İyirmi səkkizinci fəsil
Səhifə 1 / 8
Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:
– İstəyirsən məni də tutub basalar ora?
Məhbəslə əlaqə fikri də baş tutmadıqda Rza Qəhrəmani bütün diqqətini təşkilatın işlərinə verdi. Fridun tutulduqdan sonra işlərin bütün ağırlığı onun boynuna düşmüşdü. Çünki doktorun oğlu üzə çıxa bilmirdi. Kürd Əhməd də Kürdüstandan və Azərbaycandan qayıtmamışdı. Fəaliyyəti isə zəiflətmək zamanı deyildi. Əksinə, zaman elə məsələlər ortalığa atırdı ki, onları həll etməkdə nəinki xalqın, hətta sayı o qədər də çox olmayan təşkilat üzvlərinin belə fikrində dolaşıqlıq yaranırdı. Bütün İranın, xüsusən Tehranın siyasi vəziyyəti həmişəkindən çox gərgin bir hal almışdı. Bu vəziyyət hər gün bir az da gərginləşir və yeni-yeni hadisələr və fikirlər doğururdu. Alman qoşunlarının sovet torpaqlarında irəliyə hərəkət etməsindən və İran daxilində mütərəqqi adamların tutulmasından mürtəcc və hakim dairələr öz məqsədləri yolunda istifadə edirdilər. Onlar zəhmətkeşlərin və demokratik düşüncəli təbəqələrin ümidini öldürməyə çalışırdı. İrtica, sovet qoşunlarının dağılması kimi qələmə verirdi. Bununla da xalqın azadlıq və ruhunu birdəfəlik susdurmağa cəhd edirdi. Rza Qəhrəmani Tehran qəzetlərini oxuyur, fəhlələrlə tez-tez danışır və bütün bunları hər dəqiqə müşahidə edirdi. Qəzetlər, alman xəbərlərini böyük başlıqlar altında nəşr edirdilər. Onlar tamamilə Göbbels propoqandasına qapılaraq, daxili bir kin və sevinclə Sovet dövlətinin mütləq aradan çıxacağından danışırdılar. Hətta hələ də Sofi İrapərəst tərəfindən buraxılan “Səda” qəzeti almanların Moskvanı tutması xəbərini birinci gətirənə, əlahəzrətin böyük mükafat vəd etdiyini yazırdı. Belə bir zamanda təşkilat üzvlərində, demokratik fikirli adamlarda və zəhmətkeşlərdə Sovet Ordusunun mütləq qələbə çalacağına etimad oyatmağın və onların əhvali-ruhiyyəsini yüksək saxlamağın, İranda iki cəbhə arasında gedən mübarizə üçün həlledici amil olduğunu Rza Qəhrəmani yaxşı anlayırdı. Bu gün depoda baş vermiş bir hadisə onun bu fikrini xüsuson məhkəmlətmişdi: nahar fasiləsində depo işçiləri sovet-alman müharibəsinin gedişindən. aqibətindən danışmağa başlamışdılar. Qoca depo işçisi ümidsiz və kədərli bir səslə:
– Bir şamı ki hər yandan püfləyələr, onun yanması mahaldır, – dedi. – Heç bilmirəm axırı necə olacaq, ümidimiz bircə Şura idi, onu da belə vurub dağıdacaqlar. Bundan sonra azadlıq fikri getdi qiyamətə.
Bu sözlər Rza Qəhrəmaniyə çox ağır təsir bağışladı. Bu sözlər nəinki işçilər arasındakı ağır şübhələri, həm də təşkilatın pis işlədiyini, həqiqəti bütün xalqa çatdıra bilmədiyini göstərirdi. Fəaliyyəti canlandırmaq lazım idi. Bu fikirlə Rza Qəhrəmani işdən çıxıb yoldəyişən Rüstəmi tapdı, yoldaşları yığmasını tapşırdı. Rüstəmin körpə uşaqlar mışıldayan daxmasına birinci gələn Fəridə və Sərxan oldu. Onlar ikisi də bir-birinin sözünü kəsə-kəsə danışırdı. Fəridə yenə təbiətinə xas olan canlılıqla camaat arasında eşitdiklərini nağıl edib öz fikrini dedi:
– Sovetlər olmasa, bizim mübarizəmizin axırı yoxdur, azad ola bilməyəcəyik, vəssalam. Mən deyirəm, gəlin o tərəfə kağız yazaq. Nazirlərlə vuruşan sovet əsgərlərinə yazaq ki, bərk durun, bizim ürəyimiz sizinlədir. Çünki siz bizim də gələcəyimiz üçün vuruşursunuz.
Sərxan onun sözünü kəsdi:
– Nəinki tək bizim, bütün bəşərin gələcəyi üçün. Dünyada nə qədər zəhmətkeş var, hamısının azadlığı yolunda... Yoxsa, tək bizim desək, elə bilərlər ki, gözümüz İrandan başqa, heç yeri görmür.
Fəridə də onun sözünü kəsdi:
– Əllaməlik eləmə, sən Allah. Onlar elə bilməzlər, sənin kimi dargözlü deyillər. Mən zəhmətkeş deyəndə elə bir səni demirəm, bütün dünyanın əliqabarlılarını deyirəm.
Fəridə onların mübahisəsini kəsdi:
– Məsələ sözdə deyil, onun cövhərindədir. Elə ikiniz də bir deyirsiniz və yaxşı da sözdür. Kağız yazaq, göndərək getsin. Yəqin onların da ürəyi böyüyər, bilərlər ki, onların İrandakı zəhmət qardaşları yatmayıblar, bacardıqlarını edirlər.
Təklifinin belə məhəbbətlə qarşılandığını görən Fəridə sevinclə:
– Niyə gecikdirək, – dedi, – gəlin elə bu saat yazaq.
Rza Qəhrəmani balaca cib dəftərini və karandaş çıxartdı. Sərxan, narazı bir halda ona baxdı:
– Yox, usta, ora yerləşməz, dayan sənə böyük vərəqə verim, özünü də mürəkkəblə yaz, qoy yadigar qalsın.
O, cibindən dörd qatlanmış böyük bir vərəqə kağız və dəmiri qaralmağa başlamış köhnə qələmini çıxartdı. Rza Qəhrəmaniyə verdi:
– İndi yaz.
Rza Qəhrəmani kağızı açdı, qələmi barmaqları arasında hazır saxlayıb, söz tapmaq üçün fikrə getdi. Səbirsizlik göstərən Fəridə onun fikrini pozdu:
– Bəs bu məktubun bir ünvanı olmaz? Kimə yazırıq?
Sərxan:
– Mane olma, qoy kişi fikirləşsin, – dedi, – onu danışdıq ki, Ərtəş Sürgün sərbazlarına yazaq.
Fəridə sakit olmadı.
– Bəs kargərlər, zabitlər, kəndlilər, onların niyə ürəyini sındıraq? Mən deyirəm gəlin bütün sovet xalqına yazaq.
Arvadı ilə çiyin-çiyinə qısılıb, diqqətlə qulaq asan Rüstəm danışdı.
– O, böyük iştibah olar. Nazirlər çalışır ki, hökuməti-şurəvini və kommunist firqəsini aradan aparsın. Mənim qandığıma görə iki şeysiz şurəvi camaatı da bizim günümüzə düşər?! Xalqın canı bu iki şeydədir. Necə deyərlər, biri – bədəndə ürək kimidir, biri də beyin kimi. Gəlin kağızı Sovet hökumətinə və kommunist firqəsinə yazaq.
Sərxan yenə özünü onlardan bilici göstərdi:
– Orda xalq da, hökumət də, firqə də bir şeydir, bir-birindən ayırmaq olmaz. Onları da qoruyan sərbazlardır, yazaq sərbazlara.
Fəridə öz fikrində durdu. Rüstəm də qızışıb dediyindən əl çəkmədi. Nəhayət, Rza Qəhrəmani hamısını qane edən bir təklif irəli sürdü:
– Mənim əzizlərim, dünyada azadlığın bircə məşəli var. Onun adına Sovet Sosialist Respublikaları İttifaqı deyirlər... Gəlin, kağızımızı ora yazaq.
Sərxan üzünü o birilərə tutdu:
– Ustanın sözündə məntiq var. Yaz usta, heç bir mübahisə ola bilməz.
O, məktubu yazdıqca gah Sərxan, gah Rüstəm hərəsi bir söz deyirdi. Xüsusən, Fəridə özünü saxlaya bilməyib, tez-tez sözə qarışırdı.
– Elə sözlər tap ki, ayna kimi ürəyimizi onlara göstərsin.
Məktub qurtarandan sonra, oxudular, bəzi yeni sözlər artırdılar. Fəridənin təkidilə axırına bir cümlə də yazdılar. “Bizim ürəyimiz partlayır ki, bu ağır gündə sizə kömək edə bilmirik...”
Rza Qəhrəmani məktubun üzünü köçürtdü və səliqə ilə büküb konvertə qoydu, ağzını bağladı.
– Əzizlərim, indi öz işlərimizdən danışaq, vəziyyət yaxşı deyil. Zidd-şurəvi təbliğat xalqın ruhiyyəsini pozur. Düşkünlük yaradır.
Onun sözlərinə diqqətlə qulaq asan Sərxan:
– Amma məsələnin başqa bir cəhəti də vardır, – dedi. – Düşmənlərimiz ki, bu qədər qışqırırlar, bunun özü bir şübhəli məsələdir. Onlar qorxularından xalqı küyə salmaq istəyirlər. Gözə tüstü buraxırlar.
Bu sözlər medalın başqa bir tərəfini Rza Qəhrəmaniyə göstərdi. O, rəsmi dairələrin və qəzetlərin qaldırdığı hay-küyün dalında böyük bir qorxu və ümidsizlik gizləndiyini anladı və mərdliklə öz düşüncəsinin birtərəfli olduğunu boynuna aldı:
– Mən işin bu tərəfinə əhəmiyyət verməmişdim. İndi ki, belədir, demək, biz düşmən təbliğatını daha tez puç edə bilərik.
Yeni bir vərəqə hazırlamaq və şifahi təbliğatı gücləndirmək qərarına gəldilər. Onu Tehranda çap etmək qeyri-mümkün idi. Bu işi Sərxan Sari şəhərindəki adamların vasitəsilə təşkil edəcək və sonra hazır vərəqələri Tehrana gətirəcəkdi.
Rza Qəhrəmani Fəridədən Xavərin halını soruşdu. Fəridə, birinci dəfə olaraq günahkar kimi başını aşağı saldı:
– Dilənçi qadın birdən-birə yoxa çıxdı, ondan sonra heç cür əlaqə düzəldə bilmirdi. İstəsəniz bu axşam özüm yanına gedərəm.
– Qətiyyən elə şey etmə. Kiçik bir ehtiyatsızlıq hamımızı məhv edə bilər.
Fəridə çıxış yolu tapdığını bildirən bir sevinclə Firuzə və Fatma haqqında onlara məlumat verdi, onlardan birinin əli ilə Xavərlə əlaqə saxlamağı təklif etdi. Rza Qəhrəmani:
– Hələlik onu heç bir işə çəkmək olmaz. Ancaq bir qədər pul çatdırmaq lazımdır ki, dolana bilsin, vəssəlam.
Rza Qəhrəmani Kürd Əhməddən aldığı məktubu onlara oxudu. Məktub şərti ifadə və işarələrlə yazıldığından, o hər cümlədən sonra dayanır, ayrıca izah edirdi. Kürd Əhməd Kürdüstanda işlərini qurtarıb, Təbrizə yollandığını, oradan da Ərdəbilə gedib, Tehrana qayıdacağını yazır, işlərinin çox yaxşı getdiyini bildirirdi.
O kürdlər arasında azadlıq fikirlərinin yenidən şiddət etdiyini, kürdlərin fürsət düşən kimi istibdad əleyhinə çıxacaqlarını ayrıca qeyd etmişdi.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
MükərrərKönül, qalx, durma, coş coş coşTök atəş, kəf kəf kəf