Otuzuncu fəsil
Səhifə 2 / 2 · 50%
– İnsan yaşamaq üçün doğulmuşdur!
Gülnaz qabağa yeriyir. Fridunu qucaqlamaq üçün qollarını açır! Elə atasının, anasının gözü qabağında onu qucaqlayacaqdır? Axı nə olar, ürəyi yanan bir adama su içmək niyə ayıb olsun?
Barmaqlarının yanmasilə otağın qaranlığa bürünməsi bir oldu. Kibrit çöpü kül olub yerə düşdü. Gülnaz xəyallardan ayıldı, lakin günəşli kənd, xırman üstü, taya dibi gözündən çəkilmədi. Fridun onu çağırır, Ayaz onu haraylayır, Almaz qollarını açıb ona doğru yeriyir və:
– Gəl, bacım, gəl! – deyirdi.
Gülnaz davam gətirə bilməyib yerə oturdu. Başına çox aydın, çox sadə və kəskin bir fikir gəldi.
– Yox, mən əlimi öz qanıma batırmayacağam, günahdır, çox böyük günahdır! Əgər öləcəyəmsə, qoy qanım düşmənlərimin üstünə tökülsün. Onların əlində qurusun. Öz əlimdə yox!
Sanki bu sözləri divar da təkrar etdi. Sonra da elə bil hər yandan bu səs eşidildi:
– Bəsdir, dur zəncirlərini qır, böyük dünyaya çıx!
Bu nə xəyal idi, nə də sayıqlama! Onun huşu özündə idi. Sanki uzun bir yuxudan indi ayılırdı. Bu vaxta qədər dumanlı pərdələr dalından gözünə görünən dünyanı sanki indi açıq gözlə seyr edirdi. Ağır bir yükü çiynindən atmış kimi qətiyyətlə ayağa qalxdı. Kibriti götürüb balaca çırağı yandırdı. Qatı neft iyi verən bez köynəyini əynindən çıxarıb, küncə qoydu. Yastığın altındakı köhnə paltar cındırlarını götürüb, bədənini sildi, ikinci və yeganə köynəyini əyninə keçirtdi. Sonra kibrit çəkib ağ neftlə islanmış küncdəki köynəyi alışdırdı. Cəftəni qaldırıb qapını açdı. Gecə qaranlığı içərisində yanan köynəyin işığı güclü bir sel kimi həyətə axdı. Kim isə eyvandan həyətə qaçdı, tonqal kimi yanan köynəyin yanında durub diqqətlə alova baxan Gülnazı göstərərək:
– Vay, qız evi yandırdı, gəlin! – deyə haray saldı.
Adamlar həyətə atıldılar, zirzəminin qabağına doluşdular. Gülnaz hələ də daş bir heykəl kimi gözlərini alova dikib durmuşdu və kimsəyə əhəmiyyət vermirdi. Qəmərbanu yanan köynəyə baxdı və Gülnazın qabağında durdu:
– Hə, qudurmusan, evi yandırmaq istəyirsən?
Gülnaz danışmadı. Bu, Qəmərbanunu daha da haldan çıxartdı. Gülnazın çiynindən tutaraq dartdı və:
– Dur get, baltanı götür odun yar, odun lazımdır – deyə onu itələmək istədi. Lakin Gülnaz birdən-birə ona tərəf döndü:
– Get özün yar! – deyib döşündən elə itələdi ki, arvad az qaldı divara dəyib əzilsin. Bütün xanımlar heyrətlə bir-birinə baxdı. Gülnaz mütənasib bədənini düzəldərək, başını daha da dik tutdu.
– Mən artıq sənin qulun deyiləm, olmayacağam da!
Bu hadisədən sonra Qəmərbanu heç bir söz deməyib, öz otağına getdi. Danışmamağının səbəbi çox qəzəbli olması deyildi: əlbəttə, Gülnaz onun canını boğazına yığmışdı. O, qızın hərəkətlərini tərslikdən başqa, bir şeylə izah edə bilmirdi. Namus və heysiyyət duyğusunun insana bu qədər mənəvi və cismani qüvvət verdiyini o, təsəvvürünə də gətirmirdi. O, öz balaca evi və salonunu bütün cəmiyyətin timsalı sayırdı. İçki və nəşənin beyinləri dümanlatdığı vaxt o, ən mötəbər qonaqlarının belə, məsələn tutaq ki, tacir, mülkədar və ya nəzmiyyə işçisinin lap üzünə deyirdi:
– Mənim xanımlarım sizin xanımlardan daha təmizdir, onlar gizlində eliyəni bunlar aşkar edir...
Bu sözləri deyir və gözlərini süzdürərək qəhqəhə çəkib gülürdü. Buna görə də təbiidir ki, Gülnazın “tərsliyinin” dərin daxili, yəni mənəvi və əxlaqi səbəblərini anlamaqdan çox-çox uzaq idi. O, ancaq qarşısında balaca, zəif, lakin çox məğrur və yenilməz bir varlıq görürdü. Onu balaca və zəif sandığı üçün müqaviməti artdıqca qürurunu əzmək, ayaqları altına alıb tapdamaq duyğusu da artırdı. Lakin hərdənbir yorulurdu. Fikrən yumşalır, “güc əyməyini, söz əyər” deyə qızı xoşluqla yola gətirməyə çalışırdı. İndi də Gülnazın ağzından “qulun deyiləm, olmayacağam da!” sözlərini eşitdikdə qorxub geri çəkildi. Üstünə atılıb, saçlarını yolmadı, halbuki böyük ləzzətlə bunu edərdi. Etmədi, çünki qorxdu. Qızın da ona əl qaldıracağını duydu. Yuxarıda, otağında isə Qəmərbanunun başına başqa fikirlər gəldi: “Dünyanın bu dolaşıq zamanında bu qızı xanımların içində saxlamaq xatadır. Fikirlərini çaşdırar. Sabah hamısı üstümə ayaq alar. “Ona neylədi ki, bizə də neyləsin” deyib başıma çıxarlar. Əlbəttə, bu fikirlər əsassız deyildi. Doğrudan da, qızların içində yavaş-yavaş Gülnaza hörmət etməyə başlayanlar və bu cür düşünənlər yetişirdi. “Yox, – deyib Qəmərbanu öz fikirlərinə yekun vurdu. Yox! Onu qızların içində saxlamaq olmaz”. Qərar birdən-birə hazır oldu: Gülnazı “xüsusi adamlar” üçün saxladığı tək evlərdən birinə köçürmək fikrinə gəldi. Orada qızı əzmək, ayaq altına salmaq üçün daha təsirli vasitələr tapardı.
Lakin bunu bütün həyətdəkilərdən gizlin etməyi kəsdirib eyvana çıxdı, nökəri səslədi:
– A gədə, get o it küçüyünə de, qoy zir-zibili yığışdırsın. Bir fayton da çağır, aparıb verəcəyəm sahibinə, qoy getsin kəndlərinə, mal tövləsi təmizləyəndən adam olmaz.
Yarım saat sonra həyət qapısından bir fayton hərəkət etdi. Bu faytonun içində bir-birindən aralı iki adam oturmuşdu. Bunlardan biri Qəmərbanu, biri də Gülnaz idi. Gülnaz doğrudan da, artıq azad edildiyini düşünürdü, halbuki ümumi otaqdan qarserə salınan məhbus vəziyyətində idi.
İki gün sonra ağaclar və divarların kölgəsi uzanıb, axşam sərinliyi düşəndə Qəmərbanunun qapısı döyüldü. Həm də bu adi qapı döyülməsi deyildi. Kim isə çox dotələb və səbirsiz halda aramsız olaraq, çəkici yastı dəmirə vururdu. Qəmərbanu nökəri səslədi:
– Gədə, gör kimdir qapını sındıran. Elə bil üstümə baş gətirib!
Nökər qapını açanda Qəmərbanu özü də həyətin ortasına qədər gəlmişdi və tələsik içəri girən Xavəri dərhal tanıdı:
– Hə, xoş gəlmisən, ay xanım, axır özün öz ayağınla gəldin, buyur, buyur içəri!
Yarıistehza, yarıciddi qollarını açıb, Xavərə tərəf yeriyərkən içəri girən tanımadığı bir qadın və bir kişi gördükdə sözünün dalını demədi, tamamilə ciddi ifadə ilə yerində durub qaldı. Xavər ona yaxınlaşdı:
– Gülnaz hanı? Aparmağa gəlmişik!
Qəmərbanu əvvəlcə “Nə Gülnaz?” deyə soruşmaq, onu da, Xavəri də tanımadığımı söyləmək istədi, lakin tez bu fikirdən əl çəkdi:
– Nə olar, apararsınız da, buyurun içəri, bir stəkan çay için, sonra danışarıq.
Fəridə dayana bilmədi:
– Xanım, biz tələsirik, qızı çağırın, çıxaq gedək!
Qəmərbanu səsində süni bir kədərlə:
– Fələyin işini bilmək olmaz, – dedi, – yazıq qızın yaman qara bəxti var imiş. Anasından bircə ay sonra şam kimi saralıb soldu. Qəmqüssəyə davam gətirmədi.
O, Gülnazı və Səriyyə xalanı necə saxladığını, ananın nələr çəkdiyini, axır vaxtlar lap meyitdən pis halda buraya gəldiyini və ölümünü nağıl etdi. İnandığı nökər və əndamlı xanım dəsmal çıxarıb, qeyri-ixtiyari axan göz yaşlarını sildi. Ona baxıb Qəmərbanu da ağladı. Bütün həyət, həyətdəki adamlar və onların hərəkətləri iyrənc bir şey kimi Fridunun ürəyini bulandırırdı, nifrət dolu bir səslə:
– Ağlamayın, xanım, – dedi, elə murdar əməllər var idi, onları göz yaşları da silə bilməz! Onları yumaq, silmək üçün ildırım lazımdır, tufan lazımdır. Bax, artıq o böyük tufan başlanmışdır. Onun gurultuları eşidilir. O, Gülnazları bədbəxt edən sizi də, sizi yaradan mühiti də yer üzündən silib atacaqdır.
Xavər, Fəridə və Fridun qapını açıq qoyub həyətdən çıxdılar. Qəmərbanu mat-mat ona baxan nökərə döndü.
Nə ağzını açıb mal kimi gözünü döyürsən, yeri qapını ört!..
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-otuzuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.
Səkkizinci fəsil– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:
Doqquzuncu fəsilFridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.
Onuncu fəsilRza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.
Başqa şairlərin şeirləri
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Ətəbata çağırıblar ki, Süpehdar gedibƏtəbata çağınblar ki, Süpehdar gedib,Əvəzindən haımnın rövzədə züwar olsun.