Xətib oğlu qəmlərə batmış, oturub intizarlı Məhsətini gözləyir.

Məhsəti içəri girir, Xətib oğlu onun əllərini köksünə basıb soruşur:

XƏTİB OĞLU. – Aldığın töhfələr nə oldu şahdan?

Məhsəti
Üçgünlük vaxt oldu şahdan aldığım,
Səninlə baş-başa burda qaldığım
Son vüsal anıdır bu dəqiqələr.
Məni, Xətib oğlu, öldürür kədər.
Şahın əmri budur: sürgün olam tək.

XƏTİBOĞLU. – Aman, bu həsrətə dözərmi ürək?

Məhsəti
Bağışla, yanında var günahlarım,
Səni çox incitdi, sonsuz ahlarım...
Başına bir durub, min dolanmadım,
Qarşında çıraq tək, bircə yanmadım,
Belim bükülmədi xidmətində, yar!
Bir gün eyləmədim səni bəxtiyar.
Sən gecə yastığa tək qoydun başı,
Qələm oldu mənə ömür yoldaşı.
Şam kimi əridim uzun gecələr,
Kişi dost olsa da bunlardan bezər.
Məndən sənət aldı eşqi, ilhamı,
Sən, niyə götürdün içi boş camı?
Çox dedim, incitsə bu halım səni,
Daşa çal, içi boş bu piyaləni,
Elə bir “cam” tap ki, mey daşsın ondan,
Həzz apar günlərlə içdiyin zaman.

XƏTİB OĞLU. – Şairəm, çəkdiyin bu ah, nə ahdır?
Dostunu incitmək, dosta günahdır.
Mey də sən, cam da sən, nəşə də sənsən,
Sən Xətib oğluna həyat verənsən.
Mən səni sanmadım adi bir qadın,
Sərrafı başqadır adi arvadın.
Adi mey içməyə etmədin həvəs,
Sənsiz haram olsun mənə hər nəfəs!
Mənim könül dostum, ey nurlu çıraq!
Gözümüz bu nurdan olmasın iraq.
Adətdir, gül ətri saçılar güldən,
Su coşqun olanda çıxır sahildən,
Sənə nə yaraşır başa dolanmaq,
Bəs deyilmi sənət oduna yanmaq!
Sənin ki, öz mənan, öz aləmin var,
Yararmı hüsnünə o işvə, nazlar?
Tək işvədə deyil qadının canı,
İşvə də nəhayət yorur insanı,
Dərin söz istəyir o zaman ürək,
Onda, sənin kimi bir dünya gərək,
Belə bir dəryadan hər coşqun ləpə,
Sənin sözlərin tək, incilər səpə!..
Təbin coşqun olsun, sözlərin şirin.
Mən sənin dostunam, deyiləm ərin!

Məhsəti
Mən günah işlədim, səni sandım ər.
İnsan öz hökmündə yanıla bilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri