Səhifə 2 / 3 · 33%

– O-o-o! Mister Tomas!.. Xoş görmüşük. Həmişə siz gələsiniz! – deyə əlini ona uzatdı.

Tomas, öz uzun və enli gövdəsinin yanında çırtdan kimi görünən Həkimülmülkə yuxarıdan aşağı nəzər saldı. Eyni şirin əda və təntənəli sözlərlə cavab verdi. Dost həsrətinin onu buraya çəkib gətirdiyini söylədi. Həkimülmülk onu qabağa ötürüb, ikinci mərtəbədəki xüsusi qonaq salonuna apardı. O, bu salonda ancaq mister Tomas kimi, hər məsələdən danışa biləcəyi yaxın şəxslərlə görüşərdi. Oturduqdan sonra Həkimülmülk xidmətçini çağırıb, nahar hazırlamağı tapşırdı və yorğunluq ifadə edən üzünü ona tutdu:

– Mister Tomas, çox ağır zamanda yaşayırıq, – dedi, – dünya siyasətinin bütün işləri bir-birinə dolaşıbdır. Belə bir şəraitdə dövlət maşınını idarə etmək çox çətindir.

– O-o-o... Sizin kimi qocaman bir siyasətçi də şikayətlənəndə bəs biz nə edək?

– Elə deməyin, mister Tomas, sizin işiniz bizdən çox asandır, o makina ki, siz hərəkətə gətirirsiniz, biz onun haqqında fal açmaqla məşğuluq. O şey ki, sizə çox yaxşı görünür, biz ancaq onun kölgəsi ilə oynayırıq.

– Mən sizin bu sözlərinizdən, dostluğumuzu şübhə altına salırsınız, deyə inciyə bilərəm:

– Dostluğumuz öz yerində, amma həqiqətdə belədir. Yəni gərək elə belə də olsun ha...

– Mən əksini iddia edə bilərəm: sizdə çox şeylər olur ki, biz heç xəbər də tutmuruq.

Həkimülmülk mister Tomasın nəyə işarə etdiyini anlamağa çalışdı. Lakin özlüyündə müəyyən edə bilmədikdə:

– Hər kəsdən gizli sirrimiz olsa da, sizdən yoxdur, – dedi:

Mister Tomas ingilislərə məxsus bir soyuqluqla məsələni dolayısı ilə də olsa Həkimülmülkə bildirməyi qərara aldı:

– Rica edirəm, bu görüşümüzü əlahəzrətə deyəsiniz, mənim salamımı ona yetirəsiniz. Bilirsiniz ki, əlahəzrət Kral dövləti şərqdə öz dostlarının xatirini həmişə əziz tutmuşdur. Onların müdafiəsini, özünə borc bilmişdir.

– Əlbəttə, bunu biz hamımız bilirik.

– Mən ağayi Hikmət İsfahanini də sizin kimi dostlarımızdan sayıram. O, heç şeyi bizdən gizlətmir...

Mister Tomas Həkimülmülkün gözlərinə baxdı, təbiidir ki, onların arasındakı köhnə ədavətdən xəbərdar idi. Həkimülmülk də Tomasın nəyə işarə etdiyini anladı. O gərək Rza xanın, Hikmət İsfahani ilə olan rəftarını mister Tomasa çoxdan bildirə idi.

– Bilirsinizmi, əlahəzrət çox qəzəbləndi. – deyib əhvalatı nağıl etdi. Mister Tomas diqqətlə qulaq asıb, Hikmət İsfahanidən eşitdikləri ilə Həkimülmülkün dediklərini tutuşdurdu. Bütün bu danışıqda onun üçün yeni olan bir şey yox idi.

Həkimülmülk davam etdi:

– Belə məsələlərdə adi gözlə görünməyəcək pərdəli cəhətlər çox olduğunu siz məndən də yaxşı bilirsiniz. Daimi şübhələr, arasikəsilməyən xəyanətlər, dolaşıq və anlaşılmaz nöqtələr vadisi hakimiyyətin əbədi yoludur. Əlahəzrətin fikrincə, Səlimi də, Hikmət İsfahani də öz karvanını bu yola salmışdır və bir gün rahat olmalıdır. Mister Tomas qəti səslə:

– Ağayi İsfahani haqqında belə bir cəzaya yol vermək olmaz, – dedi. – O, Kral dövlətinin həqiqi dostudur.

Həkimülmülk başını azca qabağa verdi:

– Amerikalılardan, hətta almanlardan da mən eyni sözü eşitmişəm.

Mister Tomas bu eyhamla qəti cavab qaytardı:

– İngiltərə öz dostlarını yaxşı tanıyır.

Saray vəziri, Hikmət İsfahani ilə mübarizənin uzun sürəcəyini anladı və söhbəti dəyişdi. Məmləkətdə yeraltı qüvvələrin hərəkətə gələ biləcəyindən bunun bütün əlamətlərinin göz qabağında olduğundan danışdı. Hələ də dövlət əleyhinə kitab buraxanların tapılmadığını söylədi.

Mister Tomas trubkanı ağzından çıxartdı:

– Onları mən tapsam, nə olar?

– İrana etdiyiniz xidmətlərin sayı birə-on artar. Təşəkkür edirik.

Mister Tomas:

– Çalışaram, – deyib, trubkanı dodağına apardı, dərindən sümürüb, tüstüsünü havaya buraxdı və gözlərini qıyıb fikrə getdi.


Altıllik zəhmətin nəticəsində doktor, Xavəri özü üçün yaxşı bir köməkçi etmişdi. Kişilərin yanında üzüaçıq durmağa belə xəcalət çəkən, bir söz eşitdikdə qıpqırmızı qızarıb cavab verməyi bacarmayan, insan əzalarını göstərən şəkilləri gördükdə “İlahi, yer yarılaydı girəydim içinə, bu günü görməyəydim” deyib düşünən geridə qalmış bir müsəlman qadınından doktor, xəstələrlə mehriban rəftar etməyi bacaran, təbabətə aid cihazların adlarını, yerlərini əzbər bilən, səliqəli, dilli-dilavər bir şəfqət bacısı hazırlaya bilmişdi. Sakit təbiətli, həyatda ancaq yaxşılıqları görən, bütün insanlara bir nəzərlə baxan, hər kəsdə və hər yerdə yaxşılıq arayan doktor, məhəbbət dolu gözlərlə Xavərə baxar:

– Sən mənim ikinci övladım, elmi əsərimsən! – deyə fəxr edərdi. Çox zaman doktor xəstələri qəbul edib qurtardıqdan sonra yumşaq kresloya oturar, balaca Azadı yanına çağırar, onu qucağına alıb, alnından öpər və konfetə qonaq edərdi. Doktorun arvadı da Azada məhəbbət salmışdı. O, yaşlı qadınlara məxsus bir mehribanlıqla uşağı sevirdi. Hər gün doktor və Xavər xəstələrlə məşğul ikən, Azad onun yanında oynardı. Uşağın tamamilə anasını andıran sakit təbiəti, insana uyuşması və yaşına müvafiq gəlməyən bir dalğınlıq doktorun arvadının qəlbinə təsir edərdi, onlara görə evdə az tapılan doktorun oğlu da uşağa məhəbbət salmışdı. Hətta dörd yaşından başlayaraq, ona sayı və əlifbanı öyrətməyə başlamışdı. Bütün bunlar Xavərə bir yuxu kimi gələrdi, O, minlərcə özü kimilərin ac və lüt, küçələrə töküldüyünü gördükcə ürəyində doktora dua edərdi: “Bunlar olmasaydı, kim bilir, axırımız necə olacaqdı?..” deyərdi. Hətta bir dəfə bunları doktorun arvadına demiş və təşəkkür etmişdi:

– Allah sizi dünya durduqca xoşbəxt eləsin, siz olmasaydınız küçələrdə qalacaqdım.

Doktorun arvadı onu öpərək:

– Biz səni öz qızımız bilirik, Xavər! – demişdi. – Nə qədər bir tikə çörəyimiz var, yarısı sənindir!..

– Allah süfrənizi həmişə açıq eləsin! Sizin bu yaxşılığınızdan heç bir zaman çıxa bilməyəcəyəm. Çünki belə yaxşılığın bu dünyada əvəzi yoxdur. Amma ölən güna qədər qapınızda qulluqçu olub qalacağam.

Bu sözləri eşidən doktor öz otağından durub gəlmiş və:

– Qızım, bir də belə sözləri ağzına gətirmə, – demişdi. – Qulluqçu nədir, sən də bizim ailənin bir üzvüsən. Sağlıq olsun, Kərimxan da gələr, onda bir yerə yığılar, xoşbəxt olarsınız.

Xavər daha bir söz deməyib, gözüyaşlı çıxıb getmişdi. Daha doğrusu, o çox şey demək istəmişdi. Lakin bacarmamışdı. Ürəyində yüz dəfə, min dəfə doktora və onun ailəsinə dua oxumuşdu. Ancaq qəlbinin dərinliklərində belə bir adamın müsəlman olmadığına təəssüf etmiş və sonra da “müsəlman olmayanda nə olar. Ürəyində haqqın işığı var” – deyə sakit olmuşdu.

İndi, Kərimxan qayıtdıqdan sonra Xavərin səadətinin sonu yox idi. O, dönüb keçdiyi yola nəzər saldıqda uçurumun ağzından qurtarmış bir adamın həyəcanlarını duyurdu. Onu bu uçurumdan xilas etmiş doktorun ailəsinə qarşı məhəbbəti yüz qat artırdı. Hətta ona elə gəlirdi ki, Kərimxanı da sürgünlərdən qaytaran onlardır. Ölümcül yatalaqdan salamat duran insan bədəni necə yenidən canlanar, daha artıq bir həyat qüvvəsi göstərərsə, Xavər də eləcə uzun iztirablardan, bədbəxtlikdən sonra Kərimxanın qayıtması ilə açılmağa başlamışdı. Sanki üzünə qonmuş dərin kədər və qüssə buludları birdəfəlik çəkilmişdi. O, gözəlləşmiş, yanaqlarında bir qızartı əmələ gəlmişdi. Hələ onun gözləri! Bu gözlər həyat və məhəbbət ehtirası ilə yanmaşqda idi. Səsində bir ahəng, tükənməz xoşbəxtliyi bildirən bir məlahət yaranmışdı. Xəstələr də bunu hiss edir, Xavərin hər tərəfə bir mehribanlıq və şəfqət saçdığını görürdülər. Doktor bütün bunlara baxdıqca nə isə, dəruni bir ləzzət duyur, hələ cavanlıqda Qafqazda eşitdiyi Azərbaycan məsəlini yadına salırdı: “Ağ gün adamı ağardar”.

Hər gün saat beşdə doktorgildən qayıdan Xavər evi təmizlər, xörək hazırlar, çay qoyar, oturub balaca Azadı dizi üstə alaraq, Kərimxanı gözlərdi. Sonsuz səadət duyğuları ilə döyünən qəlbinin dərinliklərində nə isə gizli bir çırpıntı, gizli bir təlaş da duyardı. “Görəsən, başına nə iş gəldi?” – deyə, min həyəcana, min əzab içərisində əzilərdi. Özünə təsəlli vermək üçün durub, həyətə nişan qoyduğu kölgəyə baxar, “hələ gün batana çox qalıb, hələ vaxt gəlib çatmayıb, mən özümü nahaq yerə üzürəm” deyər və Azadla oynamağa başlardı... Kərimxan gəlib yuyunar, çörək yeyər, çay içər və köhnə cırıq kiliminin üstündəki mütəkkəyə söykənərək, xəyala dalardı. Bu zaman Xavər onun yanında oturub, başını çiyninə söykər və yavaş-yavaş bütün həyəcanlarını ona nağıl edərdi. Kərimxan:

– Özünü üzmə, Xavərim, – deyə onun təmiz su qoxuyan saçlarından öpərdi.

Bu gün də onlar çörək yemiş, Azadı yatırıb, beləcə oturmuşdular. Xavər ona təkrar öz keçmiş günlərindən danışır, necə onun yolunu gözlədiyini və nələr düşündüyünü nağıl edirdi. Bu xatirələr içərisində o hər sözdən bir doktorgildən, onların yaxşılığından deyirdi. Birdən Kərimxanın əlini-əlinə alaraq:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İyirmi altıncı fəsil

Hitler ordularının Sovet ölkəsinə xaincəsinə basqınından beş gün keçirdi. Artıq bütün dünyanın nəzəri sovet-alman cəbhəsinə dikilmişdi. Sanki tarixin təkəri orada hərlənir, dünyanın gələcəyi, məmləkətlərin taleyi orada müəyyən edilirdi. Nəinki böyük və xırda dövlətlərin, hətta bu dövlətlər daxilindəki insan münasibətlərinin, bu və ya digər ideala mənsub olan dəstə və ailələrin də taleyi orada, o böyük vuruş meydanında həll olunurdu. Tehran, bu hadisələri çox gərgin şəkildə izləyən müxtəlif və bir-birinə zidd fikirli insan dəstələri ilə dolu bir şəhər idi. Burada müharibənin gedişi, kimin qalib gələcəyi haqqındakı söhbətlər sadə bir maraqdan doğmurdu. Bu söhbətlərdən müxtəlif ehtiraslar, görüşlər, arzu və meyllər bir-biri ilə çarpışırdı. İranı doldurmuş və arasıkəsilmədən axıb gəlməkdə olan alman casusları, İranın hakim dairələri və mürtəce təbəqələr Hitlerin qalib gələcəyini sadə bir həqiqət kimi irəli sürür, öz təbliğatlarında müasir vasitələrdən tutmuş orta əsrlərin dini cəfəngiyatını andıran ağlasığmaz uydurmalara qədər hər şeydən istifadə edirdilər. Birinci cahan müharibəsi zamanı Vilhelmin Məhəmmədin qılıncını bağlayıb cahad elədiyini yayan alman casusları, indi də eyni sözləri Hitler haqqında yayır, hətta onun əsl “Sahibəzzaman” – “İmam Heydər” olduğunu xalq arasında yayırdılar. Bütün bu cəfəngiyata baxmayaraq, yoxsul, ac və hüquqsuz xalq dərin bir ürək çırpıntısı ilə bu davada Sovetlərin qalib gəlməsini istəyir, azadlıq və insana layiq həyatın yalnız bu qalibiyyətdən asılı olduğuna şübhə etmirdi. İranın dargöz və kütbeyin mürtəcələrini boş xoyallara salmış sovet-alman döyüşləri, demokratik qüvvələri də hərəkətə gətirmişdi. Hər iki tərəfdə qəti döyüşə hazırlıq gedirdi. Almanlar çox diqqətlə bu hadisələri izləyir, görünməmiş bir enerji ilə İranı istədikləri səmtə yuvarladırdılar. Gecə-gündüz alman səfarətxanasına get-gəlin ardı-arası kəsilmirdi. Alman səfiri fon Ettel, öz diplomatik idarəsini əsl bir hərbi ştaba çevirmişdi. Burada İranda Sovetlərə qarşı açılacaq cəbhənin planları işlənir, hərbi qüvvələrin düzülüş qaydası və hücum xətləri müəyyən edilirdi. Artıq Rza xanı tamamilə öz təsiri altına almış almanlar, hər ehtimala qarşı qəbilələr arasında işləyir, cənubda, şimalda hələ də feodal həyatı yaşayan qəbilələrdən üsyançı dəstələri hazırlayırdılar. Cənub qəbilələri arasında, Yunkers firmasının müdiri, iyirmi beş il İranda işləmiş Şunsmanın mərkəzi dövlətə qarşı hazırladığı qəbilə üsyanlarının üstü açıldıqda fon Ettel onun İsfahandan Tehrana “sürgün edilməsinə” nail olmuşdu. Təbrizdə “Veberbauer transport” adlı kontorun başçısı sifətində polkovnik Şmidt kimi casus və provokator dururdu. O, Sovet sərhədləri boyunca canilər, satqınlar və xainlərdən ibarət terrorçular, basqınçılar dəstələri hazırlayırdı. Ənzəlidə, Qorqanda və bütün şimal şəhərlərində də eyni qızğın fəaliyyət gedirdi. Bütün bu fəaliyyətin mərkəzində isə fon Valter dururdu. O, Tehrandan şimal, cənub, şərq və qərb – bütün məmləkətə yayılan fitnə-fəsad tellərini birləşdirir, bu tellərə istiqamət verirdi. O, fon Ettel vasitəsilə Berlindən hər gün bir göstəriş alır, yuxusunda da tezliklə Qafqaz və Bakı neftini işğal edəcəkləri günü görürdü. İyun ayının 27-də səhər saat doqquzda öz kabinəsinə daxil olduqda bu fikirlər başında dolanırdı. Lakin bununla yanaşı harada isə dərinlərdə bir şübhə, pis bir sual da baş qaldırırdı: – Birdən alman orduları bir-iki aya Rusiyanı fəth etmədilər? – Birdən Sovetlərin qırılmaz müqavimətinə rast gəldilər? Müharibə uzandı?.. O zaman bu iranlılara etibar etmək olardımı? Onlar fürsət düşən kimi azmı fon Valter kimilərin başını kəsib ağaca keçirmiş və meydanlarda gəzdirmişlər?.. Bu pis, şübhəli və gecə yuxusuzluğunun törətdiyi baş ağrısını unutmaq üçün o, balaca, dairəvi və işıldayan masanın üstünə yığılmış yeni qəzetlərə əl atdı. İlk əlinə keçən “İttilaat” oldu. Burada birinci səhifədəcə alman silahının qələbəsini iri hərflərlə xəbər verən bir yazıya gözucu baxdı. Nədənsə onu oxumağa qərarı gəlmədi. “İttilaat”ı bir kənara atıb, başqa qəzetləri gözdən keçirdi. Bu zaman səfarətxananın katibi icazə istəyib daxil oldu və balaca bir vərəqəni masanın üstünə qoydu. Səfir göndərmiş, tanış olmağı, saat 10-da yanına gəlməyi tapşırmışdı. O, etinasızlıqla qəzetləri bir kənara çəkib, vərəqəni götürdü. Lakin oxuduqca üzünün ifadəsi dəyişir, dodaqlarını dişləyirdi, əlli xətdən ibarət olan yazı Hitlerin xəyanətkar və qaniçici bir cəllad olduğunu deyir, İranda olan almanlardan vaxt ikən başlarını götürüb qaçmağı tələb edirdi, fon Valter vərəqəni əlində sıxaraq otaqda gəzindi, dodaqaltı:– Tezliklə sizin ümid ocağınızı dağıdacağıq, – deyə söyləndi.

30 dəq
İyirmi yeddinci fəsil

Fridun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. Nəfəsi darıxır, ürəyi şiddətlə döyünür, başı gicəlirdi. Bəzən ona elə gəlirdi ki, havasızlıqdan boğulacaq, ürəyi partlayacaqdır. Bu zaman kamerada o tərəf-bu tərəfə gəzir, dərindən nəfəs alırdı. Pəncələri üstə qalxaraq, ağzını kameranın qərbə açılan bacasının dəmirlərinə söykəyir və bütün qüvvəsilə çölden gələn təmiz havanı sümürür, bir yüngüllük duyaraq, yenə düşüb gəzinirdi. Çox zaman gözünü eni bir, uzunu iki qarışdan artıq olmayan bu balaca bacaya tutub baxır, baxırdı. Xüsusilə günəş batana yaxın sarı işıqlar kameranın nəmli divarlarına düşəndə o, böyük bir həsrət və ürək çırpıntısı ilə gözlərini bu bacaya dikib dururdu. Lakin bu sarı işıqlar çox tez sönüb gedir, kameranı yenə qaranlıq bürüyürdü. Bu zaman qüssə və sıxıntının həddi olmurdu. Vaxt keçmək, qurtarmaq bilmirdi. Fridun qulağını kameranın qapısına söykəyərək, gərgin bir diqqətlə dinləməyə başlayırdı. Heç bir səs, heç bir hərəkət əlaməti duymadıqda hövsələdən çıxırdı. Hər şeyin tezliklə gəlib keçməsini istəyirdi. Nə olacaqsa tez olsun!.. Ölüm də olsa, tez!.. İntizar və əzab içərisində oturub gözləməkdən dəhşətli heç bir şey yoxdur. Buna baxmayaraq o gözləyirdi. İlk istintaqdan sonra Qəsri-Qacara keçirildiyi bir həftə olardı. Bu müddətdə nə ondan bir söz soruşmuş, nə də ona bir söz demişdilər. Sanki onu təsadüfən tutub buraya atmış və varlığını belə unutmuşlar. O isə dözür və gözləyirdi. Bir neçə dəfə qapını döyərək, hay-küy salmaq və “gəlin məni aparın!.. Nə edəcəksiniz edin!” deyə qışqırmaq istəmiş, lakin özünü saxlamışdı. Məhbəsdə o “Ana” romanını fəsilbəfəsil xatırlamağa başlamışdı. Sanki onu yenidən oxuyur, hər hadisəni ayrılıqda yadına salaraq düşünürdü. Xüsusilə Pavel Vlasovgilin tutulması, onların özlərini zindanda necə apardıqları gözündən çəkilmirdi. Belə hallarda istər-istəməz özünü onlarla müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayırdı. “Mən ki, cani deyiləm, özümü heç bir şeydə müqəssir hesab etmirəm, nə üçün darıxmalıyam, qoy bizə əzab vermək kimi bir cinayətə əl atanlar qorxsunlar, darıxsınlar!” Pavel Vlasovun məhkəmədə özünü hakimlərdən yüksək tutması, məğrur və istehzalı baxışları gözlərində canlandıqca sanki ona necə hərəkət etmək və qalib gəlmək yolunu göstərdi. Əsl mübarizlər çətin gündə möhkəm dayananlardır!” deyib düşünürdü. “Əsl insan çətin gündə səbir etməyi bacaranlardır”, deyirdi.Qəsri-Qacara düşdüyü bir həftənin ərzində, demək olar ki, həyatının bütün səhifələrini vərəqləmişdi. Xatirindən keçirmədiyi heç bir hadisə qalmamışdı. Kənd, uşaqlıq, Tehran, atasının ölümü, aclıq, anasının, heç olmazsa bir horralıq un tapmaq üçün kəndisini çırpması bir-bir gəlib gözləri önündə durmuşdu. Bu xatirələr içərisində qəlbinə iti bir neştər kimi soxulan Gülnaz və Musa kişinin hekayəti idi. O, bir daha Gülnazı görəcəkdimi? Görəsən, bir dağ çiçəyi qədər ətirli, bir uşaq qədər sadə və təcrübəsiz olan bu yazığı həyat girdabı haralara atmışdır, onu bir zaman məchul fəlakətlərin qucağından qopartmaq mümkün olacaqdırmı?.. Görəsən, Musa kişi haradadır? O, harada ölüb getdi? Ölüsünü basdıran oldumu? Yoxsa, ona bir məzar da qazan olmadı?.. Onun körpələrindən heç sağ qalanı varmı?.. Bütün bu suallar qəlbindəki mübarizə hissini və həyat eşqini daha da artırırdı. Müxtəlif duyğular alovlandıqca, daxilində, harada isə, dərinlərdə çalxanaraq qaynadıqca bir aclıq, bir atəş doğururdu. Sevmək! Sevmək! Sevmək! Yalnız indi iki il əvvəlki cəsarətsizliyi üçün özünü danlayırdı. Kiçik bir tərəddüd, anlaşılmaz bir xəta əbədi olaraq Gülnazı əlindən almışdı.

31 dəq
İyirmi səkkizinci fəsil

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?

52 dəq
İyirmi doqquzuncu fəsil

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

34 dəq

Başqa şairlərin şeirləri