Şuşanın yolları
Hər yanda bir məclis qurulub gedir,Buz kimi bulaqlar durulub gedir.Dağların döşüylə burulub gedir,Gör necə qovuşur yollara yollar,Siz nə gözəlsiniz, yollar, a yollar!
Dağın ətəyinə qədəm qoyunca,Qarqar uğuldayır dərə boyunca.Durub hüsnünüzə baxım doyunca,Baxım heyran-heyran mən sizə, yollar!İlk dəfə gəlmişik üz-üzə, yollar!
Sərin bulaqlardan ellər su içmiş,Dostunu düşməndən yaxşıca seçmiş.Burdan Vaqif getmiş, Vidadi keçmiş,Gərək ki, onları tanıya yollar,Onların ləpiri hanı, a yollar?
Sevirəm çeşməli, sulu dağları,Vüqarlı dağları, ulu dağları.Döysə də qar, yağış, dolu dağları,Dolanıb aparır dağlara yollar,Baxçalara yollara, bağlara yollar.
Dağların zirvəsi ağa bürünür,Yaşıl qüzeylərdən duman sürünür.Qəlbimdən bu yerə yollar görünür,Gör necə qovuşur yollara yollar,Siz nə gözəlsiniz, yollar, a yollar!
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-susanin-yollari
← → düymələri ilə keçid, R — təsadüfi şeir