4 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasında imzalanan anlaşmaya görə Azərbaycan komandanlığının əmrinə göndərilən 5 Qafqaz tümeni (diviziyası) az sonra Azərbaycan qüvvələrini də özünə birləşdirərək “Qafqaz İslam Ordusu” adını almışdı. Avqust 1918-ci ildə 15 piyada tümeni (diviziyası) ilə dəstəklənən Qafqaz İslam Ordusu 15 Sentyabrda Bakını qızıl istiladan qurtararaq Azərbaycandakı tarixi vəzifəsini zəfərlə bitirdikdən sonra Dağıstanın qurtuluşuna başlamış; sentyabrın sonu ilə oktyabr ayının əvvəlində Dərbəndi, Temir-Xanı-Şuranı və Şamil Qalasını düşməndən təmizləyərək, Dağıstan sülhsevərləri ilə birlikdə Terek-Qala üzərinə getdiyi bir zamanda Osmanlı Dövlətinin müttəfiqləri ilə birlikdə məğlubiyyət xəbəri alınmışdı. Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı xilas edəcəkdi.

30.10.1918-ci il tarixli Mondros sülh müqaviləsinin 11-ci maddəsi bunu amir (əsasən) olduğu kimi 15-ci maddəsi də Bakını ingilis işğalına verirdi. Mondros sülh müqaviləsi daha imzalanmadan Tələt Paşanın yerini işğal edən Əhməd İzzət Paşanın verdiyi bir əmrə görə: “Brest-Litovsk müqaviləsi xaricində olaraq işğal edilən Qafqaz aksamının (ərazisinin) 24.10.1918-ci il tarixindən etibarən altı həftə ərzində xilası icra ediləcəkdir”.

Brest-Litovsk müqaviləsi yalnız Batum, Ərdəhan və Qars vilayətlərini əlinə alır və başqa bir yazımızda da anlatdığımız kimi, Moskva bu hüdud xaricində, yəni Azərbaycan və Şimali Qafqazda Osmanlı ordusunun hərəkətini hər zaman protesto etmiş və buna mane olmaq üçün Almaniya ilə, Bakı nefti hesabına bir anlaşmaya da girirdi. Osmanlı dövləti ilə müttəfiqlərinin məğlubiyyətinə görə Moskva tərəfindən tamamilə feshedilmiş (ləğv edilmiş) olan bu Brest-Litovsk müqaviləsi “Hər millətin öz müttəfiqlərini ancaq özünün təyin etmək haqqına malik olduğundan” da bəhs etməkdə idi. Sovet Rusiyası tərəfindən də qəbul və elan edilən bu prinsipləri irəli sürən Azərbaycan Cumhuriyyət Hökumətinin bu meşru (qanuni) haqqını şiddətlə müdafiə edən mərhum Tələt Paşa, 23 Sentyabr 1918-ci ildə Almaniya ilə bir protokol imzalamışdı. Bu protokola görə, hər iki tərəf Azərbaycanın istiqlalını tanıyır və Osmanlı qüvvələrinin çəkilməsi şərti ilə bu istiqlalın Rusiyada da tanınması işini Almaniya öz üzərinə götürürdü. Mondros sülh müqaviləsindən daha əvvəl Qafqaz İslam Ordusunun aqibəti bəlli idi. Fəqət bu ordu Azərbaycanda milli bir qüvvə yetişdirmək vəzifəsi ilə də məşğul idi. Sonralar Qafqaz İslam komandanlığına təyin olunan mərhum Nuru Paşa muallim-zabit heyəti başında 4 iyun 1918- ci il anlaşmasından çox əvvəl may ayının ortalarında bu məqsədlə Azərbaycana gəlmişdi. Maiyetini (ətrafındakıları) Mosulda buraxan Nuru Paşa Azərbaycandan Üçüncü Ordu Komandanı Vehip Paşaya yolladığı bir raportunda burada milli bir ordu təşkil etmək üçün hər cür imkanın və vəsaitin mövcud olduğunu, yalnız muallim-zabit kadrına ehtiyac hiss edildiyini yazır və Mosulda qalan müəllim-zabit heyətinin bir an əvvəl göndərilməsini rica edirdi. Bilindiyi kimi, bu heyət bir türlü gəlib çıxmadı. Gəncədə kiçik zabit məktəbi açılmışsa da, İstiqlal savaşı bu sahədə əsaslı bir gəlişməyə mane olmuşdu. Əsl fəaliyyət istiqlal zəfərindən sonra başlayacaqdı. Və Qafqaz İslam Ordusu yerini işğal edəcək bir Azərbaycan ordusu yaratmadan çəkilərsə, siyasi və əsgəri müvazinətin alt-üst olacağı Qafqazda hər şey məhv edilmiş sayılacaq və Azərbaycanın müqəddəratı təhlükəyə düşəcəkdi. Bu durumun nəzakətini təqdir etmiş olacaq ki, yeni Osmanlı kabinəsi, Qafqaz İslam Ordusunun Qafqazı tahliye etməsi (boşaltması) üçün verdiyi əmrdən iki gün sonra, 26.10.1918-ci il tarix və 5276 saylı bir əmrnamədə eyni ilə deyilirdi: “Şimali Qafqazla Azərbaycanda hizmət etmək istəyənlər qalacaqdır”.

Bu müsaidəyə uyan Nuru Paşa Qafqaz İslam Ordusu komandanlığından istefa verərək, yerini “Azərbaycanda Osmanlı kıtaatı (ordu hissələri) komandanı” ünvanını alan Mirliva Mürsəl Bəyə (sonralar general Mürsəl Bakıya) vermiş və özü də Azərbaycan ordusu komandanı ünvanını almışdır. Bu şəkildə Nuru Paşa 4 noyabr 1918-ci ildə “Azərbaycan hökuməti ilə burada qalacaq zabitlər üçün əqd edilən müqavilə şəraiti” başlığı altında, orduya bir təbliğ yayınlatmışdır. 15 maddədən ibarət bu müqaviləyə görə: “Azərbaycan hizmətinə girəcək zabitlər və məmurlar mezkur (haqqında danışılan) hökumət təbəəsi olacaq. Cəza və mükafat xüsuslarında da Azərbaycan qanunlarına tabe olacaqlar” (maddə 1). “Zabitlər rütbə səviyyələri ilə qalacaqlar. (Fəxri təbiri (rütbələri) qalacaqdır). Türkiyədə kıdemen terfi edənlər (növbəti rütbəni alanlar) burada bir dərəcə yüksək rütbəsi ilə qazanacaqlar” (maddə 2). “Hər zabitə ildə, azimet və avdet dail (gedişi-dönüşü), 2 ay məzuniyyət verəcəkdir. Bu iki ay maaşı hərəkətindən əvvəl peşinen (arxasınca) və kamilən alacaqdır” (maddə 3).

“Azərbaycandakı xidmət müddətində xidməti əsgərliyə qabiliyyətini zəyi edəcəklərə, üç ildən beş ilə qədər olmaq şərti ilə maaş nisbətində təzminat verəcəkdir” (maddə 10). “Üç il bütünlüklə Azərbaycanda keçirilənlərə xitam müddətində altı aylıq mükafat veriləcəkdir. Üç ilin xitamında konturatı (müqaviləni), üç ildən aşağı olmamaq şərti ilə tecdit (yeniləmək) edəcəklərə, bir dəfəyə məxsus olmaq şərti ilə, bir illik maaş nisbətində mükafat verilir” (maddə 11).

“Zabitlərin Türkiyədəki ailələrinə verilməkdə olan siparişat (yardım) və ərzağın bundan sonra yenə verilməsi üçün Azərbaycan hökumətinə görə lazımlı tədbir sayılacaqdır. Bunun üçün sərf olunacaq məbləğ Azərbaycan hökumətinin borcu olacaq və iki hökumət arasın-da mahsubu (məxsusi) yerinə yetiriləcəkdir” (maddə 12).

Fəqət, Mondros müqaviləsi bu kontratoyu (müqaviləni) kağız üzərində buraxdı. Müqavilənin 11 maddəsinə görə, Osmanlı hökuməti Cənubi Qafqazla şimal-batı İranı tahliye (boşaltmağı) edir. 15-ci maddəyə görə də Batumla Bakının ingilislər tərəfindən işğalına razılıq göstərirdi. Osmanlı hökuməti Hərbiyə naziri 24 noyabr 1918-ci ildə 9-cu Orduya bu əmri yollamışdır:

  1. – 28. 10. 1918 və 11. Ş. 5887 saylı əmr, vaziyeti ahire mucibince mefsühtur (son vəziyyətə görə ləğv edilmişdir). Şimali və cənubi Qafqazda olan bölümün zabit və efrad (fərdilər), iki ayı keçməmək şərti ilə, 9-cu ordu komandanlığına təyin ediləcək zaman ərzində 9-cu ordu ilə ittifaq edəcəkdir.
  2. – Esliha və cebhane (silah və sursat) daha 9-cu orduya təslim ediləcəkdir.
  3. – Bu əmrə itaət etməyənlər haqqında təqib kampaniyası qurulacaq və 9-cu ordu komandanlığı bu əmri Nuru Paşaya, Mürsəl Bəyə və Yusif İzzət Paşaya məsul edəcək və nəticəsini bildirəcəkdir.

Buna görə 9-cu ordu komandanı mirliva (albay) Z. Şövqi bəy “30 dekabr 1938-ci il tarixinə qədər Azərbaycanda və Şimali Qafqazda heç bir Osmanlı zabit və nəfəri, silah və cəbbəxanası qalmayacaq” və “qalanlar haqqında təqib icra ediləcəyi” xüsusunda bir əmr göndərdi. Əmrdə: “Şimendifer (Dəmiryolu) nəqliyyat hərəkətindəki ademi-kifaye (kifayət olmayan) və sairə heç bir vəchlə esbabi-taahhür ad və qəbul edilməyəcəyi də tasrih (izah etmək) edilməkdə idi.

Bu qatı əmrə rəğmən, Azərbaycan hökuməti, Osmanlı müəllim-zabit kadrının kontrato (müqavilə) gərəyincə qalmasını saxlamaq üçün Bakının işğalına hazırlanan İrandakı ingilis qüvvələri komandanı general Tomson nəzdində təşəbbüs etmişsə də, “Azərbaycan namında bir hökumət tanımadıqları” cavabını almışdı. Əslində Mondros müqaviləsində də Azərbaycanın adı qeyd olunmuş və Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasındakı muahede (müqavilə) və anlaşçalar heç sayılmışdı.

Noyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını ingilislərə təslim edərək çəkildi. Onlarla bərabər məhdud Azərbaycan qüvvələri də Bakıdan Gəncəyə çəkildilər. Hər şeyi yenidən qurmaq lazım idi. Və hər şeydən əvvəl milli bir ordu qurmaq lazımdı. Azərbaycanda yalnız Bakıya daxil olan ingilis işğalından 4-5 ay sonra, aprel 1919-cu ildə xalqın coşqun alqışları altında Bakıya girən süvari qüvvələri bu milli orduya mənsubdu. Başında general Səməd Mehmandarlı kimi Azəri subayları (zabitləri) duran bu milli ordunun kiçik zabitlərini, Qafqaz İslam Ordusunun yardımı ilə Gəncədə təsis olunmuş kiçik zabitlərə məxsus hərbi məktəbdə yetişənlər təşkil edirdilər.

**Tarixi vəzifəsini şərəflə yerinə yetirib gedən Qafqaz İslam Ordusu özündən sonra gənc milli bir ordunun nüvəsini yaratmışdı. Bu ordunun təmin etdiyi nizam və intizam sayəsində ingilis işğal ordusu komandanlığı Azərbaycan istiqlalını tanımaqla ilk addım olaraq Azərbaycan hökumətini yeganə meşru (qanuni) məqam olaraq elan etmişdir.
**

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri