Xocalı fəryadı
(iki pərdə, drama)
İştirak edənlər:
Xocalının katibi
Xocalı camaatı
Fərhad – (orta məktəb tələbəsi, snayperçi)
Qocalar – (Fərhadın ata və anası, müəllimlər)
Fərhadın bacısı – (cavan məktəbli qız)
Meşədə Fərhadla rastlaşan qaçqınlar
Birinci qoca
İkinci qoca
Fərhadın nişan aldığı düşmən soldatları
Birinci pərdə və pərdə arxasından müəllif
Tarix heç bir zaman unutmaz bunu:
Xocalı elinin bu “soy” qırğını –
“Soy” qırğını deyil tək bir millətin,
Bu fəlakətidir bəşəriyyətin,
Siz, ay qəsblərlə ürəyi şənlər,
Küt mişarlar ilə boyun kəsənlər,
Ey dırnaq sökənlər,
Ey göz tikənlər,
Yox, bəşər övladı deyilsiniz siz!
Sizin qarşıdadır mühakiməniz.
Siz fəlakətisiz bəşəriyyətin!
Bəraətiniz də olacaq çətin!
Pərdə açılır.
Şellidə, Malıbeylidə atılan topların zərbəsindən Xocalıda evlər titrəyir, divarlar çatlayır, üç gündür həyətlərə, katibin kabinəsi qarşısına tökülüb, “Bizi qurtarın!”, “Bizi qurtarın!” deyə fəryad edən camaatın fəryad səsi Ağdamda eşidilir. Ağdam camaatını da çaxnaşmaya salıb.
Katibin kabineti
Katib həyəcanlı səslə Bakını çağırır: Bakı! Bakı! deyə qışqırır, Bakıdan cavab gəlməyir. Katib telefonun dəstəyi əlində ayağa durur, öz-özünə deyir:
Katib
Üç gündür dinməyir, Bakı lal olub,
Burada camaat lap bədhal olub.
(bayırdan “Bizi qurtar!” deyən çağırtı səsləri...)
Üç gündür Bakıdan yoxdur bir xəbər,
Üç gündür çörəksiz qalıbdır şəhər,
Ermənilər tutur bir-bir kəndləri,
Hərbi komissarın yoxdur xəbəri.
Qoyub o satqınlar qılıncı qına,
Gedibdir “ayılar” qış yuxusuna.
Onlar ordunu da çəkib, apardı,
Üzür qan içində bu mərdlər yurdu.
Gəlib Xocalıya çatıb erməni,
Bizim dərdimizin yoxdur dərmanı
Göz yaşı, qan axır gör neçə kənddə,
Bunu yaxşı bilir Prezident də.
Nə bizə səs verir, nə səs eşidir.
Allah, Xocalı da əldənmi gedir?
(telefonun dəstəyini başına vurur, tapançanı çıxardır, həyəcanlı)
Bizə haram olsun kişi papağı,
Versək erməniyə doğma torpağı!
(Özünü vurmaq istəyir, bu anda bayırda qışqıran camaat qapıya hücum edir, qapı bərk-bərk döyülür, katib qapı açır).
Camaat
Erməni kəsibdir dörd dövrəmizi,
Ay katib, amandır sən qurtar bizi!
Zəng vur, fəryadımız Bakıya çatsın,
Orda yatanları bu səs oyatsın!
Amandır, amandır sən qurtar bizi!
Sənə tapşırmışıq taleyimizi.
Üç gündür nə un var, nə də çörək var,
Ətimizi yeyir bu ac uşaqlar.
(analar qışqırır, uşaqlar ağlaşır... Katib dəstəyi götürüb Bakını çağırır)
– Bakı! Bakı! Bakı!
(Bakı yenə də cavab vermir. Yaxında mərmi partlayır, ev uçur. Katib təntimiş üzünü cavanlara tutur)
Katib
Cavanlar, son əlac sizə qalıbdır,
Raketdən, tüfəngdən, topdan kimdə var,
Tezcə silahlanın, qoçaq balalar!
Şəhərdən çıxardın qızı, gəlini,
O xain düşmənin murdar əlini
Qoymayın onlara siz toxunmağa.
Yol açın, çıxsınlar arvad, uşağa.
Bir az dayandırın o murdarları
Şenliyi şəhərdən çıxardaq barı!
(Üzünü camaata tutub deyir)
Yollar hər tərəfdən tutulub bilin!
Camaat, siz mənim arxamca gəlin!
(Müqavimətçün gedən cavanlara qoşulmaq istəyən 16-17 yaşlı çəlimsiz bir cavana deyir:
Katib
Ay oğul, tələsmə, sən bir az toxta.
Çox çətin işlər var hələ qabaqda.
Oğul, adın nədir?
Oğlan
Adım Fərhaddır.
Katib
Millətin köməyi-qüdrəti ordu,
Ata-ananınkı, yaxşı övladdır.
İndi bizim qoca müəllimləri,
Bax, o əldən düşmüş arvadı, əri,
Bir də ki, onlara sığınan qızı
Aparıb çıxart bir arxayın yerə,
Sonra qayıt qoşul imkanın olsa,
Bizim müqavimət göstərənlərə.
Fərhad
Rəhbər, bunu bilin, mən snayperəm.
Gərək öz borcumu döyüşdə verəm.
Onlar mənim atam-anamdır bilin.
Məktəbdə öyrəndik bu sənəti biz,
Atam özü olub müəllimimiz
Xain qonşumuzda nə ki oğlanlar,
Qızlar da snayper atıcılarıdır.
Katib
Oğul, qoçaq qızlar bizdə də vardır.
(Katib üzünü camaata tutur)
De haydı, camaat, gəlin tərpənək!
Bizi nə gözləyir qarşıda görək?
(Hamı katibin dalınca (2 cərgə) gedir. Anaların dalına sarınmış uşaqlar qışqırır, analar ağlaşır, qocalar yıxıla-qalxa gedirlər. Fərhad katiblə ayaqlaşa bilmir, ata-anasına yolda güllə dəyir, bacı-qardaş onları çiyinlərinə götürmək istəyirlər, Qanına batmış ataları onlara deyir)
Ata
Ananız keçindi, ölürəm mən də.
Murdarlar indicə dolacaq kəndə.
Sizə qurban olum, quş olun, uçun!
Tez burdan qaçın! (oğluna müraciətlə)
Sənin bundan başqa yoxdur əlacın.
Qaç, düşmən əlinə düşməsin bacın!
(Ata bu sözləri deyib keçinir. Fərhad bacısının əlindən tutub çəkə-çəkə aparır, onlar Ağdam yoluna çıxmaq istərkən oradan pərakəndə qayıdan adamlar Fərhada üz tutub deyirlər)
Camaat
Getməyin, yolları kəsib namərdlər,
O əliqanlılar, ürəyi sərtlər,
Nə uşaq tanıyır, nə qoca, cavan,
Onları zülmlə qırırlar yaman.
Qızlarımızdan da əsir düşən var.
Şir kimi döyüşür bizim cavanlar.
Bir qoca
Lap olsun hər biri igid, pəhləvan,
Ordu qabağında bir ovuc cavan
Bakıdan bir kömək gəlməsə əgər
Neyləyə bilər?
Ayaqlanar xanlar, xaqanlar yurdu.
Neyləyə bilərdi bizə erməni,
“Başqası” işlədir bu “dəyirmanı”.
Onun ordusudur qabaqda gələn,
Onlar öldürəndi, biz isə ölən.
İkinci qoca
Meyitlərlə dolub yolların yanı,
Qayalara qalıb elin gümanı.
Əgər bacarsanız gedin dırmaşın,
Oradan birbaşa Şuşaya aşın,
Budur həm son ümid, həm də son güman.
Düşmən bələkdəki körpələrə də
Verməyir aman.
(Oğlandan soruşur:)
Sənin adın nədir?
Oğlan
Fərhaddır.
Qoca
Sən heç bilirsənmi bu necə addır?
Fərhad
Bildim, ya bilmədim, nə xeyri vardır?
Qoca
Oğul, atan-anan de görüm hanı?
Fərhad
Onlar da bu qəsbin oldu qurbanı.
Qoca
Kimdir yanındakı bəs bu qızcığaz?
(atışma səsləri)
Onlar yaxınlaşır, tələsin bir az!
(Fərhad özündən qat-qat güclü, ətli-canlı bacısının qolundan tutub çəkir).
Fərhad
Gəl gedək, yubanma, ay atam qızı!
İmtahana çəkir bəxtimiz bizi.
O qaya yolları mənə tanışdır.
Bacı
Can qardaş, sən məni gəl az danışdır,
Gör necə tutulub ayağım, əlim,
Elə bil ay qardaş, sınıbdır belim,
Bir addım getməyə yoxdur taqətim.
Mənim yol getməyim olacaq çətin.
Səni and verirəm o bir Allaha;
Məndən əsirgəmə sən bir gülləni!
Məndən əl çək, bada verərəm səni.
(Oğlan bacısını çiyninə götürmək istəyir, gücü çatmır. Bacı təngnəfəs)
Bacı
Atamızın qeyrətinə,
Anamızın ismətinə,
Bu yaralı millətinə
And verirəm, öldür məni!
Məni aparar erməni.
(atışma, səs lap yaxınlaşır, bacı qışqırır)
Bacı
Sənə vur deyirəm,
Vur, çıx aradan!
Yazımı bu sayaq yazıb yaradan.
Fərhad
Ay bacı, neyləyim əlim tutmayır,
Gülləni atmağa gücüm çatmayır.
Bacı
Kişilər ki, sözü çox uzatmayır,
Vur deyirəm! Gəlir düşmən qoşunu!
Məndən əsirgəmə sən bir qurşunu.
Mən əsir düşərəm, bir düşün bunu.
Çıxart ürəyindən doğma duyğunu!
Fərhad
Allah, satqınları qoy dönsün daşa!
(üzünü göyə tutur)
Gör nə təklif edir bacı qardaşa?
Can bacı, neyləyim vura bilmirəm,
Gəl bacı qatili eyləmə məni!
Düşmənlərə vurum qoy bu gülləni!
Bacı
Qurban olum bacı deyən dilinə!
Qardaş, vermə məni düşmən əlinə!
Mən düşmən əlinə düşərsəm əgər:
Onda bu el sənə qeyrətsiz deyər.
(Top, tüfəng güllələri, partlayan raketlərin odu şimşək kimi yanıb-sönür)
Bacı
Vur məni, vur məni
Vur məni! Varsa da əgər qeyrətin!
Əgər çatmayırsa buna cürətin,
(Qardaşının əlindən tapançanı alıb özünün sinəsindən vurur, yerə yıxılır və deyir:)
– Öldürə bilmədin, can qardaş, məni,
Di get, düşmənə at sən o gülləni.
(Ölür)
Fərhad
Gedirəm, ay bacım, qana-qan alım!
O başkəsənlərdən intiqam alım.
(Bir az getmiş səs eşidib dayanır, bir nəhəng qaya daşına daldalanıb gözləyir. İki nəhəng düşmən soldatı oxuya-oxuya gəlir)
Soldatlar
Vraqam beda!
A nam pobeda.
(Soldatların biri nəhəng, qarasaçlı, o biri sarısaçlı, ucaboyludur. Fərhad onları nişan alır)
Fərhad
Bu, şəhidlər qeyrəti üçün!
Bu, qızların isməti üçün!
(Deyib onları yerə sərir, hər ikisi ölür. Fərhad oradan qayanın bir ovuğuna girib, əllərində avtomatlar bu sözləri oxuya-oxuya gələn soldatları, özü bu sözləri deyib, bir-bir nişan alıb, yerə sərir)
Fərhad
Susdurulmuş əzanlarçün,
Yandırılmış Quranlarçün,
Düzlənən qəbristanlarçün,
Bu, Xocalı tufanıçün!
Bu, Şəhidlər qanı üçün
Alın cəlladlar!
Sirkə tünd olanda öz qabı çatlar.
Alın! Xocalının bəxşeyişidir!
Burda uşaqlar da bilin, kişidir!
Vətəni qorumaq kişi işidir!
(Onun bir gülləsi də boşa çıxmır. Qayanın dibi düşmən soldatlarının meyitləri ilə dolur, onlar qayanı top, raket atəşinə tuturlar).
Atılan toplar, raketlər qayadan qopardığı qəlpələri onların başına tökür. Fərhad ovudan-ovuğa keçib zirvəyə qalxanda əlindəki qumbaranı oradan onların üstünə atır, özü qayadan aşır, Şuşaya gedir. İndi bunları bizə nəql edir.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-xocali-feryadi
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
آب حیوان،که سکندر طلبش میفرمودروزی جان خضر گشت و خضر شد خشنود
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
Ya ilahi, istərəm səndən bu ənami amanaYa ilahi, istərəm səndən bu ənami mana,Edəsən həmdəm kim, ol sərvi-güləndamı mana.