İyirmi doqquzuncu fəsil
Səhifə 1 / 5
Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.
Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Sərhəng Səfai də bu sinfin övladı idi. O öz sinfinin bütün ənənələrinə sadiq və bu ənənələrdən yoğrulmuş bir kündə idi. Onun nəinki təfəkkür və əxlaqı tamam aid olduğu sinfin təfəkkür və əxlaqının eyni idi, o öz sövq-təbii hisslərilə də, bütün “qeyri-şüuri” varlığı ilə də öz sinfinə sadiq idi. Buna görə də ətrafında gedən hadisələrə biganə qala bilməzdi. O, bu hadisələrin gələcək inkişafından asılı olaraq düşünməyə, hərəkət etməyə başlayırdı. Şəraiti ölçüb-biçir, öz mənafeyinin harada olduğunu tezcə müəyyən edir, buna müvafiq də iş görürdü. Simasızlıq, əqidəsizlik, satqınlıq, hərislik bütün sinfin taktikası idi. Dünən ağ yazılan, bu gün qara da oxuna bilərdi. Yalnız mənsəb, mülk və mal əldən getməsin, hakimiyyət və ixtiyarat əldən getməsin!..
Kərimxangilin işini böyük bir ciddi-cəhdlə, tükənməz bir enerji ilə dar ağacına qədər aparıb çıxarmış Sərhəng Fridun və Hikmət İsfahaninin işini uzadır, min bəhanə taparaq məsələni ləngidir və gözləyirdi. Lakin o, sadəcə gözləməklə qalmırdı. O, bir gözü ilə cənuba, o biri gözü ilə şimala baxır, Tehrana doğru hərəkət edən iki böyük qüvvənin keçdiyi yola nazər salır, düşünür və ölçüb-biçirdi. Hadisələrin aqibətini müəyyən etməyə can atırdı. Başında tacı, altında taxtı titrəyən Rza xanın təhdidlərini və qəzəbini yumşaltmaq üçün o, min bəhanə tapırdı. Əslinə baxsan, Rza xan özü də son günlər məhbəsdə çürüyənləri unutmuş kimi idi. Görünür ki, əlahəzrətin varlığını daha mühüm hadisələr məşğul edirdi.
Sərhəng əlinə düşmüş fürsətdən istifadə etmək fikrində idi. O, gözünü şimaldan və cənubdan paytaxta doğru gələn iki qüvvədən çəkərək, həbsdə, hazırda onun əlinin altında olan iki adama dikmişdi. Fridun və Hikmət İsfahani!.. Bu iki adam sanki o iki qüvvənin gətirdiyi müxtəlif ruh və müxtəlif meyli ifadə edən canlı bir rəmz idi. Sərhəngin son xətti-hərəkəti də bu instinktin tələbələrinə əsaslanırdı.
Bu mülahizələrə görə Hikmət İsfahani ilə növbəti görüşündə daha mülayim, daha yumşaq rəftar etdi. Halına yandığını, qurtarması üçün əlindən gələni etməyə hazır olduğunu söylədi və mənalı-mənalı:
– Hər şey məndən asılı deyil, – deyib əlavə etdi.
Onun fikirlərini, nələr düşündüyünü, nə kimi mülahizələrlə yaşadığını dərhal anlamış Hikmət İsfahani özünü bilməməzliyə qoydu. Onun məhəbbət və hörmətinə həmişə böyük inam bəslədiyini bildirib, təşəkkür etdi və başına gələn dəli əhvalatının heç üstünü də açmadı. Sərhəng isə ağır bir izahat verməkdən qurtardığı üçün çox razı qaldı və daha da mülayimləşdi, Hikmət İsfahaniyə hətta vəzifəsinin tələbini unutmaq kimi bir fədakarlığa belə hazır olduğunu hiss etdirərək:
– Sizi buradan qurtarmaq üçün bilmirəm əlahəzrətə necə təsir edək, – dedi və üzündəki mülayim təbəssümü bir az da artıraraq əlavə etdi:
– Bəlkə, mister Tomasa bir parça kağız yazasınız?
Hikmət İsfahani, onun heç bir şey anlamaq mümkün olmayan üzünə baxdı və başını tərpətdi:
– Məsləhət görmürəm, indi mister Toması məsləhət görmürəm.
Onun etirazının səbəbini birdən-birə anlaya bilməyən Sərhəng təəccüb etdi:
– Yoxsa elə güman edirsiniz ki, daha mister Tomasın sözü keçmir? Səhv edirsiniz! Mister Toması saraya bağlayan halqa bir deyil, iki deyil. Biri qırılanda, o biri qalır. Müharibə-filan sizi aldatmasın. Bunlar zahiri şeylərdir. Bir də ki, əlahəzrət ingilislərlə yox, ruslarla dava edir.
– Yox, necə olsa, üstümüzə qoşun çəkib. Daha ingilislə mənimki getdi qiyamətə. O ki bizim istiqlalımızı pozdu, qurtardı...
Hikmət İsfahani “istiqlal” sözünü ağzına gətirən kimi Sərhəng məsələni anladı və gülümsədi. Demək, azadxahlıq, demokratlıq əbasını çiyninə salmaq zamanının gəlib çatdığını bu qoca oyunbaz ondan da yaxşı anlamışdır. O, Rza şah tərəfindən zindana salınmasını gələcək fəaliyyətində çox faydalı bir mal kimi istifadə etməyi indidən qərara almışdı. Sərhəng mülahizələrinin doğruluğunu yoxlamaq üçün qəsdən özünü sadəlövh göstərdi:
– Bəlkə, fon Valerə yazasınız, əlahəzrətin müttəfiqləridir.
Hikmət İsfahani Sərhəngin bu təkliflərinin bir siyasət olduğunu və ya ürəkdən gəldiyini heç cür müəyyən edə bilmədiyindən diqqətlə onun simasına, gözlərinə baxırdı. Lakin onun əsl fikrini bilməyin çətinliyini gördükdə gözlərini yana çevirib məsələnin mahiyyəti haqqında düşünməyə başladı. O, mister Tomas və fon Valterin onu məhbəsdən dərhal xilas edəcəyinə inanırdı. Yəqin onlar balaca bir xahişə bənddirlər. Lakin o, belə bir xahişi etməyəcəkdi. Çünki bu hərəkət onun gələcək fəaliyyəti üçün yaxşı deyildi. Almanlar məğlub olduqda, fon Valterin əli ilə zindandan qurtarmağı ictimaiyyətin nəzərində onu hörmətdən sala bilərdi. Camaat “Rza şah həbs etdi, nazirlər buraxdılar” – deyəcəkdi. Mister Tomasın vasitəsilə də çıxmağa dəyməzdi. Xalqın ingilislərə olan nifrəti ona məlum idi.
Onun cavab vermədiyini görən Sərhəng məsələni bir az da açdı:
– Mister Tomasa yazmamağınızı anlayıram. Bəs fon Valterə niyə yox?! Onlar ki, dostlarımızdır!
Hikmət İsfahani ah çəkdi.
– Qərəzli dost biqərəz düşməndən pisdir... Başımıza bu oyunu açan onlar oldu.
Sərhəng onun istibdad dövründə zindana düşməyini gələcəkdə böyük və qiymətli bir sərmayə kimi istifadə etməyi qəti qərara aldığını gördü:
– Mister Harold necə? Onları camaat demokrat, azadixah tanıyır. Özləri də iki cəbhə arasında bitərəfdirlər.
Hikmət İsfahani gülümsədi:
– Daha nə edim, çarəm yoxdur. Sən deyirsən, gərək yazam. Sərhəng ona borclu qalmaq istəmədi. Danışıqların üstündən bütün pərdələri götürdü:
– Yazın, yazın mister Harold hər tərəfdən məsləhətdir. Çünki hazırda hər yerdə amerikalıları demokrat, azadixah tanıtmışlar. Avam camaat onları alicənab və xeyirxah bilir. Müstəbid Rza şah həbs etdi, demokrat Amerika azadlıq verdi! Bax, bu kapitaldır, bu avtoritetdir!.. Yazın!..
Hikmət İsfahani özünü yenə tox tutaraq qələmi mürəkkəbə batırıb, Sərhəngin uzatdığı bloknotun üstündə nə isə yazdı. Büküb ona uzatdı.
– Sərhəng, xahiş edirəm, mister Harolda çatdır.
Sərhəngin simasında süni təəccüb əlaməti geri çəkildi:
– Mən?!
Hikmət İsfahaninin havadan asıla qalmış əlinə baxdı:
– Başqa bir vasitə tapın. Bilsələr, abrım gedər.
Sərhəng kağızı alıb, stolun üstünə qoydu və otaqda gəzindi.
– Lakin... Lakin bu bizə çox baha başa gələcəkdir.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-doqquzuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
İyirmi beşinci fəsilGöhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi: