Kəsmirdi yalanın, hiylən, fəsadın
Nə günə qoymuşdun eli mollalar.
Mövhumatı yayıb xalq arasına
İşlədirdin fitnə-feli mollalar.

Deyirdin qurban kəs başı mənimdir
Bölün yeddi yerə, beşi mənimdir.
Bir də quyruq ilə döşü mənimdir
Sən tökürdün yağlı dili mollalar.

Deyirdin camaat qılın namazı
Demirdin oxuyun öyrənin yazı.
Sənin dostun idi bəy, ağa, qazı,
Nə salmışdın qilü-qalı mollalar.

Hökmündü arvatlar çadra bürünə
Günah olur bir kimsəyə görünə.
Yazıxları döydürürdün ərinə,
Dutmuş idin kəc xiyalı mollalar.

Salmış idin bir ay orucu işə,
Pəl vururdun hər vaxt düzgün gedişə.
Xalqı talamağı qılmışdın peşə,
Toplayırdın devlət-malı mollalar.

Deyirdin məzhəbi, dini bəsləyin
Sinə vurun, əziz günü bəsləyin,
Özünüz ac qalın, məni bəsləyin,
Aşırırdın yağı, balı mollalar.

Vəlinin sözləri qalarmış sana,
Lənət sənə xalqı doydurdun cana,
Baş yozurdun söyləyirdin əfsana
Ayırırdın ərkən yolu mollalar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri