İkinci fəsil
Səhifə 1 / 4
Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!
Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:
– Gözün yolda olsun. Maşın dayanan kimi mənə xəbər ver, – demişdi.
Çayçı “bəçeşm” deyib, onları süzmüz, hərəkət və görkəmlərindən etibarlı adamlara oxşatmışdı. Bu da onun qəlbində bir rahatlıq yaratmış və ilk dəqiqələrdə baş qaldıran qorxu və nigarançılıq hissini öldürmüşdü. Xoşbəxtlikdən onlardan yarım saat sonra üç kəndli də çayxanaya gəlmişdi. Kəndlilər Ərdəbildən qayıdırdılar. Kəndə gedib çıxa bilməmiş və burada gecələməyə məcbur olmuşdular.
Onlar bir stəkan çay içdikdən sonra torpaq döşəmədəki həsirin üstündə uzanaraq xoruldayır və öz xorultuları ilə çayçının ürəyindəki arxayınçılığı daha da möhkəmləndirirdilər. Maşınla gəlmiş müsafirlər, pis adam olsalar belə, kəndlilər ona hay çıxa bilərdilər. Belə bir rahatlıq içində çayçı plova yağ vuraraq dəmə qoymuşdu. Balaca tavada toyuq əti qızarırdı. O, əlində kəfkir, gah plov qazanına baxır, gah tavaya nəzər yetirirdi.
Sərtib yanaqlarından qan daman, nazik qara bığlı, sağlam vücudlu zabitlə çölə çıxdı:
– Nə sakit gecədir, yavər, – dedi, – həm də sərindir. İndi başa düşürəm ki, nə üçün qədim zamandan karvanlar gecə yol gedib, gündüz dincəlirmiş.
Yavər Əzimi:
– Belə bir gecədə yol getsəydik yaxşı olmazdımı, sərtib, niyə burada qaldınız? – deyib soruşdu.
– Əvvəla, yoldaşları yolda qoyub getmək yaxşı deyil, bəlkə, maşınları xarab oldu, ya başlarına bir iş gəldi. İkinci də, Tehrana bütün
¹ General heyətlə bir yerdə girmək məsləhətdir, ixtilafi-rəy əmələ gəlməmək üçün bir də bizim evə yığışıb, qəti qərara gələrik, bunu komisyon üzvləri sərhənglə görüşməmiş etmək lazımdır. Sonra çətin olar.
– Həmid Həmidi mənə çox biqərəz və cəsarətli adam göründü.
– Köhnə məşruteçi və namuslu bir adamdır. Əks halda belə bir hərəkətə əl atmazdı. Şəhərin mötəbər adamlarından imza toplayıb, kəndli və ərbab arasındakı münasibətlərə toxunan qanunların dəyişməsini tələb etmək sənə zarafatmı gəlir?.. Buna sən necə baxırsan?
– Məsələnin mahiyyəti mənə də aydındır. Lakin güman edirəm ki, şəkilcə risqə yol verilmişdir. Kəndlərdən, hətta Urmi və Ərdəbildən adamlar çağırıb, evlərdə məsləhət, məşvərət düzəltmək, yığıncaq etmək yaxşı olmayıb. Ümumən, çox hay-küy düşüb və dövlətdən narazı olan adamlar da fürsət tapıb, aranı qızışdırıblar.
– Səhv edirsən, oğlan! Sən də nəzmiyyə rəisi kimi mühakimə yürüdürsən. Halbuki, azad bir məmləkətdə belə şeylər təbii və qanuni şeydir. Vətəndaşların ictimai təşəbbüskarlığını boğmaq yox, ona yol vermək lazımdır ki, vətən abad və rövşər olsun...
Sərtib bu ətrafda geniş danışdı, cəmiyyətdə fikir azadlığının tərəqqi üçün böyük şərt olduğunu və Həmidinin bu hərəkətlərində vətənə zidd heç bir şey görmədiyini söylədi:
– Təbriz nəzmiyyə rəisi və valisi isə bişərəf adamlardır, həm də cahildirlər. Tərəqqi nədir, azad fikir nədir, bilmirlər. Həmidinin əhali arasındakı nüfuzu da onların kefinə toxunmuşdur. Odur ki, bu məsələləri şişirdiblər.
O dayandı. Bir qədər açıq havada gəzdikdən sonra:
– Sən cavansan, məndən sənə məsləhət, öz mühakimə və hərəkətlərində həmişə vətənin xeyrini nəzərə al! – deyib onun qolundan yapışdı:
– Gedək, deyəsən plovun iyi çıxmağa başlayır.
Onlar içəri girdilər. Çöllərin sakitliyi içərisində çaqqallar getdikcə daha ucadan ulaşırdılar. Lakin qorxularından ocağa yaxın dura bilmirdilər. Birdən-birə onların səsi kəsildi. Qaranlıq içərisində bir hənirti duyuldu. Çayçı gözlərini qıyıb, sonsuz səhraları bürümüş qaranlığa baxdı. Kim isə çöldən ocağa doğru gəlirdi. Çayçı diqqətlə qulaq asdı. Gecənin bu vaxtında kim ola? Gözəgörünməz ruhlar və əcinnələr xəyalından keçdi. Titrək bir səslə ucadan “bismillah” dedi. Ayaq səsləri ona yaxınlaşdı. Çayçı, tək olmadığını bildirmək üçün şagirdini çağırdı və artıq siluet kimi görünən adama səs verdi:
– Gələn, kimsən?
– Qonağam. İşıq gördüm, gəldim.
– Həmişə işığa çıxasan... Xoş gəlmisən!
İkigünlük ağır yoldan yorulmuş Fridun yaxınlaşdı. Ocağın işığında çayçı ona nəzər saldı. Ayağında tozlu-torpaqlı bir çarıq, başında cırıq bir pəhləvi, əynində nimdaş bir köynək və şalvar vardı. Adi bir kəndli kimi üz-gözünü tük və toz basmışdı.
– Çox yorğunam, bir gecəlik yer istəyirəm. Səhər alaqaranlıqdan yola çıxacağam...
Çayçı onu şagirdə tapşırdı:
– Ağanı içəri apar, yer ver, rahat olsun, – dedi və ona döndü:
– Bəlkə xörəyə meyliniz var?..
Fridun ani bir tərəddüd göstərdi.
– Bir stəkan çay olsa, təşəkkür edərəm.
Çayçı gülümsədi. Fridun hələ də yold üstündəki çayxanaya gəlib çıxdığını bilmirdi. Harada olduğunu ona andırmaq üçün:
– Bir stəkan da olar, iki stəkan da, – dedi. – İşimiz sizin kimi qonaqlara xidmət etməkdir.
Fridun çayxanaya gəldiyini anlayıb ürəkləndi. Üst-başını çırpdı, su istəyib, əl-üzünü yudu. Çayxanaya daxil olaraq, gözaltı oranı nəzərdən keçirtdi. Çayxana uzun bir otaqdan ibarət idi. Qapının sol tərəfində, taxta məhəccərin dalında çay və xörək dəstgahı üçün xüsusi bir guşə ayrılmışdı. Orada balaca stəkanlar gözə dəyirdi. Samovar pıqqapıqla qaynayırdı. Üstündə iri güllü bir çaynik vardı. Bir az irəlidə kvadrat şəklində bir meydança açılırdı. Orada üzərinə ağ süfrə çəkilmiş üç stol qoyulmuşdu. Onlardan birinin başında dörd adam oturub yeyir, içir və söhbət edirdi. Adamların başı üstündə tirdən asılmış neft çırağı sönük işığını ətrafa yayırdı.
Fridun içəri girən kimi oturanlar ani bir nəzərlə onu süzdülər və adi bir kəndliyə oxşadaraq, tam etinasızlıqla öz işlərinə məşğul oldular.
Fridun onlardan birini səsindən tanıdı. Bu, xırmanda əlində Quran Allah adı ilə Musa kişini qorxudan Sofi İranpərəst idi. O, bir az nəşəli, əlində badə, arxası qapıya tərəf tost deyirdi. Fridun gözlərini qıyıb, o tərəfə baxdı. Sönük çıraq işığında o biriləri tanımağa çalışdı. Heç kəsi tanıya bilmədi. Hikmət İsfahani və mister Harold da burada yox idi.
Oturanlardan biri soyuq və oğrun gözlərlə ara-sıra ona baxırdı. Yoldaşları ona gah “Ağayi-Məhbusi”, gah da “Ağayi Hüseyn” deyə çağırırdılar.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:
On beşinci fəsilHikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:
On altıncı fəsilTehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:
On yeddinci fəsilSərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.
Başqa şairlərin şeirləri
Dayan ağam, dayan bəyim, dayan, dur!Ayaq saxla! Burda yatanlara bax!
Sanei-qüdrətdən siyəb xallarınSanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی