Yeddinci fəsil
Səhifə 2 / 2 · 50%
Sərtib Səlimi təəccüb edirdi: nə münasibətlə Hikmət İsfahani onu gözlənilmədən çaya dəvət etmişdir!.. Bu sərtibin Şəmsiyyəyə olan məhəbbətinə hüsn-rəğbətin ifadəsi idimi? Yoxsa burada başqa bir səbəb vardı? Zərgəndədə Hikmət İsfahaninin bağına gəlməmiş sərtibdə bu görüşə bir maraq və həvəs oyanmışdı. Uca hasarlarla dövrələnmiş bağların yanından keçərək, maşınını Hikmət İsfahaninin bağının geniş darvazasında saxladıqda, Kürd Əhmədi oradan çıxan gördü. Sərbəstliyi, təməllüqdən və yaltaqlıqdan uzaq olduğu üçün Kürd Əhmədə onun daxili bir hörməti vardı. Səmimi salamdan sonra:
– Heç görünmürsünüz, ağa! – dedi, – hərdənbir dostları yad etmək pis olmaz.
Sərtibin şəxsən nəcibliyini bilsə də, vəzifə adamlarından ümumən yan qaçan Kürd Əhməd ötəri cavab verdi:
– İxlasımız var, sərtib... Qulluğunuza həmişə hazırıq.
Sərtib, ağanın yanında kimlər olub-olmadığını soruşdu. Kürd Əhməd bilmədiyini, ağanın onu da ayaqüstü, elə qapı ağzında qəbul edib, yola saldığını deyərək ayrıldı. Sərtib “bəlkə, bu günlərdə bir yanınıza gəldim” deyib, daha artıq bir maraqla darvazadan içəri keçdi. Lakin bağa girib, uzaqdan Hikmət İsfahaninin yanında alçaqboylu, dazbaşlı bir adamı görən kimi, bu maraq öldü. Yerini bir peşmançılığa verdi.
Hikmət İsfahani əl ağacının dəstəsini sol qoluna keçirmiş, sağ əli ilə fon Valterə nə isə göstərib danışırdı. Fon Valterin bütün səylərinə baxmayaraq, onunla görüşdən dəfələrlə boyun qaçırmış sərtib bu dəfə də dönüb, getmək istədi. Lakin Hikmət İsfahaninin səsini eşidib, tələsik yaxınlaşdığını gördükdə qalxmağa məcbur oldu.
– Ağayi sərtib, buyur, tanış ol, dostumuz fon Valterdir, – deyib Hikmət İsfahani onları bir-birinə təqdim etdi. Sərtib gizlədə bilmədiyi bir soyuqluqla əlini fon Valterə uzatdı. Lakin fon Valter aralarında heç bir şey olmamış kimi, bərk-bərk onun əlini sıxdı və hətta zarafat da etdi:
– Şərqlilər adətən isti olurlar, lakin sərtibin əli çox soyuqdur.
Sərtib onunla söhbətə girişmək fikrində olmadığından, cavab vermədi. Hikmət İsfahani bunu fon Valter üçün bir hörmətsizlik bilərək, özü tez sözə qarışdı:
– Sərtibin istisi içəridədir, – dedi, – ucadan güldü. Fon Valter əllərini seyrək tüklərə çəkib, danışığı kəsilməyə qoymadı.
– İçəridən gələn od yaxşı od olur...
Sərtib yenə bir söz demədi.
Ağacların arasilə düşmüş balaca cığırlarda gəzməyə başladılar. Hikmət İsfahani Berlin radiosunun farsca verilişlərindən söz saldı:
– Bizim camaat avamdır, çox şeyi bilmir, dünyadan xəbəri yoxdur. Nazilərin² də adını eşidib, amma nə istədiklərini yaxşı düşünmür. Berlin radiosu bu barədə farsca bir az çox desə yaxşıdır. Yoxsa avam camaat elə bilir ki, elə alman deyəndə bu da ingilisin, amerikanın tayıdır.
¹ Fəhlə
² Nasist
Fon Valter gülümsədi:
– Sizin bu arzunuzu mütləq cənab Göbbelsə yazaram. Ağayi sərtib necə baxır, bizim radioya qulaq asırlarmı?
Sərtib fon Valterin uzun qaşları altından gərgin bir baxışla onu izlədiyini gördü. Bu dəfə bilavasitə söylənmiş sualı cavabsız buraxmadı.
– Müntəzəm qulaq asa bilmirəm.
Hikmət İsfahani:
– Heyif, heyif, – dedi, – qulaq asmaq lazımdır, mən heç birini də buraxmıram. Lap qumarbaz kimi, vaxtı çatanda qulağım geyişir.
Sərtib gülümsədi:
– Adətkərdə olmusunuz, ondandır. Axı hər adətdə bir tiryək xasiyyəti var. Öyrəndin, daha əl çəkə bilmirsən.
Sərtibin hər söz və ifadəsinə fikir verən fon Valter alman təbliğatını tiryəklə müqayisə etməsini də diqqətsiz buraxmadı. Lakin öz adi halını pozmayıb, bu sözləri heç bir xüsusi mənası olmayan bir şey kimi qarşıladı. Hikmət İsfahani isə sərtibin danışmağa başlamasından sevinərək, gülə-gülə:
– Vallah, lap düz deyirsən, – dedi, – radiodur, ruznamədir, bunlar elə məşrubət kimi bir şeydir. İstemal edəndə başını ağrıdır, eləməyəndə darıxırsan.
Fon Valter zərbənin istiqamətini dəyişmək istədi:
– Doğrudur, dünyada tiryəkə və məşrubata oxşarı olan radio və qəzetlər çoxdur. Lakin alman radiosu elm və siyasətin həqiqətlərini bəşəriyyətə çatdırır.
Sərtib:
– Məsələn, nejad¹ nəzəriyyəsi kimi, – dedikdə Hikmət İsfahani çəp-çəp ona baxdı, fon Valter isə özünü bu sözlərdəki istehzanı sezməmiş kimi göstərib ciddiyyətlə:
– Tamamilə düzdür, – dedi. – Ağayi sərtib, nejad nəzəriyyəsi, o, alman fikrinin böyük qələbəsi və bəşərin qəti ixlas yoludur.
“İrq nəzəriyyəsindən” heç bir şey anlamayan Hikmət İsfahani, həm təsdiq etmək, həm də söhbəti dəyişmək fikrilə:
– Bəli, bəli, – dedi, – bu nejad məsələsi böyük məsələdir. Bəşəriyyət o zaman yaxşı yaşayacaq ki, yer üzündə azad get-gəl olsun, ticarət olsun.
Fon Valter onun sözünü kəsdi:
¹ İrq
– Bəşər tarixi nədir? Millətlər, irqlər, tayfalar davası. Qan, qan, qan! Biz birdəfəlik bu qanları qurudacağıq. Ağayi sərtibin əqidəsi necədir?
Sərtib fon Valterin gözlərində bir çağırış gördü. Onunla uzun mübahisəyə girməyi faydasız saydığı kimi, sözlərini cavabsız buraxmağı da qeyri-mümkün hesab etdi. Çünki bu, fon Valteri ümidləndirə bilər, gələcəkdə də sərtiblə görüşmək təşəbbüslərinə sövq edərdi. Onun bu ümidini birdəfəlik qırmaq lazım idi.
– Millətlər, irqlər arasında əbədi sülh ancaq tökülən qanları quruda bilər. Nəinki ədavət, kin.
– Lakin hər millətin öz yerini bilməsi şərtilə.
Sərtib qəsdən onun bu sözlərinə başqa məna verdi:
– Əlbəttə, hər millət öz evində oturub, öz işlərini idarə etməsə, bəşərin rahatlığı mümkün deyil... Hər kəs öz evində, öz zövqünə müvafiq yaşamalıdır. Başqasının evinə soxulmaq və orada hökmlər vermək məncə alçaq əməldir.
Fon Valter tez-tez əllərini başına çəkdi, qəti sıçrayış zamanı çatdığını gördü.
– Sərtib, siz ağıllı adamsınız, millətinizi sevirsiniz və sülh istəyirsiniz. Biz sizə dostluq və sülh təklif edirik.
Sövqi-təbii ilə söhbətin nə yerdə olduğunu duyan Hikmət İsfahani:
– Dost olun, ittifaq bağlayın, qardaş, ədavətdən nə çıxar, – deyib bir əli ilə sərtibin, bir əli ilə də fon Valterin əlindən tutdu və birləşdirmək istədi. Fon Valter əlini sərtibin əlinə yaxınlaşdıraraq:
– Almanlarla dostluqdan zərər çəkməzsiniz, – dedi, – bu dostluq sizi elə bir dərəcəyə qaldırar ki, İranın hər guşəsindən baxan göz sizi görər.
Sərtib, alverə öyrənmiş bir tacirin onu pis bir müamiləyə çəkməsindən doğan ikrah hissilə geri çəkildi:
– Əlinizi başqa yerə uzadın, cənab fon Valter, – dedi, – mən vətənimi satmağa öyrənməmişəm!..
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
İyirmi beşinci fəsilGöhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi: