Ata ilə oğul nahardan sonra radio qabağında əyləşib verilişə qulaq asırdılar.

Sükuta qərq olmuş evdə radio hakim qüvvə kimi səslənirdi. Deyəsən haradasa, şəhərin mərkəzində, ya ondan da çox uzaqlarda milyonlara xitab edib, inamla danışan natiq bu evdəkilərin diqqət və marağından xəbər tutmuşdu. Günün son, axşamın ilk xəbərlərini danışandan sonra diktorun səsi birdən ucaldı, ahəngi dəyişdi:

– Hörmətli eşidənlər, yəqin ki, siz böyük ədibimiz Mirzə Cəlili yaxşı tanıyır, onun dadlı-duzlu hekayələrini, kinayəli və qəhqəhəli felyetonlarını dönə-dönə oxuyursunuz...

Onun vaxtında, ölkənin ağır maddi ehtiyac illərində qəzetlərdə uzun sürən bir mübahisə açılmışdı: gözəllik nədir?

Bu sual ətrafında mətbuatda müxtəlif müəlliflərin, döşünə döyən mühərrirlərin sütunlar, səhifələr dolduran cürbəcür məqalələri çap olunur, mülahizələri söylənirdi. Biri deyirdi, gözəllik təbiəti təqlid etməkdir. Biri deyirdi, gözəllik incəsənətdir, bir başqası da deyirdi - gözəllik oyun, zəhmət, vergi və nemətdir.

Hər kəs öz fikrini sübut etmək üçün qədimdən, alim, filosof və ədiblərdən parça-parça misal gətirirdi. Kimi Hegelə, kimi də Kanta, Did-roya, Russoya, Plexanova, Tolstoya arxalanırdı...

Mirzə Cəlil bir müddət nitq və məqalələri sükut və diqqətlə dinləyib, yorulandan, səbir kasası dolub-daşandan sonra öz jurnalında yarım səhifəlik bir çıxışla mübahisəni belə yekunlaşdırdı:

– Sağ olsun bizim alim, fazil mühərrirlərimiz. Çox sağ olsunlar ki, belə gözəl məqalə və nitqləri ilə bizim kimi avam və savadsızların gözünü açır, onları qəflət yuxusundan oyadırlar.

Sağ olsunlar ki, bizi başa salıb, anladırlar ki, gözəllik nədir!

Mən özüm bir avam adamam, belə mətləblərdən başım çıxmaz və belə dərin yerlərə girməyə də qorxaram. Çünki üzmək bilmirəm.

Doğrudur, avamam, amma indi mən də bu mübahisəyə qoşulub gözəllik barəsində fikrimi demək istəyirəm. Mən də demək istəyirəm ki, dünyada gözəllik nədir.

Nədir gözəllik?

Gözəllik odur ki, axşam fəhlə Müseyyib işdən gələ, görə ki, arvadı Nisə evdədir, ərini gözləyir, salam verə və soruşa ki:

– Arvad, yeməyə bir şey bişirmisən?

Nisə xala da cavab verə ki:

– Bəli, kişi, dana ətindən küftə bişirmişəm.

Müseyyib soruşa ki:

– Çıraqda nöyüt var?

– Kişi, nigaran olma, çəllək nöyütlə doludur, çıraqlarımız yanacaq!

– Ay mərhəba! Atan oldu rəhmətlik!

Qonşusu Müslümü çağıra ki, dur bura gəl, gəl oturaq, söhbət eləyək!

Müseyyib həvəslə iş paltarını soyuna, əl-üzünü yuya, özü də gəlib süfrə başında Nisə ilə qabaq-qabağa əyləşə! Fəhlə ailəsi mehriban qonşu ilə nahar eləyə, deyə-gülə vaxt keçirələr.

Dünyada bundan böyük gözəllik yoxdur!

Gözəllik, gözəllik budur! İnsanın ailə səadəti, dostluq günləridir!

Diktor susandan sonra oğul atadan soruşdu:

– Ata, bu hekayədir?

– Yox!

– Məqalədir?

– Yox, məqalə də deyil!

– Bəs nədir, ata?

– Qoy qulaq asaq, böyüyəndə biləcəksən, nədir, tələsmə, bala! Ata-bala sükutla diktoru dinləməkdə davam etdilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri