Bil ki, bədəsildən yoxdu fayidə,Üzəsən canını yüz qabağında.O ki, hal əhlidir, unutmaz yarın,Əyri dolan istər düz, qabağında.

Çox dedim, kuyinə rəqib dolmasın,Qapını, bacanı bədxah almasın.Müşküldür götürmək, yarəb, olmasınHeç kimin yarası göz qabağında.

Dərdü qəmü möhnət kəsib yanımı,Qoymaz yerə düşə, içər qanımı.Qürbətdə alınca hicran canımı,Öləydim dilbərin öz qabağında.

Mən çox dedim: ey gün, olma rubəru,Zalımdır, sən deyən dilbər deyil bu.Tutmayıb pəndimi, etdin cüstcu,Hünərin var isə döz qabağında.

Dəyibdir Zakirə eşqin əsəri,Kimi dəli deyir, kimi sərsəri,Lal olmuşdur onu sevəndən bəri,Yoxsa qalmaz idi söz qabağında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq