Silah qardaşları
Səhifə 4 / 4 · 75%
4
Bütün hissənin əsgərləri Nəcəfin cənazəsi üstə baş açıb kədərləndi və and içdi. Ukrayna torpaqlarının qurtaracaq yerində, sakit axan bir çayın kənarında Nəcəfə məzar qazdılar:
"Vətənimizin azadlığı və istiqlaliyyəti uğrundakı vuruşmalarda həlak olan qəhrəmanlara əbədi eşq olsun!"
Bu kədərli mərasimdən sonra əsgərlər bir-birinin üzünə baxanda, sanki, mənalı sükutla soruşurdular:
– Nəcəf hanı?
Onlar müharibə günlərində hamının və hər kəsin başına gələ biləcək bu işin adiliyinə, təbiiliyinə alışsalar da, döyüş tarixində neçə-neçə yoldaş dəfn edib vidalaşmış olsalar da, bugünkü hadisəyə inanmırdılar. Çünki, deyirdilər, Nəcəfə ölüm yaraşmır. Bu ağırlığı hər kəsdən artıq duyan Alyoşa idi. O, Nəcəfin həlak olduğu dəqiqələri təsəvvür edə bilmədiyi kimi, bütün sonrakı mərasimləri, hətta qarşısında baş açıb göz yaşı axıtdığı məzarı da təsəvvür edə bilmirdi.
Ona elə gəlirdi ki, döyüşün şirin yerində Nəcəf kimə isə, əsgərlərdən hansına isə acıqlanmış, irəliyə atılmışdır, xoşuna gəlməyən bir yeri nizama salmaq, atəşləri düz hədəfə istiqamətləndirmək üçün tapşırıq verməyə getmişdir. Döyüşdə Nəcəfin belə çıxışları çox olurdu.
İndi də o, irəlidədir. Hücumlar dayanandan sonra, bir də görəcəksən, üz-gözü toz-torpaqlı, yorğun, lakin gözlərində təbəssüm oynadığı bir vəziyyətdə qayıdıb gələcəkdir.
Həmin bu günlərdə Səltənətdən həm Nəcəfə, həm də Alyoşaya məktub gəldi. Nəcəfin məktubunu geri qaytarmaq istəyirdilər. Alyoşa qoymadı. Onu alıb cibinə qoydu. Öz adına yazılan məktubu isə oxudu. Səltənət yenə mehriban ana dili ilə əsgərlərin kefini soruşur, nigaran olduğunu, soyuq günlərdə onların halına qaldığım yazırdı. Məktubun axırında Alyoşadan gileylənirdi:
"Alyoşa, sənə demədimmi, düzəldin, Nəcəf də anasını görməyə gəlsin! Üç ildən çoxdur, ürəyim bir tikədir. Bəlkə, öldüm. Qoy komandir balamın üzünü görüm. Ondan bircə saat sonra ölsəm də həsrətim qalmaz..."
Ağır bir vəziyyətdən sonra oxunan bu məktub Aleksandr Zvonaryovu elə sarsıtmışdı ki, nə edəcəyini bilmirdi. İndiyəcən o, getdiyi və sürətlə irəlilədiyi yolların sonunu düşünür və görürdü.
İndi isə bütün bu düşüncələr gözəl, bəzəkli bir saray kimi onun zehnində uçulub tökülür, qəlbinə ağır bir məhzunluq çökürdü: "Mən ona nə cavab verəcəyəm!"
Alyoşa ananın məktubunu öpüb gözü üstə qoyur, əlinə alıb baxdıqca, baxır, sanki kağıza dəhşətli sirri demək istəyir, lakin dili gəlmirdi:
– Yox, Nəcəf sağdır! Nəcəf ölməz!
Ana nigaran qalmasın deyə, Alyoşa beş kəlməlik bir məktub qaraladı:
"Səltənət xala, məktubuna görə təşəkkür edirəm. Nəcəfdən cavab almasan sıxılma! Çünki, o irəlidədir! Məndən ayrılmışdır, budur, bu gün mən qabağa, onu axtarmağa gedirəm."
O gündən sonra Nəcəfin hissəsi düşmən torpaqlarına ayaq basdı. Alyoşaya bir dəstə əsgər verdilər. Dəstə böyük bir şərəf sayıb Nəcəfin adı ilə adlandı. Alyoşa döyüşçülərini irəliyə, düşmənin bərkitdiyi, gizləndiyi yerlərə aparır, sərrast atəş ilə kəndləri, şəhərləri təmizləyib ötürdü. Heç yerdə, heç nə ona təsəlli və təskinlik verə bilmirdi. O, doğrudan da, Nəcəfi axtarır, Nəcəf deyib, qabağa yüyürürdü. Ona elə gəlirdi ki, həmişə və hər zaman onu iki səs çağırır. Bu səslərin biri qabaqdan, lap qələbə mövqeyindən gələn Nəcəfin səsidir. Nəcəf həmişəki kimi döyüşçülərini, Alyoşanı irəli çağırır. Arxadan gələn səs isə ananın, gözü yollarda qalan Səltənətin səsidir. O da Aleksandrı çağırıb soruşur: "Nə oldu? Bəs Nəcəf haçan gələcək? Mən oğlumu səndən istədim axı?"
Aleksandr Zvonaryov möhkəm istehkamları yarıb gedən qoşunlara, alman şəhərlərini tutan, düşmən qıran əsgərlərə baxır, yenə bu səsləri eşidirdi. Ona elə gəlirdi ki, minlərlə düşmən soldatı qırmaq Nəcəfin bir tükünə də əvəz olmayacaqdır. Ona elə gəlirdi ki, Nəcəf özü ruhən vuruşmalardadır. O, qabaqda əmr verir. O, düşmənin ən qabaq və ən son istinadgahında dayanmışdır. O, igid əsgərləri oraya, son vuruşmaya – qələbəyə çağırırdı. Alyoşa hər gün, hər yerdə bu etiqad və bu inamla döyüşə gedirdi. O, Nəcəfin qanını yerdə qoymayacağına and içmişdi. Nəcəfi də, Səltənəti də ancaq beləliklə özündən razı salacaqdı.
Hansı döyüşçü, şəhid komandirin adını çəksə Alyoşa qabaqlara, Almaniyanın mərkəzlərinə işarə edirdi:
– N əcəf irəlidədir! Kim Nəcəfi sevir və onun ruhunu sevindirmək istəyirsə, dayanmadan irəliyə!
Aleksandr Zvonaryov bir günü, gələcəkdə labüddən yaşamalı olduğu bir günün ağırlığını duyurdu: "Gedənlər qayıdanda, analar yollara çıxıb öz balasını qucaqlayanda, Səltənət oğlunu soruşanda mən nə cavab verəcəyəm?.."
Bu düşüncələr onu daha artıq kin və qəzəblə irəliyə, düşmən üstünə hücuma aparırdı.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-silah-qardaslari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan-sirkə, camış qatığı, sarı yağ, kəhrəba kimi buğda çörəyi. Süfrənin ortasında qızıl minarə kimi yüksələn bir çetverlik Kaxet çaxırı. Çay stəkanları dolur, şüşə get-gedə ağarır, süfrənin nizamı pozulur, çəngəl, bıçaq bir-birinə qarışır. Süfrə başındakıların qəhqəhəsi ucalır. Bayatı, şikəstə, musiqi, mahnı, "sağ olaq, mən ölüm" səsləri bir-birinə dəydikcə qabların içinə tökülüb, çilik-çilik olur. Çox keçmir, bu balaca otaq özünə gəlir. Doymuş qarınlar stola yapışır, sərxoş başlar söykənəcək axtarır. Yuxu, gecənin hakim komandanı, bir ilıq duman olub gözlərə dolur. Gözlər xumarlanır, kirpiklər süzülür, otaqda hərəkət kəsilir. Kimi üfürür, kimi xoruldayır, kimi də keçinmək üzrə olan xəstələr kimi, əl-qolu sallanmış, boyun əyilmiş halda xoruldayır. Bir sözlə, hər şey sərxoş və qeydsizdir. Pəncərədən baxan ay bu dostlara gülüb ötür.Muradlı saat 11-da gözlərini açan kimi, dərs yadına düşdü. Tələsik özünü yığışdırdı, papağım başına basıb qaçdı. Məktəbə çatanda gördü ki, uşaqlar idman meydançasında atılıb oynaşırlar. Muradlı utandığından başını aşağı salıb yeyinlədi, özünü vacib bir iş və ya təsadüf üzündən gecikmiş göstərmək istəyərək ciddiləşdi. Uşaqlar onu görən kimi, toplanmağa başladılar.
PərzadMən bu hekayənin adını "Pərzad" qoyuram. Qəhrəmanım arvaddır. Onun iri və uzun gövdəsi, at kimi yerişi vardır. Hər addımında bir metr məsafəni geridə qoyur. Enli və dəyirmi üzündə şübhəli bir keçmiş oxunur. İlk baxışda bıçaq tiyəsi kimi işıldayan nazik, qara hörükləri nəzərə çarpır.Məni ən çox maraqlandıran cəhət onun analığıdır. O, qəssab Hacının ikinci arvadıdır. Otuz yeddiillik həyatında üç qız anası olmuşdur.
Kağızlar aləmiBu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.
Kərpic məsələsiHər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.
Başqa şairlərin şeirləri
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Dörd kitab hər yana yolu göstərirDörd kitab hər yana yolu göstərir,Nəfs ilə mərifət olur şeş cahat.
BaşımaZalım fələk, səndən şikayətim var,Aman fələk, nə gətirdin başıma.