Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4

Səhifə 3 / 4 · 50%

Səltənət dərhal onun qolunu isti şalla sarıyır, şüşələrə isti su doldurub Alyoşanın qoluna qoyurdu.

– Amanın bir günüdür, – deyirdi, – bala, soyuğa-zada verərsən, təzədən başına iş açar!

Aleksandr Zvonaryov Bakıda doğulmuş, azərbaycanlılarla bir yerdə böyümüşdü. Bu qadınlarda, Nəcəf kimi oğul böyüdüb ağır döyüşlərə göndərən bu yarımçadralı avam qadınlardakı böyük, mehriban ana ürəyindən xəbərsiz deyildi. Səltənətin təbiəti onu tamam heyran qoymuşdu. O bəzən gördüyü hörmət və nəvaziş üçün utanır, əllərini sinəsində çataqlayıb deyirdi:

– Bilmirəm, ay ana, bunların xəcalətindən çıxmaq mənə qismət olacaqmı?

Səltənət onun təşvişinə qarşı daha da artıq səy göstərirdi:

– Bu nə sözdür? Alyoşa, bu nə sözdür, deyirsən? Bəs insan insanın nəyinə lazımdır! Bu gündə mən də əlimdən gələni eləməsəm, daha nəyə lazımam! Siz orada can qoyursunuz, odun qabağında dayanıb düşmənin yolunu kəsirsiniz. Biz nə eləsək, azdır! Atalar buyurub: haqq yolun əsgərinə hörmət vacibdir!..

3

Alyoşa üç ay Bakıda yaşayandan, möhlətini bitirəndən sonra cəbhəyə, öz polkuna getməli oldu. Səltənət onu fətir, soyutma, isti paltarla – bacardığı sovqatla yola saldı və bircə xahiş etdi:

– Oğul, başarsan Nəcəfi də yola sal gəlsin, beş-on gün dincəlsin, neçə ildir ev üzü görmür. Lap elə ikiniz gəlsəniz, nə yaxşı olar!..

Səltənətin – zahirən sadə, yoxsul görünən, sinəsində aslan ürəyi döyünən, ana məhəbbəti müqəddəsliyinin canlı bir təcəssümü olan bu qadının Aleksandra buraxdığı təsir silinməz idi. O özünü danlayıb de yirdi: "Sən kölgə kimi yavaş, səssiz gəzən bu qadınları görüb onları avam sayırdın. Gör ki, yüksəklik yalnız kitab və elmlə deyil. Yad bir adamı xəstəxanalardan gələn bir yaralını oğul məhəbbəti ilə əzizləyən, istehsalatda fəal çalışan, ailədə müharibənin törətdiyi məhrumiyyətləri həzm edən, ağır oğul intizarına dözən dul bir qadın cəbhə adamlarından, əsgərdən az iş görmür. Arxada belə adamlar qoyub gedən əsgər, əlbət ki, basılmavacaqdır..."

Aleksandr Zvonaryov cəbhəyə çatmağa tələsirdi. O, əziz komandirini qucaqlayacaq, anasından gördüyü yaxşılıqlar üçün ona təşəkkür edəcək, evlərində keçirdiyi günlərdən fürsət düşdükcə, şirin-şirin danışacaqdı...

Lakin bu arzu Alyoşanın gözündə qaldı. O, qərargahda xəbər tutdu ki, Nəcəf Moskvaya getmişdir. Hissələrə göndərilən topları qəbul edən briqadada iştirak edir, hələ 10-15 gün orada olacaqdır. Gətirdiyi sovqat da gözündən düşdü. Nəcəfin adına gətirdiyi şal və əlcəkləri götürüb yemək şeylərini yoldaşlara verdi.

Nəcəfi bir serjant əvəz edirdi. Familiyası Sultanov idi. Alyoşa yetişən kimi, onu pulemyot dəstəsinə göndərdilər. O, yenə də əvvəlki qızğın və sürətli döyüş həyatına qayıtmışdı. İki günün içində arxa, arxadakı təsəvvürlər, duyğular itib getdi. Alyoşa yenə də qaynayıb odlu və alovlu cəbhə həyatına qarışdı. İndi hər şey onun üçün adi və təbii idi. Düşmən başına yağdırdığı güllələr, düşmən tərəfdən nalə çəkib gələn mərmilər, alışıb yanan təyyarələr, tankların qara, qıvrım tüstüsü, yaralı atların iniltisi, barıt qoxusu, ətrafda yurd salmaq istəyən ölüm... Hər şey, hər şev adi və qanuni görünür, indiyə qədər zehni məşğul edən sakit arxa həyatı, bir yuxu kimi insandan uzaqlaşırdı.

Yalnız o, yalnız müqəddəs qadın Alyoşarun yadından çıxmırdı və çıxmayacaqdı da. O indi bilirdi ki, buralara, cəbhələrə axan milyonlarla əsgərlər kimi, nəyi müdafiə etməyə gəlmişdir. O, indi düşünürdü ki, vətən deyilən şey yalnız torpaq, tikinti, yalnız ağac kölgəsi, axar su, məhsullu bağ, geniş tarla, əngin üfüq deyildir. Vətən, əsimdə, adamlardır, əsl Vətən adamlandır. Uzun və odlu ağzını qərbə doğru açıb düşməni qovan bu dəhşətli toplar, bu əzəmətli təyyarələr, zəhmli tanklar, bunları hərəkətə gətiran igidlər, həmin adamları – Səltənət kimi anaları, onlardan daha qoca babalan, balaları, körpələri qorumaq üçün gəlmişlər. Yerləri, göyləri titrədən bu döyüş arxada qoyub gəldiyimiz zəhmətkeşlər və böyük ürək sahiblərinə layiqdir!

Alyoşa öz duyğularını yalnız və yalnız Nəcəfə danışacaqdı. Çünki, o, bunları hamıdan yaxşı duyacaq. Ancaq Alyoşa qorxurdu ki, Nəcəfi başqa hissələrə göndərələr, onunla tez-tez görüşmək müyəssər olmaz.

Bir axşam döyüş dayandığı, əsgərlərin yemək dalınca getdiyi dəqiqələrdə Sultanov Aleksandrı yanma çağırdı.

– Sən, – dedi, – bu gecə arxada olmalısan, komandir Turabovun ixtiyarına gedəcəksən.

Aleksandr rəsmi-təzim edib yola düşdü. Gecəyarısı Nəcəfin hissəsinə çatıb özünü təqdim etdi. Nəcəf sabahkı hücuma hazırlığı yoxlamaq üçün dəstələri gəzir, əsgərlərə tapşırıq verirdi. Aleksandrı qarşısında farağat vəziyyəti alıb dayanan görəndə onu qucaqlayıb alnından öpdü:

– Haradasan, – dedi, – gəl çıx da!..

Nəcəf anasının toxuduğu ağ yun əlcəkləri taxıb, barmaqlarını sığallayanda yalnız əllərində deyil, bütün vücudunda, xüsusilə ürəyində bir istilik duydu. Ona elə gəldi ki, Mirzə Fətəli küçəsinin başlanğıcında, alçaq qapılı həyətdə, pilləkən aşağısında dayanmışdır, məktəbə getməyə hazırlaşır, anası bu saat çantanı onun çiyninə taxacaq, əlinə yaxmac verəcəkdir.

– Nəcəf, sənin anan bir müqəddəslik heykəlidir!

Bu sözə Nəcəf güldü və Alyoşanın parıldayan gözlərinə baxdı:

– Sənin anan olsa, ona da bu sözü demək olardı!

Alyoşa etiraz edib nəsə demək istəyirdi ki, əlində zərf gətirən bir əsgər Nəcəfə yanaşdı. Nəcəf polk komandirindən aldığı kağızı oxudu. Bayaqdan bəri sifətində oyanan təbəssüm və şənlik izləri ciddiyyətə çevrildi. Həmişə gərgin dəqiqələrdə olduğu kimi, onun üzündə qəzəb və qayğı əlamətləri göründü. Düyünlənmiş qaşlarının altında, sanki, bir anlığa kiçilən, durbini əlinə alanda isə dərhal böyüyən və uzaqları nişan alan göz bəbəkləri parlaq bir ulduz kimi sayrışdı.

Nəcəf hazırlıq əmri verib hissəsini hücuma müntəzir vəziyyətdə saxladı.

Səhər göylərdə gündüzün ilk işarələri ağaranda cəbhə xəttində elə partapart düşdü ki, deyərdin, dünyanın, yerin, göyün axırıdır. Sovet topları düşmən səngərlərini alt-üst edir, tanklar sanki tələsərək qaçıb əldən çıxmaq istəyən düşməni yaxalamaq üçün nərə çəkib irəli yüyürür, təyyarələr havadan vururdular. Nəcəfin hissəsi tankların ardınca gedən və torpaqları təmizləyən hücumçuların sırasında idi. Nəcəf müşahidə məntəqəsində döyüş meydanını seyr edərək əmrlər verirdi. Alyoşa ağac altında gizlənərək, düşməndən gələn atəş yerlərini hədəfə alırdı.

Birdən zəhərli ilan kimi mələyərək gələn mərmi müşahidə məntəqəsini ağzına aldı. Torpaqlar göyə sovruldu. Bir an aralıq toza büründü. Alyoşa özünü maşının üstünə atdı və:

– Yoldaş komandir! – deyə qışqırdı.

Onun çağırışına cavab gəlmədi. Toz çəkiləndə Alyoşa Nəcəfi yerində görmədi. Qan-tər içində pulemyotu idarə edən əsgərin kədərli üzünə baxdı, tez soruşdu:

– Hanı komandir?

Əsgər heç nə demədi. Alnının tərini silib işinə davam etdi. Alyoşa ətrafına göz gəzdirdi. Cəld irəli yeriyib pulemyotçunun qulağına qışqırdı:

– Komandir hanı?

Əsgər də eyni hiddət, eyni dəhşətlə onun üzünə baxdı və cinayət işləmiş adama acıqlanan kimi, ucadan dedi:

– Görmədinmi? Nə soruşursan?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yanlış barmaqlar

Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan-sirkə, camış qatığı, sarı yağ, kəhrəba kimi buğda çörəyi. Süfrənin ortasında qızıl minarə kimi yüksələn bir çetverlik Kaxet çaxırı. Çay stəkanları dolur, şüşə get-gedə ağarır, süfrənin nizamı pozulur, çəngəl, bıçaq bir-birinə qarışır. Süfrə başındakıların qəhqəhəsi ucalır. Bayatı, şikəstə, musiqi, mahnı, "sağ olaq, mən ölüm" səsləri bir-birinə dəydikcə qabların içinə tökülüb, çilik-çilik olur. Çox keçmir, bu balaca otaq özünə gəlir. Doymuş qarınlar stola yapışır, sərxoş başlar söykənəcək axtarır. Yuxu, gecənin hakim komandanı, bir ilıq duman olub gözlərə dolur. Gözlər xumarlanır, kirpiklər süzülür, otaqda hərəkət kəsilir. Kimi üfürür, kimi xoruldayır, kimi də keçinmək üzrə olan xəstələr kimi, əl-qolu sallanmış, boyun əyilmiş halda xoruldayır. Bir sözlə, hər şey sərxoş və qeydsizdir. Pəncərədən baxan ay bu dostlara gülüb ötür.Muradlı saat 11-da gözlərini açan kimi, dərs yadına düşdü. Tələsik özünü yığışdırdı, papağım başına basıb qaçdı. Məktəbə çatanda gördü ki, uşaqlar idman meydançasında atılıb oynaşırlar. Muradlı utandığından başını aşağı salıb yeyinlədi, özünü vacib bir iş və ya təsadüf üzündən gecikmiş göstərmək istəyərək ciddiləşdi. Uşaqlar onu görən kimi, toplanmağa başladılar.

19365 dəq
Pərzad

Mən bu hekayənin adını "Pərzad" qoyuram. Qəhrəmanım arvaddır. Onun iri və uzun gövdəsi, at kimi yerişi vardır. Hər addımında bir metr məsafəni geridə qoyur. Enli və dəyirmi üzündə şübhəli bir keçmiş oxunur. İlk baxışda bıçaq tiyəsi kimi işıldayan nazik, qara hörükləri nəzərə çarpır.Məni ən çox maraqlandıran cəhət onun analığıdır. O, qəssab Hacının ikinci arvadıdır. Otuz yeddiillik həyatında üç qız anası olmuşdur.

193615 dəq
Kağızlar aləmi

Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.

193713 dəq
Kərpic məsələsi

Hər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.

193713 dəq

Başqa şairlərin şeirləri