Gərəkdi
İnsanın varıdır sərraf kamalı,Torpaqdan götürsün zəri gərəkdi.Halal tut malını, halal yığginən,Şirindir zəhmətin təri gərəkdi.
İnsana layiqdi halal əməyi,Təmiz qəlbi ola, təmiz yeməyi,Dar günündə qarşı gələ köməyi,Qüdrətdən açıla dəri gərəkdi.
Ola mərifəti, həm həqiqəti,Halal zəhmətindən ala ləzzəti,Haqqa məhəbbəti, ola xidməti,İnsanlığa bir pərgəri gərəkdi.
Doğru yol göstərib şahların-şahı,Doğru qullarının odur pənahı,Doğrunu, əyrini bilir günahı,Könüllərdən var xəbəri gərəkdi.
Vəli, itirməynən haqqın sayını,Ov keçsə bərədən, gözdən yayını,Hər kəs öz qəlbindən tapar payını,Xeyrin, şərin var dəftəri gərəkdi.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-gerekdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir