Dördüncü fəsil
Səhifə 1 / 3
Fridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?
Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.
Bu yolda dərdləşə biləcəyi ancaq bircə adam var idi. O da Kürd Əhməd idi. Tehrana gələn həftənin birinci bazar günü səhər tezdən o, Kürd Əhməd verən ünvana getmişdi. Bura, doğrudan da, mal anbarı idi. Arası kəsilmədən adamlar gəlib gedir və malları maşınlara yükləyərək aparırdılar. Lakin Kürd Əhməd orada yox idi. Gəlib gedənləri yola salan adam, nəhayət, ona müraciət etdi:
– Ağaya nə mal lazımdır?
– Mən ağayi-Kürd Əhmədi görmək istərdim.
– Ağa, Bəsrəyə getmişlər. Malımız orada ilişib qalıb, ərbab onu göndərməyi lazım gördü. Nə vaxt gələcəyi məlum deyil.
İndi Fridun Tehranda, çirkli və tozlu küçələri yarı xaraba və dağınıq evlərlə dolu olan yoxsullar məhəlləsində oturub, saatları, günləri sayırdı. Bu, Tehrana gəldiyi müddətdə yaşadığı üçüncü yer idi. Birinci dəfə böyük bir həyəti olan evdə bir otaq vermişdilər. Lakin orada ikicə gün yaşaya bilmişdi: ev sahibinin oğlu pozğun və əxlaqsız bir adam idi. Özü kimi bir necə adamla içir, tiryək çəkir, gecə səhərə qədər iş qalmırdı çıxarmasın. Hətta onlar gecə Fridunun qapısını döyüb, onu da məclisdə iştirak etməyə çağırmışdılar. Fridun ciddi etiraz etdikdə söyüb getmişdilər. Elə səhərisi Fridun oranı tərk etmişdi. İkinci qaldığı yer oradan sakit olsa da, şəraiti çox pis idi: otaq, kərpic döşəməli yarı zirzəmi, rütubətli bir yer idi. Bundan başqa, bir-birindən xırda altı uşağı olan ev sahibi hər gün arvadının qolundan tutub, küçəyə salır ki, səni boşayacağam. Uşaqlar bir-birinə qarışırdı. Qonşular yığışıb, birtəhər onları barışdırırdılar. Lakin sabah səhər tezdən eyni hadisə təkrar edilirdi. Üçüncü dəfə kirayə etdiyi bu otaq o birilərin hamısından sakit idi.
Gözlərini küncü nəm çəkmiş tavana, sonra ləmədəki qablara dikdi. Onların içində çini boşqab da, saxsı lampa da, mis kasa da vardı. Böyründə Nəsrəddin şahın şəkli olan güllü-bəzəkli çini kasa nəzərini cəlb etdi. Götürüb, o tərəf-bu tərəfinə baxdı. Ləmədəki qabların içərisində və bütün otaqda ən qiymətli bir şey bu kasa idi.
Beli bir qədər əyilmiş, danışanda xırdaca gözlərini qıyan arvad içəri girib, kasanı onun əlində gördükdə səsi titrədi:
– Baxırsan, oğlum, bax, dünyaya dəyər... Gözlə sınmasın.
Bu sözü o, ehtiyatla və sanki qeyri-ixtiyari dedi. Fridun kasanı yerinə qoydu:
– Qorxma, ana, sındırmaram.
Arvad rahat nəfəs aldı:
– Doğrusu, ay bala, dünya malı bir şey deyil. Puç olub gedəcək. Amma yenə də şirindir. Divin canı şüşədə olan kimi, mənim də canım bu kasadadır. Bir gündə bu evə daxil olmuşuq. Mən təzə gəlin gələndə qayınanamın birinci yadigarı bu olubdur. Mən qocalmışam, o elə hamandır ki, var. Elə bilirəm indi sınsa, indi öləcəyəm.
Alçaq pəncərədən tozlu küçənin səsləri içəri doldu. Balaca pinəçi şagirdləri işdən qayıdırdılar. Fridun onları hər gün səhər tezdən bu pəncərədə durub yola salır, axşam bu pəncərədə durub qarşılayırdı. Demək, saat yeddidir. İndi Sərxanın da gələn vaxtıdır. Həftənin cümə axşamları o bu saatlarda evə gəlir. Qarı, taxtın üstündəki mütəkkəni düzəltdi. Mərhəmət dolu gözlərini Friduna tərəf qıydı:
– Deyirdim, nəvəm olar, kasanı tapşıraram ona... Rahat gedərəm. Gəlinin də beli quruyub, kağız-dua qalmayıb eləmişəm. Allahın yolu kəsilib, gedib çatmır.
– Olar, ana, olar... Hələ Sərxan da, gəlin də cavandır, olar...
– Bəs nə vaxt. Gözləməkdən gözümün kökü saraldı. Qorxuram öləm, kasa...
– Arvad, sən yenə kasadan danışırsan? – deyə uzun boylu, rəngi tunca çalan Sərxan içəri girdi. Friduna əl uzatdı:
– Salam, – dedi, – anamın bu kasa söhbətini eşidəndə ürəyim qısılır. Külli məmləkətin adamlarına yazığım gəlir. Hərə canını bir şeyə bağlayıb: biri qızıla, biri mülkə, biri dövlətə... İnsan ürəyini tapşırıb əlinin zəhməti ilə qayırdığı şeylərə, eliyib özünü qul, nökər. Mal dərdi can çıxardır. Allah kəssin belə yaşayışı!..
Fridun müvəqqəti olaraq yaşadığı evin sahibi, Tehran dəmiryol maşinisti Sərxanı çox zaman qaşqabaqlı, nədənsə narazı və acıqdı görərdi. O, evə gələndə sanki özü ilə bir ağırlıq, bir gərginlik gətirərdi. Anasının mülayim siması ciddi və qeydkeş bir vəziyyət alar, arvadı Fəridənin üzünə xəfif bir sarılıq qonar, qara bəbəkləri bir əndişə və vahima ilə tez-tez hərəkət edərdi. Onlardan ikisi də tələsik əlüzyuyanın dolu olub-olmadığını yoxlar, Sərxanın sürütmələrini qapının ağzına qoyar, tez samovara od salardılar. Hiss olunardı ki, onlar Sərxanın əsəbiləşməsi və acıqlanmasına səbəb olacaq hər şeydən çəkinir və qorxurlar. Bununla belə Fridun hiss etmişdi ki, onların ikisinin də qorxusu eyni xasiyyətdə deyildir. Ananın qorxusuna nə isə həssas bir məhəbbət və nəvazişlə lal bir itaətkarlıq qarışmışdısa, Fəridənin qorxusunda gizlin bir acıq, tabe olmaq istəməyən bir inadkarlıq vardı. Sərxan həmişə yorğun və acıqlı olan gözləri ilə hərdənbir qapı altından ananı süzərdi. Lakin heç vaxt Fəridəyə tərəf baxmazdı. Fəridənin də gözləri həmişə yerdə olardı.
Fridun bu evə gəldiyinin üçüncü günü idi. Sərxan işdən qayıdıb, bütün axşamı heç bir söz demədən əl-üzünü yumuş, şam etmiş və stolun başında oturaraq, Fridunla çay içmişdi. O, çayı çox sevərdi. Bir oturumda altı-yeddi stəkan çay içməmiş ayağa durmazdı. Beşinci stəkanı içib, altıncısını gözləyirdi. Fridun da bir stəkan çaydan sonra qəzet oxuyurdu. Ərinə nisbətən balaca görünən. Lakin zirək və sürətli tərpənən Fəridə yeddinci stəkanı gətirib, Sərxanın qabağına qoydu. Birdən-birə elə bil ki, onun başına bir qab qaynar su töküldü. Fəridənin qolundan tutub saxladı:
– Apar bunu atanın goruna tök. Mən bozbaş suyu istəmirəm! – dedi və yumruğunu nəlbəkiqarışıq stəkana çırpdı. Çay dağılıb, əlini yandırdı, stəkan divara dəyərək, parça-parça oldu, nəlbəki yerə düşüb sındı, bu onu daha da acıqlandırdı. Yanmış əlini qaldırdı, kinli və qiyam dolu nəzərlərlə ona baxan Fəridənin üzünə vurdu:
– Cəhənnəm ol gözümdən!
Fəridə yerindən tərpənmədi. Dolmuş gözlərilə ona baxdı. O, əlini qaldırdı:
– Cəhənnəm ol, deyirəm, vurram ölərsən! – dedi.
Fəridə o biri üzünü qabağa, onun havaya qalxmış əlinə tərəf verdi:
– Vur, nə qədər bacarırsan, vur!..
Bu səsdəki kin onu haldan çıxartdı. Əlini havada yelləyib, Fəridənin üzünə endirmək istərkən Fridun aralığa girdi, onun qolundan tutdu:
– Kişisən, – dedi, – bu nə vəhşilikdir!
Fəridənin gözlərindən yanaqlarına doğru iki gilə iri yaş damlası süzüldü. Lakin o ağlamadı, hıçqırmadı, sınmaq istəməyən bir ağac kimi özünü saxladı. Sərxan, Fridunun yaxasından itələmək istədi:
– Çəkil!
Fridun onun iki qolunu da qatlayıb, döşünə qoydu və qətiyyət dolu gözlərini acıqla Sərxana dikdi.
– Yaxşı olmaz, əlini saxla, yerində otur!..
Bu zaman ana qapıda göründü. Titrək bir səslə:
– Bu nədir, oğul, adam da evində qonağnan dalaşar! – dedi və Fəridəyə döndü:
– Keç, qızım, keç o biri otağa.
Fəridə bir kin və qürur mücəssəməsi kimi çəkilib getdi. Ana stəkan və nəlbəkinin qırıqlarını yığışdırmağa başladı. Sərxan qapını çırparaq, evdən çıxdı...
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Otuz birinci fəsilSovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.
Otuz ikinci fəsilSentyabrın 17-də çərşənbə günü sovet ordusu Tehrana daxil olanda küçələrdə adam əlindən tərpənmək mümkün deyildi. Minlərcə insan məhəbbət, heyrət və maraq dolu gözlərilə sovet ordusu döyüşçü və komandirlərinə baxır, onları alqışlayırdı. Sovet ordusu millətin nəzərində gələcək xoş günlərə, azad və səadət dünyasına yol açan bir qüvvə idi. Mürtəcelər və qara qüvvələr isə sovet ordusuna kin və vahimə dolu bir nəzərlə baxırdılar.Rza xanın taxt-tacdan əl çəkməsi, hakimləri, mürtəce təbəqəni tam bir şaşqınlıq içərisində buraxmış, xalqda isə sonsuz sevinc və ümid doğurmuşdu. Zəhmətkeş təbəqələr İran göylərinə əbədi azadlıq günəşi gəldiyini düşünür və hissiyyatını ifadə etməkdən çəkinmirdi.
Otuz üçüncü fəsilXavər hələ də Südabəgildə yaşayırdı. Onların arasında çox tez mehribanlıq əmələ gəlmişdi. Xavərin fəlakətzədə həyatı Südabənin qəlbində ona qarşı silinməyəcək bir məhəbbət oyatmışdı. Xavər də Südabəni ilk gündəcə sevmişdi. Onun sadə təbiəti, açıq və saf qəlbi, həyat və insanlara xeyirxah əlaqəsi xoşuna gəlmişdi. Hələ, Friduna olan məhəbbətini bildikdə qəlbində ona daha artıq bir yaxınlıq duymuşdu. Südabə ona xüsusi bir otaq ayırmışdı. Azad və Ayaz üçün də orada iki balaca çarpayı qoymuşdu.Bütün günü Xavərlə birlikdə gah fəhlə qadınlar arasında, gah məktəblərdə olan Südabə, axşamlar vaxt tapıb hər iki uşağa dərs də verirdi. Arabir Xavər zarafat edirdi:
Başqa şairlərin şeirləri
Əla, ey dilbərim, yarım, xərabat,Dilü can içrə dildarım, xərabat.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
GəldimFirqətindən ey dilbəra,Təngə yetib, cana gəldim.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.