Cahanda insanın, həm şirin canın,Dəyişir səfası ay nədən-nədən?Aşıq deyər ay nədən?Nəzərində aynədən,Qaranlığa gecələr,İşıq salır ay nədən?Sirrin, sirr işlərin, narın, nihanın,Seçir həqiqətin ay nədən-nədən?

Can ağrıyar qan axanda yaradan,Diqqət yetir yaxındadı Yaradan,Aşıq deyər yaradan,Aç sarığı yaradan,Əsdi səhər yelləri,Nə gətirdi yara dan?Yaxşı deyən, yaxşı yazan, yaradan,Nəqş edir sənətin ay nədən-nədən?

Aşıq Vəli açır bağlı dər indi,Tər çiçəkdi, tər nazik əl, dər indi,Aşıq deyər dərindi,Dərya dayaz, dərindi,Ürək sirli qaladı,Aç qaladan dər indi.Sərin sərdən dərrakəsi dərindi,Nəzərin, diqqətin ay nədən-nədən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri