Səhifə 1 / 3

Xəzan fəslinin qüssəli günləri gəlib keçdikcə havalar soyuyur, mal-qaranın ayağı çöllərdən kəsilirdi. Savalanın üstü qalın duman və buludla örtülürdü.

Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəf-bu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. Təbiət yenidən yaratmaq, yenidən canlanmaq üçün qış yuxusuna hazırlanırdı. Həyat çöllərdən örtülü daxmalara, palçıq divarların arasına çəkilirdi. Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi.

Səriyyə xala və Gülnaz da qollarını çırmayaraq, evin içini səliqəyə salıb, qış azuqəsini yerbəyer etmiş, həyətə çıxmışdılar. Onlar uçuq toyuq hinini palçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. Musa kişi isə yenicə kələyə gəlmiş sarı inəyin axurunu təmizləyib, yerini rahatlamış və tövlənin bir küncünə atdığı sınıq-salxaq kürsünün qıçına mıx çalırdı. Balaca Ayaz gah kürsüdən yapışmaqla, gah çəkic verməklə, gah mıxları ovcunda saxlamaqla atasına kömək edirdi. O biri uşaqlar başını tövlənin divarına sürtən kök toğlu ilə oynayırdılar. Musa kişi kürsünü düzəldib, səkiyə qoydu və dönüb toğluya baxdı.

– Arvad, yeri o bıçağı mənə ver, toğlunu da kəsim. Bundan sonra qalmağının bir faydası yoxdur. Yemini çatdıra bilməyəcəyəm, başlayacaq arıqlamağa. Cümə axşamıdır, kəsək içalatını uşaqlar yesin, ətini də qovurma qayır, doldur küpəyə, qış uzun olacaq, yavaş-yavaş uşaqlara yavanlıq edərsən.

– Hə, kəs, kəs! – deyə uşaqlar bir-birinə qarışdı. Gülnaz qaçıb evdən taxta dəstəli, pas atmış uzun bıçağı gətirdi. Musa kişi qolunu çırmadı, bıçağı daşa çəkdi. Toğlunu ayağının altına yıxıb kəsdi və tövlənin qapısından başıaşağı asıb soymağa başladı.

– Arvad, sən allah yadından çıxmasın, bu ətdən bir tikə də o Həsənalının yetimlərinə göndər, yazıqdırlar. Bunun savabı dünyaya dəyər, – dedi və gecə düşməmiş toğlunu soyub qurtarmağa tələsdi. Lakin hələ quyruğunu soyub qurtarmamış qaş qaraldı, bütün kənd və həyəti bir qaranlıq bürüməyə başladı. Gülnaz qaçıb saxsı çırağı yandırdı və tövlənin iç tərəfindən qapının yanından asdı. Musa kişi toğlunun içini təzəcə çıxarıb Gülnazın əlindəki mis qaba qoymuşdu ki, həyət qapısı döyüldü. Hamısı diqqətlə gözlərini qapıya dikdi. Hər qapı döyüləndə min bir həyəcan keçirən Gülnaz, bu dəfə də özünü saxlaya bilmədi. Dərhal ürəyi döyündü. Qeyri-ixtiyari:

– Fridun? – deyə səsləndi.

Musa kişi gözaltı ona baxdı. Fridunun fikrini birdəfəlik onun başından çıxartmağa çalışdı:

– O bir də haradan buralara gəlib çatacaqdır, qızım. Kim bilir başında nələr var...

Lakin qapı döyənin Fridun olduğuna inanan Gülnaz onun sözlərini eşitmədi. Qapıya tərəf yollandı, Musa kişi onu saxladı:

– Sən getmə, bala, birdən yad adam olar. Qayıt, qoy anan açsın.

Bu dəfə qapı daha səbirsizliklə döyüldü. At kişnəməsi eşidildi. Musa kişinin ürəyinə gizli bir qorxu girdi.

– Kim ola bilər? Axşam qovuşan vaxtda kimdir görəsən... Arvad, əvvəl soruş, sonra aç.

Üçüncü kərə qapını taqqataqla döydülər, az qaldı dabanı çıxsın. Səriyyə xala özünü yetirdi:

– Kimsən?.. Qapı döyən, kimsən?..

Küçədən acıqlı bir səs eşidildi:

– Qırılmamısınız ki, hay niyə vermirsiniz? Aç qapını...

Arvadın səsi titrədi:

– Kimsən, ay qardaş?

– Qorxma, adam yeyən deyiləm, aç!

Musa kişi mübaşir Məmmədin yoğun səsini tanıdı.

– Zatına lənət, – deyib tüpürdü. – İt kimi iy bilir. – Çarəsiz qalıb, özü qapını açdı. Əli əmniyyəbaşının da mübaşir Məmmədlə gəldiyini gördükdə ürəyinə dammış qara-qorxu artdı. Mübaşir Məmməd atının cilovunu ona uzatdı:

– Al bunları, yerbəyer elə! Qapını niyə açmırsan, kişi?

– Eşitməmişəm.

Mübaşir Məmməd istehza ilə onu Əli əmniyyəbaşıya göstərdi:

– Hi, hi, eşitməyib? Niyə, kar olmusan, qulaqların tutulub? Al cilovu!

Onun hələ də yerindən tərpənmədiyini gördükdə acıqlandı, axşam qaranlığında gözlərini qıyıb, diqqətlə bütün vücuduna nəzər saldı.

– Qollarını niyə çırmalamısan, kişi? Yoxsa pəhləvanlıq eləmək fikrindəsən? Al, atları çək pəyəyə!

Cilovu onun üstünə atıb, həyətə girdi. Çıraq işığında ağaran yarı soyulmuş cəmdəyə yaxınlaşdı, o tərəf-bu tərəfə hərləyib:

– Yaxşı kabablıqdır! – dedi və Əli əmniyyəbaşıya döndü:

– Sənə demədim ki, bu kişi halal adamdır. Bir gör qonağı necə qarşılayır?

Əli əmniyyəbaşı gəlib toğluya baxdı:

– Ətə söz yoxdur! – dedi. – Amma mən dilimə vurmayacağam. Canın üçün, Məmməd, vurmayacağam... Bir tikə ağzıma alsam dədəmə lənət!

– Niyə, gədə, yoxsa orucsan? Bəlkə tövbə eləmisən?

– Kişi, adam nə qədər ət yeyər. Hara gedirəm ət, hansı qapını döyürəm kabab. Lap iyrənmişəm. Bilirsən, dadaş, bu əmniyyənin günü də bir gün deyil. Kəndli ona Şümürə baxan kimi baxır. Qabağına bir tikə dadlı xörək qoymaz. Yediyi arıq dana, ya da qoca inək ətidir. Amma mən o əmniyyələrdən deyiləm. Hara çatdım ya gərək əmlik quzu, ya da altıaylıq toğlu kəsələr! Yuxarısı ilə işim yoxdur.

– Bir yaxşı bax, bu da elə builki toğludur.

– Lap istəyir biraylıq quzu olsun, dilimə vurmayacağam. Çünki iyrənmişəm! Qoyun əti görəndə ürəyim bulanır.

O, bir-birini dimdikləyib, hinə doluşan toyuqlara baxdı və sonra üzü yaşmaqlı və məyus halda körpələrinin yanında dayanmış Səriyyə xalaya döndü. Onun gözlərindəki nifrəti görmədən:

– Arvad, o fərələrdən bir-ikisini tut, – dedi, – yaxşı çığırtması olar. Çox lazım deyil! Elə ikisi-üçü olsa kifayətdir. Yatar qarına çox yeməyin faydası yoxdur...

Səriyyə cavab verməyib, atları həyətə çəkən Musa kişiyə tərəf döndü. Ətəyindən tutmuş və axşam sərinində titrəşən körpələr bir az da ona qısıldılar. Yalnız Gülnaz yerindən tərpənmədi. Səkinin yanında necə şax durmuşdusa, eləcə də durub qaldı. Əsəbi halda başındakı yaylığının ucunu düyünləyib açır, gözaltı mübaşir Məmmədlə və Əli əmniyyəbaşıya baxırdı. O, bayquş kimi həyətlərinə kədər və qüssə gətirmiş bu adamların yaxasından tutub çölə atmaq, qovub eşiyə salmaq istəyirdi. Lakin atasına, onun vahimə ilə dolu baxışlarına və itaətkarlıqla qəzəbin bir-birinə qarışaraq ağırlaşdırdığı hərəkətlərinə baxdıqda nifrətini boğmalı olurdu. Mübaşir Məmməd heykəl kimi hərəkətsiz durmuş qıza nəzər saldı, bir anda xırman yadına düşdü. Kinli bir səslə:

– Ay qız, bir bardaq su gətir əlimə tök! – dedi və qollarını çırmadı.

Gülnaz bir ona, bir də atasına baxıb, yerindən tərpənmədi. Musa kişi: “şər qapımdan içəri girib” deyə düşündü, bəlkə, xoş üz və insaniyyətlə onları yola gətirmək mümkün olacağını qərara alaraq Gülnaza:

– Qızım, su gətir, qonaqdır, hörmətlərini saxla, – dedi və onlara döndü:

– Buyurun evə, bu saat hər şey hazır olar. Buyurun evə.

Mübaşir Məmməd qeyri-insani ehtirasla yanan gözlərini bir də Gülnaza tərəf çevirdi və gözlənilmədən:

– Ay Musa kişi, qızı niyə ərə vermirsən? – dedi. – Qız uşağını nə qədər tez versən, o qədər yaxşıdır. Ver getsin! Evdə qaldı, havayı çörək yeməkdən başqa bir xeyri olmayacaq. Ver getsin! Yoxsa, bir gözləmən var, ay lotu? Ha, ha, ha!.. Yəqin gözləmən var! De görüm bir kimi gözləyirsən? Sən Allah, bir de görüm belə qızı kimin üçün bəsləmisən?..

– Ağayi mübaşir Məmməd, – dedi, – içəri buyurun, bu sözlər, bu danışıq nəyə lazımdır? Mənə qonaq gəlmisiniz, buyurun içəri, gözüm üstə yeriniz var. Daha arvad-uşaq yanında bu sözlərin nə mənası var?..

Mübaşir Məmməd özünü sındırmadı:

– Acığın niyə tutur, ay kişi? Mən nə dedim ki, sənin kefinə dəydi? Sözdür, soruşdum, istəyirəm görüm bizi də toya çağıracaqsan, ya yox? Belə qıza gərək bir toy eləyəsən ki, bütün mahal tamaşasına gəlsin!..

Əli əmniyyəbaşı əlini Musa kişinin çiyninə vurdu:

– Kişi, sevin ki, Allah sənə belə bir nemət əta eləyib! – Vallah nemətdir! Heç Ərdəbil tacirlərində belə qız yoxdur. İndiki zamanda bu cür qız bir xəzinəyə bərabərdir. İmanımız haqqı, mən onu bir xəzinəyə dəyişmərəm, kişi!..

Musa kişi söhbəti uzatdıqca onların həyasızlaşacağını görüb cavab vermədi, sözü dəyişdi.

– Ağalar şama nə meyl edəcəklər?

Mübaşir Məmməd:

– Mənim üçün heç nə, – dedi, – bir az iç qovurması, bir az qabırğa kababı, bir-iki stəkan çay, yatana yaxın bir kasa qatıq da tapılsa lap qiyamət olar. Adət etmişəm, qatıqsız yatanda yuxum qaçır, bu mənimki. O ki qaldı ağayi Əli əmniyyəbaşıya, özləri buyursunlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İyirmi yeddinci fəsil

Fridun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. Nəfəsi darıxır, ürəyi şiddətlə döyünür, başı gicəlirdi. Bəzən ona elə gəlirdi ki, havasızlıqdan boğulacaq, ürəyi partlayacaqdır. Bu zaman kamerada o tərəf-bu tərəfə gəzir, dərindən nəfəs alırdı. Pəncələri üstə qalxaraq, ağzını kameranın qərbə açılan bacasının dəmirlərinə söykəyir və bütün qüvvəsilə çölden gələn təmiz havanı sümürür, bir yüngüllük duyaraq, yenə düşüb gəzinirdi. Çox zaman gözünü eni bir, uzunu iki qarışdan artıq olmayan bu balaca bacaya tutub baxır, baxırdı. Xüsusilə günəş batana yaxın sarı işıqlar kameranın nəmli divarlarına düşəndə o, böyük bir həsrət və ürək çırpıntısı ilə gözlərini bu bacaya dikib dururdu. Lakin bu sarı işıqlar çox tez sönüb gedir, kameranı yenə qaranlıq bürüyürdü. Bu zaman qüssə və sıxıntının həddi olmurdu. Vaxt keçmək, qurtarmaq bilmirdi. Fridun qulağını kameranın qapısına söykəyərək, gərgin bir diqqətlə dinləməyə başlayırdı. Heç bir səs, heç bir hərəkət əlaməti duymadıqda hövsələdən çıxırdı. Hər şeyin tezliklə gəlib keçməsini istəyirdi. Nə olacaqsa tez olsun!.. Ölüm də olsa, tez!.. İntizar və əzab içərisində oturub gözləməkdən dəhşətli heç bir şey yoxdur. Buna baxmayaraq o gözləyirdi. İlk istintaqdan sonra Qəsri-Qacara keçirildiyi bir həftə olardı. Bu müddətdə nə ondan bir söz soruşmuş, nə də ona bir söz demişdilər. Sanki onu təsadüfən tutub buraya atmış və varlığını belə unutmuşlar. O isə dözür və gözləyirdi. Bir neçə dəfə qapını döyərək, hay-küy salmaq və “gəlin məni aparın!.. Nə edəcəksiniz edin!” deyə qışqırmaq istəmiş, lakin özünü saxlamışdı. Məhbəsdə o “Ana” romanını fəsilbəfəsil xatırlamağa başlamışdı. Sanki onu yenidən oxuyur, hər hadisəni ayrılıqda yadına salaraq düşünürdü. Xüsusilə Pavel Vlasovgilin tutulması, onların özlərini zindanda necə apardıqları gözündən çəkilmirdi. Belə hallarda istər-istəməz özünü onlarla müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayırdı. “Mən ki, cani deyiləm, özümü heç bir şeydə müqəssir hesab etmirəm, nə üçün darıxmalıyam, qoy bizə əzab vermək kimi bir cinayətə əl atanlar qorxsunlar, darıxsınlar!” Pavel Vlasovun məhkəmədə özünü hakimlərdən yüksək tutması, məğrur və istehzalı baxışları gözlərində canlandıqca sanki ona necə hərəkət etmək və qalib gəlmək yolunu göstərdi. Əsl mübarizlər çətin gündə möhkəm dayananlardır!” deyib düşünürdü. “Əsl insan çətin gündə səbir etməyi bacaranlardır”, deyirdi.Qəsri-Qacara düşdüyü bir həftənin ərzində, demək olar ki, həyatının bütün səhifələrini vərəqləmişdi. Xatirindən keçirmədiyi heç bir hadisə qalmamışdı. Kənd, uşaqlıq, Tehran, atasının ölümü, aclıq, anasının, heç olmazsa bir horralıq un tapmaq üçün kəndisini çırpması bir-bir gəlib gözləri önündə durmuşdu. Bu xatirələr içərisində qəlbinə iti bir neştər kimi soxulan Gülnaz və Musa kişinin hekayəti idi. O, bir daha Gülnazı görəcəkdimi? Görəsən, bir dağ çiçəyi qədər ətirli, bir uşaq qədər sadə və təcrübəsiz olan bu yazığı həyat girdabı haralara atmışdır, onu bir zaman məchul fəlakətlərin qucağından qopartmaq mümkün olacaqdırmı?.. Görəsən, Musa kişi haradadır? O, harada ölüb getdi? Ölüsünü basdıran oldumu? Yoxsa, ona bir məzar da qazan olmadı?.. Onun körpələrindən heç sağ qalanı varmı?.. Bütün bu suallar qəlbindəki mübarizə hissini və həyat eşqini daha da artırırdı. Müxtəlif duyğular alovlandıqca, daxilində, harada isə, dərinlərdə çalxanaraq qaynadıqca bir aclıq, bir atəş doğururdu. Sevmək! Sevmək! Sevmək! Yalnız indi iki il əvvəlki cəsarətsizliyi üçün özünü danlayırdı. Kiçik bir tərəddüd, anlaşılmaz bir xəta əbədi olaraq Gülnazı əlindən almışdı.

31 dəq
İyirmi səkkizinci fəsil

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?

52 dəq
İyirmi doqquzuncu fəsil

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

34 dəq
Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 dəq

Başqa şairlərin şeirləri