Qaranlıq tuneldən keçən qataram
Yola üz tuturam mən aram-aram,Gözümdə gur işıq parlayıb sönür,...Qaranlıq tuneldən keçən qataram,Köksümdə neçə yüz ürək döyünür.
Kimə ümid verib, nur verirəm mən,Deyirəm ümidsiz cahan olmasın!Görüşlər aparıb gətirirəm mən,Görüşlər əbədi hicran olmasın!
Hər insan ömrü də elə qatardır,Can atır dünyanın xoş saatına,Yer üstdə nə qədər faciə vardır,Keçdi faciələr yerin altına.
Odlu haray çəkib yansa qatarlarQatarlar haraya haray qatarlar.
Cinayət! Özünə insan deyənlərDərdə dərd calarmı ağır zamanda?Axı, yer-göy ağlar — yol gözləyənlərBoynunu əbədi büküb duranda?
Yer göyü, göy yeri qarğışlayarmı?İnsan ümidini insan kəsdimi?Ulu Allahım da bağışlayarmıYerin yerə olan ölüm qəsdini!
Nə vaxt bu suala cavab taparam;Niyə yer altına yer üstü düşmən?...Qaranlıq tuneldən keçən qataram,Bəs haçan işığa çıxacağam mən?
21 yanvar — 4 fevral 1996
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-qaranliq-tunelden-kecen-qataram
← → düymələri ilə keçid, R — təsadüfi şeir