Həyatımdan səhifələr
Ölümlərdən, bölümlərdən,
zülümlərdən keçən yollar
Oğul gözləyirdilər
Mən üçüncü qız oldum.
Oğul gözləyən evdə
Sanmayın ucuz oldum.
Atam gəlib arandan
Bir qoç qurbanı kəsmiş,
Anamın dərdlərini
Azaltmağa tələsmiş.
Nənəm, gözəl Xanımqız
Hər körpənin öz bəxti
Öz qisməti var, demiş.
Bəlkə edəcək bu qız,
Səni bəxtiyar, demiş.
Beşiyim yırğalanmış
Nənəm, babam yaylağı,
İgidlərin oylağı
Ağqayanın döşündə.
El arana köçəndə
Karqaya meşəsində.
Ağlayanda susmuşam
Bülbüllər ötüşəndə,
Qırqovulların səsi
O meşəyə düşəndə
Anam deyərdi sən də:
Öz “qığıltı” səsini,
O səslərə qatardın,
Quşların “laylasıyla”
Xumarlanıb yatardın.
Ayağın yer tutanda
Yerə sığışmadın sən.
İlk addımı atanda
Sənin oldu bu aləm...
Qorxmayıb oddan, sudan,
Dinclik bilmədin bir an.
Yıxıldın, ağlamadın,
Əzildin, ağlamadın,
“Haşarı” qaldı adın.
Ağacların budağı
Sənə yelləncək oldu,
Sevdin gülü, yarpağı,
Dünyan sevinclə doldu...
Dilin söz tutan zaman
Evdə sənin adına
Kimi “qaranquş” dedi,
Kimi “kəpənək” dedi,
Kimi “şirindil” dedi.
Atan isə adına
Ay qızım, “bülbül” dedi.
Sən sübhünü quşlardan
Çox-çox erkən açardın,
Yatağından astaca
Durub, çölə qaçardın.
Yazda kəpənək kimi
Çiçəklər dünyasında
Hey uçardın, uçardın...
Qışda qırov görərdik
Saçlarında hər səhər,
Dodağında nəğmələr.
II
İlk uşaqlıq şadlığım,
Bu dünya qəmlərindən,
Dərdlərdən azadlığım
Mənim burada bitdi
Bir köçəri quş kimi
Sevinclər uçdu, getdi,
Bir də dönmədi geri.
Ürəyimi dağladı
Şəhid ata kədəri.
Feodal dünyasında
Tamah yurdlar uçurdu.
III
Gəldi 17-ci il,
Rus çarı taxtdan düşdü,
Bütün aləm dəyişdi.
Azadlığa səslədi
Millət qədri bilənlər
Bizim məhkum milləti,
Qazanmaqçün təzədən
Biz itmiş hürriyyəti
Azad dövlət yaratdıq.
Sevindik, azadlığa,
Biz xoş günlərə çatdıq.
Ancaq bu azadlığın
Çox dar oldu meydanı,
Millət xadimlərinin
Əfsus, töküldü qanı.
IV
Bizə iki tərəfdən
Hücum eylədi yağı,
Gürcü menşevikləri
Erməni daşnakları
Bölmək üçün tələsdi
Bu bəhərli torpağı.
Kəndlərimiz üstünə
Güllə yağışı yağdı,
Top mərmisi töküldü.
Avey dağın o günlər
Daş sinəsi söküldü.
Ancaq yağı bilmədi
Azərbaycan xalqının
Qoçaq oğulları var,
O azğın daşnaklara
Onda “dərs” verdi onlar:
Cərgə-cərgə durdular
Adi tüfənglər ilə
Topları susdurdular
Düşmən ala bilmədi
İstədiyini bizdən.
Sonra güclü bir ordu
Gəlib çatdı “Mərkəz”dən
Son qoyuldu xalqımın
Milli azadlığına,
Əbədi bir “fatihə”
Oxundu şadlığına.
Ölümlər başlanıldı,
“Bölümlər” xoşlanıldı,
Gördük o qanundakı
Toplu, tüfəngli zoru:
Şəmsəddini, Qafanı,
Göyçəni, Zəngəzuru
Erməniyə verdilər.
Təzə bölgülər üçün
Gizli tədbir gördülər:
Əskipara Yaylağı –
Kəndi, meşəsi, dağı,
Kəmərlinin torpağı,
Erməniyə verildi.
Biz çox idik,
Azaldıq.
Az çoxaldı, dirildi.
Bu oldu inqilabın
Bizə ən ilk töhfəsi.
Millətimin haqqını
Tələb eyləyənlərin
Tez susduruldu səsi.
30-cu illərin
Dərdini yazmır qələm,
Şerə, sözə sığışmır
Xalqıma üz verən qəm.
Bir ağsaqqal qocanın
Evimdə bir şəkli var,
Hər baxanda o şəklə
Ölüm gəlmir ki, öləm.
Sinəmdən od püskürür,
Yanğımı yoxdur görən
Məzarı qum çölündə,
Qazaxıstanda qaldı.
O illərin ağrısı
Ürəkdə, canda qaldı.
37-ci ilin
Dərdinə dərd çatarmı:
Bəşərin tarixində
Belə bir zülüm varmı?
Bizim bu illər boyu
Nələr çəkdi başımız:
Bu doxsanın qışında
Qara bayraqlar üstə
Töküldü göz yaşımız.
Qanlı lövhələr yazıb
İllərlə yaddaşımız.
Üç ünvanlı, sərhədli,
Üç bayraqlı olduq biz.
Dilim-dilim bölündü
Bu zəngin vətənimiz.
Müharibə də gördük,
Qanlı döyüş illəri,
Qarşıladıq göz yaşlı
Cəbhələrdən ayaqsız,
Əlsiz, qolsuz,
Dili lal, kor gələn əlilləri
Elə mərdlər yetirdik,
Elə ərlər itirdik,
Sinəmizdə dərd əkib,
Qəm gülləri bitirdik.
İllərlə yol gözlədi
İntizar gözlərimiz,
Əsgər paltarı geydi
Nişanlı qızlarımız.
Ah, mən nələr görmüşəm
Altı yaşımdan bəri.
Şükür, səksən yaşımda
Bu azadlıq xəbəri
Dərdlər əymiş qəddimi
Məni qanadlandırdı,
Ürəyimdə azadlıq
Məşəlləri yandırdı.
Dünyada ən böyük dərd
Millət dərdiymiş demək.
Millət üçün yaşayıb,
Millətçün ölmək gərək.
Anam öldü, ölmədim,
Ancaq illər uzunu
Heç bir şadlıq yenmədi
Qəlbimdəki hüzünü
Atam öldü, ölmədim,
Fəryad etdi ürəyim
Ancaq illər uzunu.
Öldü babam, nənəm də,
Bu yoxluğun atəşi
Heç sönmədi sinəmdə
İki bacı, bir ana
Biz dünyada qaldıq tək.
Halal zəhmətimizlə
Qazandıq halal çörək.
Oldu yaxşı günümüz,
Yaman günlərimiz də.
Qaldıq sanki avarsız,
Fırtınalı dənizdə.
Yıxılmağa qoymadı
Ancaq, namus, ar bizi,
Biz yıxılmış görsəydik
Bu doğma ölkəmizi
Allah bilir, bu dərdə
Bizdə dözüm olmazdı,
Qələm gördüklərimin
Yüzdə birini yazdı.
Bu bəla hardan gəldi
Qarabağsız qara baxtım ağ olmaz,
Qarabağsız mənim bağçam bağ olmaz,
Düzənim düz, uca dağım dağ olmaz,
Qarabağsız canım bir gün sağ olmaz!
Nigaranam torpağımdan nigaran,
Millətimdən, bayrağımdan, nigaran,
Oğulumdan, uşağımdan nigaran!
Sinələri yurda səngər igidlər
Salam sizə, ey ölümsüz şəhidlər!
* * *
İgidlərimin ölümü
Əydi əyilməz belimi.
Yer götürdü, göy götürmə bu zülümü!
Bu bəla hardan gəldi
Hansı diyardan gəldi?
Niyə yurdlar dağıldı,
Şəhid odlu cavanlar?
Yaz yaralı qələmim,
Bilsin bütün insanlar:
Erməni qəsbə tələsdi
İrəvandan bir yel əsdi
Bu yel, tufan yeliydi.
Erməni qəsbə tələsdi,
Qəsdi Qarabağ eliydi,
Ayağa qalxdılar, gərək:
Qarabağdan Xəzərədək,
Bizim zəngin torpaqları,
Döşü meşəli dağları,
Suyu loğman bulaqları,
Otu dərman yaylaqları
Bol günəşli aranları,
Taxıl yüklü xırmanları,
Qoynu qızıl sünbül dolu
Xəzansız gülüstanları,
Torpağına ilhaq etsin.
Sonra başqa torpaqlara
Əl uzatsın,
Dənizlərdən-dənizlərə
Böyük Hayestan yaratsın.
Sazişlər
Gizli oldu bu sazişlər,
Xain işi gizlin işlər.
Fitva verdilər keşişlər:
– “Daha yürüş vaxtı çatıb,
Bizim “dostluq” taxtı üstə
Azərbaycan şirin yatıb.
Oyatmayın, hələ yatsın.
Qoy onları bizim toplar,
Bizim raketlər oyatsın!”
İmzalayıb sazişləri
Erməninin imperiya qardaşları
Erməniyə arxa durdu,
Dedi: – Qorxma, get arxayın,
Böl o yurdu.
Bu köməkdən gör erməni
Qudurdu, necə qudurdu!..
Duzu, çörəyi unutdu,
Xəyanət yolunu dutdu.
Neçə eldən
Dağlar, dənizlər dalından,
Neçə ölkənin yolundan
İrəvana qatar yüklü,
Uçaq yüklü, gəmi yüklü
Ölkəmizin qəmi yüklü
Qoşun gəldi,
Silah gəldi,
Günah gəldi...
Ermənilər Xan kəndinə
Daşıdılar bu silahı.
Top səslərilə açıldı
Qarabağın o sabahı.
Şəhərlər, kəndlər üstünə
Qurşun yağdı, od ələndi...
Güllər üstə qan çiləndi.
Yurd-yuvası dağılanlar,
Torpağından qovulanlar,
O gün təzə doğulanlar,
Anaların qoltuğunda
Od yurduna səpələndi...
Torpaq doydu, qan tökənlər
Doymadı tökdüyü qandan.
Odu sönmüş Yerevandan
Yurdlara qan, qada gəldi.
Qundağında qana batan
Səbilər fəryada gəldi...
Yüz illərin arxasından
Bir zəhimli səda gəldi:
– “Dostluq” taxtı üstə yatan,
Oyan, bu qəflətdən oyan!
Dur, çağırır səni baban:
Qarabağ mərdlik dastanı,
Od yurdunun gülüstanı,
Üzeyiri yetirən torpaq,
Yad torpağa olmaz ilhaq!
Qacar kimi güclü, qoçaq –
Şahı məğlub edənlərin
İgid nəsli!
Yatmış aslan!
Dur, silahlan!
Nədir bu tökülən qanlar?
İnamsıza inananlar
Vermişdir daim qurbanlar.
Dur, ey qana batan millət!
Yalançı “dostluğ” taxtının
Üstə şirin yatan millət!
Nədir səndəki bu inam?
Nədir səndəki bu qəflət?
Hanı sənin güclü ordun?
Tapdaq olur torpaqları
Ordusu olmayan yurdun.
Hanı sənin silahların,
Səngərlərin?
Əlin yalın, yaran dərin...
Oyan, yatmış millət, oyan!
Dur, çağırır səni baban!
Oyandı yatmış aslanlar,
Səngər sinəli oğlanlar
Oğul şücaətli qızlar,
Salatınlar,
Qaratellər,
Mehribanlar,
Mələhətlər,
Gültəkinlər,
Yüzlər, minlər silahlandı.
İgidlərin hərbi andı
Qana batmış torpaqlara
Səda saldı.
Koroğlunun cəngisini
Yada saldı,
Erməni qaniçənləri
İki xalqı oda saldı,
Orda da ana ağladı,
Burda da ana ağladı...
Orda da qara bağladı,
Burda da qara bağladı
Qız-gəlinlər,
Ağaların cibi doldu,
Xalqa qaldı qara günlər...
Görüb bu qanlı qırğını
Bir soruşan yoxdu bunu:
Ay erməni cavanları,
Fəhlələrin, kəndlilərin,
Yoxsulların oğlanları!
Siz kimlərçün ölürsünüz
Kimlər üçün bölürsünüz
Siz bu qonşu torpaqları?
Hanı sizin cərgənizdə
Zənginlərin uşaqları?
Bığıburma oğulları?
Zəngin ölkələrə düşüb
O zənginlərin yolları
Gözəl qızların qolunda
O cavanların qolları
Hey kef çəkib, rəqs edirlər...
Onların kef xərci üçün
Fəhlə, kəndli balaları
Niyə ölümə gedirlər?
Qarabağdan sizə nə var,
Bunu bilin, ay cavanlar:
Qarabağa balayanlar
Sahib ola bilsə əgər:
Onlar ağa,
Siz onlara muzdlu nökər
Olacaqsız,
Sağ qalsanız bu günləri
Təəssüflə
Onda yada salacaqsız.
Qaniçən batanda qana
Qarabağdan neçə yana
Uzandı bu xərçəng əli.
Topların hədəfi oldu.
İndi qədim qazax eli.
Neçə kəndi topa tutdu,
Şəhərinə raket atdı.
Neçə körpə qana batdı,
Nə qədər insan ağlatdı...
Axır bir gün bu döyüşlər
Əskiparaya da çatdı.
Əskipara
Coğaz çayı sahilində
Yurd salmış qədim bir oba,
Qonşu ermənilər ondan
Nə şər görmüş, nə də dava.
Bu yerdə bülbül cəhcəhli
Fındıqlı meşələr vardı,
Qışda yerin döşəyi qar,
Yazda bənövşə olardı.
Dərələri moruq kolu,
Talaları çiçək dolu,
Tayfaların karvan yolu
Bura qədim bir diyardır,
Buludlardan bu torpağa
Rəhmət yağışı yağardı.
Allahın könlüxoş vaxtı
Bu torpağı yaratmışdı.
Qaratel adlı bir qız da
Dağlarında ağ sürülər,
Qızıl naxırlar otlayan
Bu cənnətdə boy atmışdı.
Qaratel
Qaratel çoban qızıydı,
Bu yerlərin xan qızıydı,
Oğlan sayağı yaşardı,
Dağlara mahnı qoşardı.
Hər gədikdə izi vardı.
İlk döyüş başlayan günü
Cəbhədə gördü özünü.
Şücaətlə qorumaqçün
Öz elini, obasını,
Soyunub qız paltarını
Geydi əsgər libasını.
Elə sevdi, elə sevdi
Cənnət bağı bu torpağı
Məşqlərdə tez öyrəndi
O, silahla “oynamağı”.
Döyüşlərdə silahını
Düz tuşladı, gülləsini
Sərrast atdı.
O, ana ağladanların
Analarını ağlatdı.
Aldı neçə şəhid qanı
Qazağın qız qəhrəmanı.
Eldə onun adına
“Dişi aslan” dedilər.
Erməni cəlladları
“Qızıl ilan” dedilər.
“Zəhər”indən o qədər,
O qədər doydu onlar.
Bu “İlan”ın başına
Mükafat qoydu onlar.
Əskipara tufanı
Birdən qopdu, gurladı...
26-ların
Burda töküldü qanı.
Qaratelin başladı
Burda mərdlik dastanı.
Döyüşlərin qızğın vaxtı
Torpağa hey... qanlar axdı.
İgidlərə çatdı xəbər:
Ağır toplarla, tanklarla
Üç yandan gəlir namərdlər.
Döyüşlərdə bu qaydadır:
Daldan kömək gələnəcən
Geri çəkilmək faydadır.
Tez çəkilin siz də dala!
Bu döyüş itgisiz ola!
And içib yurd torpağına
İgidlərim avtomatla
Çıxdılar tank qabağına.
Ölən öldü, qalan qaldı,
Neçə mərdim yara aldı.
Bizim o şir qızı şiri
Tutmaq üçün diri-diri
Ayağından vurdu biri.
Qız büküb dərhal dizini
Dağlara dikdi gözünü...
Dedi son vida sözünü:
– “Canım dağlar!
Gözüm dağlar!
Bizim dağlar!
Bizim dağlar!
Əgər ölsəm qoy itməsin
Sizdə mənim izim dağlar!
Gördü düşmən yaxınlaşır,
Neçəsini yerə sərdi
Xalqımızın bu qız mərdi.
Dedi: – Düşmən, məni dinlə:
Döyüşdəyəm mən səninlə.
Qız düşmənə olmaz təslim!
Şir nəslidir mənim nəslim!
Bu namusum, arım haqqı,
Bu zəngin diyarım haqqı,
Vətən məhəbbətim haqqı!
Ana südüm, qız ismətim,
Yenilməz millətim haqqı!
Mən əsir düşmərəm sənə!
Sinəmdəki qız ürəyi
Hədəf olar öz gülləmə!
VI
O ağ sinəyə dayandı
Bir qara silah lüləsi,
Mərdlik xəbəri apardı
İllərə bü güllə səsi...
O ağ sinə batdı qana,
Şir qızı öldü mərdana.
Bu ölümə yer ağladı,
Göy ağladı,
Qız yıxıldı yanı üstə,
Torpaq onu qucaqladı.
– Ey el qızı, el qızı!
Elin Qaratel qızı!
Yaşar el üçün ölən,
Yaşatmazlar elsizi.
Ey el üçün ölənlər,
Unudarmı el sizi?!
Qaratelin timsalı
Gültəkin, ay Gültəkin!
Sənin də qəbrin üstə
Mən qanlı göz yaşları
Dağ çiçəyimi töküm?
Qara kədərmi əkim?
Ay gözəlim, şəklini
Hansı qələmlə çəkim?
Qız ürəyi məhəbbətli,
Namus ondan da qiymətli,
Torpağına qurban gedən
İgid qızlar!
Şəhid qızlar!
Mərd oğullar!
Bu ölümə,
Bu zülümə
Deməyin ki, ağlamadım.
Həm şairdir,
Həm anadır mənim adım.
Şairlər gizlində ağlar
Göz yaşın görən olmasın.
Dərdi ürəyində saxlar,
Düşmən görüb şən olmasın.
Şairlər gizlində ağlar,
Göz yaşı qəlbinə çağlar
Sinəsi üstə daş bağlar
Ürəklərə qəm dolmasın.
Şairlər simurğ quşudur
Ömür sürər yana-yana,
O aşikarda ağlamaz
Sizin kimi qəhrəmana.
Gizlində ağlaram mən də,
El görməsin məni qəmdə.
Şairəm, odlu sinəmdə
Vaxtsız ölən cavanların,
Dağılan xanımanların,
Köçkün olan insanların
Dərdi ağlar...
El dərdinə elin ancaq
Mərdi ağlar.
VII
Od yurdunda dağlar uca,
Zirvələri duman olur,
Bu dağldarın yaşı qoca,
Çiçəkləri əlvan olur.
Bu dağlardan su içənlər
Yüz yaşında cavan olur.
Bu torpağın gözəlliyi
Öz-özünə düşman olur.
Neçə qəsbkar gözləri
Bu gözəlliyə zillənir...
Bu torpağı qəsb etməkçün
Odlu silahlar dillənir.
Hörmət sizə!
Rəhmət sizə!
Qoynu bu bar – bəhər dolu
Cəvahirat, gövhər dolu
Qızıl, gümüş, mərmər dolu
Od yurdunun gözəlini,
Neçə şöhrətli elini,
Öz köksüylə qoruyanlar!
Ey Qazilər!
Ey Şəhidlər!
Vüqarlı qızlar!
Oğlanlar!
Keçər aylar,
Ötər illər,
O dağlardan əsən yellər
Sizə daim layla çalar.
Qanınız tökülən yerdə
Uçan durna lələk salar.
Ömrümün bu qürub çağı
Qanınız hopan torpağı
Ziyarətə gəlləm mən də,
Ana ürəyi sinəmdə
Sizin o cənnət bağından,
Od yurdunun torpağından
Aranından, yaylağından
Hər düzündən, hər dağından
Dərib vətən güllərini
Tökərəm qəbriniz üstə.
Qucaq-qucaq, dəstə-dəstə...
Ağlayaram, öpərəm mən
İgidlər, başdaşınızı...
Şairlər gizlində ağlar
Başkəsənlər görməsinlər
Qoy bizim göz yaşımızı.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-heyatimdan-sehifeler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Al gəldi**Bir para axmaq-uxmaq çünkü qahblar bikar,
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Bir səsin gücüBir rəsmi məclisdə ana dilimizdə kəlmə kəsən olmadı. Təkcə təbrikə gələn uşaqlardan biri iki bənd şeir dedi...*Boynu qalstuklu körpə çiçəyim,
خسرو تاج بخش ناصر دینآن سرشته به عقل و دانش داد