İyirmi üçüncü fəsil
Səhifə 4 / 5 · 60%
Bu zaman həyətdə tez-tez və dolaşıq danışan adam səsləri eşitdi, qələmi yerinə qoyub ayağa durdu. Qapının cəftə yerindən baxıb, sarı çıraq işığında yaxınlaşan iki silahlı və bir qarayaxa adam gördü, tez qayıdıb, dalana çıxan pəncərəni açdı və oradan sıçramaq istədikdə tüfəng lüləsi ilə üz-üzə gəldi. Geri döndü, qapını sındırıb, iki silahlı adamla içəri girmiş Sərhənglə qarşılaşdı. Sərhəng:
– Pəncərədən qaçmağa öyrənmisiniz, – dedi, – bu dəfə gecikdiniz.
Fridun onun öz adi mülayim ifadəsini pozmayan üzünə baxdı.
– Gecikən sizsiniz, Sərhəng, mən hər yerə vaxtında çatmışam.
Qollarını dalına bağlayıb, evdən çıxaranda artıq ilk həyəcan soyumuş, yerini hər şeyə müqavimət göstərməyi tələb edən sərt bir düşüncəyə vermişdi.
Fridunun tutulmasını Qəhrəmaniyə Fəridə xəbər verdi. İlk dəqiqədə Qəhrəmani fikrində bir çaşqınlıq hiss etdi. Gözüyaşlı Fəridənin sözləri ona anlaşılmaz göründü. Heyrətdən böyümüş gözlərini onun üzünə dikib durdu. Fəridə Fridun kimi adamların az tapılacağını, onun canlara dəyən oğlan olduğunu deyərək, böyük bir təəssüf hissilə sözünü təkrar etdi. Birdən-birə Qəhrəmaninin alnını soyuq tər basdı. O, yaylığı ilə təri silərək, taqətsiz bir adam kimi kresloya oturdu. Fikrini bir yerə yığmağa, nələr vaqe olduğunu bütün aydınlığı ilə təsəvvür etməyə çalışdı. Nə isə beynində fikirlər bir-birinə qarışırdı, təəssüflə, məyusluq, həyəcan, əndişə... Eyni zamanda fikri sürətlə işləyir, qəlbi həyəcanla döyünürdü.
Fridunun tutulması onlara böyük bir zərbə idi. Qəhrəmani başqa yoldaşları da, xüsusən Kürd Əhmədi bir xəta gözlədiyini düşündükdə bu qərara gəldi ki, təcili ehtiyat tədbirləri görmək lazımdır. Fəridə ilə axşam doktorun oğlunun gizləndiyi qarovulçunun evində görüş təyin etdi. Kürd Əhməd və Sərxana xəbər verməyi Fəridəyə tapşırdı.
Onlar qoca qarovulçunun su anbarında görüşdülər. Rza Qəhrəmani hamıdan qabaq gəlmişdi. Fridunun tutulmasını da doktorun oğluna xəbər verən o oldu. Doktorun oğlu bu gözlənilməz xəbərdən sarsıldı:
– Necə olsa, onu qurtarmalıyıq – dedi, – sabahdan mən paltarımı dəyişib çıxacağam, hərəkət etmək lazımdır, yoxsa bu zirzəmidə yata-yata bir-bir bütün yoldaşlarımızı bada verərik gedər.
Rza qəti olaraq onun sözünü kəsdi:
– Bu boş fikirləri başından çıxart. Ehtiyatsızlıq edərsən, səni də tutub qatarlar dama. Bununla nə bizim, nə də məhbəsdəkilərin vəziyyəti yaxşılaşmaz.
Doktorun oğlu səbirsizliklə:
– Bəs nə təhər olsun, elə oturub baxaq ki, yoldaşlarımızı dar ağacından necə açacaqlar?
Rza yavaş, lakin sərt cavab verdi:
– Nə etməli, görünür, onsuz işimiz aşmayacaq.
Fəridə, Kürd Əhməd və Sərxan gəldikdə Rza Qəhrəmani uzun müqəddiməyə və kədərli sükut yaranmasına yol vermədi, ayaq üstə durduğu halda dərhal mətləbə keçdi:
– Mənə elə gəlir ki, bu vaxta qədər qabağımızda getmiş bəzi yoldaşlar müvəqqəti olaraq bir az dala çəkilsələr yaxşıdır. Mən, xüsusən ağayi Kürd Əhmədi nəzərdə tuturam. Onun Tehrandan çıxmasını təklif edirəm, bir müddət Kürdüstan və Azərbaycana getsə yaxşıdır.
Onlar Rza Qəhrəmaninin fikrini izahatsız da anlayırdılar. Sərxan:
– Yaxşı təklifdir, – dedi.
Kürd Əhməd ani bir hisslə etiraz etmək istədi. Ona elə gəldi ki, işin bu ağır zamanında özünü kölgəyə çəkmək namərdlik və meydandan qaçmaqdır. Lakin yoldaşlarının qəti baxışları sağlam şüur və hissiyyatın yanlış olduğunu deyirdi. O, əsəbi bir səslə:
– Çox yaxşı, – dedi, – mən ağayi Hikmət İsfahanidən icazə alıb şimala gedərəm. O tərəflərdə bəzi işlərimiz də var, Tehranda təşkilata rəhbərlik ağayi Rza Qəhrəmaninin boynuna düşəcəkdir. Unutmayın ki, irtica və istibdadın bu hücumları bizim əl-qolumuzu sustaltmamalıdır.
Yanaqları qızarmış Fəridə tələsik danışdı:
– Əksinə, bu saat məndə elə hiss var ki, elə bil, meydana çıxıb vuruşacağam.
Doktorun oğlu:
– Məni də bu zirzəmiyə salıb, cərgədən çıxmış hesab etməyin, – dedi, – yazıdan-pozudan nə olsa, verin.
Rza Qəhrəmani:
– Yazı da verəcəyik, başqa işlər də. Hələlik səbir lazımdır.
Onlar dağılışarkən bir-birinə baxıb öpüşdülər. Bir-bir su anbarından çıxıb, hərəsi bir yana getdi.
Rza Qəhrəmani yenə Fridunu düşünürdü. Bir şey etmək lazım idi. Bir tədbir görmək lazım idi. Fridunun birinci dəstə ilə mühakimə olunmasının qabağını almaq lazım idi. Çünki onların xilasına heç bir ehtiyat yox idi. Onlarla birlikdə mühakimə ediləcək hər bir adam mütləq məhv olacaqdı. Bu fikirlərlə evdən çıxıb, Səlimini axtarmağa getdi. Onun Hikmət İsfahanigildə olduğunu söylədilər. Fəlakət zamanı ən kiçik bir ehtimal belə insanın xəyalında min ümid oyadır. Qəhrəmani də belə halda idi. Buna görə də nə cür olursa Səlimini görməyi kəsdirmişdi. Ona elə gəlirdi ki, Fridunun həyatı bu görüşdən asılıdır. Başqa cür hərəkət etmək olmazdı. Bu fikirlərlə o, Hikmət İsfahanigilə getdi. Vacib bir iş üçün xanım Şəmsiyyəni görmək istədiyini söylədi. Onu böyük bir həyətdən keçirib ikinci, nisbətən kiçik həyətə gətirdilər. Burada Şəmsiyyə özü qabağa çıxdı. Onu fərşlərlə döşənmiş işıqlı bir otağa apardı. O, nə üçün gəldiyini söylədikdə Şəmsiyyə dərin bir fikrə getdi. Halının dəyişməsi, nə isə onun da bir həyəcan keçirdiyini bildirdi.
Qəhrəmaniyə:
– Yaxşı, siz gedin, – dedi, onların işi sərhəng Səfaidədir. O, atamın yaxın dostudur. Mən atamla danışaram. Onu bu işə vadar etməyə çalışaram. Nəhayət, özüm Sərhəngin yanına gedərəm.
Qız susdu. Lakin onun hələ də əsəbi halda bu barədə düşündüyü aydın idi. Həyatdan doymuş bir adam kimi:
– Son zamanlar elə bil ki, dünya öz məhvərindən çıxmışdır, – dedi, – hər gün mənhus bir əməl, bəd bir xəbərlə qarşılaşırsan. Hər şey bir-birinə dəymişdir. Heç bir işə, heç bir şeyə etibar qalmamışdır. Oturduğun yerdə elə güman edirsən ki, ev başına uçulacaqdır.
Fikrən hələ də Fridunu qurtarmaq yollarını axtaran Qəhrəmani onun bu sözlərinə diqqət vermədi.
– Xanım, ağayi Səlimiyə də desək necə olar? Bəlkə, o bir şey edə bildi? – deyə soruşdu.
Qız darıxmış halda:
– Ağayi Səlimi nə edə bilər? – dedi. – O öz başını güclə salamat saxlayır. Sizə elə gəlir ki, bu yuxarılarda, bu dəbdəbəli, zəngin saraylarda baş saxlamaq asandır? Bunların hamısı kənardan yaxşı görünür, uzaqdan baxanın gözünü qamaşdırır, yaxına gələndə bir damcı zəhərdən başqa bir şey deyildir!..
Qəhrəmani o qəbil insanlardan idi ki, onların fikri bir məsələnin üstündə gərgin işlədiyi zaman xarici aləmdə heç bir şey görməz və eşitməzlər. Buna görə də Şəmsiyyənin bu sözlərinə də əhəmiyyət vermədi.
– Bəs nə edək, xanım, deməli, ümid sizə qalır, hə?
– Çalışaram, əlimdən gələni edərəm.
Qəhrəmani durub gedərkən Südabənin hələ də ağır xəstəlikdən qalxmamış anasını nəzərinə gətirərək:
– Bircə xahişim var, mümkün olsa bunu hələlik Südabəyə bildirməyin, – dedi.
Qəhrəmanini yola saldıqdan sonra Şəmsiyyə atasının yanına getdi. Hikmət İsfahani təzəcə nahar etmiş və kresloya uzanaraq fikrə getmişdi. Kefi özündə olmadığını, nə isə çox gərgin düşündüyünü Şəmsiyyə onun simasından bildi:
– Ağa, nə düşünürsən? Nə olub belə? – deyə süni bir mehribanlıqla qollarını onun boynuna saldı və üzündən öpmək istərkən dodaqları sol gözünə toxundu. Qız təkrar soruşdu:
– Nə düşünürsən, ata?
Qızın nazlanmasından nə isə bir kələk hazırlandığını güman edən Hikmət İsfahani:
– Nə borcuna nə düşünürəm, sən də görüm niyə gəlmisən? – dedi. Qız onu daha artıq oxşamağa çalışdı:
– Yox, əvvəl sən de görüm, nə düşünürsən?
– Boynumdan asılma, gəl burada otur, deyim.
Şəmsiyyə onun göstərdiyi kresloya oturdu. Hikmət İsfahani:
– Düşünürəm görüm nə təhər eləyim ki, yüz min tümən əldən çıxmasın.
Daxilən belə söhbətlərdən zəhləsi gedən Şəmsiyyə süni bir maraq göstərdi:
– Nə yüz min tümən?
Hikmət İsfahani qızının belə şeylərlə maraqlanmasından sevindi. Özlüyündə onun artıq həyat təcrübəsinə malik bir adam olmağa başladığını düşündü.
– Mister Tomasın vasitəsilə ingilis ticarətxanasından yüz ton qənd almışam. – dedi. – Satmadım, saxladım. Bazardakı qəndi də yığırdım ki, bəlkə, heç olmazsa hər tonundan beş-on min tümən çıxaram. Elə, işin düzələn yerində rus ticarətxanasına qənd gəlib. İndi onlar, bazara buraxsalar, mən öldüm. Nəinki yüz min tümən fayda əldən çıxdı, bazardan yığdıqlarımdan da bir iyirmi-otuz min tümən zərər çəkəcəyəm.
Şəmsiyyə sadə bir əda ilə:
– Rusların da qəndini alın, – dedi.
– Elə məsələ onun üstündədir ki, görək indi ruslar o qəndi mənə verəcəklər, ya yox? Əvvəla, mənim onlardan acığım gələn kimi, onların da məndən acığı gəlir. Sonra da, min şərt qoyacaqlar. Üçüncü də, deyəcəklər ki, bizim öz müştərilərimiz var. Bazarda inhisar yaramayın. Camaatı korluğa salmayın. Nə bilim, min söz deyəcəklər.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
İyirmi birinci fəsilKərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Başqa şairlərin şeirləri
Özün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Acı həqiqətlər qarşısında dadlı xatirələrÇox bağırdıq ki, nisanın da böyük xidməti var,Rolu var, qulluğu var, güclü əhəmiyyəti var.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,