Qələmdan
Səhifə 2 / 3 · 33%
2
Bu gün nədənsə, Hacı Qılman neçə dəfə muzeyin qabağından aşağı-yuxarı keçdi, ağacını səkiyə döyüb öskürdüsə də, onu içəri çağıran olmadı. Axırda özü içəri girib vacib iş sahibi kimi telefona yaxın getdi və üzünü xadiməyə tutub dedi:
– Qızım, telefonda iki kəlmə danışmağa rüsxət olar?
Muzey müdiri o biri otağa boylanıb Hacı Qılmanı yanına çağırdı:
– Hacı, – dedi, – bu nə işdir, görükmürsən, yan keçirsən!
– Başım qarışıqdır, yoldaş müdir.
– Nə olub, bəyəm?
– Sağlığın, bir şey olmayıb, Tiflisdən zəng eləyib çağırırlar. Füzulinin qələmdanı məsələsi üçün.
Müdir hirsləndi:
– Hacı! Hacı! Bizə eyib olmaz ki, sən elə bir qiymətli şeyi, böyük şairimizin aşarını ayrı şəhərlərə aparasan? Sən özün yaxşı bilirsən ki, Füzulinin yubileyinə hazırlaşırıq!
Hacı irəli yeriyib oturdu, bir əli ilə ağacına, o biri əli ilə masaya söykənib müdirin qabağına əyildi və pıçıltılı bir səslə dedi:
– Əlbət ki, əlbət ki, hamıdan qabaq mənim özümə eyib olar. Amma nə edim, haradansa, kimdənsə xəbər tutublar. İki gündür telefon-telefon üstündən, sifariş-sifariş üstündən, axırda boyun qaçırtmışam, nömrə zad vermirəm, evdə də oturmuram ki...
– Hacı, deyirlər, siz o qələmdanı ələ vermirsiniz. Çox yaxşı, adam göndərsək, evdə elə-belə baxmağa icazə olarmı?
Hacı bir az duruxdu:
– Necə adam? Necə yəni, elə-belə!
– Demək istəyirəm ki, biz almaq istəyiriksə, axı gərək əhli-xibrə olsun, qiymət qoyulsun. Baxılmamış ki, bu, mümkün deyil!
Hacı bir öskürdü və başı ilə razılıq işarəsi verdi:
– Əhli-xibrə olanda nə sözüm? Əlbət ki, gərək qiymət oluna!
Müdir Hacının ağzını yoxlamaq istədi:
– Hacı, – dedi, – mal sənindir, yəqin ki, rəyiniz var, hökumət muzeyi onu almaq istəsə, neçəyə deyərsiniz?
Hacı gülümsədi:
– Mal, – dedi, – mənim deyil, böyük şair Füzulinindir!
– İndi ixtiyarı sizdədir, neçə qiymət qoyursunuz?
– Vallah, mən ona neçə qiymət qoyum!
– Yenə, bir qələmdandır da, neçəyə olsa, yaxşıdır!
Hacı hirslənən kimi oldu, qalxıb təzədən oturdu:
– Xeyr, qələmdan deyil, Füzulinin qələmdanıdır!
– Yaxşı, elə olsun!
– Siz buyuran kimi, bir qələmdan olsaydı, mən onun heç söhbətini eləməzdim. Amma Füzuli adı ki gəldi, doğrusu, mən qiymət qoymaqdan acizəm! Bax, bu saat durum gözümün qabağındakı 7 mərtəbə binaya baxım, gözəyarı qiymət qoyum, – bunu bacararam, yanılmaram. Yanılsam da, cüzi! Amma ki, Füzulinin qələmdanına qiymət deməkdən nitqim acizdir. Belə şeyə cürət eləmərəm. Zira, bu tərazu o qədər siqləti çəkməz!
Müdir Hacının şeir ilə danışdığına bir az xoşhallandı. Ancaq sualında israr etdi:
– Ay Hacı, hər halda siz onu əldə etmisiniz, yəqin ki, müəyyən bir qiymətə mal olub, öz zəhmət haqqınızı və səyinizi də üstünə gəlin, təxmini bir qiymət deyin də!
Hacı bu dəfə də gülümsədi. Ancaq bu, istehza və bir az da məyusluq ifadə edən gülüş idi. Ona görə də başını aşağı dikdi, döşəməyə baxa-baxa, sanki, bu söhbətlərin nəticəsində ümidini kəsmiş bir əda ilə danışdı.
– "Müəyyən qiymətə mal olub" deyəndə bir təhər çıxır, mən onu baqqal dükanından almamışam. Heç yerdə elə şey satmırlar və satmazlar. Necə onu mən kəşf eləmişəm, mətləb tuldur. Sağlıq olsa, bu barədə yazarlar, oxuyarsınız!
Müdir Hacıdan bir söz ala bilməyəcəyini yəqin edib ayağa qalxdı:
– Yaxşı, Hacı, qiymət məsələsi qalsın! Bizim elmi işçimiz Mirzə Məhəmməd sizinlə getsin, qələmdana baxsın, sonra yoldaşlar ilə oturub ətraflı məsləhətləşərik!
Hacı da ayağa qalxdı:
– Xub! Çox gözəl! Siz buyuran olsun, nə deyirəm.
Hacı "xudahafiz" deyib idarədən çıxdı.
3
Hacı Qılman Mirzə Məhəmmədin muzeydə işlədiyini bilirdi, çünki, gedib-gələndə neçə dəfə başaşağı oturub qabağındakı kitabları mütaliə və müayinə edən görmüşdü, amma Mirzə Məhəmmədin halına-xasiyyətinə bələd deyildi. Belə bir bələdliyə ehtiyac da duymamışdı. Hacı Qılman güman etməzdi ki, muzey müdiri belə məsələni Mirzə Məhəmmədə etibar edər! Hacı, iki addım gedəndən sonra üzünü müsahibinə tutub soruşdu:
– Mirzə, siz çoxdanmı muzeydə işləyirsiniz?
– Var bir üç il!
– Qarabağ adamına oxşayırsınız.
– Xeyr, əslim qazaxlıdır.
– Neynək! Qazaxlılar da əhvallı adam olurlar. Bu qələmdan barəsində bir məqalə nəşr olunmuşdu. Yəqin ki, nəzərinizə dəyib?
Mirzə bir az sükutdan sonra dedi:
– Oxumuşam, bəli, deyəsən, oxumuşam!
Hacı Mirzənin bu cavabından bir qədər mütəəssir olub ürəyində fikirləşdi: "Deyəsən, həlləm-qəlləm adama oxşayır. Yoxsa müdir zalım oğlu qəsdən bunu mənə qoşub ki, əməlli çərçilik eləsin?"
Hacı evə qədər daha Mirzəni dindirmədi. Qapıdan girən kimi, içəri otaqlara tərəf yeridi və bərkdən dedi:
– Ay uşaqlar, çay qoyun!
Mirzə etiraz etdi:
– Hacı, mən gedəcəyəm, uşaqlara zəhmət verməyin!
– Bir stəkan çayın heç bir zəhməti yoxdur.
Hacı bo.xçaya bükülü uzun bir şey gətirdi. “Bismillah" – deyib boxçanın qulağını qatladı. Məxmər qab içindən qələmdanı çıxarıb ehtiyat ilə masa üzərinə qoydu:
– Buyurun, əllərinizi dəsmal ilə silin ki, tər-zad olar.
Mirzə qalxıb əllərini yudu, dəsmal ilə silib qələmdanı müayinəya başladı.
– Hacı, – dedi, – bu, neçə ildir sizdədir?
– On beş ildən çoxdur.
– Nə əcəb indiyəcən bu barədə deməmisiniz? Füzuli yubileyi məsələsi çıxanda deyirsiniz.
Mirzənin bu sualı Hacını qəzəbləndirdi:
– Mirzə, bununla nə demək istəyirsiniz?
– Demək istəyirəm ki, ictimai aləm üçün maraqlı şeyi on beş il boxçada saxlamaq çox hövsələ istər.
– Bunda mən müqəssir deyiləm! Xiridar gərək! “Qədri-zər – zərgər bədanəd qədri-köhər – köhəri". Əzizim, nadir şey – hər ələ verilməz. Bu gün həmin qələmdan əbəs yerə sizin hüzurunuza gəlməyib, əgər xuda nə kərdə sizin kimi nüktədan simalara rast gəlməsəm, qələmdan on beş il yox, otuz il də sandıqda yatası idi və yatacaq idi. Buna inan!
Mirzə qələmdanı o yan-bu yana çevirib soruşdu:
– Füzulinin dediyiniz bu qələmdandır?
Hacı bu sualdan da qəzəbləndi, lakin qəzəbini gizlətdi:
– Bəli, bu qələmdandır!
Mirzə dedi:
– İnana bilmirəm.
– Niyə inana bilmirsiniz?
– Çünki, çox təzədir, dörd yüz il qabaqdan qalana oxşamır. Hacı qələmdanı cəld götürüb Mirzənin, az qala, gözünün içinə apardı. Şəhadət barmağını sürtüb dedi:
– Bu şiri görürsənmi? Bu şiri sənin də üzünə çəksəm, dörd yüz il qalarsan!
Mirzə papağını başına qoyub durmaq istədi.
Hacı soruşdu:
– Deməli, inanmırsınız!
– Xeyr, bu qələmdanda mən bir köhnəlik görmürəm.
Hacı Mirzənin üzünə əyri-əyri baxdı:
– Mirzə, siz, görünür, asari-ətiqə tanımırsınız. Bu qələmdan qədim maldır, özü də lap mərhum şairimizindir.
– Sübut?
– Sübutmu?
– Əlbəttə, sübut lazımdır!
– Buyur, bu da sübut!
Hacı bunu deyib qələmdanın içini açdı. Küncdəki möhür, yazını Mirzənin nəzərinə yenə yetirdi. Mirzənin cavabını gözləmədən dönə-dönə təkrar etdi:
– Bu da sübut!
Mirzə möhürə diqqət verdi. Yazını oxuyandan sonra sakitcə qələmdanı yerə qoyub dedi:
– Aydındır!
Sevincdən Hacının gözləri məşəl kimi parladı.
– Aydın oldu ki?
– Bəli, oldu!
Hacı, hərifini məğlub etmiş pəhlivanlar kimi, məğrur öskürdü və əlini bığlarına çəkib dedi:
– Mənə Hacı Qılman deyərlər! Saç-saqqal ağartmışam, Mirzə! Mirzə ayağa qalxıb qapıya sarı yönələndə Hacı təəccübləndi:
– Hara bəs?
– İdarəyə!
– Bəs sözümüz harada qaldı?
– Nə söz?
– Lap yəqin hasil etdinizmi?
– Lap!
Hacı Mirzənin ağzını yoxlamaq istədi:
– Yaxşı, bəs qiymət barəsində müdirə nə deyəcəksiniz?
Mirzə gülümsədi:
– Mənim bir sözüm yoxdur. Bəlkə müdirin sözü var, soruşarsınız? Hacını heyrət basdı:
– Necə yəni sözüm yoxdur, kişi sizi münsif göndərməyib?
– Bu, mən deyən qələmdan deyil, Hacı?
Hacı ayaq üstdə qurudu:
– Möhürə də inanmırsınız?
– Möhürə inanıram, ona görə də deyirəm mən deyən deyil!
– Füzulinin möhürünə inanmırsınız ki?
– Bu möhür Füzulinin deyil.
– Necə Füzulinin deyil, "Füzuli Kərbəlayi Məhəmməd" bəs kimdir?
– Bu, xarrat Məhəmmədin işidir.
Hacı qələmdanı götürüb qabına qoydu, büküb gizlətdi və başıaşağı mızıldandı:
– Mirzə, – dedi, – zarafat yaxşı şeydir, amma belə yerdə yox!
Mirzə ciddiliyini saxladı:
– Hacı, bu qələmdandan mən sənə neçəsini desən taparam, özü də həmin möhür ilə! Biri mənim özümdə var.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-qelemdan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ostapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.
Ananın yarışıSəhər yenicə açılır. Göz işlədikcə görünən buruqlarla örtülü sahil görünür. Get-gedə buruqlar böyüyür, yaxınlaşır. Kaçalkaların səsi eşidilir. 80 nömrəli buruq həm ucalığı, həm də avadanlığı ilə başqa buruqlardan seçilir. Buruğun yağlayıcısı Mehrab Kamalov quyu başında çarxları yağlamaqla məşğuldur. Taxta budkanın kiçik və açıq qapısından onun enli kürəyi görünür. Kənardan yeyin gələn 45 yaşlı bir qadın - Tutu, mədən yolunun yoxuşunu tövşüyə-tövşüyə çıxır, Mehrabın yanına çatan kimi, əlini can köynəyinin qoltuğuna salır, bir kağız çıxarır:– Bala, səni çağırırlar!
Havalı adamƏkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?
Mərcan nənəMərcan nənə oğlu, gəlini və üç yaşlı nəvəsi ilə bu şəhərə yaylağa, dincəlməyə gəlmişdi. Yerlərini əməlli-başlı rahatlamamış dava düşdü. Oğlu orduya getdi, ailəsinə "hələlik heç yerə tərpənməməyi" məsləhət gördü.Davanın ilk günlərində Mərcan nənə çox təşvişdə idi. Sonralar camaatın, xüsusilə qonum-qonşunun möhkəmliyini görüb bir az toxtadı. O da gəlini kimi qəzetləri izləməyə, cəbhə xəbərləri ilə yaşamağa başladı. Günün birində ev sahibi, uca və cantaraq qadın Mariya pilləkən ayağında gəlinə nə isə çox sözlər dedi. Mərcan nənə rusca bilməsə də söhbətin ciddi olduğunu kənardan hiss edirdi. Gəlin evə dönən kimi xəbər aldı: