On səkkizinci fəsil
Səhifə 1 / 3
Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.
Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
Mister Harold müxtəlif mənbələrdən yığdığı məlumatlara əsasən, bu dəstəni harada və kimlərin içində axtarmaq lazım gəldiyini düşünürdü. Kənddə Hikmət İsfahani ilə birlikdə gördüyü hadisəni, tutulan adamın qaçmasını xatırladıqda başına yeni bir fikir düşdü: yəqin bunlar hamısı bir-birilə əlaqədardır! Bu fikirdən sonra o, Hikmət İsfahaniyə zəng edib, mübaşir Məmmədi Ərdəbildən Tehrana çağırmasını xahiş etdi. İki gün keçməmiş mübaşir şəhərə daxil olub, mister Haroldun hüzuruna gəldi. Mübaşir Məmməd Hikmət İsfahanidən Amerika səfarətxanasına, mister Haroldun yanına getmək lazım olduğunu eşitdikdə qoltuğu yelləndi. Hikmət İsfahaninin: “Gədə, gör nə məqamların sənə işi düşüb” – deyə gülməsini isə özü üçün böyük bir iftixar saydı.
Amerikanlara yaxınlaşmaq fikrində mübaşir Məmmədin özünün haqq-hesabı var idi. O, Əli əmniyyəbaşının almanlarla yaxın əlaqə yaratdığını bilirdi. Bu əlaqədən ikicə ay keçməmiş Əli əmniyyəbaşı Ərdəbildə üçotaqlı həyətini satıb, içərisində iki mülkü və bağı olan böyük bir dəstgah almışdı. Vəziyyəti belə yüksəldikcə o, mübaşir Məmmədə burun göstərir, yuxarıdan aşağı və nifrətli bir gözlə baxırdı ki, bu da mübaşir Məmmədin ürəyində onun yıxılan gününü görmək, ya da özünün ondan da artıq qalxması arzusunu oyadırdı. Mister Haroldun yanına çağırıldığını eşitdikdə ürəyindən keçən ilk fikir bu olmuşdu: “Yaxşı! Əli köpək oğlu, sənin dalında alman durub, mənimkində də Amerika durar, görək kim kimə burun göstərəcək!”
Mister Harold onun yağ kimi əriyən üz-gözündən hər bir əmrə hazır olduğunu anladı və dərhal yaxın bir əlaqə yaratdı. O, mübaşirdən müfəssəl surətdə kəndin vəziyyətini, kəndlilərin əhvali-ruhiyyəsini soruşdu: – Mübaşir Məmməd ona ətraflı məlumat verdi.
Mister Harold ondan Fridunun necə qaçdığını, harada ola biləcəyini də xəbər aldı. Mübaşir Məmməd:
– Bu bir sirri-ilahidir, mister Harold, bir tikə yağlı çörək oldu, göyə çıxdı, nə öldüsündən xəbər var, nə qaldısından, – dedi və azacıq dayanıb sonra əlavə etdi:
– Yəqin o tərəfə keçiblər, mister Harold. İranda olsaydı, çoxdan üzə çıxmışdı.
Mister Harold başını tərpətdi:
– Yox, öz içinizdədir...
Mübaşir Məmməd sirli bir səslə:
– Onda Əli əmniyyəbaşından başqa heç kəs onun yerini bilməz, – dedi, – yəqin bolluca rüşvət yeyib.
Mister Haroldun, Əli əmniyyəbaşının kim olduğu ilə maraqlanmaması mübaşir Məmmədi pərişan etdi:
– Yaman quduzdur, mister Harold...
– Kim, Fridunmu?
– Xeyr, Əli əmniyyəbaşını ərz edirəm, tanıyırsınızmı? Mister Harold “tanıyıram” dedikdə mübaşir Məmməd “bay sənin zatına lənət, amerikalıların da qapısını döyüb ha” deyə düşündü və heç olmasa buradan onu qovmağa ümid etdi.
– Almanpərəstdir, mister Harold, almanların lap nökəridir.
Mister Harold bu sözlərin onu qətiyyən maraqlandırmadığını bildirən bir əda ilə:
– Bəs o kəndlinin ailəsi nə oldu? – deyə soruşdu.
– Qovduq, mister Harold, kənddən çıxartdıq, bütün mahaldan didərgin saldıq.
– İndi haradadırlar, yerlərini bilirsənmi?
– Bilirəm, mister Harold, dallarınca göz qoymuşam. Sürünə-sürünə Tehrana gəlirlər.
Mister Harold fikirli-fikirli danışdı.
– Onları gözdən qoyma, özün də Tehranda ol, ağaya mən özüm zəng edərəm.
Komendanta Məhbusini buraxmasını tapşırdı. Üç dəqiqə sonra Məhbusi gəldikdə mübaşir Məmmədi onunla tanış etdi. – Bir yerdə işləyəcəksiniz, – dedi. Ayrılarkən etinasızlıqla stolun gözündən bir qızıl saat çıxartdı, mübaşir Məmmədin qoluna bağladı:
– Qoy dostluğumuz əbədi olsun, xalis amerikan qızılıdır.
Mübaşir Məmməd “amerikan qızılıdır” sözündən pərt oldu. Çünki İranda bu terminin yalançı qızıl demək olduğunu bilirdi. Buna baxmayaraq, “başlanğıc üçün bu da pis olmadı” – deyib, mister Harolda təşəkkür etdi, Məhbusi ilə birlikdə çıxıb getdi.
Mister Tomasın halı pərişan idi. Hitler orduları Fransanı tamam işğal etdikdən sonra bütün Avropaya hakim olmuş və bilavasitə ingilis adalarını təhdid etməyə başlamışdılar. London üzərinə tökülən bombalar Şərqin hakim dairələrində İngiltərənin nüfuzunu qəti olaraq sarsıtmış və onları daha artıq almanlar və amerikanlara tərəf sövq etmişdi. Hər yanda açıqcasına İngiltərənin müstəmləkəçilik qüdrətinin axırı çatdığı danışılırdı. İngiltərənin dostları ondan üz döndərirdi. Hətta mister Tomas, Hikmət İsfahani, Həkimülmülk, sərhəng Səfai kimi adamların belə soyuduğun görürdü. Onlar fon Valter və mister Haroldla hər gün görüşdükləri halda, mister Tomasla həftələrlə görüşmək təşəbbüsündə olmurdular. Mister Tomas bütün bunlara dözərək, trubkasını ağzından yerə qoymayıb, Qərbə baxırdı. Bəzən ona vəziyyət qətiyyən çıxılmaz görünürdü. Lakin İngiltərənin imperiyalığını itirərək, adalarda yaşaya bilməsini o heç cür ağlına sığışdıra bilmirdi. Çemberlenin hakimiyyət başından çəkilməsi və Çörçilin gəlməsi onun ürəyini yeyən şübhələri yumşaltsa da, tamamilə məhv edə bilmədi. Onun ürəyində bu şübhələri dərinlədən Sovet ölkəsinin hələ də müharibədən kənarda qalması, öz qüdrət və əzəmətini saxlaması idi. Bu qüdrət xalqların nəzərində nəinki azalmır, sarsılmır, getdikcə artır, böyüyürdü. Mister Tomas İranda ingilis nüfuzu üçün bunu ən böyük təhlükə sayırdı. Sərhəng Səfaini yanına çağırıb, hələ də axtarılan adamların tapılmadığını eşitdikdə o, daha da narahat oldu. Sərhəng ona Səliminin şahla olan görüşünü xəbər verdi və şahın ondan şübhələndiyini söylədi. Mister Tomas:
– Ata-baba ruspərəstdirlər – dedi, – həm də belə bir adamın ruslar tərəfindən olmağı, min küçə adamından qorxuludur...
– Elədir, əlahəzrət də o fikirdədir.
– Bəs nə üçün aradan götürmürsünüz? Təəccüb edirəm.
– Əlahəzrət razılıq vermir, o ehtiyat edir ki, bunun ölümü ilə daha təhlükəli adamların toplaşıb yaratdıqları təşkilat gizlin qalmış olar. Odur ki, gecikdirir, uzadır. Lakin arxayın olun, onun taleyi artıq həll edilmişdir.
Sərhəng Səfaini yola saldıqdan sonra Mister Tomas Həkimülmülkün bu vaxta qədər zəng etməməsini imperiyanın vəziyyəti ilə əlaqədar olan soyuqluğun təzahürü sayaraq, özünü sındırmadan ayağa durdu və onun evinə getdi. Mister Tomasın maşınının həyətə girdiyini görən Həkimülmülk heç də təəccüb etmədi. Yalançı bir sevinclə onu qarşılamaq üçün ikinci mərtəbədən aşağı endi...
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-on-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hitler ordularının Sovet ölkəsinə xaincəsinə basqınından beş gün keçirdi. Artıq bütün dünyanın nəzəri sovet-alman cəbhəsinə dikilmişdi. Sanki tarixin təkəri orada hərlənir, dünyanın gələcəyi, məmləkətlərin taleyi orada müəyyən edilirdi. Nəinki böyük və xırda dövlətlərin, hətta bu dövlətlər daxilindəki insan münasibətlərinin, bu və ya digər ideala mənsub olan dəstə və ailələrin də taleyi orada, o böyük vuruş meydanında həll olunurdu. Tehran, bu hadisələri çox gərgin şəkildə izləyən müxtəlif və bir-birinə zidd fikirli insan dəstələri ilə dolu bir şəhər idi. Burada müharibənin gedişi, kimin qalib gələcəyi haqqındakı söhbətlər sadə bir maraqdan doğmurdu. Bu söhbətlərdən müxtəlif ehtiraslar, görüşlər, arzu və meyllər bir-biri ilə çarpışırdı. İranı doldurmuş və arasıkəsilmədən axıb gəlməkdə olan alman casusları, İranın hakim dairələri və mürtəce təbəqələr Hitlerin qalib gələcəyini sadə bir həqiqət kimi irəli sürür, öz təbliğatlarında müasir vasitələrdən tutmuş orta əsrlərin dini cəfəngiyatını andıran ağlasığmaz uydurmalara qədər hər şeydən istifadə edirdilər. Birinci cahan müharibəsi zamanı Vilhelmin Məhəmmədin qılıncını bağlayıb cahad elədiyini yayan alman casusları, indi də eyni sözləri Hitler haqqında yayır, hətta onun əsl “Sahibəzzaman” – “İmam Heydər” olduğunu xalq arasında yayırdılar. Bütün bu cəfəngiyata baxmayaraq, yoxsul, ac və hüquqsuz xalq dərin bir ürək çırpıntısı ilə bu davada Sovetlərin qalib gəlməsini istəyir, azadlıq və insana layiq həyatın yalnız bu qalibiyyətdən asılı olduğuna şübhə etmirdi. İranın dargöz və kütbeyin mürtəcələrini boş xoyallara salmış sovet-alman döyüşləri, demokratik qüvvələri də hərəkətə gətirmişdi. Hər iki tərəfdə qəti döyüşə hazırlıq gedirdi. Almanlar çox diqqətlə bu hadisələri izləyir, görünməmiş bir enerji ilə İranı istədikləri səmtə yuvarladırdılar. Gecə-gündüz alman səfarətxanasına get-gəlin ardı-arası kəsilmirdi. Alman səfiri fon Ettel, öz diplomatik idarəsini əsl bir hərbi ştaba çevirmişdi. Burada İranda Sovetlərə qarşı açılacaq cəbhənin planları işlənir, hərbi qüvvələrin düzülüş qaydası və hücum xətləri müəyyən edilirdi. Artıq Rza xanı tamamilə öz təsiri altına almış almanlar, hər ehtimala qarşı qəbilələr arasında işləyir, cənubda, şimalda hələ də feodal həyatı yaşayan qəbilələrdən üsyançı dəstələri hazırlayırdılar. Cənub qəbilələri arasında, Yunkers firmasının müdiri, iyirmi beş il İranda işləmiş Şunsmanın mərkəzi dövlətə qarşı hazırladığı qəbilə üsyanlarının üstü açıldıqda fon Ettel onun İsfahandan Tehrana “sürgün edilməsinə” nail olmuşdu. Təbrizdə “Veberbauer transport” adlı kontorun başçısı sifətində polkovnik Şmidt kimi casus və provokator dururdu. O, Sovet sərhədləri boyunca canilər, satqınlar və xainlərdən ibarət terrorçular, basqınçılar dəstələri hazırlayırdı. Ənzəlidə, Qorqanda və bütün şimal şəhərlərində də eyni qızğın fəaliyyət gedirdi. Bütün bu fəaliyyətin mərkəzində isə fon Valter dururdu. O, Tehrandan şimal, cənub, şərq və qərb – bütün məmləkətə yayılan fitnə-fəsad tellərini birləşdirir, bu tellərə istiqamət verirdi. O, fon Ettel vasitəsilə Berlindən hər gün bir göstəriş alır, yuxusunda da tezliklə Qafqaz və Bakı neftini işğal edəcəkləri günü görürdü. İyun ayının 27-də səhər saat doqquzda öz kabinəsinə daxil olduqda bu fikirlər başında dolanırdı. Lakin bununla yanaşı harada isə dərinlərdə bir şübhə, pis bir sual da baş qaldırırdı: – Birdən alman orduları bir-iki aya Rusiyanı fəth etmədilər? – Birdən Sovetlərin qırılmaz müqavimətinə rast gəldilər? Müharibə uzandı?.. O zaman bu iranlılara etibar etmək olardımı? Onlar fürsət düşən kimi azmı fon Valter kimilərin başını kəsib ağaca keçirmiş və meydanlarda gəzdirmişlər?.. Bu pis, şübhəli və gecə yuxusuzluğunun törətdiyi baş ağrısını unutmaq üçün o, balaca, dairəvi və işıldayan masanın üstünə yığılmış yeni qəzetlərə əl atdı. İlk əlinə keçən “İttilaat” oldu. Burada birinci səhifədəcə alman silahının qələbəsini iri hərflərlə xəbər verən bir yazıya gözucu baxdı. Nədənsə onu oxumağa qərarı gəlmədi. “İttilaat”ı bir kənara atıb, başqa qəzetləri gözdən keçirdi. Bu zaman səfarətxananın katibi icazə istəyib daxil oldu və balaca bir vərəqəni masanın üstünə qoydu. Səfir göndərmiş, tanış olmağı, saat 10-da yanına gəlməyi tapşırmışdı. O, etinasızlıqla qəzetləri bir kənara çəkib, vərəqəni götürdü. Lakin oxuduqca üzünün ifadəsi dəyişir, dodaqlarını dişləyirdi, əlli xətdən ibarət olan yazı Hitlerin xəyanətkar və qaniçici bir cəllad olduğunu deyir, İranda olan almanlardan vaxt ikən başlarını götürüb qaçmağı tələb edirdi, fon Valter vərəqəni əlində sıxaraq otaqda gəzindi, dodaqaltı:– Tezliklə sizin ümid ocağınızı dağıdacağıq, – deyə söyləndi.
İyirmi yeddinci fəsilFridun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. Nəfəsi darıxır, ürəyi şiddətlə döyünür, başı gicəlirdi. Bəzən ona elə gəlirdi ki, havasızlıqdan boğulacaq, ürəyi partlayacaqdır. Bu zaman kamerada o tərəf-bu tərəfə gəzir, dərindən nəfəs alırdı. Pəncələri üstə qalxaraq, ağzını kameranın qərbə açılan bacasının dəmirlərinə söykəyir və bütün qüvvəsilə çölden gələn təmiz havanı sümürür, bir yüngüllük duyaraq, yenə düşüb gəzinirdi. Çox zaman gözünü eni bir, uzunu iki qarışdan artıq olmayan bu balaca bacaya tutub baxır, baxırdı. Xüsusilə günəş batana yaxın sarı işıqlar kameranın nəmli divarlarına düşəndə o, böyük bir həsrət və ürək çırpıntısı ilə gözlərini bu bacaya dikib dururdu. Lakin bu sarı işıqlar çox tez sönüb gedir, kameranı yenə qaranlıq bürüyürdü. Bu zaman qüssə və sıxıntının həddi olmurdu. Vaxt keçmək, qurtarmaq bilmirdi. Fridun qulağını kameranın qapısına söykəyərək, gərgin bir diqqətlə dinləməyə başlayırdı. Heç bir səs, heç bir hərəkət əlaməti duymadıqda hövsələdən çıxırdı. Hər şeyin tezliklə gəlib keçməsini istəyirdi. Nə olacaqsa tez olsun!.. Ölüm də olsa, tez!.. İntizar və əzab içərisində oturub gözləməkdən dəhşətli heç bir şey yoxdur. Buna baxmayaraq o gözləyirdi. İlk istintaqdan sonra Qəsri-Qacara keçirildiyi bir həftə olardı. Bu müddətdə nə ondan bir söz soruşmuş, nə də ona bir söz demişdilər. Sanki onu təsadüfən tutub buraya atmış və varlığını belə unutmuşlar. O isə dözür və gözləyirdi. Bir neçə dəfə qapını döyərək, hay-küy salmaq və “gəlin məni aparın!.. Nə edəcəksiniz edin!” deyə qışqırmaq istəmiş, lakin özünü saxlamışdı. Məhbəsdə o “Ana” romanını fəsilbəfəsil xatırlamağa başlamışdı. Sanki onu yenidən oxuyur, hər hadisəni ayrılıqda yadına salaraq düşünürdü. Xüsusilə Pavel Vlasovgilin tutulması, onların özlərini zindanda necə apardıqları gözündən çəkilmirdi. Belə hallarda istər-istəməz özünü onlarla müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayırdı. “Mən ki, cani deyiləm, özümü heç bir şeydə müqəssir hesab etmirəm, nə üçün darıxmalıyam, qoy bizə əzab vermək kimi bir cinayətə əl atanlar qorxsunlar, darıxsınlar!” Pavel Vlasovun məhkəmədə özünü hakimlərdən yüksək tutması, məğrur və istehzalı baxışları gözlərində canlandıqca sanki ona necə hərəkət etmək və qalib gəlmək yolunu göstərdi. Əsl mübarizlər çətin gündə möhkəm dayananlardır!” deyib düşünürdü. “Əsl insan çətin gündə səbir etməyi bacaranlardır”, deyirdi.Qəsri-Qacara düşdüyü bir həftənin ərzində, demək olar ki, həyatının bütün səhifələrini vərəqləmişdi. Xatirindən keçirmədiyi heç bir hadisə qalmamışdı. Kənd, uşaqlıq, Tehran, atasının ölümü, aclıq, anasının, heç olmazsa bir horralıq un tapmaq üçün kəndisini çırpması bir-bir gəlib gözləri önündə durmuşdu. Bu xatirələr içərisində qəlbinə iti bir neştər kimi soxulan Gülnaz və Musa kişinin hekayəti idi. O, bir daha Gülnazı görəcəkdimi? Görəsən, bir dağ çiçəyi qədər ətirli, bir uşaq qədər sadə və təcrübəsiz olan bu yazığı həyat girdabı haralara atmışdır, onu bir zaman məchul fəlakətlərin qucağından qopartmaq mümkün olacaqdırmı?.. Görəsən, Musa kişi haradadır? O, harada ölüb getdi? Ölüsünü basdıran oldumu? Yoxsa, ona bir məzar da qazan olmadı?.. Onun körpələrindən heç sağ qalanı varmı?.. Bütün bu suallar qəlbindəki mübarizə hissini və həyat eşqini daha da artırırdı. Müxtəlif duyğular alovlandıqca, daxilində, harada isə, dərinlərdə çalxanaraq qaynadıqca bir aclıq, bir atəş doğururdu. Sevmək! Sevmək! Sevmək! Yalnız indi iki il əvvəlki cəsarətsizliyi üçün özünü danlayırdı. Kiçik bir tərəddüd, anlaşılmaz bir xəta əbədi olaraq Gülnazı əlindən almışdı.
İyirmi səkkizinci fəsilRza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Başqa şairlərin şeirləri
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
OlaFələk, sənnən əlləşməyə,Bir belə meydan ola.
QırqovulQırqovul nə gözəl quşdu,Biri bir gün göldən uçdu,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.