Yetim Söyün
Səhifə 3 / 7 · 29%
Şah Abbas deyir:
– Vəzir Allahverdi xan, danışmax vaxtı döyül. Tez ol, atı min gedək. Camahat ayılıf eşiyə-bacaya çıxar, bizi görər.
Vəzir deyir:
– Bəs, at batdağa batıf.
Şah da atdan enər. Zor-güc birtəhər atı çıxardıllar. Ta ki qoşun-ləşkəri də götürüf gəlif taxtı-səltənətə yetişəllər.
Bəli, sizə hardan xəbər verim, Lut şəhərinnən. Qulluğuna ərz elədiyimiz kimi Xerynsa xanımın atası elin naxırına gedirdi. Buna görə də adəti üzrə səhər o başdan qalxar, naxırı yığıb çölə sürər ki, aparıf otarsın. Arvad da gecə bir az kişiynən oynuyuf yorulmuşdu. İndi yatıf günortuya qalar. Bir vaxt arvad ayılır, fikirrəşir ki, axı, mən axşamnan qız ərə vermişəm. Bir gedim görüm qıznan oğlanın söhbəti tutufmu, bir-birinnən razılığı, bir-birinnən məhəbbəti nətərdi.
Arvad içəri girəndə görər ki, qız çox qaş-qavaxlıdı. Gözdər bahar buludu kimi doluf, elə bir himə bənddi ki, tökülsün. Anası soruşur:
– Ay qızım, özün sevdin, özün oysandın, dəli sənsən, yoxsa mən? Əgər ayrı fikrin varıydı axşamnan razı qalmıyeydin. Niyə bikefsən, olmuya oğlan xoşuna gəlmiyif?
Anası belə deyəndə qız qayıdıf deyir ki:
– Ana, dərdin biriydi yüz oldu. Oğlan məni qoyuf getdi.
Arvad baxar görər ki, oğlan, doğrudan da, yoxdu.
– A qızım, bə, nətəri getdi?
Qız deyər:
– Elə-belə getdi dəə. Gecəni yatdı, səhər açılar-açılmaz duruf atını da mindi, vidalaşıf getdi.
– Yaxşı, bə, sənə nişanədən-zaddan vermədimi?
– Verdi, bax bu bəzməndi mənə qoyuf getdi.
Arvad baxır ki, bu bir bəzmənddi ki, dəyəri əlli padşahın xəzinəsində də yoxdu, dedi:
– A qızım, o hər kimsə böyük bir işin yiyəsidi, elə-belə adam döyül, Allah kərimdi, gedif gedif. Qayıdar daha yaxşı, gəlməz bizim bu dünyalığımızı verif gedif. Daha nə ağla, nə dərd elə.
Qız burda özünü saxlıya bilmir. Ağlıyıf görək anasına nə deyir:
Canım ana, gözüm ana,
Ağlaram, ana, ağlaram.
Sənə qurban özüm ana,
Ağlaram, ana, ağlaram.
Anası köyrəlir, qızına deyir:
– A bala, qoy söz tək olmasın, cüt olsun. Birini də mən deyim.
Anası götürür:
Baban sənə zülm eylədi,
Ağlama, qızım, ağlama.
Bağrım başını teylədi,
Ağlama, qızım, ağlama.
Qız götürür:
Ağlayıram yana-yana,
Yandı bağrım döndü qana
Bəzməndi verdi nişana,
Ağlaram, ana, ağlaram.
Anası deyir:
– A qızım, ağlıyıf eləmeynən, sözümə qulaq as:
Darayıb zülfün hörəyim
Boyuna sədəqə verəyim,
Gətir bəzməndin görəyim,
Ağlama, qızım, ağlama.
Qız fikirrəşir ki, bular ac-gic şeydilər. Bəzməndi çıxarar verər, bular da qiymətini bilməz, tələf eliyər. O oğlan da sənə tapşırıx verif gedif. Gəl deynən mənə bəzmənd zad verif eləmədi:
Xeyransadı mənim adım,
Sinəmi yandırır odum,
Bir söz idi yalan dedim,
Ağlaram, ana, ağlaram.
Anası götürür:
Bu dünya fanidi, fani,
Səni qoymaz, nə də məni.
Oda saldın Mələknisəni,
Ağlama, qızım, ağlama.
Söz tamama yetir. Qız qalır evdə, anası da gedir öz işinin dalınca.
İndi sizə deyim naxırçıdan. Naxırçı axşam naxırı sürüb kəndə gətirir. Elə ki hərə öz mal-danasını qapısına aparır naxırçı gəlir evinə. Baxır ki, evdə məğşuşduxdu. Arvadın ağzı bir yanda, qızın ağzı bir yanda. Soruşur ki, niyə beləsiniz, nə oluf hərəniz ağzınızı bir yana tutufsunuz. Arvad deyir:
– Sənin toy eliyən başına ildırım düşsün. Əhvalat belədi, oğlan yoxdu, çıxıf gedif.
– Əşşi, nə danışırsan?
Arvad deyir:
– And bu, qəsəm bu, nə qonax var, nə də bir izi sorağı.
Kişi baxır ki, qız pisikir, deyir:
– A qızım, qəti pisikif eləmeynən. Gəlif həddi təhlif olmuşdun. Fikrinnən keçirdi ki, ay allah, bir mənə də gərdən qurulajaxmı? Bir oğlan qucağına girəjəmmi? Şükür haqqın dərgahına. Bir gecənin içində gərdək də quruldu, oğlanın da qucağına girdin.
Bəli, Şah Abbas gedir, taxtı-səltənətə çıxır. Bunnan neçə müddət ötür. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyəsi tamam olanda Xeyransa xanım yükünü qoyur yerə. Hax-taalanın hökmü ilə Şah Abbasın Xeyransa xanımdan bir oğlu olur. Oğlanın adını Söyün qoyullar. Atası olmadığına görə el-oba buna yetim Söyün deyir.
Yetim Söyün aynan, ilnən, müxtəsəri-dilinən böyüyüf on dörd-on beş yaşına çatır. Bir gün Söyün uşaxlarnan aşıx-aşıx oynuyurmuş. Oyunda cığallıx düşür. Söyün istiyir uşaxların aşığını götürüf evə qaçsın. Bu vaxt uşaxların içində bir ifriti keçəl olar, allah-taala aləmin cəmi vələdüznalığını buna verər. Keçəl qayıdıf əlini gözünün üstünə qoyuf deyər:
– Əə, xalx atasının, anasının adına çağırılanda sən də yarım gecənin adına çağırılırsan. Əə, qonağın oğlu, mənim aşıxlarımı burya gətir.
Bu söz Söyünə güllə kimi dəyir. Qaytarır buların aşıxlarını üsdərinə tökür. Ağlıya-ağlıya gəlir anasının yanına ki, mənim babam hardadı. Anası qayıdıf deyir ki:
– Oğul, baban mala gedif, axşam gələjək.
Söyün deyir:
– Ana, mən öz babamı deyirəm.
– Oğul, o da öz babandı.
– Ana, insaf elə, o sənə də baba oluf, mənə də baba ola bilərmi? Mənim babam kimdi de!
Anası baxıf görür ki, yox, bunu başa salıflar, danmağın xeyri yoxdu.
– Oğul, sən hansı babanı soruşursan?
Orda götürüf görək Söyün anasına nə deyir, babasını onnan necə soruşur:
Başına döndüyüm gülüzlü ana,
Ana, söylə babam kimdi gedəyim.
Yanaram odlara pərvanə kimi
Ana, söylə babam kimdi gedəyim.
– Oğul, babanın oluf olmadığını sənə kim xəbər verdi?
Anasına Söyün sözün dalını belə deyir:
Bir gül idim, aradılar, dərdilər,
Dəribinən pünhan yerə sərdilər.
Meçit qabağında xəbər verdilər
Ana, söylə babam kimdi gedəyim.
Mən Söyünəm dəryalara dalaram,
Şirin canım eşq oduna salaram,
Hər nə vəsyət versən, onu alaram,
Ana, söylə babam kimdi gedəyim.
Sözdər tamam olur. Anası görür ki, mümkünat yoxdu. Söyünü əyləmək olmuyajax. Oydu ki, gətirir həmən bəzməndi Söyünün qoluna bağlıyır. Sonra oğluna deyir:
– Oğul, sənin baban Abbas adında yaraşıqlı, boylu-buxunlu bir adamdı. Özü də ya tacirdi, ya da ayrı bir böyük işin sahibidi. Bilmirəm gedif tapa biləjəksən, ya yox.
Bəli, Söyün tədarük görür ki, yola düşüf gedif atasını tapsın. O, gedən vaxtı anası götürüf görək nə deyir:
Başına döndüyüm gülüzlü oğul,
Qürbət eldə gah da yada sal məni.
Yanaram odlara pərvanə kimi
Qürbət eldə gah da yada sal məni.
Kəmərin qurşasın Murtuza Əli,
Yolunda qoymuşam can ilə səri,
Apardın ağlımı etdin sərsəri,
Qürbət eldə gah da yada sal məni.
Ərşə qalxar Xeyransanın naləsi,
Viran qalsın Lut şəhrinin qalası,
İsfahanda tacir Abbas balası,
Qürbət eldə gah da yada sal məni.
Elə ki söz tamama yetir anası öpüşür, görüşür, halal-hümmət eliyif Söyünü yola salır.
Söyün gedir. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi gedir. Söyün getməkdə olsun. Söyünün anası da qalır, babası da Lut şəhrində.
Söyün neçə şəhərdə olur, necə kənddən keçir, neçə yerlər dolanır, neçə üzdər görür, neçə sözdər eşidir, çox dolanıf çox gəzənnən sonra axırda gəlif İsfahan nisfi-cahan şəhərinə çıxır.
Söyünə xudavəndi-aləm tərəfinnən bir şikil, bir şavayin, bir şəxsiyyət verilmişdi. Bir görən deyirdi, xudavəndə-aləm, bir də göreydim. Şah balasıdı, zarafat döyül, əskiklik çəkmiyif, kasıflıx çəkmiyif, yaxşı yeyif, yaxşı gəzif, ət içində böyüyüf.
Gedif şəhərə çatır. Əmə nabələdiydi. Haranı görmüşdü, haranı tanıyırdı ki? Qonax yeri də yox. Fikirrəşir ki, görəsən, mən nətəri eliyim. Bir vaxt baxıf görür ki, gəlif bir dükanın ağzına çatıf. Baxıf görür ki, bir kişidi. Söyün buna sarı yaxınnaşıf salam verir.
– Baba, mən qəribəm, bu axşam qonax saxlıya bilərsənmi?
Kişi bunun bir eninə, bir uzununa baxır, görür ki, bu çox yaraşıqlı bir oğlandı. Fikirrəşir ki, bu şəxsiyyətin yiyəsi, bu gözəlliyin yiyəsi nətəri deyir ki, mən qəribəm, özü də mənim burda qonax yerim yoxdu. Bu düzgün adam döyül. Əgər düzgün adam olsa, bunun buralarda bir qonax yeri filanı olmuş olardı. Başdıyıf hay-küy salır ki:
– Ay camahat, qəribə lotu əlinə keçmişəm, kömək eliyin, məni bunun əlinnən qurtarın.
Hərə bir tərəfdən tökülür:
– A kişi, olmuya cibini kəsif?
Söyünü bərk pisikdirillər. Hərə bir tərəfdən bir söz deyir. Söyün görür, iş o işdən döyül, deyir:
– Ay baba, insaf eləynən, mən nə civə görən döyüləm, nə oğru döyüləm.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-yetim-soyun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Qızılgül, ətrini yayıb hər yanaQızılgül, ətrini yayıb hər yana,Hədiyyə olursan dosta, düşmana.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.