İyirmi səkkizinci fəsil
Səhifə 4 / 8 · 38%
1320-ci şəms ili şəhrivərin üçü, yəni miladi 1941-ci il avqustun iyirmi beşi idi. Sovet notası İran dövlətinə təqdim edilmiş və tam bir şaşqınlıq yaratmışdı. Sovet notasında Rza şah hakimiyyətinin İranı almanlar üçün hərbi hazırlıq meydanına çevirdiyi, bütün məmləkəti alman casusları ilə doldurduğu və Sovet sərhədləri üçün qorxu yaratdığı qeyd olunmuş, sosialist ölkəsinin təhlükəsizliyi naminə qoşunların sərhədləri keçmək zərurəti əsaslandırılmışdı. Rza şah öz sərbazlarına müqavimət göstərmək əmri vermişdi. Bu, illər boyu davam etmiş müstəbid və ağılsız bir siyasətin doğurduğu facianə oyunun son pərdəsi idi.
Ehtiyac və istibdadın zülmündən cana gəlmiş minlər, yüz minlərcə insanlar tükənməz bir ümidlə şimala baxır, Arazın bu tayında, sərhədin yaxınlığında gurlayan və hər saat Təbrizə yaxınlaşan top və tüfəng səslərinə qulaq asır, qırmızı ulduzlu təyyarələrin tökdüyü intibahnamələri oxuyur və hazırlaşırdılar. Fabrik və zavodların fəhlələri, küçələri doldurmuş aclar, yoxsullar, azadlıq və mədəniyyət həsrətilə yaşayan mütərəqqi ziyalılar bir yerə yığışır, danışır və hərəkətə gəlirdilər. Onları artıq özünü itirmiş halda o tərəf-bu tərəfə qaçan nizami dəstələri, polis və əmniyyə qorxutmurdu. Şəhər bir qarışıqlıq içərisində idi. Almanlar fabriklərini, apteklərini və dükanlarını qoyub qaçırdılar. Hətta dərziyə sifariş verdiyi palto və ya kostyumunu, arvadı üçün tikilmiş yeni tuflini belə almağa macal tapmadan tələsik şəhəri tərk edirdilər. Mürtəce tacir və varlılar, zabitlər, sahib-mənsəblər, əmniyyə və polis başçıları da onların dalınca düşüb gedirdilər. Təbriz-Tehran yolunda maşın əlindən, konvoy əlindən, fayton əlindən tərpənmək mümkün deyildi. Maşın kirayəsi birə-yüz qalxmışdı. Qaçanların çoxusu, özlərilə yalnız əyin paltarlarını, qiymətli daş-qaş, qızıl və pullarını götürürdülər. Ev şeyləri, xalçalar, müxtəlif mallarla dolu anbarlar əl dəyilməmiş qalırdı. Bəziləri heç kəsə heç şeyi tapşırmır, bəziləri də “bəlkə qayıtdıq” ümidilə əmlakını ya nökərlərinə, ya da tanış-bilişlərinə tapşırıb gedirdi. Kürd Əhməd şəhərin bu dolaşıq vəziyyətini seyr edə-edə Pəhləvi xiyabanından sola burulub örtülü bazara tərəf döndü. Papiros çıxarıb, əlini cibinə atdı və kibriti olmadığını gördükdə yandakı dükana girdi. Dükançı piştaxtanın dalında, yerdə əlləşirdi. Hənirti duyunca tələsik ayağa qalxdı və nə isə bir şeyi piştaxtanın altına soxdu. Kürd Əhməd onun hövlnak cavab verməsindən şübhələnərək:
– Məşədi, piştaxtanın altına soxduğun nə idi? – deyə soruşdu:
Kişi daha da özünü itirdi:
– Heç nə, elə bir şey deyil... Sizə nə lazımdır?
– Mənə o piştaxtanın altında gizlətdiyin!
Kişi Kürd Əhmədi başdan-ayağa qədər süzdü, görkəmindən qorxulu adam olmadığını kəsdirdi:
– Onda bu tərəfə keç.
Kürd Əhməd dükanın dibinə, piştaxtanın dalına keçdi. Kişi əyilib, qırmızı ipək parça çıxartdı və açdı, ortasındakı qızıl oraq-çəkic şəklini göstərdi:
– Buyur... Xoşuna gəlirmi?
– Bu nədir, kişi?
– Ağa, məni avam bilmə, necə bu nədir? Bayraqdır da. Şurəvi bayrağı, axı gəlirlər...
– Kim gəlir?
– Kim olacaq, dadaş, dostlarımız gəlir, şurəvilər gəlir. Bu gün-sabah inşallah asacağam qapıdan.
Kürd Əhməd güldü:
Eyni hadisəni o, qəsdən girdiyi bir neçə başqa dükanda da gördü. Lakin dükançılar hələ orada-burada gözə dəyən ajandan qorxur, bütün bu işləri gizlin görürdülər.
Kürd Əhməd örtülü bazarın ağzında böyük bir hay-küyə rast gəldi. Camaat bir-birinə qarışmışdı. Kimisi dükanlardan, evlərdən meydanlara, küçələrə qaçırdı, kimisi də əksinə. Havanı titrədərək iti sürətlə balaca bir təyyarə Təbrizin üstündə hərlənirdi. İkinci dolanışda o nə isə tökdü. Ağ vərəqələr yerə endikcə quş qanadları kimi açılır və ətrafa yayılırdı. Dəstə-dəstə uşaqlar, kişilər və hətta qadınlar da özlərini vərəqələrin üstünə atırdı. Götürən götürən cibinə soxur, kənara çəkilib, dörd tərəfə göz gəzdirir, ajan görmədikdə, çıxarıb oxuyurdu.
Kürd Əhməd saatına baxıb, təbrizli dostlarla görüş vaxtının çatdığını gördükdə yenə şəhərin yeganə asfaltlı və böyük küçəsi olan Pəhləvi xiyabanına çıxdı və bələdiyyə binasına tərəf yollandı. Bələdiyyənin dalında bir-birinin qarnına girmiş dar küçəli palçıq evlərə tərəf döndü. Azəroğlu burada, içərisində üzümlüyü və üç otaqdan ibarət evi olan bir həyət kirayə etmişdi.
Günəş batır, sərin və sakit Təbriz axşamı düşür, Kürd Əhmədin çox sevdiyi və Təbrizi doldurmuş göyərçinlər dəstə-dəstə damların üstündə o tərəf bu tərəfə uçurdu.
Kürd Əhməd qapını döydükdə əvvəlcə qoca bir qadın səsi eşitdi: “Kimsən?” O, adını dedikdə qadın çəkildi və bir uşaq gəldi. “Kimsən?” O bir də adını təkrar etdikdə Azəroğlu özü qapını açdı:
– Salam, Rəfiq, sən bizə xoş gəlmisən...
Kürd Əhməd onun əlini sıxdı:
– Yaman ehtiyatlı olmusunuz, – deyib sataşdı.
Azəroğlu iri əllərini qıvrım saçlarına çəkdi və ciddi cavab verdi:
– Həmid Həmididən sonra buna məcburuq.
Azəroğlu onun qolundan tutub, yavaş addımlarla həyətin başındakı evə tərəf apardı. Bütün ailəsilə ömürlük sürgünə məhkum edilmiş, evi və əmlakı talan olmuş Həmid Həmidinin faciəsindən danışdı.
– Beş ay bundan qabaq yanından gələn var idi, bərk naxoşdur.
– Heç kömək edə bilirsinizmi?
– Xırda bir tacir vasitəsilə iki yüz tümən göndərmişik, bir az da sağ qalsa, azadlıq gününü görər.
Otağın qapısına çatdıqları üçün söhbət kəsildi. Kürd Əhmədin qulağına qızğın səslər dəydi:
– Deyəsən, yoldaşlar istiqanlıdırlar!
– Çox... İndi də ki, mübahisə etməyə məsələ çoxdur. Onlar içəri girdikdə hamı sakit olub, ayağa durdu. Azəroğlu onu yoldaşlarla tanış etdikcə, Kürd Əhməd bir-bir yaxınlaşıb əl verirdi. Burada onun tanımadığı adamlar olduğu kimi, birinci dəfə gördüyü adamlar da vardı. Onların bəzisi müəllim, bəzisi gön və kibrit fabrik işçiləri, bəzisi də xırda tacir və əsnaf idi. Hələ Kürd Əhməd hamı ilə görüşüb oturmamış sözü yarımçıq kəsilmiş, əynində nimdaş bir pencək olan və üz-gözündən tər süzülən balaca boylu, tez-tez hərəkət edən Qədir adlı gənc gənc davam etdi:
– Qoyun ağayi Kürd qazi olsun, hökm versin, – dedi və üzünü ona tutdu:
– Mən deyirəm ki, ağalar, pişim-pişim vaxtı keçdi. Qəti hərəkət zamanıdır. Gərək bütün tökülən qanların intiqamını alaq. Tehranla əlaqəni birdəfəlik kəsib, azad dövlət yaradaq. Bəs siz necə baxırsınız, ağayi Kürd Əhməd, siz Tehrandan gəlmişsiniz, bizdən yaxşı bilirsiniz?
– Kim isə onun sözünü kəsdi:
– Ağa Tehrandan gəlməyiblər. Təşrifləri Urmidəndir.
Qədir özünü itirmədi:
Lap yaxşı ki, Tehrandan deyil, yoxsa yəqin sizin tərəfi saxlayacaqdı. Tehranlılar da mühafizəkardırlar.
Bu söz bir neçə yerdən etiraz doğurdu:
– Mühafizəkarlıq niyə olur, dadaş? İnqilabın da öz təhri var. Sən deyirsən ki, nə bismillah, nə əlhəmdülillah, gəlin bayraq götürüb tökülək küçələrə. Biz deyirik ki, bir dayan, yoldaşlar da gəlsin, görək vəziyyət necə olur.
– Dadaş, belə siz çox iştibah edirsiniz!.. Gözləmək zamanı keçdi. Yoldaşlar nə deyəcək?! Onların davası alman casusları ilədir, gəlib burada fəhlənin, kəndlinin əlindən qırmızı bayrağı ki almayacaqlar?
– İş tək yoldaşlarda deyil, dadaş. Belə ingilis də var. Amerika da var, bu xaraba İranın işini, Allaha şükür sən məndən pis bilmirsən.
– Əvvəla, dadaş, Amerika getsin otursun Vaşinqtonda, ingilis də Londonda. Mənim işimə niyə qarışır? İkinci də, bura İran deyil, Azərbaycandır. Girəvə düşüb əlimizə, əmniyyə qaçıb, ərbab qaçıb, ajan qaçıb. Gəlin öz xalq hökumətimizi yaradaq. Qəzvində də post qoyaq. Bir adamı bu tərəfə buraxmayaq. Vəssalam!..
Qədir odlu-odlu, heç bir şübhə yeri qoymayan bir inamla danışırdı. İki fabrik-zavod nümayəndəsi və bir müəllim hər dəfə “doğrudur, doğrudur” deyib ona əl çalırdı. Kürd Əhməd bu əhvali-ruhiyyənin, tək bircə adamda olmadığını, Azərbaycanda gələcək dövlət quruluşu, ictimai həyat forması və sair bu kimi mühüm məsələlərin çox ciddi halda öz əməli həllini istədiyini görürdü. Məclisdəki qızğınlığın və onun bir hakim kimi cavab gözləyən üzünə dikilmiş gözlərin oyatdığı həyəcan içərisində:
– Əziz qardaşlar, – dedi, – əlbəttə, azadlıq tariximizin şərəfli bir dövrü başlanır. Bu dövr həm də çox məsuliyyətli bir dövrdür. Bir öz arzu və hərəkətlərimizi dünyada gedən böyük mübarizədən ayırsaq, həmişə səhv yanlış yollara düşəcəyik, daima bir peşmançılıq qabağımıza çıxacaq.
O danışdıqca, hamı diqqətlə qulaq asırdı. Kim isə:
– Elədir, elədir! – deyib təsdiq etdi.
– Sözünü kəsmə, görək nə deyir.
Səs-küy artacağını hiss edən Kürd Əhməd davam etdi:
– Siyasi firqələr gərək qabaqlarına həmişə həlli mümkün olan vəzifələr qoysunlar. Zamanın şəraitini nəzərə alsınlar.
Rəhim replika verdi:
– Bundan da əməli məsələ olmaz ki, mən deyirəm.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
MükərrərKönül, qalx, durma, coş coş coşTök atəş, kəf kəf kəf