Çəkirəm intizar, yetmiş yaşım var,Bulanmayan su dövranı gəzirəm.Mənim də sevgilim, öz sirdaşım var,Qədir bilən mehribanı gəzirəm.

Ellər qəhri çəkən, yata bilməyən,Namusu, qeyrəti ata bilməyən.Haqqı-ədaləti sata bilməyən,Pak vicdanı, təmiz qanı gəzirəm.

Qəmlər məngənəsi sıxır qəlbimi,Yanıram odlara səməndər kimi,Kamil sənətkarı, bilən həkimi,Dərdim üçün bir dərmanı gəzirəm.

Dərdimi bilənin qaralır qanı,Deyirlər bağın var meyvəsi, hanı?Ərzimi qananı, adil divanı,Zəhmət bəhri gülüstanı gəzirəm.

Miskinli Vəliyəm gülləri solan,Cəsədi qovrulan, gözləri dolan,Həqiqət əlindən ixtiyar olan,Mürvət əhli kərəm-kanı gəzirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri