Səhifə 4 / 7 · 43%

Söyün görür, yox, bu kişinin elə-belə deməknən başa sala bilmiyəjək, əl atır saza. Görək saznan kişini necə başa salmax istiyir:

Başına döndüyüm gülüzlü baba,
Baba mən qəribəm axşam bazarı.
İrəhm eylə gözdən axan yaşıma,

Baba mən qəribəm axşambazarı.

Kişi baxıf görür ki, əyə, bu şeyir də deyir. Fikirrəşir ki, bunun sözünün qabağını deməsəm heç insafdan döyül. Kişinin də adı Qənnət Məhəmməd olur. Qənnət Məhəmməd baxır ki, deyəsən, zənnində yanılıf, bu, oğru, quldur deyil, qərib bir kimsədi, gəlif çıxıf burya. İstiyir oğlanın kim olduğunu, burya nə üçün gəldiyini öyrənsin. Oydu ki, götürüf belə deyir:

Qoca baban alsın sənin qadanı,
Oğul, nədi sən qəribin güzarı.
Düzgün danış mən eşidim sədanı
Görüm nədi sən qəribin güzarı?

Götürür Söyün:

Cavan ikən mən ömrümdən doymuşam,
Ağ əlimə əlvan həna qoymuşam,
Bir anam var Lut şəhrində qoymuşam
Baba, mən qəribəm axşambazarı.

Qənnət Məhəmməd fikirrəşir ki, buna bir hədə-qorxu gəlim, bəlkə, düzünü deyə:

Tanımıram sultanını, xanını,
Buyurar cəllada allam canını,
Sən isnad ver mənə adı-sanını
Görüm nədi sən qəribin güzarı.

Götürür Söyün:

Nə müddətdi yetən yoxdu dadıma,
Giryan oldum bir sənəmin oduna,
Atam tacir Abbas, Söyün derlər adıma,
Baba mən qəribəm axşambazarı.

Qənnət Məhəmməd fikirrəşir ki, bu şəxsiyyətdə, bu camalda, bu gözəllikdə oğlan başqasının ola bilməz. Yəqin bu Şah Abbasın oğludu. Yəqin evi yıxılmış hansı axşamsa hansı evdəsə qonax qalıf, hansı qızısa bir gecəliyinə alıf. Bu da elə onun oğludu. Dili qurumuş kimi də yekəxana təpindim ki, tanımıram sultanını, xanını. Əgər gedif qulağına çatsa, mənim həyatım da bunnan puç oluf getdi. Oydu ki, Qənnət Məhəmməd axırında elə söz işdədir ki, oğlanın xoşuna gəlsin:

Qənnət Məhəmmədəm bağça, bağım var,
Namusum var, qeyrətim var, arım var.
Sən cavanın gözüm üstə yerin var,

Görüm nədi sən qəribin güzarı.

Sözdər tamama yetər. Qənnət Məhəmməd bunu götürüf öz evinə aparır. Gecə Qənnət Məhəmmədin evində yeməkdən, içməkdən yeyir, içir. Qənnət Məhəmmədin də balaca tükançası varıydı, halva satırdı. Gecə qalır, səhər Söyün durur şəhərə çıxır.

İndi sizə hardan xəbər verim, Şah Abbasın vəzirinnən. Şah Abbasın bir vəziri olur, adına Qara vəzir deyillər. Bu vəzirin bir qızı olur, Sənəm adında. Başında otuz doqquz qul-qaravaşnan səyahətə çıxıbmış. Yazın laləzar vaxtıymış. Qızdar kimisi bənöyşə dərir, kimisi nərgiz dərir, aparıf Sənəm xanıma verillər.

Bir vaxt elə olur ki, Söyün bulara rast gəlir. Sənəm xanımın Ağca qız adında bir qarabaşı olar. Elə olar ki, bu Söyünü görər. Baxar ki, bu bir oğlandı, bir oğlandı heç qoymazsan ki, xotkar oğlu əlinə sü töksün. Özü də, deyəsən, sazı da var. Ağca qız buna sarı yaxınnaşar.

– Əyə, nə işin yiyəsisən?

Söyün deyər:

– Ay qız, nə bilim adamam, Allah yaradıf.

Ağca qız:

– Burya bax görüm, səni burya bir yerə aparajam, qız yığnağıdı, bir balaca bizə söhət eliyərsən.

Qızdarın hərəsi bir qom, iki qom, kim hər nə bacarır bənöyşədən, nərgizdən dərif Sənəm xanıma peşkəş gətirillər. Ağca qız günü qara bu oğlanı tapannan sonra bunnan məşğul olur. Oydu ki, bir qədər ləngiyir, qızdarın hamısınnan geri gedir. Sənəm xanımın buna acığı tutur ki, bayaxdan hardasan, sənin qıçın harda qırılmışdı. Ağca qız deyər:

– Ay Sənəm xanım, bağışda yatmışdım…

– Aaa, a günü qara, qız xeylağı da çöldə yatarmı?

– Sənəm xanım, niyə yatmır?

– Niyə nədi, qız qorxuludu, heç yeri döyül ki, qız çöldə yata.

Ağca qız deyir:

– Sənəm xanım, niyə qorxulu olar ki, yiyəsinə tapşırdım, arxayın yatdım.

Sənəm xanımın bu söz xoşuna gəlir. Qızın yiyəsi də kimdi, kim qabağa düşüb alsa odu.

Sənəm xanım baxır görür ki, Ağca qız yanınca bir oğlan gətirif, elə bil Misir sultanının oğludu, baxanda adamın ağlı başınnan çıxır. Baxar ki, bunun çiynində də saz var. Yəqin eliyər ki, bu çalıf oxumağı da bacarır. Sənəm xanım üz tutur oğlana:

– Oğlan bizim bu günkü səyahətə çıxmağımıza, geyimimizə, gecimimizə, gözəlliyimizə, göyçəkliyimizə bir tərif deyərsənmi?

Söyün deyir:

– Xanım, niyə demirəm. Deyərəm, hələ o yana da keçərəm.

İndi görək Söyün orda götürüf qızdara nə deyir. Biz deyək, siz şadlıxda olasız:

Bir bölük pərilər, pərizadalar,
Çıxıban səhraya lala dərəllər.
Şamaxı yaylığı salıblar çarpaz
Gül, çiçək dərməyə yerə sərəllər.

Bir bölük pəridi tamam növrəstə,
Dərəllər bənövşə, tutallar dəstə,
Hər qıya baxanda olarsan xəstə,
Aşıqlara nazü qəmzə edəllər.

Biri var içində gözləri xumar,
Cilvəsi Söyünü yandırar, yaxar,
Biri işvə satar, qıyqacı baxar,
Çox əcaib zövqü səfa sürərlər.

Sənəm xanım deyir:

– Ey oğlan, mənim ətrafımdakılar hamısı mənim əlaltı kənizdərimdi, məni bu qarabaşlara qatıf olarnan birrikdə tərif deyirsən. Ayrıca mənim özümə bir söz deyəjəksən, ya yox? Əgər mənə ayrıca tərif deməsən, sənə bu qızdara bir toy tutdurajam ki, gəl görəsən.

Orda Söyün götürüf təkcə qızın adına yazır. Görək nə yazır:

Naz eyləmə nazlı dilbər,
Qaşın kamana layiqdi.
Sənin o şirin dillərin,
Sultana, xana layiqdi.

Öldürməz sevən sevəni,
Öldürürsən sən ki məni,
Yolunda qoyan sərini
Ola mehmana layiqdi.

Söyün deyərlər adıma,
Haqq özü yetsin dadıma,
Sinəmdəki eşq oduna,

Yana pərvana layiqdi.

Söz tamama yetir. Sənəm xanım deyir:

– Ağca qız, bunu sən tapıf gətirifsən, indi özün də aparıf bir yaxşı yerə qonax verərsən. Səhər nətəri olur olsun mən özüm axtarıf tapajam.

Ağca qız deyir:

– Xanım, insanın itiyi tapılmaz deyillər. Apararam bir yerə qoyaram, o da başını götürər geniyər, başım əldə qalar. Hara göndərəjəksən özün göndər, mənnik iş döyül.

Xanım hökmüdü, Ağca qıza təpinir. Ağca qız Söyünü salır yanına, gətirir həmən Qənnət Məhəmmədin tükanına. Qənnət Məhəmmədinən söhbətdəşillər. Qənnət Məhəmməd deyir:

– Oğul, balaca tükandı. Mayamı götürərəm, qazancına ortaq. Yeməyin, içməyin, hər nəyin varsa da, mənim hesabıma. Mənim tükanımda qalar, işə-gücə əl-ayax verərsən.

Söyün qalır burda, başdıyır halva satmağa. Gecəni qalır, səhər təzədən Sənəm xanım başında qırx qul-qarabaşnan gəzməyə çıxır. Ora-bura çox gəzif dolanıllar. Axır gəlif Qənnət Məhəmmədin tükanına çıxıllar. Sənəm xanım baxır ki, Söyün burdadı, özü də halva satır. Əmr verir, qul-qarabaş hərəsi bir tərəfə dağılır. Ağca xanıma deyir:

– Sən də get ayrı bir yerə, al-verin varsa, al-verini elə, yoxsa da gör şəhərdə-filanda nə xəbər-ətər var. Mən burda bir az halva alıf yeyəjəm…

Sənəm xanım bunun dərdini başa düşür, əmə özü güdyanılıxnan soruşur ki:

– Xanım, halvanı evdə bişirtdirif yeyəmmirsənmi?

– Yox, tükannan alıf yeyəndə şirin olur.

Bəli, Ağca qız bunun dərdini bilirdi, daha çənə-boğaz eləmir, çıxıf gedir. Sənəm xanım al-yaşıl geyinif, ağ əlində həna, tel teldən keçir, bel üzükdən keçir, elə bil behiştdən yarım sahatdı çıxıf, sallana-sallana Qənnət Məhəmmədin tükanına doğru gəlir. Söyün bir də baxıf görür ki, budu Sənəm xanım gəlir. Sənəm xanımı belə nazlı-qəmzəli görəndə Söyünün ürəyi tab eləmir. Sənəm xanımın ilqarı, etibarı onun ürəyini coşdurur, götürüf orda belə deyir:

Sallanıban gələn dilbər,
Bir təmiz ada xoş gəldin.
Çəməndəki xoş ixtilat,

Könlümə dada xoş gəldin.

Sevdiyim zülflərin dara,
Həsrətəm qoynunda nara,
Xilaf çıxmadın ilqara,
Arzu, murada xoş gəldin.

Geyibsən zərü xaranı,
Sinəmə çəkdin yaranı,
Yazıq Söyün biçəranı,
Salıban yada xoş gəldin.

Sənəm xanım gəlif tükana daxil olur. Xoş, beş, on beş görüşüllər, baxışıllar. Oğlan təzə, qız təzə, halva da ki şirin. Evini yıxıllar Qənnət Məhəmmədin. Halvadan yeyif öpüşüllər, öpüşüf halvadan yeyillər. Halvanın axırına çıxıllar. Gedən baş Sənəm xanım deyir:

– Sən yerini dəyişmə, qal burda ki mən yerini bilim. Yaxın vaxtdarda mən bir şey fikirrəşif tədbir görəjəm. Özü də sənnən orada əlaqə saxlıyajam.

Bəli, elə ki Sənəm xanım gəlif saraya çatır, özünü xəstəliyə vurur. Qara vəzirə xəbər çatır ki, bəs, qızın şəhərə çıxıf qayıdannan sonra bərk xəstələnif. Heç halı özündə deyil, vəziyyəti ağırdı. Vəzir, vəkil, anası, qohum-əqrabası yığılır bunun başına ki:

– A bala, sən sağ-salamat şəhərə çıxdın, bə birdən-birə sənə nə oldu?

Sənəm xanım deyir:

– Ölürəm, ay ata.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri