On yeddinci fəsil
Səhifə 1 / 3
Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:
– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.
– Mən də hiss edirəm ki, böyük bir risqə yol vermişik.
– Elə bir vəziyyətdir ki, iş belə də çevrilə bilər, elə də... Çünki sərtib təkdir, qabağını almaq istədiyi cərəyanın adamları çox...
Yavər Əzimi çoxdan bəri ürəyində dolanan şübhələri qoca müəllimindən gizlətmədi:
– Necə bilirsiniz, Səliminin dalında duranlar o cərəyanın adamlarından artıq olsa, aya, əlahəzrət onun dediklərini qəbul edərmi?
– Qabaqcadan demək çətindir. Əgər Səlimi kimi bir adamın təklifləri keçməsə, onda bu məmləkətdə heqiqət-zad yoxdur, yazılanlar da, deyilənlər də yalandır.
Zəng çalındıqda ikisi də durub həyətə çıxdı. Sərtib içəri girdikdə onun yerişindən, üzünün ifadəsindən necə qayıtdığını bilməyə çalışdılar. Elə bil bu qısa müddətdə sərtib xeyli arıqlamış, rəngi qaçmışdı. Sanki gözləri çuxurlaşmış və saçındakı ağ tüklərin sayı da artmışdı. Yavər Əzimi dayana bilmədi:
– Necə oldu, sərtib?
Sərtib cavab vermədi. Mükəddər baxışlarla dostunu süzdü və kresloda oturub, uzun bir fikrə getdi. Onlar işin yaxşı qurtarmadığını anlayıb susdular. Sərtib xeyli müddət başını sağ əlinə söykəyib durdu. O, ömrünün ən qiymətli çağını boş bir xülyaya qurban verdiyinə təəssüf edirdi. Ona elə gəlirdi ki, qəlbində, fikrində bir boşluq açılm. Nə yüksək bir arzusu, nə müqəddəs bir etiqadı var. Hər şey uçulub dağılmışdır. Bu, keçən ömür üçün bir təəssüf hissi oyadırdısa, qulaqlarınla səslənən “casus” sözü mənliyini təhqir edib çeynəyirdi. Birdən ona elə gəldi ki, acıqlı bir göz onun beynini, fikrini təftiş etməkdədir. Onlar soyuq bir xəncər kimi köksünü yarıb, ürəyinə keçir və onu xırda-xırda doğrayırlar. Bu, Rza xanın gözləri idi. O gözlər divardan asılmış şəkildən sərtibə zillənmişdi.
Sərtib təmkinlə, lakin qəti addımlarla yerindən qalxdı. Qoca qulluqçusunu çağırdı.
– Əmi, bu şəkli aşağı düşür.
Qoca bir ona, bir də divardakı şəklə baxdı. Tərəddüdlə stulu ayağı altına qoydu, şəkli düşürdü.
– Nə edim, ağayi sərtib?
– Apar, külxana bas, yansın!..
Qoca şəkli götürüb getdi. Sərtib hələ də məyus oturmuş yoldaşlarına döndü:
– Bu ağır gün mənim ömrümün həm də xoş bir günüdür. Bu gün mən çürük bir etiqadla vidalaşıb, üzümü həqiqətə tərəf çevirirəm. Biz onu bu vaxta qədər güman etdiyimiz yerdə axtarmamalıyıq!
Yavər Əzimi həyəcanla:
– Bəs onu harada axtarmaq lazımdır, sərtib? – deyə soruşdu.
Sərtib cavab vermədi. O yenə nə isə düşünürdü. Hafiz Biluri pozulmaz bir inamla:
– Elmdə, maarifdə, – dedi, – maarifin yayılması nəticəsində həqiqət səltənətə çıxacaqdır.
Sərtib onun sözünü kəsdi:
– Yox, əziz dostum, yox! Nə qədər səltənətlər var, həqiqət olmayacaqdır. Heç bir elm və maarif onun yolunu aça bilməyəcəkdir.Aman günüdür, heç olmasa siz bu qalan ömrünüzün az günlərini yalana verməyin. Çünki siz namuslu bir adamsınız. Siz vətənin övladlarına deyin ki, səltənətlər və şahlar onların söykəndiyi mənfur əsasla birlikdə yox olmayınca, xalq həqiqət nədir bilməyəcəkdir!
O durub gəzindi. Azca əvvəl üzünə qonmuş sarılıq yavaş-yavaş çəkilməkdə, yerini bir qətiyyətə verməkdə idi. Yavər Əziminin çiynindən tutdu:
– Cavan dostum, – dedi, – mən, bəlkə də, çox yaşamadım. Çünki bu gün mən öz ölüm hökmümə imza atmışam. Lakin sənə məsləhətim belədir. Biz gedən yol ilə getmə. Onun uçurum olduğu aşkara çıxdı. Özünə başqa bir yol seç. Get o vərəqələri buraxanları tap. Namusla, ürəklə onlara qoşul. Həqiqət bu vaxta qədər bizim cahil və əvam bildiyimiz aşağılarda imiş, Gələcək də oradadır. Ora get!..
Şəmsiyyə ağlayaraq “özümü öldürəcəyəm”, – deyib getdikdən sonra, Hikmət İsfahani onun hərəkətlərinə göz yetirirdi. İki-üç gün gözlədi. İntihara bənzər bir hadisə baş vermədiyini gördükdə qızın artıq düşünüb-daşındığını, taleyin nəsibi ilə razılaşdığını güman etdi. Buna görə də sərtib Səlimi ilə qohumluq məsələsini artıq həll olunmuş bir məsələ bildi. Əslən, o buna yaxşı bir fal kimi baxırdı. Şəmsiyyə ilə Səliminin izdivacı, ona siyasi cəhətdən də lazım idi. Bu, Səliminin atasını onun ölümə verdiyini deyənlərə bir cavab olmaqla bərabər, aradakı gizli adavətə də son qoyacaq idi. Digər tərəfdən, Səlimi tamamilə başqa bir istiqamətin adamı idi. Hikmət İsfahaninin haqq-hesabına görə, bir gün bu da kara gələ bilərdi. Lakin gələcək qohumluğu möhkəm əsaslar üstündə qurmaq üçün o, Səliminin tərzi-təfəkkürünü dəyişməli, cavanlıq və istiqanlılığından doğan bəzi hərəkətlərini təshih etməli idi. Bu məqsədlə də onu nahara çağırmışdı. Naharda yalnız ailə üzvləri iştirak edəcəkdi. Eyni zamanda Səlimiyə verəcəyi nəsihət və məsləhətlər yerinə düşmək üçün ruznaməçi Sofi İranpərəsti də nahara dəvət etmişdi. Məsələnin əvvəlcədən düşünülmüş bir əsas üstündə qurulduğunu pərdələmək üçün ruznaməçi İranpərəstə, şimal neftini Amerika və ingilislərə vermək haqqında yazdığı məqaləni oxudacaq, Səliminin fikrini soruşacaq və sonra da fürsətdən istifadə edərək, istədiklərini ona deyəcəkdi. Bu onun planı idi. Səliminin nahara dəvət edildiyini bilən Şəmsiyyə isə özünə başqa bir plan tutmuşdu. O, səbirsizliklə müəyyən olunmuş gün və saatın gəlib çatmasını gözləyirdi. Həyəcan, kin və qəzəb içində düşünür, deyəcəyi sözləri ölçüb-biçirdi.
Saat hələ on iki olmamış bütün ailə üzvləri Hikmət İsfahaninin şəhər evində hazır idi. Ruznaməçi İranpərəst də vaxtından qabaq gəlmişdi. O, hazırladığı materialı ağaya oxumaq istəyir, ağa da “gözlə” deyə təxirə salırdı. Nəhayət, saat birə on beş dəqiqə işləmiş Səlimi gəldi. O, bu gün, adətən olduğundan daha tutqun və fikirli görünürdü. Əksinə, Hikmət İsfahani özünü çox şad göstərməyə çalışırdı. O deyir, danışır, Səlimiyə evlərin və hətta bağdakı ağacların tarixindən uzunuzadı söhbət açırdı. Nəhayət, onlar İran stili ilə düzəlmiş, böyük fərşlərlə müzəyyən, tavanından avizələr asılmış salona keçdilər və kreslolara oturdular. Hikmət İsfahani etinasızlıqla:
– Gədə, səhərdən zəhləmi apardın, gətir görüm nə yazmısan, – deyə İranpərəstə müraciət etdi. Kəsalət yağan vücudunun əksinə olaraq, çox cəld və yüngül hərəkət edən ruznaməçi İranpərəst tez qaçıb portfelini gətirdi; bir dəstə kağız çıxarıb qabağına qoydu. Hikmət İsfahaninin qeydlərini yazmağa amadə olduğunu bildirmək üçün qələmini də çıxarıb hazırladı.
Hikmət İsfahani qıçlarını uzadaraq, kresloya yayıldığı halda və təsbeh çevirə-çevirə gözünün ucu ilə İranpərəstə baxdı:
– Başla görək!
Səlimi sakit oturub, həm Hikmət İsfahaninin ağayana rəftarına, həm də İranpərəstin nökər kimi yaltaq hərəkətlərinə fikir verir və ürəyində hər ikisinə qarşı böyük bir nifrət duyurdu. Lakin o tərpənmir, danışmır, heç bir şey ifadə etməyən gözlərilə onların bütün hərəkətlərini izləyirdi. Ruznaməçi İranpərəst məqaləni oxumazdan qabaq bir izahat vermək istədi:
– Bu dəfə öhdəmə çox ağır bir vəzifə düşmüşdür. Həm ingilisləri, həm amerikanları, həm də almanları razı salmaq lazım idi, həm də elə eləmək lazım idi ki, biri razı olan yerdə o birisi inciməsin. Halbuki, ağalara məlumdur ki, felən söhbət elə bir mətləb ətrafında gedir ki, bu üç dövlətdən biri razı qalan yerdə o birilər gərək mütləq narazı olalar. Mən çalışmışam məsələnin bu cəhətini elə dolaşıq salam ki, heç kəs heç şey başa düşməsin. Lakin bu üç dostun üçü də razı qalsın. Yəni mətləb...
Hikmət İsfahani onun sözünü kəsdi:
– Ağayi Sofi, hələ çox gözləyəcəyik? Başımızı niyə ağrıdırsan, oxu görek nə yazmısan?
Ruznaməçi İranpərəst tələsik və əlləri əsə-əsə:
– Baş üstə, – deyib oxumağa başladı:
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-on-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəzan fəslinin qüssəli günləri gəlib keçdikcə havalar soyuyur, mal-qaranın ayağı çöllərdən kəsilirdi. Savalanın üstü qalın duman və buludla örtülürdü.Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəf-bu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. Təbiət yenidən yaratmaq, yenidən canlanmaq üçün qış yuxusuna hazırlanırdı. Həyat çöllərdən örtülü daxmalara, palçıq divarların arasına çəkilirdi. Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi.
On dördüncü fəsilRza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:
On beşinci fəsilHikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:
On altıncı fəsilTehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq: