Bakı yollarında
Səhifə 1 / 2
(Bakı zəfərinin 17-ci ildönümü münasibətilə)
Daxildən gələn bir sevgi ilə, diqqət və ehtimalla hər vəsiqə, əmr, raport və müşahidələr əsasında yazılmış mükəmməl bir əsər: “Böyük hərbdə Bakı yollarında 5-ci Qafqaz Piyada Firqəsi...”
Türkiyə Cumhuriyyəti Baş Erkanı (Qərargahı) Hərbi Rəyasətinin 4.12.1933 tarixli rəsmi əmri ilə, eyni Firqəyə mənsub və 1918-ci ildə Bakı uğrunda apardığımız istiqlal savaşına, əvvəlindən sonuna qədər birbaşa iştirak etmiş Erkanıhərb (Baş Qərargah) kaymakamı (qəza rəisi) Rüştü bəy kimi səlahiyyətli bir adam tərəfindən qələmə alınmış olan bu mükəmməl əsərin qiymət və əhəmiyyəti üzərində çox dayanmağa lüzum varmı? Və 15 Sentyabr zəfərinin 17-ci ildönümü münasibətilə oxucularımıza bundan daha qiymətli nə hədiyyə verilə bilər?
6 kroki (diaqram), bir qururluş, bir cədvəl və iki xəritəni özündə cəmləşdirən 218 səhifəlik bu əsər, 93 saylı “Əsgəri Məcmuə”nin, 1 iyun 1934-cü il tarixli və 34 saylı “Tarix qismi”ni başdan-başa işğal etmişdir. Ələlxüsus “Osmanlı ordusunun Azərbaycana qardaş yardımı”nı canlandırmağa çalışan müəllif, Anadolu Məhmətciklərinin unudulmaz qəhrəmanlıqları ilə yan-yana bizə Azərbaycanın o zamankı siyasi və əsgəri vəziyyəti, millətimizin məruz qaldığı fəlakətlər və istiqlal hərbində göstərdiyi fədakarlıqlar haqqında da məlumat verir.
“Rus ihtilal (mübarizə) və inqilabının orduya təsiri və Rusiyadakı kiçik millətlərin siyasi hərəkatları” başlığı altında topladığı giriş qismində Qafqazdakı siyasi vəziyyəti, Cənubi Qafqaz hökumətinin quruluşunu, gürcülərlə ermənilərin rus ordusundakı əsgərlərindən ibarət milli ordu yaratmalarını, Azərbaycanın belə bir ordudan məhrum olduğunu, ermənilərin Şaumyanla əlbir olaraq Bakıda qətliam törətdiklərini və bu xüsusda Cənubi Qafqaz hökumətinin Azərbaycana yardım etmədiyini qeyd etdikdən sonra deyir ki:
“Bu elim (ağır) vəziyyət qarşısında Tiflis Seymində olan müsəlman üzvü bir qrup təşkil edərək teşrif və siyasi işlərdən başqa milli və ictimai işləri də həyata keçirməyə məcbur olmuşdu. Əfsus icra qüvvəsindən məhrum və orduya dayanmayan Seym müsəlman qrupu bu qətliam və imha vəkainin önünə cezri şəkildə keçə bilmirdi (qırğının, talanların qarşısını ala bilmirdi). Cənubi Qafqaz hökumətindən gözlənən ümidlər boşdu. Seymin, ordu təşkilatı üçün Gəncə Milli Müsəlman Komitəsinə verməyi vəd etdiyi mühüm miqdardakı silah və cəbbəxana da tamamilə verilməmişdi. Nəhayət, Bakını ələ keçirən bolşevik-erməni qüvvəsi Şamaxı-Kürdəmir xəttinə qədər qırıb-çataraq irəliləmiş və bu təcavüzdən Lənkəran, Salyan və Quba qəsəbələri də özlərini qurtara bilməmişdilər”.
Brest-Litovsk müqaviləsinə əsasən Türkiyəyə verilən Batum, Ərdəhan və Qars vilayətlərindən ötrü Cənubi Qafqaz hökuməti ilə Osmanlı dövləti arasında başlanan hərbi, 3-cü ordunun bu yerləri işğalı, bunun nəticəsində gürcülərin Almaniyanın himayəsinə sığınaraq Qafqaz Federasiyasından çıxıb istiqlalını elan etdiyini, onu erməni və Azərilərin də öz istiqlallarını elan edərək Türkiyə ilə ayrı-ayrı müzakirəyə girişdiklərini xülasə etdikdən sonra müəllif Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncəyə gəlişinə naklikelam edərək (toxunaraq) Paşa Həzrətlərinin 3-cü orduya, Azərbaycanın əsgəri və daxili vəziyyəti haqqında göndərdiyi raportu nəql etməkdədir.
Nuru Paşa Həzrətlərinin 3-cü ordu komandanı Vəhib Paşa Həzrətlərinə yazdığı raportdan anlayırıq ki, Gəncədə Milli Kolordu (korpus, hərbi birləşmə) naminə təşkil edilən 600 nəfərlik bir qüvvə var. Bakıya qarşı da Kürdəmir stansiyasında knyaz Mağalof namında (adında) bir gürcü miralayının (albayının) komandanı altında 400-ə qədər əsgər vardır. “Bakı qətliamında gürcülərin müsəlmanlarla birlik təşkil etmələrinə bir nümunə olaraq Tiflisdən göndərilmiş bu əsgərlərin 300-dən ibarət gürcüləri də Tiflisə dönmüşdülər.
Azərbaycanda milli bir ordu yaratmaq imkanı mövcuddur. Əsgərliyə tələbkar çox insan vardır. Muğan kimi məntəqələrdə bolşevik əlinə keçməmiş 10 000 000 kilo qədər də buğda və ərzaq var. Əfsus, ordu təşkili üçün silah və cəbbəxana yoxdur. Paşa Həzrətləri bu barədə yardım edilməsini rica edir və əlavə edir ki: “Əsgərin təlim və tərbiyəsi üçün buraya təyin olan əsgər heyəti Mosulda qaldı. Bir aya qədər gəlməyəcək. Təşkil olunacaq əsgərə komanda etmək üçün mümkün olduğu qədər müəllim-zabit və kiçik zabit ezamını xahiş edirəm. Kıtaatı Osmaniyenin Gəncəyə ademi vürudu muhtemel ise bilhassa mezkur heyete (Osmanlı hərbi hissələrinin Gəncəyə gəlməməsi ehtimal edilirsə, bu heyətə) fövqəladə ehtiyacımız olacaq”.
**Yeni qurulmaqda və qurulacaq olan Azərbaycan Milli Ordusu üçün müəllim-zabit məsələsinin sonuna qədər gəlmədiyini və bu üzdən də milli ordu təşkil edilmədiyini eyni əsərdən öyrənirik.
3-cü komandanı Vəhib Paşa Həzrətləri Nuru Paşa Həzrətlərinə yazdığı 2.06.1918-ci il tarixli cavabında ermənilərlə sülh bağlandığını, gürcülərlə də bağlanmaq üzrə olduğunu qeyd etdikdən sonra deyirdilər ki:
“Azərbaycan hökuməti Müstəqil İslamçılıq tələbinə görə İslamları bolşevik təcavüzündən qurtarmaq üçün müxtəlif qüvvələrdən ibarət dəstə ilə Qazax tərəfdən Gəncə istiqamətinə göndərəcəyik. Bu dəstənin süvarisi Qazax və Gəncə arasındakı stansiyaları mühafizə edəcəkdir...”
Aşağıdakı vesaik (sənədlər) Vəhib Paşa Həzrətlərinin Azərbaycan məsələsilə candan əlaqədar olduğunu göstərməkdədir. Azərbaycana yalnız bir piyada alayı ilə (2 tabur piyada, iki top) bir də mürəttəb (tərtib edilmiş) süvari alayı (2 bölük) sövq etmək üçün əmr verildiyindən eyni 2.06.1918ci il tarixində Baş Komandanlıq Vəkalətinə (Ənvər Paşa Həzrətlərinə) verdiyi müstacel (təcili) şifrəsində bir əmri yerinə yetirmək məqsədilə Azərbaycana bir Firqə göndərdiyini və icab ederse (lazım olarsa), bu qüvvəni takviyə edəcəyini (əlavə kömək göndərəcəyini) yazmaqda idi.
O günlərdə, başda Azərbaycanın Milli Şura rəisi Məhəmməd Əmin Rəsulzadə Bəy olmaqla Azərbaycan Mürəxxəs Heyəti ilə, başda Vəhib Paşa və Xəlil Bəy olmaqla Türkiyə Mürəxxəs Heyəti arasında müzakirələr cərəyan edirdi. Mərhum Ənvər Paşanın tasvipkar mahiyyətdə (bəyəndiyi, razılıqla qarşıladığı) 5 iyun tarixli cavabından bir gün əvvəl, yəni 4 iyun 1918-ci il tarixdə Batumda Osmanlı nümayəndələri (Ədliyyə naziri Xəlil Bəy və Vəhib Paşa) Azərbaycan nümayəndələri (Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Bəylər) arasında bir muhadenet (razılıq) əhdnaməsi bağlanmışdı. Bu əhdnamənin 4-cü maddəsinə görə Azərbaycanın sülh və əmin-amanlığını qorumaq üçün Ali Osmanlı Dövlətindən istənilən əsgəri yardım Osmanlı Heyəti tərəfindən dərhal qəbul edilmişdi.
Əslində bu əhdnaməyə istinadən, Azərbaycan tərəfindən verilən bu rəsmi müraciət üçün Vəhib Paşa 7 iyun tarixində bu əmri verirdi:
“Beşinci Qafqaz Firqəsinin aksami sairəsinin (digər hissələrinin) də Qazax tərəfdən Gəncəyə göndərilməsini xahiş edirəm. Firqənin Ağstafa stansiyasından Gəncəyə qədər göndərilməsi üçün indidən hazırlıq işləri görün və bunun üçün serian icab (lazım olan hər şeyi) edənləri Qazağa göndərin. Müsəlman zabitlərindən Gəncəli İbrahimzadə Nazim Əfəndi Ağstafa stansiyası ilə Gəncə arasındakı gedişi tənzim etmək üçün əvvəlcə Batumdan Gəncəyə göndərilmişdi. Məmurlarımız Nazim əfəndi ilə əlaqə yaratsınlar, firqənin nəzdində ikinci Qafqaz kolordusu (korpus, hərbi birləşmə) telsiz stansiyasının verilməsini xahiş edirəm. Firqə indilik əmrinizdə və Gəncədə qalacaq, əfəndim.”
Ordu komandanının bu əmrinə əsasən Qrup komandanı da eyni gündə Beşinci Qafqaz Firqəsi Komandanlığına, 8 iyunda Cəlaloğlundan hərəkət üçün lazım gələn əmri vermiş və hərəkət günü firqə zabitlərinə bu müraciəti etmişdir:
“Baş komandan etibarən hamımızın etimadını qazanmış və hər xüsusda müntəzəm olan Beşinci Qafqaz Firqəsini Azərbaycana, Gəncəyə göndərirəm. Burada olduğu kimi orada da fədakarlıqla çalışacağımızdan əminəm. Allah müvəffəqiyyətlər versin.
Bu Osmanlı ordusundan Azərbaycana ikinci yardımdır.
Bunun nəticəsində iyunun 22-də Azərbaycandakı əsgəri qüvvənin mövcudluğu bu qədər olmuşdur:
**Beşinci Qafqaz Firqəsi: **
Zabit: muharib (döyüşən) - 225, muharib olmayan (döyüşməyən) – 105;
Əsgər: muharib – 5.227, muharib olmayan – 2, 126.
Heyvan: 1939; silah: tütək – 4.342; makinalı tütək – 36; kəsici silah – 3.752; top – 14.
Cəbbəxana: tüfəng üçün – 847 sandık; top gülləsi – 801; əl bombası – 1739; qazma – 520; kürək – 1.412; balta – 225; tel makinası – 169; prtatif çadır – 3.242. Eyni tarixdə 5-ci Firqə əmrində olan Azərbaycan Cümhuriyyətinin müharibə cəbhəsində olan qüvvəsi də aşağıdakı miqdardadır:
Zabit: muharib (döyüşən) – 30; muharib olmayan (döyüşməyən) – 4 nəfər; muharib (döyüşən) – 727; muharib olmayan (döyüşməyən – 99; heyvan – 435; silah: tüfəng – 605; makinalı tüfəng – 21; kəsici silah – 322; top – 6.
Cəbbəxana: tüfəng üçün – 100 sandık; top gülləsi – 472; şarapnel – 528. Qüvvələr bununla bitmir. Düşmənin Göyçayı alması münasibətilə Qafqaz İslam Ordusu Komandanlığı tərəfindən “vəziyyətin vahiməli” olmasına dair: verilən teleqraflarına əsasən 9-cu Osmanlı Ordusundan 65 zabit, 2.475 nəfər, 701 heyvan, 2.092 tüfəng, 16 ağır markalı tüfəng və 4 qüdrətli dağ topundan ibarət 38-ci alay və bir qüdrətli dağ batereyası 11 iyulda Qazaxda olmaq üçün 6 iyulda Gümrüdən hərəkət etmişdi.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-bala-memmedzade-baki-yollarinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əziz Azərbaycanlı yurddaşlarım!**(Münhendəki Amerikan “Qurtuluş” radiosunda yayımlanmışdır)*
Qafqaz İslam Ordusu4 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasında imzalanan anlaşmaya görə Azərbaycan komandanlığının əmrinə göndərilən 5 Qafqaz tümeni (diviziyası) az sonra Azərbaycan qüvvələrini də özünə birləşdirərək “Qafqaz İslam Ordusu” adını almışdı. Avqust 1918-ci ildə 15 piyada tümeni (diviziyası) ilə dəstəklənən Qafqaz İslam Ordusu 15 Sentyabrda Bakını qızıl istiladan qurtararaq Azərbaycandakı tarixi vəzifəsini zəfərlə bitirdikdən sonra Dağıstanın qurtuluşuna başlamış; sentyabrın sonu ilə oktyabr ayının əvvəlində Dərbəndi, Temir-Xanı-Şuranı və Şamil Qalasını düşməndən təmizləyərək, Dağıstan sülhsevərləri ilə birlikdə Terek-Qala üzərinə getdiyi bir zamanda Osmanlı Dövlətinin müttəfiqləri ilə birlikdə məğlubiyyət xəbəri alınmışdı. Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı xilas edəcəkdi.30.10.1918-ci il tarixli Mondros sülh müqaviləsinin 11-ci maddəsi bunu amir (əsasən) olduğu kimi 15-ci maddəsi də Bakını ingilis işğalına verirdi. Mondros sülh müqaviləsi daha imzalanmadan Tələt Paşanın yerini işğal edən Əhməd İzzət Paşanın verdiyi bir əmrə görə: “Brest-Litovsk müqaviləsi xaricində olaraq işğal edilən Qafqaz aksamının (ərazisinin) 24.10.1918-ci il tarixindən etibarən altı həftə ərzində xilası icra ediləcəkdir”.