Süleyman Rəhimov · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Gümüş saçlı Qaratel belə sevinc içində ola-ola hansı ecazkar ana ürəyi ilə öz sabahının qara günlərini görüb belə qorxuya düşürdü? O öz övladının başı üstündə qovlanacaq qəza qılıncını necə gördü? Ana ürəyinin kövrəkliyi, həssaslığı iləmi?Bəlkə belədir: xilqətdən ata ürəyi sərtdir, daşdır? Axı ata ürəyi ana ürəyi qədər yumşaq, kövrək olmasa da, daş da deyildir! Ata ürəyi də öz övladını atəşin bir hərarətlə sevir, istəyir, övladının üstündə tir-tir əsir... Ancaq ata ürəyi öz iztirablarını gizlətməyə cəhd edir, çox zaman dost-düşmənini göz qabağına gətirir, öz ürəyini gizlətməyi də bacarır. İndi bəs burada Bəyalı oğlu Göyalının ürəyi necədir? O arxayındırmı? Ana ürəyinin iztirablarına qarşı biganədirmi? Göyalının ürəyi də içəridə titrəməyə, Şükranın üstündə əsməyə başlayır. Ancaq belə baxanda burada nə var idi? Hər şey öz yerində, öz qaydasında, öz axarında deyildirmi? Belə anlaşılmaz qaraltı qarşısında Şükranı Ulduzun belindən düşürüb, onun şəhpərini sındırıb bir qırağa atmaq olardımı? Şükranı Ulduzdan ayırıb Ulduzu dəyər-dəyməzinə satmaq, Göyən düzənliklərindən ilin yay aylarında yaylağa qalxan zaman ala yaylaqlardan, güllü-çiçəkli çəmənlərdən, qaynar gözlü, buzlu bulaqlardan məhrum edib, bu aralardan ilim-ilim itirmək olardımı? Belə olsaydı, onda Şükranın şəhpəri sınmaz, qanadları qırılmazdımı? Bir də bəzən belə olurmu, insan durduğu yerdə, elə ciddi səbəb olmadan öz-özünə qaralsın, qaraltılı-qorxulu şübhələrə düşsün? Bəlkə burada gümüş saçlı Qaratel öz aşıb-daşan xoşbəxtliyinin, Şükrana görə özünün hədsiz sevincinin içindən bir bədbəxtliyin çıxa biləcəyindən vahiməyə düşür? Üzdən baxanda nə deyib, nə etmək olardı? Kim Qaratelin, Göyalının yerində olsaydı, günün, güzaranın bu yerində nə edə bilərdi? Bu halda, Ulduzun belində qanada qalxan tək oğlunun qanadlarını necə qırardı? Onu əfsanəvi Ulduzun belindən düşürüb piyada edərdi, Göyən düzənində qoyun sürülərinin qaldırdığı yay tozlarının içinə tullardı?
VIGöz qoyub baxanda Şükranla onun Ulduzu arasında elə bir ülfət, elə bir görünməzin dostluq başlamışdı ki, daha çox çətin ki, bunları bir-birindən ayırmaq olardı. Görünürdü Şükran Ulduzsuz, Ulduz da Şükransız nəfəs ala bilmir, onlar bir-birindən ayrı dura bilmirlər. İnsanla insan arasında ülfət, dostluq, bir-birinə bağlılıq, sədaqət, səmimiyyət – əsil insani keyfiyyətlərdəndir. Ancaq insanla at arasında olan ülfət-dostluq da dünya üzündə yox deyildi. Ancaq bu dostluq ki, Şükranla Ulduz arasında başlamışdı, misli-bərabər nəinki Göyəndə, Qaraqoyunlu oymaqlarında, bəlkə də bütün mahalda, yaxud bütün dünyada yox idi. Sanki bu dostluq insanla Ulduz adlanan at arasında deyil, çox nəcib, əsil insanla insan arasında idi. Sanki bunlar bir-birinin dilini tamam-kamal bilir, bir-biri ilə əməlli-başla dillənib danışırdılar. Birdən də ərklə bir-birindən küsür, üstündən az ötüncə barışırdılar. Bu vaxt hər ikisinin gözləri gülür, sevincləri öz yerinə qayıdıb kefləri durulurdu. Elə bil ki, bunların hərəsi itirdiyi dünyanı bir də təzədən tapırdı. Elə bil bunlar ikisi bir can, bir qəlb idi. Birisi bikefdirmi, o birisi də bikefləyirdi; birisinin kefi kökəldimi, o birisinin də kefi kökəlirdi. Şükran nəşələnib nəğmə oxuyunca Ulduz şuxlaşır, öz qəribə kişnərtisi ilə düzü-dünyanı doldururdu. Bəli, Şükranla Ulduz bir-birini ifrat dərəcədə sevir, bir-birinə nəzakət göstərib hörmət edir, bir-birinin xidmətində dururdu. Bir də elə bil ki, birisinin ürəyindən keçəni o birisi bilirdi. Onlar bir-birinin ürəyini sındırmaqdan çəkinirdilər, qorxurdular. Bu iki xilqətin arasında elə bir ülfət yaranmışdı ki, müqayisə mümkün deyildi. Ulduz Şükranı öz qızılı-gümüşü yəhərinin içində daha mənalı görürdü. O, Şükranı qanadları üstündə uçurunca, nəinki ayrı-ayrı adamlar, hətta oymaqlar, obalar, ellər, tayfalar, bir də elə bil ki, bütün çöllər, dərələr, təpələr, çaylar, çeşmələr tamaşaya çıxıb heyran-heyran baxırdılar. Göyalı ilə Qaratel bu oğlanın qüdrəti və sehrilə sevinirdilər.Doğrudur, Ulduz öz qabaqkı yerində, Ərdəhan elində azmı-çoxmu məşq görüb, təlimlənmişdi. Ancaq Şükranın misilsiz saf ürəyi, sevgisi, məhəbbəti Ulduzu ecazkar dərəcəyə gətirib çatdırmışdı, yetirib yetişdirmişdi. Ürəklə olan ürək istəyən kimi olur. Şükranın böyük insan ürəyi Ulduzu da böyük ürək sahibi etmişdi və getdikcə bu ürəklərin hər birisi böyüyür, getdikcə bunların bir-birinə olan məhəbbəti güclənir, aşıb-daşır, bunlar bir-birinə qulluq göstərib xidmət etməkdən yorulmurdular, bir-birinə olan xidmətlərindən son dərəcədə zövq alırdılar, nəşələnirdilər, bir-birinin gözündən öpürdülər. Şükran Ulduza xidmət etməyi başqa bir kəsə tapşırmır, Ulduzu yedirib-içirməyi heç kəsə arxayın olmurdu. İlin isti aylarında Ulduzu yumaq, at ipəklə-qumaşla qurulamaq ilin soyuq aylarında Ulduzu üfürə-üfürə tumarlamaq Şükranın öhdəsində idi.
XIIYuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.
XIIIAxı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”
XVŞükranın dəfnində Göyən düzənində insan dəryası təlatümə gəldi. İndiyə qədər görünməyən insan dalğası Göyən düzənində dalğalandı. Axı eşidən də Göyənə gəlmişdi, necə deyər, eşitməyən də, bilən də gəlmişdi, bilməyən də, yaxın da gəlmişdi, uzaq da. Ağqoyunlulardan başqa qaraqoyunlular da gəlmişdi, həkərəlilər də, bərgüşadlılar da, əlyanlılar da, müsəlmanlar da, zarıslılar da, ovşarlar da, mərzli-mərcanlılar da Arazın bu tayı qarabağlılar da, o tayı qaradağlılar da axın-axın Göyənə gəlmişdilər. Bilməyənlər bilənlərə, eşitməyənlər eşidənlərə qoşulub gəlmişdilər. Hər yanda, hər yerdə insan axını başlayınca, bu axından qalmaq qeyri-mümkün olmuşdu. Göyən düzəni öz ömründə görmədiyi min-min adamla dolmuşdu. Hamı bu müsibətə, faciəyə, bu ağır dərdə şərik olmağa gəlmişdi. Şükranın dəfni Göyəndə görünməyən insan toplanışına səbəb olmuşdu. Elə bir toplanış ki, nə ucu görünürdü, nə də intəhası. Adət üzrə arvadlar ayrıca toplanmışdılar, kişilər də ayrı. Ağçuxalı igidlər qara çuxalar geymişdilər. Onlar Ulduz atlarının belinə qara-qara örtüklər örtmüşdülər. Onlar piyadalanmışdılar. Atlarını yedəklərinə almışdılar. Məğrur başlarını döşlərinə sallamışdılar. İnsan axınının ardınca gəlməyə başlamışdılar. Bəs Şükranın Ulduzu? Qatil sayılan Ulduz harada qalmışdı? Bəlkə Ulduz öldürülmək qorxusundan yana qaçıb Göyənin dərin dərəsində gizlənmişdi? Xeyr, Ulduz nə qorxmuşdu, nə qaçmışdı, nə də bir yanda gizlənmişdi. İndi Ulduz heç kimdən, heç nədən qorxmurdu. Ulduz çox yamanca kədərlənmişdi. O, Şükranın ən yaxın dostlarından da artıq kədərlənmişdi. Onlardan da artıq göz yaşı tökməyə başlamışdı. Ancaq Ulduz bütün bu axının ardınca başını sallaya-sallaya, yenə də gözlərindən qanlı yaşlar tökə-tökə gəlməyə başlamışdı. Heç kəs də bilmirdi niyə bu qara at bu dəfn mərasiminə qoşulmuşdu? Görən də deyirdi: nə çoxdur Göyən düzən-dərələrində özbaşına buraxılan, əldən düşəndən sonra çölə ötürülən boş-bekara at! Bu atları nə cavanlardan, nə də oğru-əyridən qorğanan vardır. Belə atlar işdən düşüb, kardan çıxınca səllimi buraxılırdılar. Bu atlardan da ölən ölür, itən itir, batan batırdı. Əgər tək-tükü də qışın çovğunundan sağ çıxırdısa, baharın bolluğuna çatırdısa, istəyən kasıb-kusubun gərəyinə gələ bilirdi. Bəs Şükranın Ulduzu necə? Ulduz özbaşına buraxılsa belə, onun üzünə baxan olacaqdımı? Ulduzun necə bir Ulduz olduğunu bilincə, ona dəyib-dolaşan olmasa belə, bir kəsin gərəyinə gələcəkdimi? Görünür nə belə bir ata ürəyi yanan, nə də bir gərəyə gəldiyini güman edən tapıla biləcəkdi! Axı kim uğursuz ata, hətta özbaşına buraxılsa belə, sahib olardı? Kim Şükranı qətlə çatdıran atı tanıyıb-bilincə öz qapısına qoyardı? Heç kim, heç kəs! Əgər belə atı tanıyan-bilən olsaydı, onda mütləq daşa basardı, əlinə düşən odundan, yarmaçadan, qara tikan gör-kötüyündən görünüb atın başına çırpardı! Üstəlik də obanın itlərinə tutduruq verib bu həndəvərdən uzaqlaşdırardı. Əgər bu qara atın həmin qatil at olduğunu bilən olsaydı, çox yəqin ki, qəzəblənərdi, bu dəfn mərasimindən əvvəlmi, sonramı birbaşa bu uğursuz atın üstünə dönərdi, bəlkə də elin əli ilə bu at daşqalaq olardı. Göyən düzəni də ən böyük daşqalaq altında qalardı.– Bu nədi, balam? – deyə üstündən əsrlər ötsə belə soruşan tapılardı. – Bu nə boyda daşqalağıdır!
XIXQara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?
XVIIIQara şeytanın qara qurğusu qara mozalan qara qəsd üçün öz qara rəngini Ulduza yaxıb bu dünya üzündə uğursuzluğun qara kabusuna döndərmişdi. Ulduz öz Şükranının, igid qəhrəmanını; ağ çuxalı, ağ papaqlı, gümüş xəncərli, qırmızı çekməli səvarisinə dəmir nallı təpik çalmaqla öz taleyinə də təpik çalmışdı. Şükran ölmüşdü. O torpaq altındadır. Ulduz da ölmüşdür, ancaq torpaq üstündədir. Belə bir fəlakət olandan sonra, əlbəttə, torpaq altında, gözlərdən iraqda olmaq qat-qat yaxşıdır. Sürünə-sürünə, sürüklənə-sürüklənə, gözdən düşə-düşə, nifrətlə süzülə-süzülə, lənətlə damğalana-damğalana bu qara at kimi yas içində qalmaqdansa, ölüm yaxşıdı! Deməli, qapıya gələn qara at üçün tale ölüm yolu açmışdı. Elə bil qara ölüm onu səsləyirdi: gəl-gəl qara at! Gəl mən səni düşdüyün qara gündən xilas edim! Gəl, gəl qara kabusluğunu ortadan götürüm! Axı sənin qalmağın əzab-əziyyət, işgəncədir! Sənin ulduzun Ziyarət dağının başı üstündə batıbdır. Dayanma, durma, gəl qaranlığa qovuş! Gəl, bu dünyanın heçliyini, puçluğunu bildirən bu şit-şitəngə işıqda əlləşmə, çapalama! Sən qaranlığa qovuşub işıqdan uzaq ol! Daha heç kəs burada səni daş-qaya ilə vurmayacaq! Bu qaranlıqda heç kim burada səni hədələməyəcək! Heç kəs səni uğursuzluq timsalı sayıb qəzəb və nifrətlə süzməyəcəkdir. Sən qaranlıqda öz azadlığını tapacaqsan!Qara mozalanın şeytan-şər zərbələrini axıra qədər tutdurmaq, öz qara qəsdlərini axıra qədər yerinə yetirmək, qara don geydirdikləri Ulduzu axıracan aparıb axırına daş atmaq istəyirdilər. Gah mozalan cildində Ulduzu çalmaqla, gah qaranlığı işıqdan, ölümü yaşamaqdan üstün tutmaqla həmin qara mozalan qara atı qaranlığa çəkirdi. Qara at həmin tərəfə çəkilirdi. Şükransız belə işıqlı dünyadansa ona qaranlıq, ölüm yaxşı gəlirdi. Belə yaşamaqdansa yaşamamaq yaxşı deyilmi? Zəhərlənəndən sonra yaşamaq kimə, nəyə gərəkdir? Demək, mozalan öz şeytan qurğusu ilə kimini çox, kimini az da olsa zəhərləmişdi. Göyalı ailəsinin içində mozalanın fitnə-fəsadı nəticəsində zəhərlənməyən, ürəyi tir-tir titrəməyən tək bircə nəfər də olsa yox idi! Bəs Ulduz? Bu dünya üzündə ən ağır cəzanı Ulduz özünə verməmişdimi? Bundan belə gözlənilən cəza bu «əzanın müqabilində nə idi? Ölüm! Öldürülmək! Nəfəsi varkən Ulduz Şükranı axtarırdı! O öldürdüyü süvarisini axtarırdı. Ancaq Ulduz bir də, bir də duyurdu, bilirdi ki, Şükran orada qara qayanın qabağında, onun nallı təpiyi ilə qətlə çatdırılıbdır. Bu təpikdən çevikliklə çovuyan mozalan Şükranı onun dəmir nallı təpiyinə tuş edibdir. Ziyarət dağına gedən cığırın yanında Şükran qara torpağa gömülübdür. Üstü də qara tikanla tikanlanıb, ağ-qara, boz göy rəngli daşlarla daşlanıbdır.