Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:

– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

Yerini rahatlayıb, ucadan oxudu: “İngiltərə və Fransa Almaniyanın müstəmləkə tələblərindən yaxa qurtara bilməyəcəklər, Almaniya, mərkezi Avropa işlərinə İngiltərənin qarışmasına yol verməyəcəkdir. Çünki bura İngiltərə mənafeyi dairəsi deyildir!”

Gözlərini qəzetdən çəkib, Kürd Əhmədə dikdi:

– Necə baxırsınız, ağayi-mən, burdan qan iyi gəlir, ya yox?

Cavab gözləmədən davam etdi:

– Bəli, dünyanın abü-havasından qan iyi gəlir. İndi biz ayıq olmalıyıq!.. Ayıq olmalıyıq! İndi nə alıb, nə satdığını, anbara nə qoyub, bazara nə çıxartdığını bilməyən tacirin sabah ah-vayı göyə çıxar. Gətir görək işlər nə haldadır?

Kürd Əhməd ticarətin vəziyyətindən, Amerikadan və İngiltərədən gətirilmiş mallardan məlumat verdi. Bazarda yun və şal mala ehtiyac yaratdığını və iki yüz min tümənlik ingilis şalını bazara buraxmaq fikrində olduğunu söylədi. Hikmət İsfahani:

– Nəbadə, nəbadə! – deyib, onun sözünü kəsdi, – heç elə iş görmək lazım deyil. Əksinə, bazarda nə varsa alıb anbara yığmaq yaxşıdır. İki ildən sonra bu mal birə on faydalı olacaqdır. Müharibə şeyləri yox, pulları qiymətdən salır. Şey yığmaq, şey saxlamaq lazımdır!..

Kürd Əhməd bu adamın pul və dövlətdən doymayan həris gözlərinə baxıb susdu. Hikmət İsfahani xidmətçini çağırıb:

– Bir qəlyan! – deyə, əmr verdi və yenə qəzetləri vərəqləməyə başladı.

Kürd Əhməd, hələ birinci İran məşrutəsi zamanında meydana çıxmış və İran siyasəti aləmində həmişə görkəmli rol oynamış bu adama baxır və sanki onu daha yaxşı anlamaq üçün bütün həyatını fikrindən keçirirdi. O, bir neçə dəfə məclis vəkili olmuş, baş vəzir kürsüsünü tutmuşdu. O, son əsrdə İran taxt-tacı ətrafında gedən bütün oyunların fəal iştirakçılarından idi. O, Məmmədəli şahın taxtdan salınmasında, Əhməd şahın hakimiyyət başına gətirilməsi və qovulmasında iştirak etmiş, İran siyasətini növbə ilə gah ingilis, gah Amerika, gah alman və bəzən də eyni zamanda hər üç dövlətin mənafeyinə tabe edən simaların içərisində görkəmli yer tutmuşdu. Bununla belə o, öz fəaliyyəti ilə özünü “mötədil siyasət” tərəfdarı və “müvazinət sevən” bir adam kimi tanıtmışdı. Bu məfhumlar İran mürtəce siyasət adamlarının təsəvvüründə aydın bir mənanı ifadə edirdi... “Mötədil siyasət” və “müvazinət” – İranda rəqabət aparan dövlətləri hazırkı zamandakı qüdrət və təzyiqinə görə təmin etmək, razı salmaq siyasətidir. İranın tərəqqi və yüksəlişinin ziddinə olan bu siyasət, Hikmət İsfahanilərə həmişə geniş ticarət etmək, gəlirini artırmaq imkanı verməklə, daha xeyirli müştəri tapmaqda kömək edirdi. Hikmət İsfahani bütün bunlarla yanaşı bir də “Patriot”, “İranpərəst” və “İran dost” adını qazana bilmişdi. Bu ad ona siyasətin ağır və dolaşıq zamanlarında, məmləkətdə daxili həyat və ziddiyyətlərin gərginləşdiyi dövrlərdə lazım olurdu. Belə zamanlarda “Mötədil siyasət” tərəfdarı və böyük ərbab Hikmət İsfahani meydana çıxırdı. O, mürtəce dairələrlə “mübarizəyə” başlayır, onlarla “ixtilafa” girir, qəzetlərdə sol şüarlarla çıxış edir və ictimai tərəqqi üçün çalışan qüvvələrə yaxınlaşırdı. Hətta bu qüvvələrlə bir yerdə getməyə başlayıb, onların vasitəsilə bir tərəfdən öz həmcinsləri arasındakı rəqiblərini qorxudur, güzəştə getməyə məcbur edir, digər tərəfdən ictimai hərəkata rəxnə salır, onu içərisindən dağıdır, ya da vaxtı çatan kimi heyrətamiz bir xəyanət və imansızlıqla onu silah gücünə məhv edirdi. O, istər məmləkətin daxilində, istərsə xaricində nüfuzlu və qüdrətli təbəqə və adamlara istinad edirdi. London, Paris, Berlin və Nyu-Yorkdan tutmuş Avropanın az-çox görkəmli bütün şəhərlərində nümayəndələri və rabitə saxladığı görkəmli adamları vardı. İran daxilində, Rza xandan sonra o birinci böyük mülkədar və sahibkar idi. Təbriz, Rəşt və Mazəndəranda onun xalça və başqa toxucu fabrikləri işləyirdi. Bütün bunlar ona siyasət aləmində müstəsna bir mövqe yaratmışdı. Məclisdən hökumətə qədər dövlət maşınında onun əl apara bilməyəcəyi bir vint təsəvvür etmək çətindi. Hətta Rza xan Pəhləvi kimi xudbin və müstəbid təbiətli bir hökmdar belə bu adamın varlığına dözməyə məcbur qalmışdı.

Kürd Əhməd, zahirən nəcib və mülayim görünən bu adama baxıb, onun həyat yolunu xatırladıqca sanki gözündən bir pərdə götürülür, qarşısında iyrənc və vəhşi bir mahiyyət canlanırdı. Həyatın əsl məna və məqsədlərini unutmuş bu adamlar pul və qazanc hərisliyi üçün hər cür alçaqlığa razı olarlar! Onların dünyada yalnız bircə Allahı, vahid bir idealı vardır: pul! Yenə pul!..

Xidmətçi qapını açaraq, şirazi qəlyanı gətirdi və hələ də qəzetləri eşələyən Hikmət İsfahaninin qabağına qoydu. O, başını qaldırdı, qəzetləri bir tərəfə itələdi, gərnəşdi, qəlyanın müştüyünü əlinə aldı və dodağına yapışdırıb xoruldatdı. Sonra dərindən nəfəs alaraq köksünü ötürdü.

– Oxqay, can dərmanıdır! – dedi və yenə əvvəlki siyasi söhbətə qayıtdı:

– Dünyanın övzai gözümə çox dumanlı görünür. Almanlar torpaq istəyir, müstəmləkə tələb edirlər. Polşa və başqa Avropa dövlətləri sabahı düşünərək, bir məchuliyyət qarşısında titrəyirlər. İngilislər öz hakimiyyət və nüfuzlarını itirmək əndişəsi içərisində çırpınırlar. Bolşeviklər sakit otursalar da, dünyaya ağır bir vahimə yayırlar. Yox, cahanın övzai dumanlıdır. Elə buna görə də indi bizim məmləkətimizə əmin-amanlıq lazımdır. Hər cür macəraçılar və başında zərərli fikirlər daşıyanlar susdurulmalıdır!..

Bu mülahizələr, görünür, ona Azərbaycanı xatırlatdı. Kənddə olan hadisəni yadına saldı:

– Ağayi-mən, o bolşevik nə oldu? – deyə soruşdu. – O ki xırmanda hay-küy salmışdı ha! Yadındadırmı o?.. Adı nə idi, de görüm, bir adı nə idi?

Kürd Əhməd bu gözlənilməz sualdan çaşdığını gizlətməyə çalışaraq, tez cavab verdi:

– Mənim də xatirimdən çıxmışdır. Özünü əmniyyələrə verib gəldim. Arxayın ola bilərsiniz. Əli əmniyyəbaşı yaman canavardır, onun əlindən əjdaha da diri qurtarmaz...

– Siz bir yenə Səfaiyə xəbər verin. Əmniyyənin nə böyüyünə, nə də kiçiyinə etibar yoxdur, bunlar yüzlüyün qulağını görən kimi, anasını da satar. Sərhəngə xəbər verin!

Hikmət İsfahani gözlərini yumaraq, qəlyanı bir də sümürdü. Fikrində bir andişə və həyəcan duyan Kürd Əhməd:

– Baş üstə, – deyib, otaqdan çıxmaq istədi. Birdən yadına bir şey düşmüş kimi, Hikmət İsfahani qəlyanın müştüyü ağzında olduğu halda səsləndi:

– Ağa, ayaq saxla, işim var...

Kürd Əhməd könülsüz qayıdıb oturdu:

– Buyurun...

Hikmət İsfahani, qıçlarını bir az da uzadıb, kreslonun dərinliyinə yayıldı, yenə gözlərini yumub, qəlyanı sümürdü.

– Ağa, işimiz bir az çətinə düşüb. Teleqram almışam. İçveçdən aldığımız mallar gəlib tökülüb Bəsrəyə, İraqın dələduzlarına da etibar yoxdur. Dünyanın qarışıqlığını görüb, malları ötürərlər içəri... Nə deyirsən?

Kürd Əhməd hələ də onun nə fikirdə olduğunu müəyyən edə bilmirdi. Mexaniki surətdə:

– Ağa icazə buyursalar, bir adam göndərərik, – dedi.

Hikmət İsfahani, bu söhbəti yadından çıxarmış kimi öz-özünə söylədi:

– Görürsən bu ağayi Göbbelsi, müstəmləkə istəyir ha... Bazar axtarır ha... Belədir, ağa?..

Kürd Əhməd özünü eşitməməzliyə qoydu. Dəsmalını çıxarıb, üzünü yellədi:

– Havalar çox isti keçir!

Hikmət İsfahani gözaltı ona baxıb, yenə gözlərini yumdu:

– Bəsrəyə kim getsin, deyirsən, ağa?

– Ağayi Rəşidi necə olar? Zirəkdir...

– Qoy qalsın, gedər başı qızışar tiryəkə, bizi abırdan salar.

O, birdən qəlyanı bir yana itələdi, oturduğu yerində şaxlanıb, belini düzəltdi.

– Ağayi-mən, əziyyət olmasa özünüz zəhmət çəkin. Yüz min tümənlik maldır. Hər gələnə etibar etmək olmaz. Elə sabah yola düşün.

Kürd Əhmədin fikrindən etiraz etmək keçdi, bir bəhanə ilə bu işi boynundan atmaq istədi. Hikmət İsfahani qəti bir hərəkətlə ayağa qalxdı:

– Yaxşı yol, ağa, malların hamısını göndərməmiş qayıtmayın. Çətinlik olanda teleqram vurun. Mister Tomasdan xahiş etmişəm, ora bir kağız verəcək... İnşallah heç bir işkal¹ çıxmaz.

Kürd Əhməd Fridunu düşündü. Kağız yazıb qoymaq istədi. Lakin tez bu fikirdən əl çəkdi. Anbar müdirinə tapşırmağı düşündü. Bu da yaxşı olmazdı. Nigarançılıq içində getməkdən başqa çarə yox idi.

¹ Çətinlik, əngəl

Kürd Əhməd çıxdıqdan sonra Hikmət İsfahani qəlyanı sümürür, onun xorultusuna qulaq asaraq, dünya siyasətinin və ticarətinin gələcəyini düşünürdü. Qəlyan xoruldadıqca yuxuya bənzər qəribə bir ətalət onun bütün bədənini bürüyürdü. O, yavaş-yavaş mürgüləməyə başlayırdı. Lakin cır bir səs onu tamamilə yatmağa qoymadı:

– Ağa, icazə buyururlar?

O, kirpiklərini qaldırıb, yarı açılmış qapıya baxdı və Sofi İranpərəstin içəri soxulmuş başını gördükdə birdən-birə qəhqəhə çəkib güldü:

– Kişi, sən yenə salamat gəlib çıxdın. Danış görüm nə gördün?

Sofi İranpərəst, onun mazağına uyğun, xoşuna gələcək min macəra uydurub danışdı, olmazın əziyyətlərə düşdüyünü və ağanın yolunda ölümə də hazır olduğunu deməklə sözünü qurtardı.

Hikmət İsfahani:

– Yaxşı olub, – dedi, – bundan sonra bilərsən ki, Təbriz ilə Culfa arasındakı məsafə neçə kilometrdir. Bilərsən, bilməzsən?

– Qiyamətə qədər yadımdan çıxmaz, ağa!

– Onda de görüm Təbriz və Culfa arasındakı yolun uzunluğu nə qədərdir?

– Üç yüz kilometrdir, ağa.

– Bir də de!

– Üç yüz kilometrdir, ağa!

– İndi dur get, ruznamədə də yaz, qoy ilələbəd yadından çıxmasın.

Sofi İranpərəst ağanın kefini açdığı üçün şad bir halda:

– Bəçeşm – deyib qapıdan çıxdı.

Hikmət İsfahani qəlyanı xoruldadıb, gözlərini yumdu...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

On səkkizinci fəsil

Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.

19 dəq
On doqquzuncu fəsil

Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:

35 dəq
İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 dəq
İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 dəq

Başqa şairlərin şeirləri