Avey dağım, mən zirvəndə itəydim,
Bir gül olub, daş sinəndə bitəydim,
Mən ney olub o dağlarda ötəydim
Danışaydın nələr keçib başından,
Gah su axıb, gah qan axıb döşündən.

Üzərindən neçə karvan keçibdir,
Od, qılıncla neçə dövran keçibdir,
Qara Məlik hansı yoldan keçibdir?
Hayla gəlib, kimlər vayla qayıtdı,
Öz tökdüyü qan selində kim batdı?

Kiminkidir o boş qalan binalar,
İnsan oğlu gah qul, gah da şah olar,
Hər baxanda könlüm dolu ah olar!
Avey dağım neçə dövran görübsən,
Sən neçə qul, neçə sultan görübsən?

Baş üstündə hey qılınclar sıyrılıb,
İgidlərim yurd uğrunda qırılıb,
Gah lil axıb, sular gah da durulub,
Günlərimiz gah ağ olub, gah qara,
Oxşamışıq tufanyıxmaz dağlara.

Biz görmüşük “əzrail”in üzünü
Birini yox, bəlkə neçə yüzünü.
Kim dedisə onda sözün düzünü
Kəfənini salıb dedi boynuna,
İtələndi öz qəbrinin qoynuna.

“Millət” sözü onda bizə yasaqdı,
Ay-ulduzlu bayrağımız dustaqdı,
Yurdumuzda hey göz yaşı, qan axdı,
Biçənəkdə dönə-dönə biçildik,
Yüz illərlə biçildikcə kiçildik.

Hanı bizim o bağçalar, o bağlar,
Hanı bizim buz bulaqlı yaylaqlar,
Kimə qaldı o meşələr, o dağlar?
Torpağımı para-para böldülər,
İgidlərim yurd uğrunda öldülər.

Qəsbkara “qardaş” deyib inandıq,
Bu “inam”ın odlarında çox yandıq,
Susa-susa parçalandıq, talandıq,
Talayanlar bizi əbləh sandılar,
Taladıqca yaman iştahlandılar...

Göz kor olub, kütləşəndə ağıllar,
Qana düşdü təzə toylu oğullar,
Nər görkəmli, şümşad boylu oğullar.
Bu itkiyə bütün millət ağladı,
Ağlayanlar həm də xəlvət ağladı.

Fəlakətli “təmizlənmə” ilində
“Kəlmeyi-şəhadət” andı dilində,
Kəndin ortasında, doğma elində
Neçə cavan yanı-üstə yıxıldı,
Haqsız axan qanı üstə yıxıldı.

“O ölüm”dən el qurtardı babamı,
El içində o hörməti ucanı,
“Hökm verən” dinləmədi obanı
Sürgün etdi onu səksən yaşında,
Qəbri qaldı qum təpəsi başında.

Cavan oğlu batdı Aral gölündə,
Qaldı əri Qazaxıstan çölündə,
Qoca nənəm fəlakətin selində,
Cüt gedərək, tək qayıtdı sürgündən,
Biz ayrıldıq Avey dağdan o gündən.

Babam¹ verdi Şəmsəddinçün gözünü,
Şair² Arif deyib sözün düzünü,
Rusiyada sürgün gördü özünü,
Biz tək olduq, belə getdi iman, din,
Qaldı xain erməniyə Şəmsəddin.

Yamanların gördük yaman üzünü,
Qoymadılar millət desin sözünü,
Görənlərin çıxartdılar gözünü,
Yuxarıdan əmr verdi ağalar,
Bu bölgüdə birləşdilər “qağalar”.

Dövran bizə harda aman veribdir,
Dərd üstündən dərdi yaman veribdir,
Yüz dərd üçün bizə bir can veribdir,
İxtiyarı bizdə deyil onun da,
Nə bir Allah, nə də bəndə yanında.

Avey dağım, gözü yaşsız ağlaram,
Sinəsini tufan oymuş dağlaram,
Torpağını yaram üstə bağlaram,
Zaman vuran ağrıları alarsan,
Sən təbibim, sən dərmanım olarsan!

Rusiyada³ oğul satdı atanı,
Ata bildi əli qana batanı,
Sürüldükcə təbliğatın “kotanı”
Xalqımızın tarixini şumladıq,
Dinənlərin biz ağzını mumladıq.

Yaman olur insan şərə uyanda,
Kitablardan tonqal çatdıq hər yanda,
Azğınlaşdıq, yandı qüdsi – Quran da.
Biz imamı, biz imanı itirdik,
Gül bağında tikan kolu bitirdik.

¹ M.P.Vaqifin həməsri ulu babam Abdurrahman ağa “şair” təxəllüs Dilbazi oğlu.
² M.P.Vaqifin həməsri şair, mayor rütbəli Mustafa ağa Arif. Abdurrahman ağanın bacısı oğlu.
³ Pavlik Marozova işarədir.

Biz kim idik, kimi qırdıq, ilahi?!
Ölənlərin bilinmədi günahı,
Ulu Tanrı, sən götürmə bu ahı,
Deyib yoldu saçlarını analar.
Ey insanlar, belə haqsız qan olar?!

Avey dağım, nə dövranlar görmüşük,
Haqsız axan biz nə qanlar görmüşük,
Viran qalan xanimanlar görmüşük,
O günlərin sən, ey qoca şahidi,
Söylə görək kim qazandı, kim yedi?!

Var sinəmdə neçə dağlar, düyünlər,
Bir də geri qayıtmasın o günlər,
O ölümlər, o qırğınlar, sürgünlər...
Bizim şənlik bir də qəmə batmasın,
Qantökənlər qoy xalqı ağlatmasın!

Avey dağım, çox sözüm var sorası,
Ürəyimin yanmamışdır harası,
Orda göynər neçə dərdin yarası,
Yox dərmanım, öldürüblər loğmanı,
Qanla yazdım bu yazdığım dastanı.

Daş sinəndə daşa dönmüş dərdlərdən,
Yurd uğrunda qurban gedən mərdlərdən,
Nələr gördün sən o üzü sərtlərdən?
Avey dağım, sən, ey qoca cəngavər,
Ver başından keçənlərdən bir xəbər!

Biz olmuşuq bir araba təkəri,
Sürülmüşük gah irəli, gah geri...
Qəsb etdilər biz daşıyan bəhəri,
Zənginlərin olduq yoxsul balası,
Babəklərin hüquqsuz, qul balası!

Mələklərin qanadını qırdılar,
Qanadları şeytanlara vurdular,
Başımıza yaxşı corab hördülər:
Şeytanları gördük mələk donunda,
Şeytan olduq şeytanların yanında.

Avey dağım, indi kövşən yeriyəm,
Əzab çəkmiş insanlardan biriyəm,
Nə ölüyəm, nə diri tək diriyəm,
Bir kitabam, sinəm sözlə doludur,
Getdiyim yol uluların yoludur.

Heç bilmirəm bu yol harda bitəcək,
İzim harda tapdanacaq, itəcək,
Qəbrim üstə gül, ya tikan bitəcək,
Məni xalqım rəhmətləmi anacaq,
Ya sönəcək yandırdığım bu ocaq?!

Bəlkə yenə zaman “məqam” gözləyib,
İnsanları astarlayıb, üzləyib,
Alimlərin məzarını düzləyib,
Sümüklərdən haqqı-hesab soracaq,
Müdrikləri, aqilləri qıracaq?!

Çox yanmışıq bu günlərin oduna,
Fal açmayaq gələcəyin adına,
Avey dağım, sən düşəndə yadıma
Könlüm coşur, bir dağ seli oluram,
Min nəğməli sabah yeli oluram.

Avey dağım, indi halım hal deyil:
Sükütdayam, ancaq dilim lal deyil,
Bu dünya ki, daim qeylü-qal deyil,
Xoş günləri, bəd günləri var onun,
Açılmamış düyunləri var onun.

Aman fələk, yaman fələk, dad fələk,
Heç olmasın qantökəni şad, fələk!
Kimə doğma, kimə ögey, yad fələk!
Niyə mənim millətimə yad oldun,
Qılınc oldun, nizə oldun, od oldun?

Qılıncların öz qəlbinə sıyrılsın,
İti uclu nizələrin qırılsın,
Bir də zəfər təbilləri vurulsun,
Qalxan bayraq bir də enməz demişlər,
Od yurdunun odu sönməz demişlər.

Avey dağım, sinən bağça-bağ olsun,
Təpələrin uca-uca dağ olsun,
Gedən gedib, qalanların sağ olsun,
Mərd babalar torpağıdır bu torpaq!
Bu torpağı babalar tək qoruyaq.

Onlar salıb “keçilməz”dən yolları,
Daşlar üstdə atlarının nalları,
İz salıbdır... bükülməyib qolları,
Belə olub bizim ulu əslimiz,
Bu mərdlərin övladıdır nəslimiz!

Avey dağım, məni gizli dərd oyar,
Ürəyimdə bir Qarabağ dərdi var,
Bu torpağın igidi var, mərdi var,
Anaların “Allah!” deyən sədası
Qoy onların olsun xeyir-duası

Azərbaycan, çıraqların gur yansın,
Xalqımızın ürəyində nur yansın,
Keşiyində mərd oğullar dayansın,
Yolun haqdır, gözün toxdur, millətim!
Həqiqətə ölüm yoxdur, millətim!

İkinci hissə

Kim qarğadı “bənövşələr bitməsin,
İki sevgi bir-birinə yetməsin”,
Mənim tüstüm Avey dağda tütməsin,
Ürək orda, bədən burda göynəsin,
Şair eldən uzaq düşsə neyləsin!

Vəlixanda yer tutubdur ayağım,
Qoy var olsun mənim ata torpağım,
Avey dağdan gəldi sonra sorağım,
Ətəyində boya-başa yetmişəm,
Bir gül olub daş köksündə bitmişəm.

Hürr yaşadım nənə-baba elində,
Dağlar aşdım köhlənlərin belində,
Üzdüm gah qəm, gah da sevinc selində,
O meşələr, o bulaqlar, o çaylar,
O günlərim hər an məni haraylar.

O yerlərdən indi uzaq düşəli,
Bilməyirəm ağıllıyam, ya dəli?
İsti qoynu tər bənövşə döşəli
O bağların yaz torpağı olaydım,
O düzlərin boz torpağı olaydım.

Sinəm üstdə açılaydı al güllər,
Rəqs edəydi yaz yeliylə sünbüllər,
Həsrət dolu illər, illər, ay illər!
Həm qocalıq məhbəsində dustağam,
Həm o dəcəl, o “haşarı” uşağam.

Düşür yada o oylaqlar, o yollar,
Xam atlara kəmənd atan oğullar,
Köhlənləri tək nallayan o qollar,
Mərd analar yenə “pələng” doğurlar,
“Pələng”ləri heyif tək-tək doğurlar!

Ah o günlər, ah o aylar, o illər!
O nəğməli, o həvəsli könüllər,
O yağışlar, o selablar, o sellər,
İndi onlar xəyalıma qonaqdır,
Özüm yaşlı, könlüm vallah uşaqdır!

İndi mənim saçlarıma qar düşüb,
Qızılgülün növrağına xar düşüb,
Gül quruyub, bağça solub, bar düşüb,
Ömür yolum qarlı qışa çevrilib,
Uşaqlığın tacı-taxtı devrilib.

Hərdən dönüb şeh damlası oluram,
Bahar yeli, dağ havası oluram,
Bulud kimi boşalıram, doluram,
Yada düşür o analı günlərim,
Gür saçları o xınalı günlərim.

Yada düşür Karqayanın meşəsi,
O meşənin ən nəğməli güşəsi,
Çobanların həzin, kövrək ney səsi
Dönüb xəzəl yarpağına hey əsir,
Yazı, qışı könlüm ora tələsir.

Sönüb gedib göy üzündə çox ulduz,
Vardı mənim ata nənəm Xanımqız,
O bəxti kəm, ilqarı düz, əhdi düz,
Qalmasa da sir-sifəti yadımda,
Qeyrət, təmkin varmış o dul qadında.

Qanadım yox, mən zirvənə yüksələm,
Gücüm yoxdur, qocalığa güc gələm,
Avey dağım! Bir özüməm, bir qələm,
Yaşayıram el qeyrəti canımda,
Babaların təmiz qanı qanımda.

Avey dağım, başın niyə dumandır?
Keçənləri yada salma, amandır!
Mənim könlüm bir dalğalı ümmandır,
Çalxalansa qərq olaram selində,
Həyatımın belə gövrək ilində.

Avey dağım, xoş günlərdən danışaq,
O toylardan, düyünlərdən danışaq,
Al duvaqlı gəlinlərdən danışaq,
Qoy aşıqlar sazla, sözlə yarışsın,
Söhbət saza, saz söhbətə qarışsın.

Avey dağım, qar çiçəyi açanda,
Durna çəkib, qatarını uçanda,
Yaz buludu çəmənə şeh saçanda
Yadındamı, sübh şehinə batardıq,
Evcik qurub, bağda ocaq çatardıq.

Yadımdadır o yam-yaşıl təpələr,
O yerlərə qaçışardıq hər səhər,
Biz elə şad, elə xoşbəxt, bəxtəvər,
Qurşağacan çeyilliyə girərdik,
Çeyl otundan “şah papağı” hörərdik!

Avey dağım, gün zirvəndə batanda,
Şəfəqlərdə tonqalını çatanda,
Kəkliklərin çınqıllarda yatanda
Aşırlının çıraqları yanardı,
Ay da doğub göydə xumarlanardı.

Kəndimizdə sönməsin o çıraqlar!
Qurumasın mən gördüyüm bulaqlar!
Leysan yağsın, qoy islansın uşaqlar,
Bizim kimi selə, suya batsınlar,
Qoy şadlıqdan aya fişəng atsınlar!

Açılanda sarı yemlik çiçəyi,
Qızaranda lalələrin ləçəyi,
Səsləyəndə bizi bahar küləyi
Şadlıqdan hey “hərlən baba” oynardıq,
Bulaq kimi içimizdən qaynardıq.

Qar çiçəyi qalxıb qarı dələndə,
Yaz xəbərli qaranquşlar gələndə,
Xarı bülbül gül açdığın biləndə
Bağ-bağçalar cəh-cəhlərlə dolanda,
Quşların da toy nişanı olardı.

Avey dağım, alça çiçək açanda,
Kəndin üstdə güd yarpağı uçanda,
Baş bağlayıb qızlar bağa qaçanda,
Ətrafları uşaqlarla dolardı,
Bizim əsil bayramımız olardı.

Göy gurlayıb, yağışlar gur yağanda,
Tarlalara buluddan dürr yağanda,
Günəş doğub torpağa nur yağanda,
Daraşardı çiçəklərə arılar,
Göy pəncərə, çöldə qızlar, qarılar.

Vardı bizim bir Sayalı nənəmiz,
Bir müqəddəs, bir həyalı nənəmiz,
Boyu kiçik, nəsli ali nənəmiz,
Qadın deyil, o mələkdi, hürüdü,
Mən onunçün hər nə desəm yeridi.

Nənəmizə “Böyük ciji” deyərdik,
Xörəklərin biz bal kimi yeyərdik,
Nə gizlədim, orda gördük, nə gördük,
Ordan gəlir bizim yaxşı adımız,
Ordan yanır ocağımız, odumuz.

Böyük cijim əzizlərdi hey bizi.
Süfrəmizdə beçə balı, süd üzü,
Süd qaymağı qaymaqların ləzizi
Yeyib-içib, oynamağa qaçardıq,
Çəmənlərdə kəpənək tək uçardıq.

Bir bayramdı aran köçü, dağ köçü,
Yollarımız dərə, təpə, çay içi,
Ağ sürünün qabağında erkəci,
Qoyunlara qarışardı quzular,
Qaçışardı dovşan tutan tazılar.

Bir aləmdi qız-gəlinin bəzəyi,
Qız xalamın zərli ipək örpəyi,
Gəlin anam gəlinlərin göyçəyi,
Özünü yox ancaq bizi bəzərdi,
Örpək qara, qara paltar geyərdi.

Biz elə ki, Dəlidağa çatardıq,
Yurd yerində şehə, suya batardıq,
Quzqunlağı baldırğına qatardıq,
Qaçışardıq ordan yeddi bulağa,
Dağ gülərdi biz gələndə o dağa.

Burda hər yan gül-çiçəyə batmışdı,
Qurşağını Allah yerə atmışdı,
Rəngləri də bir-birinə qatmışdı...
Göy, qırmızı, mavi, sarı çiçəklər,
Ağ ləçəyi dağlar qarı çiçəklər.

May girəndə dörd ay burda qonaqdıq,
Ulu Tanrı! Biz nə xoşbəxt uşaqdıq.
Orda bütün qadağandan uzaqdıq,
Yaşıl donlu təpələrin döşündə,
Oturardıq bulaqların başında.

Çiçəkləri qucaq-qucaq dərərdik,
Kəkotunu dərib günə sərərdik,
Oynamaqda biz doymamış gödərdik,
Axşam düşüb, gün dağlara yaslanıb,
Üst-başımız dağ şehində islanıb.

Donumuzu daşlar üstə sərərdik,
Çağırana bir səslə hay verərdik.
Rast gələnə çiçəkdən pay verərdik,
Yorulmazdıq, dörd dolansaq dağları,
Adımızı qoymuşdular: “Haşarı”.

Göy şaqqıyıb, dolu yağış yağanda,
Bir tərəfdən qızıl günəş doğanda,
Ayaqyalın qaçışırdıq hər yanda,
İndi hanı, ah, o aylar, o illər?
Söz anlamaz o “haşarı” dəcəllər?!

Qurtaranda arpa-buğda biçini,
Gözləyirdik dağda, “peşqurd” köçünü,
Bir boşaldaq xurcunların içini,
Təzə xiyar, qarpız, yemiş nobarı,
Yaylıq armud yeyib gəzək dağları.

Aran köçü bir hay-haray düşərdi,
Hər qapıda yağlı kömbə bişərdi,
Gülüş səsi evdən-evə düşərdi,
“Sacarası”, bizim yağlı kömbəmiz
Yol boyunca yeyilərdi çox ləziz.

Son mənzili Göyəzəndə alardıq,
Gecələyib el burada qalardı.
Çırağımız ay işığı olardı,
Atlanardıq dan ulduzu doğanda,
Qoyun mələr, at kişnərdi hər yanda.

Bir nağıldı yollar boyu qayalar,
O daşlara zaman vuran boyalar...
Xırmanlarda dərz vurulmuş tayalar
Kəndimizə yaraşıqdı, bəzəkdi,
Hər sünbülü əkinçiyə çörəkdi.

Vaxt olaydı söz yazaydım hər daşa,
Bizim yerlər tamaşadır, tamaşa!
Damcılıya yüyürərdik birbaşa!
Əsirgəməzdi o bizdən barını,
Əncirini, heyvasını, narını.

Çox istərdik kahalara dırmaşaq,
Dərə keçək, düzən keçək, dağ aşaq,
Neyləməli, arzu çoxdu, biz uşaq!
Bütün günü oynayardıq, gülərdik,
Ordan birbaş bizim bağa gələrdik.

Ana babam yüz beş yaşlı Vələağa
Bağban olmuş öz saldığı bu bağa,
Qaçışardıq ordan fındıq yığmağa,
Attanardıq girən kimi bu bağa,
Dələ kimi biz budaqdan-budağa.

Nələr yoxdu orda gözlər görəsi,
Meyvələrin axan zaman şirəsi,
Vələağanın nəticəsi, nəvəsi
Bütün günü orda meydan sürərdik,
Alçamı biz güldən çıxcaq yeyərdik.

Badamı da elə kal-kal yeyərdik,
Acısını bal dadıyır deyərdik.
Meyvə dolu şaxlarını əyərdik,
Ciblərimiz kal meyvəylə dolardı,
Budaqlar da saçımızı yolardı.

Neçə cinsli nar var idi o bağda,
Ulduz kimi sayrışardı budaqda.
Səbir hanı o “haşarı” uşaqda,
Biz narları dişləyərdik, atardıq,
Meyvələrin axırına çatardıq.

Ağzımdadır dadı hələ göy narın,
Gözümdədir çiçəkləri baharın,
İydələri gül açanda bağların
Hava çiçək ətri ilə dolardı,
Uşaqların toy-bayramı olardı.

Başımıza bağlar çiçək tökərdi,
Saçımıza çiçək ətri çökərdi,
Ürək bizi oynamağa çəkərdi,
Axşamacan hey qaçardıq, tutardıq,
Biz şadlıqdan aya fişəng atardıq.

İndi budur, sahilində Xəzərin
Bir qoca var, fikrə gedib çox dərin...
Həsrətində o ayların, illərin
Ana deyən bir uşağa dönübdür.
Boy kiçilib, lap yumağa dönübdür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar