Otuz üçüncü fəsil
Səhifə 1 / 4
Xavər hələ də Südabəgildə yaşayırdı. Onların arasında çox tez mehribanlıq əmələ gəlmişdi. Xavərin fəlakətzədə həyatı Südabənin qəlbində ona qarşı silinməyəcək bir məhəbbət oyatmışdı. Xavər də Südabəni ilk gündəcə sevmişdi. Onun sadə təbiəti, açıq və saf qəlbi, həyat və insanlara xeyirxah əlaqəsi xoşuna gəlmişdi. Hələ, Friduna olan məhəbbətini bildikdə qəlbində ona daha artıq bir yaxınlıq duymuşdu. Südabə ona xüsusi bir otaq ayırmışdı. Azad və Ayaz üçün də orada iki balaca çarpayı qoymuşdu.
Bütün günü Xavərlə birlikdə gah fəhlə qadınlar arasında, gah məktəblərdə olan Südabə, axşamlar vaxt tapıb hər iki uşağa dərs də verirdi. Arabir Xavər zarafat edirdi:
– Azad mənim balamdır, Ayaz da Südabənin!..
Bir axşam artıq uşaqlar yatdığı zaman Fridun və Kürd Əhməd gəldi.
– Hə, necəsən, fars qızı? – deyə Kürd Əhməd Xavərə müraciət etdi: – Artıq Südabə və Fəridə ilə birlikdə İran qadınlarının azadlıq bayrağını qaldırmaq vaxtı çatmışdır!
Südabə:
– Biz hazırıq, – dedi və Friduna baxıb qızardı.
Bu zaman doktorun oğlu, Sərxan və Fəridə də gəldi. Fridun Fəridəyə baxdı:
– İndicə Kürd Əhməd sizdən danışırdı.
Fəridə güldü:
– Deyirəm axı, yolda qulağım qaşındı.
– Hansı qulağın?
– Sağ qulağım idi. Yəqin yaxşılığıma danışıb.
Doktorun oğlu yarızarafatla:
– Sizin kimi qoçaq qadınlardan da pis danışmaq olarmı? – deyib güldü.
Yenə qapı döyüldükdə Südabə qapıya qaçdı. Bu dəfə gələn Yavər Əzimi və Hafiz Biluri idi. Sərtibin əqidə yoldaşı olan bu adamlar, onun xatirəsini əziz tutaraq vəsiyyətinə əməl etmiş və Fridun, Kürd Əhməd, Rza Qəhrəmani ilə birləşmişdilər. Fridun Hafiz Bilurinin əlini sıxdı:
– Oturunuz, möhtərəm müəllim, – dedi, indi elm və biliyin həqiqi sahibləri gəlib sizi tapacaqdır.
Hafiz Biluri gülümsədi:
– Zəhmətkeşlər və əliqabarlıların balaları!.. Mən onları çoxdan gözləyirəm, oğul.
Fridun:
– Bilirəm, bilirəm, müəllim, – deyib onların ardınca içəri girmiş Qurban Mərəndiyə döndü:
– Hə, necəsən, dost?! Yenədəmi qızğınlıq edirsən?
Qurban:
– Bəs necə, – dedi, – cənubun istiləri məni süstləşdirə bilməzdi. Lakin indi necə mübarizə aparmaq lazım olduğunu bilirəm. Həyat insana çox şey öyrədir. Yenə qapı döyüldü. Gələn cənub sürgünündən yeni qayıtmış və fəaliyyətə qoşulmuş Cəlili idi. Yanında da Fridungilin tanımadığı iki adam vardı. Hələ onlar içəri girməmiş hamı ayağa durmuşdu. Cəlili salam verib görüşdükdən sonra hörmətlə yana çəkildi. ortaboylu, geniş alınlı, saçları ağarmış ağıllı və kəskin baxışları ilə məclisi süzən adamı təqdim etdi:
– Ağayi Seyid Cəfər Pişəvəri!..
Bu adı eşidən kimi gözlərdə təəccüb və sevinci andıran bir canlılıq əmələ gəldi. Pişəvərinin dodaqlarında daima üzünü işıqlandıran xəfif bir təbəssüm vardı. Fridun, Kürd Əhməd və başqaları yaxınlaşaraq, onunla görüşdülər. Hərəkətlərdə, danışıq və baxışlarda, açıq hiss edilən hörmətdən Pişəvəri sıxılır kimi idi. O, məğrur boyu, düz və iti baxışları ilə qəribə şəkildə Sərtibi xatırladan adamı təqdim etdi.
– Ağayi Həmid Həmidi!
Kürd Əhməd və Fridun köhnə bir dost kimi onu qucaqladılar:
– Qardaş, biz sənin haqqında nə qədər düşünmüşük.
Həyəcan içərisində yanaqları qızarmış Fəridə də onun əlini sıxdı:
– Təbrizlilər indi də sizdən danışırlar.
Bu sözlərə Həmidi, xoş sirayətedici bir təbəssümlə cavab verdi. Pişəvəri hələ də gözlərini onlardan çəkməyən yoldaşlara:
– Ağalar, oturun, – dedi, – ayaq üstə durmaq nə üçün?
Kürd Əhməd:
– Oturacaqsınız, – deyə onun qolundan tutdu və yuxarı başdakı səndələ tərəf apardı.
Həmid Həmidiyə Fridun yanında yer verdi:
– Buyurun, xahiş edirəm.
Oturdular. Hamı, haqqında çox eşitdiyi, inqilabi fəaliyyəti ilə məşhur olan Pişəvəriyə və Həmid Həmidiyə baxırdı. Pişəvəri məclisdə adi və sadə şərait yaratmağa çalışaraq, gah sual verir, hal-əhval soruşur, gah da siyasətdən söhbət salırdı. Beləliklə, çox tez bir zamanda tamam sərbəstliklə onlar günün vəziyyətindən danışmağa başladılar.
Südabə daxil olduğu zaman Fridun “İttilat”ı açaraq ucadan oxuyur, hərdənbir ara verərək danışırdı:
– Budur, ağalar, mürtəcelər və istibdad nökərləri öz donlarını dəyişirlər. Onlar buqələmun kimi dərhal mühitin rəngini qəbul edib demokratlıqdan, azadxahlıqdan danışırdılar.
Həmid Həmidi “İttilat”a tərəf əyildi.
– Ahaaa... Hikmət İsfahani iran azadlığının və istiqlaliyyətinin ələmdarı!.. Yaxşı komediyadır!
Doktorun oğlu:
– Siz onu tanıyırsınızmı? – deyə soruşdu:
– İranda onu tanımayan kimdir ki?!
Fridun gözünü qəzetdən çəkmədən:
– Özünü də yeni dövlətin baş vəzirliyinə layiq görürlər, – dedi.
Doktorun oğlu acı-acı güldü.
– İnanın ki, belə də olacaqdır. Mütləq belə olacaqdır!
Bu cür yığıncaqda ilk dəfə danışan Hafiz Biluri:
– Bu ingilis və amerikan nökəri, demokratlıq bayrağı altında fitnəkar bir dövlət yaratmağa cəhd edəcəkdir, – dedi, – keçən davada da belə oldu. Hikmət İsfahanilər donlarını dəyişib, ortalığa düşdülər.
Kürd Əhməd:
– Ola bilməz! – dedi – gərək olmasın... Biz xalqı ayağa qaldırmalıyıq. Belə fitnəkarların oyunlarına son qoymalıyıq.
Pişəvəri oturanların ona baxdığını, fikrini bilmək istədiklərini görüb, özünəməxsus kəskin və aydın bir ahənglə sözə başladı:
– İşin gedişindən mən mübarizənin çox uzun olacağını görürəm. Siz deşiklərdən boylanaraq siyasət meydanına baş uzadanlara bir baxın! Bunlar kimlərdir: Qəvamüssəltənə, Həkimülmülk, Hikmət İsfahani, İbrahim Həkimi, Sədr; nə bilim daha kimlər! Bu köhnə tülkülər, bu siyasət oyunbazları hələ İranın başına çox işlər gətirəcəklər.
Həmid Həmidi üzünü Friduna, Kürd Əhmədə, Rza Qəhrəmaniyə və başqa gənclərə tutdu:
– Su duranda iylənər. İran cəmiyyəti də belədir. Bu iylənmiş bataqlığı aradan qaldırıb, arxa təmiz su buraxmaq vəzifəsini tarix siz cavanlara həvalə etmişdir.
Rza Qəhrəmani danışanlara qulaq asdıqca hiss edirdi ki, hamısı nədənsə narazıdır, əslən bu narazılıq onun öz daxilində də vardır. Burada, yoldaşlara qulaq asarkən, onun səbəblərini anlamağa başlayırdı. Tarix birdən-birə onları gizlin işin dar yollarından açıq mübarizə meydanına atmış, qarşılarında böyük yol açaraq, öz həllini tələb edən çoxlu yeni vəzifələr qoymuşdu. Köhnə üsullarla, bir dəstə fədainin əli ilə vəzifələri yerinə yetirmək mümkün deyildi. İndi proqramı bütün millətə məlum olan, məmləkətin hər guşəsinə qol-budaq atmış böyük və qüdrətli bir təşkilata ehtiyac yaranmışdı.
– Biz indi bütün mütərəqqi qüvvələri birləşdirən bir hizb yaratmalıyıq, – dedi, – elə bir şəhər, elə bir böyük kənd qalmamalıdır ki, orada onun şöbələri olmasın.
– Fridun onun fikrinə şərik çıxdı:
– Doğrudur, kütləvi təşkilat olmadan bundan sonra heç bir şey eləmək olmaz. Xüsusən, hazırda, xalq hərəkətə gəlməyə başladığı bir zamanda onun qabağında belə bir təşkilat getməlidir. Biz bunu etməsək, düşmənlər edəcəkdir.
Hələ Təbrizdə ikən bu zərurəti duymağa başlayan Kürd Əhməd öz yoldaşlarının fikrini tamamilə bəyəndi:
– Həm də bu təşkilatın möhkəm məramı olmalıdır. O öz fikrini, nə istədiyini açıq-aydın xalqa deməlidir.
Onlar yaranacaq bu təşkilatın böyük siyasi məqsədlər yolunda mübarizə aparmaqla xalqın bütün mütərəqqi qüvvələrini birləşdirməli olacağını qeyd etdilər. O, əsasən fəhlə və yoxsul kəndlilərə istinad etməklə bərabər cəmiyyətin bütün qabaqcıl və mütərəqqi qüvvələrini öz ətrafına toplamalı idi. Ölkə daxilində əməyin azadlığı, vətəndaşların bərabər demokratik hüquqları, milli sənaye və təsərrüfatın inkişafı uğrunda, imperialist zülmü əleyhinə mübarizədə bütün xalqı səfərbər etməli idi. Kürd Əhmədin bu barədəki fikirlərinə qulaq asan Sərxan:
– Mən bunun əleyhinə deyiləm, – dedi. – Ancaq məncə, biz İran zəhmətkeşlərinin həmkarlar ittifaqını da yaratmalıyıq.
– Doğrudur, doğrudur, – deyə bir neçə yerdən onun sözünə qüvvət verdilər.
Bunu görən Fəridə birdən ayağa durdu:
– Bəs qadınları niyə yaddan çıxarırsınız?.. Onların da təşkilatını yaratmaq lazımdır.
Təklifin tam bir sükutla və hətta bəziləri tərəfindən şübhəli ifadə ilə qarşılanması Fəridəni daha da həyəcana gətirdi, pul kimi qızarmış halda üzünü Südabəyə, Xavərə və birinci dəfə belə iclasda iştirak edən Firuzəyə və Fatmaya tutdu:
– Belədir, yox, ay qızlar? Niyə ağzınıza su alıb oturmusunuz?..
Məclisdə gülüşmə düşdü. Bu gülüşdən sıxılan qadınlar özlərini düzəldərək, bir ağızdan “düzdür, düzdür!”, deyib səsləndilər.
Pişəvəri ciddiyyətlə:
– İran qadınlarını yaddan çıxaran mütərəqqi bir təşkilat, – dedi, – çox pis iş görmüş olur. Çünki qız övladı zülm altında və siyasi hüquqlardan məhrum olan bir vətən bədbəxtdir. Mən xanımın təklifinə xüsusi qiymət verirəm. Yeni hizb qadınlar arasında ayrıca iş aparmalıdır.
Fridun, yeni firqənin öz proqramında, İran şovinistlərinin və hakim dairələrinin böhtanlarından qorxmayaraq, milli məsələyə aid fikirlərini aydın söyləməsinin çox vacib olduğunu göstərdi:
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-otuz-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fridun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. Nəfəsi darıxır, ürəyi şiddətlə döyünür, başı gicəlirdi. Bəzən ona elə gəlirdi ki, havasızlıqdan boğulacaq, ürəyi partlayacaqdır. Bu zaman kamerada o tərəf-bu tərəfə gəzir, dərindən nəfəs alırdı. Pəncələri üstə qalxaraq, ağzını kameranın qərbə açılan bacasının dəmirlərinə söykəyir və bütün qüvvəsilə çölden gələn təmiz havanı sümürür, bir yüngüllük duyaraq, yenə düşüb gəzinirdi. Çox zaman gözünü eni bir, uzunu iki qarışdan artıq olmayan bu balaca bacaya tutub baxır, baxırdı. Xüsusilə günəş batana yaxın sarı işıqlar kameranın nəmli divarlarına düşəndə o, böyük bir həsrət və ürək çırpıntısı ilə gözlərini bu bacaya dikib dururdu. Lakin bu sarı işıqlar çox tez sönüb gedir, kameranı yenə qaranlıq bürüyürdü. Bu zaman qüssə və sıxıntının həddi olmurdu. Vaxt keçmək, qurtarmaq bilmirdi. Fridun qulağını kameranın qapısına söykəyərək, gərgin bir diqqətlə dinləməyə başlayırdı. Heç bir səs, heç bir hərəkət əlaməti duymadıqda hövsələdən çıxırdı. Hər şeyin tezliklə gəlib keçməsini istəyirdi. Nə olacaqsa tez olsun!.. Ölüm də olsa, tez!.. İntizar və əzab içərisində oturub gözləməkdən dəhşətli heç bir şey yoxdur. Buna baxmayaraq o gözləyirdi. İlk istintaqdan sonra Qəsri-Qacara keçirildiyi bir həftə olardı. Bu müddətdə nə ondan bir söz soruşmuş, nə də ona bir söz demişdilər. Sanki onu təsadüfən tutub buraya atmış və varlığını belə unutmuşlar. O isə dözür və gözləyirdi. Bir neçə dəfə qapını döyərək, hay-küy salmaq və “gəlin məni aparın!.. Nə edəcəksiniz edin!” deyə qışqırmaq istəmiş, lakin özünü saxlamışdı. Məhbəsdə o “Ana” romanını fəsilbəfəsil xatırlamağa başlamışdı. Sanki onu yenidən oxuyur, hər hadisəni ayrılıqda yadına salaraq düşünürdü. Xüsusilə Pavel Vlasovgilin tutulması, onların özlərini zindanda necə apardıqları gözündən çəkilmirdi. Belə hallarda istər-istəməz özünü onlarla müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayırdı. “Mən ki, cani deyiləm, özümü heç bir şeydə müqəssir hesab etmirəm, nə üçün darıxmalıyam, qoy bizə əzab vermək kimi bir cinayətə əl atanlar qorxsunlar, darıxsınlar!” Pavel Vlasovun məhkəmədə özünü hakimlərdən yüksək tutması, məğrur və istehzalı baxışları gözlərində canlandıqca sanki ona necə hərəkət etmək və qalib gəlmək yolunu göstərdi. Əsl mübarizlər çətin gündə möhkəm dayananlardır!” deyib düşünürdü. “Əsl insan çətin gündə səbir etməyi bacaranlardır”, deyirdi.Qəsri-Qacara düşdüyü bir həftənin ərzində, demək olar ki, həyatının bütün səhifələrini vərəqləmişdi. Xatirindən keçirmədiyi heç bir hadisə qalmamışdı. Kənd, uşaqlıq, Tehran, atasının ölümü, aclıq, anasının, heç olmazsa bir horralıq un tapmaq üçün kəndisini çırpması bir-bir gəlib gözləri önündə durmuşdu. Bu xatirələr içərisində qəlbinə iti bir neştər kimi soxulan Gülnaz və Musa kişinin hekayəti idi. O, bir daha Gülnazı görəcəkdimi? Görəsən, bir dağ çiçəyi qədər ətirli, bir uşaq qədər sadə və təcrübəsiz olan bu yazığı həyat girdabı haralara atmışdır, onu bir zaman məchul fəlakətlərin qucağından qopartmaq mümkün olacaqdırmı?.. Görəsən, Musa kişi haradadır? O, harada ölüb getdi? Ölüsünü basdıran oldumu? Yoxsa, ona bir məzar da qazan olmadı?.. Onun körpələrindən heç sağ qalanı varmı?.. Bütün bu suallar qəlbindəki mübarizə hissini və həyat eşqini daha da artırırdı. Müxtəlif duyğular alovlandıqca, daxilində, harada isə, dərinlərdə çalxanaraq qaynadıqca bir aclıq, bir atəş doğururdu. Sevmək! Sevmək! Sevmək! Yalnız indi iki il əvvəlki cəsarətsizliyi üçün özünü danlayırdı. Kiçik bir tərəddüd, anlaşılmaz bir xəta əbədi olaraq Gülnazı əlindən almışdı.
İyirmi səkkizinci fəsilRza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Otuzuncu fəsilAnasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Auerbaxın meyxanəsində görüşLeypsiqdə yağışlı axşam*Leypsiq şəhərində bir meydança var,
هنگام آنکه صبح صف آسمان شکستاول نفس که زد دم شب در دهان شکست