Səhifə 3 / 3 · 67%

– Ağa, xahiş edirəm, bir az tez sür! – dedi.

Faytonçu atları səsləyərək, qırmancını havada yellətdi.


Maşın Fridunu Şimrandan birbaş doktorun oğlugil olan küçəyə gətirdi. Fridun qəsdən maşını iki ev aralı saxlatdırıb düşdü və şoferə təşəkkür edərək, geri qayıtdı. O, bir tərəfdən sevinir, bir tərəfdən də darıxırdı. Hazırlanan xəyanətdən xəbər tutduğu üçün sevinirdi. Bəlkə, fəlakətin qabağını almaq mümkün oldu.

Şimranda çox oturduğu üçün bir əndişə içərisində özünü danlayırdı. Bəlkə, artıq gecdir! Bu təzadlı düşüncələrlə o, doktorun oğlugilə yaxınlaşdı. Lakin birbaş gedib qapını döyməkdən çəkindi. Artıq o hər şeydən şübhələnməyə başlamış və buna görə də çox ehtiyatlı olmuşdu. Hələ doktorun oğlugilin evinə çatmamış qabaqda iki ajan gördü. Halbuki buralarda heç vaxt ajan olmazdı. Özünü laübalılığa vurub, onların yanından keçdi. Əlli addım getməmiş yenə iki ajana rast gəldi. Doktorun oğlugilin evinin tinində böyük və qara bir maşının da durduğunu gördükdə şübhələrinin həqiqət olduğunu anladı. Bütün bunlar onu kənarda gözləməyə, qapıya yaxınlaşmamağa məcbur etdi. Böyük bir ürək döyüntüsü ilə qarşıdakı dalana burulub, qaranlıq bir qapının dalında gizləndi və güdməyə başladı. Bu qayda ilə o, yarım saat durdu. Bu yarım saatın hər dəqiqəsi ona bir il qədər gəldi. Lakin iradəsini topladı, canını dişinə tutaraq, saniyələri saya-saya gözləyib durdu. Nəhayət, doktorun oğlugilin qapısı açıldı və oradan bir dəstə adam çıxdı. Qapıdakı lampanın sönük işığında o, doktoru və Kərimxan Azadini seçə bildi. “Demək, hər şey bitdi. Hər şey məhv oldu!” deyə düşündü. Qəlbində bir anda dəlicəsinə bir fikir oyandı. Özünü bu silahlı adamların üstünə atıb, yoldaşlarını xilas etmək!.. Lakin bunun imkan xaricində olduğunu deyən əqli-səlim onu bu hərəkətdən saxladı. Ağır bir zərbə almış kimi, qeyri-ixtiyari olaraq, dizlərinin taqətdən düşdüyünü hiss etdi. Nəmli kərpicin üstündə oturduqda hərəkət edib gedən maşının səsini eşitdi. Lakin oturduğu yerdən qalxa bilmədi. Uzun müddət başı dizlərinə söykənmiş halda oturub qaldı. Lakin kədər və məyusluq heç bir fayda verməyəcəkdi. Bir iş görmək, hələ tutulmamış yoldaşları xəbərdar etmək lazım idi. Həm də elə bu saat, bu gecə... Hər keçən dəqiqə bir yoldaşın həyatını apara bilərdi. Bu fikirlərlə durub, evlərinə tərəf yollandı.

Otağa daxil olduqda doktorun oğlunu, Qəhrəmani ilə oturub söhbət edən gördü. Sevincindən onları qucaqlayıb bərk-bərk öpdü və hər ikisinin gözündən yaş damlası yanaqlarına süzüldü.

Doktorun oğlu titrək bir səslə:

– Başımıza gələni bilirsənmi? – deyə soruşdu:

– Bildim, – dedi, – hamısını bildim. Şükür ki, sən qurtarmısan. Mən səni azad görəcəyimi təsəvvür etmirdim.

– Mən də sənin üçün bərk qorxurdum. Ona görə də birbaş buraya gəldim.

Fridun bu cür söhbətlərin qurtarmayacağını duydu.

– Burada oturmağın xeyri yoxdur, bəlkə də, təhlükəlidir, durun gedək yoldaşları xəbərdar etməliyik.

Yol uzunu yaranmış əziyyətdən və nə etmək lazım gəldiyindən danışdılar. Doktorun oğlu anasından çox nigaran olduğunu söylədikdə Fridun onu təskin etdi. Gecə ikən bir vasitə ilə ona xəbər çatdıracağını bildirdi. Hələlik Xavəri xəbərdar etməli idilər. Doktorun oğlu özü də Xavərgilə getmək istədiyini söylədikdə, Fridun etiraz etdi:

– Hər şeydən qabaq sən gizlənməlisən. Artıq bir dəqiqə də sən şəhərdə açıq gəzə bilməzsən. De görüm, harada gizlənmək olar?

Doktorun oğlu bir neçə yer saydı. Kürd Əhmədin evi, tanış çayçının otağı və sairə... Bunların heç heç biri ilə Fridun razılaşmadı! Nəhayət, kilsə ruhanilərindən yaxşı tanıdıqları qarovulçunun evini əlverişli gördülər. Fridun:

– İndi gedək, sən orada rahatlan, biz də arxayın öz işimizdə olaq, – dedi.

Təsadüfən rast gələn bir maşına oturub, qarovulçunun evinə sürdülər. Fridun və Qəhrəmani doktorun oğlunu orada yerbəyer etdikdən sonra ondan ayrıldılar.

Qəhrəmani:

– Heç yerə tərpənmə, hər gün nə yenilik olsa, sənə çatdırarıq, – dedi.

– Siz özünüzü gözləyin, Kürd Əhmədə də xəbər verin:

– Bizdən arxayın ol, darıxma!

Onlar çıxıb, yenə bir fayton tutdular. Kürd Əhmədin evinə getdilər. Bacısı onu gözlədiyini, lakin hələ gəlib çıxmadığını söylədi. Onlar: “Gələndə evdə oturub, heç yerə tərpənməsin, bizi gözləsin” deyib ayrıldılar. Beləliklə, onlar bir neçə yoldaşı xəbərdar etdilər. Nəhayət, gecəyarısından xeyli keçmiş Xavərgilə yollandılar. Onlara elə gəldi ki, bu ağır və məşum gecənin ən əzablı dəqiqələri gəlib çatır. Bu pis xəbəri Xavərə necə demək olardı? Onun kədərli baxışlarına necə davam gətirmək olardı? Bu böyük fəlakəti o bədbəxt və kimsəsiz qadın necə qarşılayacaqdı? Ağlayıb özünü həlak edəcək, yoxsa davam gətirmək üçün özündə daxili bir qüvvə tapacaqdı? Hələ balaca Azad! Onun “Ata, ata” deyən nəfəsi daşı da əridərdi. Nəinki bir dost, bir yoldaş ürəyini!.. Bununla belə, getmək və demək lazım idi. Xavərin oturub Kərimxanı gözləyəcəyini, yatmayacağını bilirdilər. Yəqin indi o dəli kimi həyətdə dolanır. Qulağı qapıdadır. Belə bir dəqiqədə ona bir dost, bir yoldaş da öz əlini uzatmasa, kim uzadacaqdı? Yox, nə qədər ağır olsa da ona xəbər vermək lazım idi. Lakin oraya getməyin təhlükəli olduğunu düşünüb, bu fikirdən əl çəkdilər. Dözmək və səbr etməkdən başqa çarə yox idi. Yalnız iki gün sonra bir dilənçi vasitəsilə onunla əlaqə düzəltdilər. Gecə doktorun oğlu gizlənən qarovulçunun evində görüş təyin etdilər. Xavərlə üz-üzə durduqda Friduna elə gəldi ki, həyatının ən ağır dəqiqələrini yaşayır. Xavər balaca Azadı da özü ilə gətirmişdi. Uşağın gözlərinə qeyri-adi bir kədər qonmuşdu. Sapsarı saralmış və bütün vücudu ilə gərgin bir hal keçirən Xavər lal baxışlarını Fridungilə dikmişdi. Sonralar Fridun yalnız dodaqlarının titrədiyini və nə isə, özü də anlamadığı sözlər danışdığını xatırlayırdı:

– Xavər bacı! Başa düşürsünüzmü, Kərimxan sağ-salamatdır. Heç nə olmaz. Qorxmayın!..

Onlar Xavərin nalə çəkib ağlayacağını gözləyirdilər. Lakin Xavər heç səsini də çıxartmadı. Qəhrəmani onun dizlərinin büküldüyünü və qeyri-ixtiyari yerə oturduğunu gördü. O, tunc heykəl kimi sakit və səssizdi.

Qəhrəmani:

– Xavər bacı, biz sizin də, Kərimxanın da qardaşıyıq, – dedi, – rica edirəm səbr edəsiniz, dözəsiniz!

Xavər uzun sükutdan sonra:

– Mən bilirdim, belə olacağını bilirdim! – deyə söylədi.

Fridun bu sözlərdə bir təəssüf, yoxsa taleyə qarşı bir üsyan olduğunu ayıra bilmədi. Bir saatdan artıq üçü də beləcə səssiz oturdu. Ona daha bir neçə təskinedici söz dedilər. Lakin bunların mənasız olduğunu gördükdə susdular. Xavər qolunu uşağının boynuna salaraq qucaqlamış və üzünü-üzünə söykəyərək fikrə getmişdi. Daha doğrusu, Fridun onun hələ də ağladığını kəsdirə bilmirdi. Bəlkə də o, bağrına basdığı balasını həyatın fırtına və boranlarından qorumaq yollarını axtarırdı.

Gecədən xeyli keçmiş onu faytona oturdub, yola saldılar. Sonra yenə Kürd Əhmədin dalınca getdilər. O hələ də Tehrana qayıtmamışdı.

Evə gəldikdə səhərə qədər yata bilmədilər. Gələcək iş yollarını düşünürdülər. İki gün sonra dəmiryol fəhləsi Rüstəmin evində yoldaşları toplamağı qərara aldılar. Qəhrəmani:

– Mübarizədən dönən namərddir! – dedi. – Ya dar ağacına gedəcəyəm, ya da Pəhləvinin zəlil olduğu günü görəcəyəm!..

Fridun:

– Gələcək, o gün gələcək! – deyib qalxdı və pəncərə qabağında durdu.

Şərq üfüqləri ağarmağa başlayırdı. Lakin Tehranın üstündə hələ də qatı bir qaranlıq vardı. Bu, qurtarmaqda olan gecənin pərdəsi idi. Birdən-birə ona elə gəldi ki, üfüqlər al rəngə boyanmışdır. Oradan gözəl bir səhər, pak və təmiz bir gələcək doğmaqdadır. O al rənglər getdikcə artır, böyüyür, bir məşəl, bir azadlıq günəşi kimi bütün dünyanı işıqlandırır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü fəsil

Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

9 dəq
Dördüncü fəsil

Fridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.

17 dəq
Beşinci fəsil

İlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.

18 dəq
Altıncı fəsil

Tehran düzündə qeyri-adi bir külək oynayırdı... Birdən qalxaraq, göy üzünə bir neçə boz bulud gətirmiş bu külək şəhərin üstünü toz ilə örtmüşdü... Azca saralmış və dumanlı kimi görünən günəş öz qaydasilə hər tərəfi yandırıb yaxırdı. Ala-tala buludlar ondan çox aralı hərəkət edib gedir, kölgələrini şəhərin üstünə yox, Zərgəndə və Şimrana salırdı. Külək şəhərin küçələrində, evlərin tinində, dalanlarda dolanır, isti və kəsif havaya quru və acı toz-topaq qataraq, insanların üzünə, gözünə, başına çırpırdı. Otaqların pəncərəsini örtdükdə istidən nəfəs almaq olmur, açdıqda isə dərhal toz qazmağı ilə örtülməyən bir künc-bucaq qalmırdı.– Şərq belədir, həm dişlərini qıcıyır, həm gülümsəyir, – deyə fon Valter otağın pəncərələrini örtdü, üç tərəfdən künclərə qoyulmuş elektrik ventilyatorlarını işə saldı və adəti üzrə divardan asılmış balaca, dairəvi aynaya baxaraq, başının tüklərini yana sığallamağa başladı. Aynada daz başının dərisi daha da işıldayırdı. Saç naminə yalnız başının yanlarında, qulaqlarının üstündə bir qədər tük qalmışdı. Bir müddət o bu tükləri hər iki tərəfdən yuxarıya doğru darayaraq, səliqə ilə ortalığa yatırır, nə isə ürəyinə bir qüssə gətirən dazlığın üstünü örtməyə çalışırdı. Lakin zaman keçdikcə onlar o qədər qısaldılar ki, heç cür gəlib ortalığı örtə bilmədilər. Fon Valter bu tüklərdən əl çəkməyib, yatarına daramağa başladı. Seyrək çayırlıqda düşmüş yol kimi alnından boynunun ardına qədər uzanan dazlığı isə birdəfəlik görməməyi qərara aldı. Yanlarda qalmış seyrək tükləri sığallamaq bir əyləncəyə, bir adətə çevrilmişdi. Kefinin saz vaxtında ayna qabağında durub, fit çala-çala uzun müddət bu tükləri darar, sığallardı. Müsahibə zamanı müvəffəqiyyətli bir söz desə, ya xoşuna gələn bir söz eşitsə, boğuq bir səslə gülüb, əlini bu tüklərə çəkərdi... Onun gülməyinə də gülmək demək olmazdı. Nə isə bir “xı, xı, xı” eşidilərdi. Sanki boğazında qalmış bir şey onu boğur. Tanıyanları deyərdilər ki, fon Valter gülməyi bacarmır, o özü də buna etiraz etməzdi. Lakin müsahiblərin, kənardan müşahidə edənlərin gözü onun əllərində olardı. Elə ki, bu əllər başına doğru qalxdı, o saat bilərdilər ki, bəli, deməli, söz fon Valterə təsir etmişdir: təsir yaxşı olanda əllərilə seyrək tükləri yavaş-yavaş, səliqə ilə tumarlardı. Pis olanda əllərini tez-tez bu tüklərə çəkərdi. Fon Valterin balaca və yumru boynuna nisbətən başı çox yekə görünürdü. Alnı elə bil yumruq kimi qabağa çıxmışdı. Sarı qaşları tərpənəndə gözlərinin üstünü örtürdü. Onları dərinlərdə gizlədirdi. Bilmək olmurdu ki, gözləri çox batıqdır, yoxsa qaşları çox çıxıq... Buna münasib də qalın və sallaq dodaqları vardı. Bu simada yalnız, nazik, düz və hamar burun başqa bir bədəndən gəlmə, yabançı bir təsir bağışlayırdı.

15 dəq

Başqa şairlərin şeirləri