İyirmi səkkizinci fəsil
Səhifə 3 / 8 · 25%
Kürd Əhməd bu adamın “heysiyyəti-milli” və “tayfaların istiqlalı” fikrini bir-birinə bağlayan məntiq və şüuruna heyrət etmədi. Çünki o belə xanlar və tayfa başçıları ilə ilk dəfə görüşmürdü, onların bu düşüncələri Kürd Əhmədə məlum idi. O bilirdi ki, bu adamları yol üstündən götürməyincə kürd xalqının “heysiyyəti-milli”sini qorumaq mahal əmridir. Buna görə də zahiri soyuqqanlılıqla susub, Hüseyn xana qulaq asırdı. Hüseyn xan əlini şairin saqqalına tərəf uzatdı:
– Şərafətimizə and olsun ki, məni saxlayan, sənin bu ağ saqqalındır. Ondan keçə bilmirəm. Yoxsa çoxdan Mustafa bəyin torpağını çuvalnan daşıtmışdım. Qayıdanda elə belə də deyərsən. On günə sürünü çobanın qabağına qatıb göndərdi, göndərib, göndərmədi, məndən inciməsin. Qan dizə çıxacaq!
Kababın ortalığa gəlməsi ilə söhbət kəsildi. Hüseyn xan isti əti qonaqlara tərəf itələdi:
– Yeyin, kabab isti-isti yaxşıdır.
Onlar hərəsi bir tikə götürməmiş Hüseyn xan yenə Mustafa bəyin dalınca danışdı:
– Kürd xalqının düşmənidir, gorbagor atası da özü kimi idi. Gərək siz onu tanıyaydınız!
Kürd Əhməd onun nəyi xatırlatmaq istədiyini və özünə müttəfiq axtardığını bildirdi:
– Ataların ədavəti, övladlara keçməməlidir.
Hüseyn xan nə isə ağır bir söz demək istədi, lakin özünü saxladı. Onun acığını içində boğduğunu hiss edən Kürd Əhməd yeməyin tezliklə qurtarmasını gözləyərək uzaqlara baxdı. Səhər günəşinin şüalarını əks edən şəffaf Urmiya gölü gədiyin döşündən nəhayətsiz bir dəniz kimi görünürdü. O, bollu taxıl və bostan məhsulatı yetirən ətrafdakı çöllərə saf bir hava və sərinlik verirdi. Bu doğma mənzərələr Kürd Əhmədin qəlbində uşaqlıq və gənclik xatirələrini canlandırırdı. O, Hüseyn xanın patriarxal təbiətini ifadə edən sözlərini eşitməmək üçün məmnuniyyətlə bu xatirələrə dalardı. Lakin özünü təhqir olunmuş bilən və heç cür soyumaq istəməyən Hüseyn xanın sözləri qulağında taqqıldayıb, buna mane oldu:
– Yaxşı, Mustafa bəy, bir qoyuna on qoyununu çəkib gətirməsəm, anamın südü mənə haram olsun!
Şair Həjir də bu sözlərdən yorulmuş kimi, süfrədən kənara çəkilib, tamburunu götürdü və dizi üstə qoyub, həzin-həzin çalmağa başladı. Tamburun simindən qopan səslər, dərələrə, təpələrə yayılır, günəşin işıq şüaları ilə birləşir, Urmiya gölünün sakit aynasında əks-səda verərək, sanki nə isə, qəmli bir dastan nağıl edirdi. Şair özünü unutmuş və heç kəsi görmürmüş kimi çalır və yavaşdan oxuyurdu. Onun sözləri tayfalar arasındakı qanlı davada əri də, oğlu da öldürülmüş və təktənha dağlara düşmüş bir qarıdan danışırdı. O oxuduqca arvad-uşaq səssizcə gəlib çadırın yanına toplaşır, Hüseyn xanın əmrinə hazır duran kəndlilər ətrafını bürüyürdü. Şairə qulaq asırkən, əbədi itaətin onların üzərində yaratdığı gərginlik yumşalır kimi olurdu. Getdikcə onlar daha diqqətlə dinləyirdilər. Bu zaman Kürd Əhməd Rəhim ağanın yavaşca yerindən qalxaraq kənara çəkildiyini bir qədər sonra Hüseyn xanın adamlarından iki nəfərlə dərəyə endiyini gördü. Getdikcə Həjər həsrət dolu qüssəli mahnılardan şadlıq və mətanət gətirən mahnıya keçirdi. O, kürdün rəşadət və qorxmazlığından deyib, rəhimsiz və ədavət törədən bir xanı öldürmüş qoçaq bir qəbilədən danışan mahnıya keçdi. Bir döyüş marşını andıran bu mahnının. “Məhv olsun zalım ağa!” deyər hər dördüncü bəndini oturanlar xor kimi təkrar etməli idilər. Bu mahnının hamını vəcdə gətirən, gözəl deyilmiş çox asan və qüvvətli yeri idi. O, bura gəlib çatanda Hüseyn xan ayağa durdu:
– Bəsdir! Gün qızmamış yola düşmək lazımdır.
Dərədən eyni sakitliklə qayıtmış Rəhim ağa Hüseyn xanın bu hərəkətinə acıqlandı. Lakin heç bir şey demədi.
Mahnının yarımçıq kəsilməyindən narazı qalan adamlar könülsüz və bir təəssüf hissilə dağılışdılar. Tez süfrə yığıldı. Çadır bağlandı. Marfaşları və xurcunları atların üstünə yükləməyə başladılar. Qoca şair tamburunu torbasına qoydu və heç kəsə bir söz demədən onu qoltuğuna vurub, ağ atına yaxınlaşdı, cilovundan tutub, yoxuş yuxarı getməyə başladı. Adamlardan kim isə:
– Şair acıq elədi. – dedi.
Hamı o tərəfə baxdı. Bir neçə adam gedib üzr istəmək, ürəyini alıb qaytarmaq istədikdə Hüseyn xan acıqlandı:
– Ağa, boş yerə sərf eləməyə vaxtım yoxdur, tez olun!..
Kürd Əhməd və Rəhim ağa Hüseyn xanla heç cür gizlətmək mümkün olmayan bir gərginlik içində soyuq görüşüb, atlara mindilər.
Azca ayrıldıqdan sonra Rəhim ağa:
– Hüseyn xanı yaxşı ki, tez tanıdınız, – dedi, – mən ehtiyat edirəm ki, yalançı sözləri sizi aldada. İndi bizim bütün tayfa başçıları. oxumuşu da, savadsızı da, ağzını “milləti-kürdün istiqlalı” sözü ilə açıb onunla da bağlayır.
– Onları düşündürən hər şeydən qabaq öz ağalıqlarını saxlamaq dərdidir.
– Artıq xalq bunu başa düşür. Birinci kitabı Mehabadda şəkkakilər tayfasından olan beş dostuma oxuyanda bilsəniz nə qədər güclü təsir etdi. İndi orada yaxşı bir dəstəmiz var.
Özündən danışmağı sevməyən Rəhim ağa bu sözlərin bir lovğalıq təsiri bağışlayacağını düşünüb dayandı və azca sonra əlavə etdi:
– Onlar, “Kürd xalqının istiqlal şərtləri” deyən bir kitabça hazırlamaq istəyirlər. Fikirləri də onu Türkiyə və İraq Kürdüstanına keçib, bütün kürdlər arasına yaymaqdır. Bu davada biz kürd millətinin başını bir yerə yığmalıyıq. Vahid və azad Kürdüstan, budur bizim idealımız!
O danışdıqca Kürd Əhməd bu təbii və sadə arzuların qabağını və böyük maneələr kəsdiyini düşünürdü. Daxildə Hüseyn xanlar, köhnə, çürük feodal qaydaları, xaricdə ingilis imperializmi, türk, İran və İraq millətçiləri! Üç yerə parçalanmış yeddi-səkkiz milyonluq bir xalqı bu amansız işğalçıların pəncərəsindən qurtarıb birləşdirmək, bəzən çətin və qeyri-mümkün bir şey kimi görünürdü. O, fikirlərini Rəhim ağaya danışıb dedi:
– Tarix bizim qabağımıza müşkül bir məsələ atmışdır. Kürd xalqının həyatı və gələcəyi naminə biz onu həll etməliyik. Lakin bunun üçün əvvəlcə kürdün öz içini təmizləmək lazımdır. Tayfa və qəbilə münasibətləri məhv edilməli, yerini vətəndaşlıq qanunlarına verməlidir. Bu yolda Azərbaycan və fars zəhmətkeşləri kürdün müttəfiqi və dostudur.
O, Rəhim ağaya hakim dairələrin bu millətlər arasında səpdiyi ədalət və düşmənçiliyin zərərindən danışdı. Rim imperiyası dövründən bu günə qədər işğalçıların “parçala” və “ağalıq et” şüarını xatırladı:
– Belə olmasa, öz əhalisi 47 milyon olan İngiltərə nüfuzu əhalisi yarım milyarda müstəmləkələrə ağalıq edə bilməz.
Birinci dəfə bu rəqəmi eşidən Rəhim ağa heyrət etdi.
Kürd Əhməd ona müasir müharibələri törədən səbəblərdən birinin həmin müstəmləkələr məsələsi olduğunu, Almaniyanın bu yoldakı tələblərini söylədi:
– İran müasir tarixin hərəkət yolu üzərində dayanmışdır. Burada yaşayan xalqlar dünyanın böyük hadisələrinə biganə baxa bilməzlər. İki cəbhə arasında qalxmış yanğının alovları tezliklə bu tərəflərə də keçəcəkdir. Bizim borcumuz xalqı elə hazırlamaqdır ki, o gün hansı cəbhədə duracağını bilsin.
Rəhim ağa:
– Bizim cəbhəmiz çoxdan bəllidir, – dedi, qollarımızdakı köləlik zəncirini qırmaq istəyirik, yeni zəncirlərə ehtiyacımız yoxdur!..
Onlar gədiyin başına çıxdıqda dala baxıb qoca şairin əyri-üyrü cığırla üzüyuxarı qalxdığını görüncə dayandılar. Şair atını məhmizləyib, onlara çatdı. Rəhim ağa:
– Böyük şair, – dedi, bizə qonaq gedəcəyik. Yarımçıq qalan mahnıları orada çalarsınız.
Şair onlara baxıb, köksünü ötürdü:
– Ehh, oğul, mənim yarımçıq qalan havamı çalmaq asandır. Bəs bu xalqın yarımçıq havasını kim çalacaqdır? Mənim dərdim balaca dərddir. Yetmiş yaşım var, bütün Kürdüstanı bu başdan-o başa gəzmişəm. O qədər Hüseyn xanlar havamı yarımçıq qoyub gediblər ki, mən onları bir yerdə başlayıb, başqa yerdə qurtarmışam. Sinəmi yandıran o deyil, xalqımın dərdləridir.
Qocanın sözlərinədən mütəəssir olmuş Kürd Əhməd:
– Fikir eləmə, baba, – dedi, – o dərd də sağalacaq. Azad Kürdüstan sənin mahnılarını oxuyanda heç kəs cəsarət eləyib, ayağa dura bilməyəcək!..
Kürd Əhməd Xoyda Rəhim ağa və qoca şairdən ayrılıb maşına oturdu və Təbrizə yola düşdü, elə o günü də gəlib Təbrizə çatdı. Şəhər ona xüsusi bir təsir bağışladı. Rza xanın əllərilə davam edən soyğunçu və həris siyasətin nəticəsində xarabazara dönmüş, adi və sakit bir əyalət şəhərinə çevrilmiş Azərbaycanın bu qədim şəhəri həyəcan və təlaş içərisində yaşayırdı. Onun dünənki müti və aciz vəziyyətindən əsər qalmamışdı. Dünən əbədi olaraq susmuş, diz çökmüş, tabe olmuş və ömrünün qocalıq günlərini yaşayırmış kimi görünən bu qəhrəman və gözəl şəhər, bu gün ağlagəlməz bir enerji mənbəyi kimi qaynayırdı. Onun insana heç bir zaman düzəlməyəcək görünən palçıqlı və çirkli küçələri, dərin bir niskil və qüssə ilə əzəmətli keçmişinin tarixini nağıl edən Ərk qalasının, Göy məscidin sökük divarları arasından yeni bir ruh baş qaldırır, yeni və təmiz bir külək əsməyə başlayırdı. Sanki bu külək illərlə havası dəyişməyən künc-bucağı, həyətləri, xarabaları dolanır və insanları uzun illərin ətalətindən və intizarından yeni mübarizə və həyata çağırırdı.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
MükərrərKönül, qalx, durma, coş coş coşTök atəş, kəf kəf kəf