Səhifə 3 / 5 · 40%

– Qardaş, bunun nəyidir. On il də geysən dağılmaz.

Müştəri başını tərpədirdi:

– Elə də tərifləməyin ki, guya biz xamıq... Yaxşını yamandan seçirik. Bunun qiyməti odur ki, mən verdim.

– Qardaş, and olsun peyğəmbərin qəbrinə, o heç mayasının bahası deyil.

Müştəri:

– Mən ondan artıq verə bilmərəm, – deyib yerindən tərpəndikdə, ərbab onu səslədi:

– Bura bax, hara qaçırsan. Ay qız, Göhər xanım, ağaya bir stəkan çay. Eybi yoxdur, eybi yoxdur, içərsən.

Ərbab müştərini saxladı, ipək pərdəyə tərəf baxıb, bir də səslədi. Pərdənin dalından etinasız bir hərəkətlə Göhər xanım çıxdı. Səriyyə onu görən kimi nişanlarından tanıdı. O, ərbaba baxmadan:

– Nə var? – deyib soruşdu.

Ərbab da ona baxmadan qorxaq bir ciddiyyətlə:

– Ağaya bir stəkan çay.

Göhər xanım cavab verməyib, eyni etinasız əda ilə pərdənin dalına keçdi. Səriyyə bu arvadın, doğrudan da, ərbab üzərində böyük bir ağalığı olduğunu hiss etdi və kənarda durub, ərbabın alveri qurtarmasını gözlədi. Ərbab alıcını zorla dükana salıb oturtdu. Nəhayət, özü pərdənin dalına keçdi. Oradan nə isə qırıq səslər eşidildi. Ərbab bir stəkan tünd çay gətirib, alıcının qabağına qoydu və yenə ipəyi tərifləməyə başlayıb, qiymət üstünə gəldi:

– Qardaş, vallah, o qiymətə verə bilmərəm, onda gərək sabah bu karxananı yığışdırım. Onsuz da gündə yüz dəfə mən dədəmə söyürəm ki, niyə bu qələti elədim, var-yoxumu qoydum bura.

– Niyə, indi ki, Allaha şükür, faydalı şeydir. Yollar bağlanıb, mal gətirən yox, özün qaytar, burax bazara...

– Sən yolların bağlanmağına baxma... On iki imama and içirəm ki, on beş il dava ola, yollar bağlana, bir yerdən bu İrana bir arşın mal gəlməyə, yenə vətən malı işə getməyəcək.

– Niyə, qardaş, niyə belə bədgümansan?

– Çünki tacirlərin anbarı Amerika, ingilis, alman malı ilə ağızbaağız doludur. Lap otuz il də satsalar, qurtarmaz.

Onlar hər ikisi öz dediyindən durur, söhbəti Səriyyə xalanın heç şey anlamadığı uzaq mətləblərə aparıb çıxarırdılar. Lakin söhbəti yenə ipəyin keyfiyyəti və qiyməti üzərinə gətirdilər. Nəhayət, müştəri soyumuş çaydan ikicə qurtum içib ayağa durdu:

– Bir şahı da artıq verə bilmərəm, gərək mən də bir şey qazanam, ya havadan dolanacağam, xudahafiz, – deyib getmək istədi. Yenə ərbab tələsik onu səslədi:

– Kişi, rəhmətliyin oğlu, hara tələsirsən? Bu qədər çənə-boğazdan sonra heç olmazsa, beş qranlıq mal al ki, əliboş getməyəsən.

– Heç bir şahılıq da almayacağam, dediyim qiymətə ver, üç yüz metr götürüm.

Onun qəti olaraq yola düzəldiyini görən ərbab:

– Pah, sənin evin yıxılmasın, tərs yeyəsi, – dedi, – gəl apar, qoy mənim evim yıxılsın.

Topları saydı, bir kənara ayırdı. Müştəri bir az beh verib:

– Malın dalınca gələndə, pulun hamısını verərəm, – deyib getdi.

Ərbab bir az rahatlanıb yerində oturduqdan sonra Səriyyəyə tərəf dönüb:

– Nə var, arvad?

Səriyyə cavab vermək istəyəndə ipək pərdə qalxdı və Göhər xanım ağ samovarı çıxarıb, həyətdə külünü boşaltmaq istədi. Səriyyə bir hissin təsirilə qaçıb, samovarı ondan aldı:

– Xanım, icazə ver, mən təmizləyim.

Göhər dərhal samovarı ona verdi və doğrudan da, bir xanım kimi əlini belinə vurub, ona tamaşa etdi. Səriyyə samovarı təmizləyib ona uzatdıqda Göhər soruşdu:

– Xala, yorğan salmaq əlindən gəlirmi?

– Bala, elə yorğanlar salıram, bəyə, xana layiq.

– Xörək də bişirərsənmi?

– Niyə bişirmərəm, bala.

Göhər xanım gözaltı, həm narazı, həm də qorxaq bir görkəmlə dayanmış ərbaba baxdı və Səriyyəyə döndü:

– Sabahdan mənə iki yorğan salacaqsan, xoşuma gəlsə, səni razı salacağam, gəlməsə, gözünü çıxardacağam. Harda olursan?

Səriyyə yeri olmadığını, kənddən gəldiyini söylədi. Göhər eyni etinasız nəzərlə ərbaba tərəf baxdı və amiranə səslədi:

– Yaxşı, uşağını da götür get o həyətin ətəyinə, hamamın yanında bir otaq var, orda qalarsan. Yuyun-təmizlən, səhər işə başla.

Səriyyə, ərbabla Göhərin arasındakı münasibətlərdən heç bir şey başa düşmədisə də, ağızlarını açan kimi dolu bulud təki yağış tökəcəklərini görürdü. Belə olarsa işinin pozulacağından qorxaraq səsini çıxartmadı, itaətkar bir hərəkətlə Niyazın qolundan tutub tələsik Göhər xanım göstərən tərəfə getdi.

Qızmaqda olan yaz günəşi çölləri, bağları getdikcə daha artıq qızdırır, bitkilərə can və həyat verirdi. Yer buğlandıqca ağaclar pöhrələnir, güllər qönçələnir, taxıllar qalxırdı. Adamlar yavaş-yavaş qalın qış paltarını əyinlərindən tökməyə və yüngülləşməyə başlayırdı. Lakin hələ qış soyuğu canlarından çıxmadığından özlərini günəşin ilıq işıqları altına verirdilər. Bu yaz, dünyanın vəziyyəti ürəklərdə həmişəkindən daha artıq bir əndişə oyatdığından, müharibə və sülh haqqındakı danışıqlar kəsilmirdi. Xüsusən balkanlarda yaranmış gərgin vəziyyət bu danışıqların mövzusu olmuşdu.

Fridun bir dəstə tələbə yoldaşı ilə darülfünunun günəş tutan həyətində gəzir və onların bu ətrafdakı danışıqlarına qulaq asırdı. Tələbələrdən biri:

– Almanlar bərk oyun başlayıblar, – dedi, – Bolqarıstana girdikdən sonra indi də Yuqoslaviyaya əl atmışlar.

Son hadisələrdən xəbəri olmayan başqa bir tələbə:

– Yoxsa yeni bir xəbər var? – deyə soruşdu.

– Dünən London verirdi, almanın təhrikilə macar qoşunları Yuqoslaviyaya girmişlər.

– Dava, deyəsən, bu tərəfə dönür, Şərqə sarı gəlir.

– Balkanların alman əlinə keçməsi Sovetlərə böyük təhlükədir.

– Müavini vəzir-xariciyyi Şurəvi cənab Vışinski macarların bu hərəkətini təkdir etmişdir.

– Qardaş, Sovetlərlə də zarafat eləmək olar? Güclü dövlətdir.

– Güclülükdən əlavə, siyasi əqidəsi də heç bir dövlətinkinə oxşamır.

Sovetlər haqqında tələbələr çəkinə-çəkinə və bir-birindən ehtiyat edərək danışır, açıq şübhələndikləri adam gördükdə tamamən söhbəti kəsirdilər. Fridun bütün cəmiyyətdə olduğu kimi, burada da cəbhələrin iki yerə ayrıldığını görürdü. Yoxsul ailələrdən olan tələbələrlə İranın istiqlal və tərəqqisini istəyən tələbələrin məhəbbəti Sovetlərin tərəfindən idi. Onlar vətənlərinin gələcək azadlıq və yüksəlişinin rəhnini Sovetlərin möhkəmlənməsində, bütün dünyada nüfuzunun artmasında görürdülər. Əksinə, mürtəce və varlı təbəqələrin içindən çıxmış tələbələr isə bunu özləri üçün əsl fəlakət sayır və hər vəchlə olur-olsun almanı da, ingilisi də, amerikanı da müdafiə edirdilər. Balkanlarda vəziyyətin gərginləşməsi və hadisələrin bilavasitə İrana yaxınlaşması bu mübahisələrə canlı, həyati bir ehtiras verdi.

Fridun tələbələr arasında eşitdiklərini yoldaşlarına bildirdi. Onlar fəhlələr arasında da eyni mövzudan danışıldığını dedilər. Rəsmi dairələr, qəzetlər və mürtəce şəxslər bütün bu söhbətlərə antisovet istiqamət verir, ingilis və Amerika mətbuatından aldıqları yalanları geniş yayırdılar. Rza Qəhrəmani:

– Heç dayanmaq zamanı deyil, – dedi, gəlin kitab da olmasa, vərəqə buraxaq. Birinci vərəqə kimi əl ilə yazarıq:

Vərəqənin adını “Xalqların ümidi və sülhün dayağı” qoymağı qərara aldılar. Fridun, gecə vərəqəni yazmalı, səhər Rza Qəhrəmaniyə çatdırmalı idi. Evində yaşadığı qoca sahibə də arada vasitəçi olacaqdı. Rza Qəhrəmani iki günə qədər üç yüz vərəqə hazırlamağa söz verdi.

Fridun gün batdıqdan sonra şəhərin cənub kənarında olan yeni otağında oturub, vərəqənin məzmununu düşünərkən qapısının döyüldüyünü eşitdi. Gələn, vətəndaş paltarı geymiş yavər Əzimi idi. O, ayaqüstü Sərtibin sözlərini Friduna çatdırdı:

– Vəziyyət ağırdır, məhbəsdəkiləri edam gözləyir.

Kərimxan Azadi, doktor və başqa yoldaşların xilas edilə bilməyəcəyini anlayan Fridun heç bir söz deyə bilmədi. Yalnız uzun bir sükutdan sonra hər sözü ayrılıqda tələffüz edərək yavaşca dedi:

– Borcumuz onların yolunu davam etdirməkdir. Biz də ölsək, başqaları tapılar.

– Sərtib tapşırdı sizə deyəm ki, onun da vəziyyəti ağırdır. Hər tərəfdən casuslarla əhatə edilmişdir.

– Sərtibə deyin, darıxmasın, lazım olanda biz onunla əlaqə yaradarıq.

Yavər Əzimi onun qoşun hissələrindəki vəziyyət haqqında sualına cavab verdi:

– Alman zabiti olmayan hissə yoxdur. Məşqlərdə sərbazları ruslarla vuruşmağa hazırlayırlar.

– Bəs sərbazlar necə?

– Sərbazın doxsan doqquz faizi kəndli və kargər balasıdır. Rusun üstünə silah qaldırmaz. Bizim yoldaşlar da mümkün olduqca başa salırlar.

Fridun ona xalqa yaxın olan aşağı rütbəli zabitlər arasında daha diqqətlə işləməyi tapşırdı və yola saldı. O, getdikdən sonra vərəqədə xüsusi bir cümlə ilə sərbaz və zabitlərə müraciət etməyi qərara aldı. Yarımçıq qalmış fikirlərini axıra qədər düşünərək tamamlamağa çalışdı. O, qəti döyüş zamanının yaxınlaşdığını hiss edir, gizlində hazırladıqları bir dəstənin açıq meydana çıxıb, imtahan verəcəyi günün çatmaqda olduğunu duyurdu. O zaman onlar hər tərəfdən ayağa qalxacaq və məğlubedilməz bir ordunu – xalqı təşkil edib istibdad üzərinə qəti hücuma aparacaqdılar. Bu böyük ordunun döyüş qabiliyyəti indi görülən işlərdən, onun siyasi və fikri tərbiyəsinin dərəcəsindən asılı olacaqdı. Onda zamanın tələblərinə cavab verəcək bir şüur tərbiyə etmək qalibiyyəti qazanmaq demək idi. Köhnə, çürük fikir və təsəvvürlər, uydurulan yalanlar bu yolda onun fikrini buxovlayan ağır zəncirlər idi. Fridun indi əlində qələm özünü bu zəncirləri qıran bir sərbaz kimi hiss edərək, döyüş meydanı girməyə hazır idi. Bütün fikirlər yetişmişdi. Bir cisim kimi onlara toxunmaq mümkün idi. Fridun əlinə qələm alıb, “vətəndaşlara” sözünü kağıza yazdı və dayandı. Kağıza tökülmək istəyən fikir və hisslərə hansı cümlə ilə yol açmağı düşündü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 dəq
İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 dəq
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 dəq
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 dəq

Başqa şairlərin şeirləri