də, tələbini də dinləmək mənə xoş idi.

Mən düşünürdüm ki, həya, ismət, tərbiyə naminə vaxtilə gizli qalan məhəbbətdən sonra bir cüt gözəl fidan göyərmişdir. Bunların təmiz, təbii istək, məhəbbətlərinə müqabil nə demək olar?!

– Xoşbəxt olsunlar!

Hamı ucadan bu sözü təkrar etdi:

– Çox mübarək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri