Bir kəndin sərgüzəşti
Səhifə 1 / 2
Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi.
Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu.
Nağıl edirlər ki, N. və İ. iki böyük adamın adları imiş: bunlar vaxtında hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər, ona görə də adları həmişəlik qalmışdır....
Bu iki məhəllə bir-birinə oxşamadığı kimi, bunların camaatı da bir-birinə oxşamırdı, yəni hər məhəllənin xalqı xüsusi bir yolla dövran sürürdü. N. məhəlləsinin camaatı ata-babadan yerli, tavanlı olub, günlərini müttəsil kefdə, eyş və işrətdə keçirən bir xalq idi.
Bu məhəllənin adamlarına dürüst diqqət olunsaydı, yəni bunların zindəganlığını mükəmməl surətdə bilən bir adam olsaydı, yəqin ki, deyərdi: belə bir zövq və səfa ilə yaşamaq bunlara irslə çatmışdır.
Biləks, İ. məhəlləsinin camaatı zəhmətkeş bir camaat idi. Bura adamları vaxtında yerlərini əkər və vaxtında biçər; tez-tez şəhərə gedər, alver edər və şəhərdən bir çox şeylər öyrənib daima tərəqqidə bulunardılar.
N. camaatı da şəhərə gedərdi, fəqət bu camaata məxsus onlar şəhərdən gələndə ancaq çayxanalarda, qəhvəxanalarda görüb-eşitdiklərindən dəm vurardılar.
Vaxt bir vaxt idi ki, şəhərlərdə məktəb az tapılardı. Bununla belə İ. məhəlləsinin camaatı məktəb fikirinə düşmüşlərdi. Fəqət N. məhəlləsi bu fikirə bir növ mane olurdu.
Məsəla, belə bir məsələ üçün kəndxuda (starşina) hər iki məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. İ. məhəlləsinin vəkilləri həmişə gələrdilər, halbuki N. məhəlləsindən bir adam da gəlməzdi. Ona görə də məktəb məsələsi uzandıqca uzanırdı. Xülasə İ. məhəlləsinin camaatı camaat işlərində artıq dərəcədə cidd-cəhd edər və öz arasında böyük ittihadla iş görərdi. Sudya, kəndxuda və yainki müəyyən bir iş üçün inmirəlilər həmişəcidd-cəhd edərdilər ki, əməlli adamlarını seçsinlər, yəni seçdikləri şəxslər işə yarayan olsunlar, müftəxor olmasınlar, rüşvət yeməsinlər, camaata xəyanət etməsinlər. N. məhəlləsinin adamları camaat işlərinə qarışmazdılar. Hərdənbir vəkil lazım olanda "Əmi" sözü ortalığa düşərdi. Bu Əminin adı uzun olduğu üçün kimsə onu adı ilə çağırmazdı. Zatən Əminin adını demək olmazdı, çünki N. məhəlləsində böyükləri öz adları ilə adlandırmaq eybli bir şey hesab olunurdu. Möhtərəm adamlara kərbəlayı, məşədi, hacı, xozeyin, fəqət ən böyük adama bu məhəllədə Əmi deyirdilər. Bu məhəllədə, həqiqət, Əmidən başqa bir böyük adam yox idi. Hətta Əmi bir dərəcədə məşhur olmuşdu ki, qeyri kəndlərdə, hətta şəhərlərdə də bu adla tanınmışdı. Xülasə, hamı buna Əmi dəyirdi.
Əmi 70-80 yaşında olardı. Amma bunu da demək gərək ki, bu məhəllədə heç kəs Əminin yaşını bilməzdi. Hamı göz açıb onu tərlan kimi gözəl görmüşdü. Ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. Dövləti başından aşardı. Nəinki N. məhəlləsində, bəlkə bütün kənddə, uezddə dəxi bundan dövlətli zəngin bir adam
tapılmazdı.
N. məhəlləsinin camaatı Əmini çox sevir və ona hörmət edirdilər. Bu da səbəbsiz deyildi. Məhəllənin ac bəyləri həmişə bundan borc alardılar. Əksərəndə də vaxtında borclarını verə bilməzdilər və yerləri Əmiyə keçərdi. Əmi qeyri adamlara da sələmlə pul verərdi. Kişi doğrudan da yaxşı adam idi. Kasıb-kusuba kömək edərdi. Bunlara pul buraxardı.
Ancaq borcunu vaxtında verməyəndə onlara ağalıq etməyi də unutmazdı. Yəni ata oğluna tənbih edən kimi Əmi də onlara nisaq biçərdi ki, gələcəkdə sözlərinin üstə dursunlar ... və bu səbəblərə görəmi, ya qeyri bir səbəblərə görə camaat Əmini çox sevərdi. Və sevmək də lazım idi, çünki N. məhəlləsinin camaatından xəbərsiz Əmi lazım olan vaxt camaatın tərəfindən danışar, işlərini düzəldər, onlara artıq zəhmət verməzdi. N. məhəlləsinin camaatına da belə bir şey lazım idi. Starşina ilə, pristavla çənələşmək asan iş deyil, bir az hətta xatası da var. Bir də pristav və naçalnik gələndə həmişə Əminin evində düşərdilər. Bu iş Əminin adını daha artıq ucalandırırdı. Bunu Əmi özü də anlamışdı, camatını yaxşı tanıyırdı, bilirdi ki, belə adamlarla durub-oturmaq camaatın nəzərində böyük şeydir. Hətta belə olmuşdu ki, İ. məhəlləsinin camaatı da Əmidən çəkinirdi və özü də bunu guya sevirlər, buna hörmət edirlərdi. Fəqət ürəklərində buna gülür və çox şad olurdular ki, N. camaatının arasında Əminin nüfuzu gündən-günə artır. Şad olmaqlarına da səbəb var idi. İ. məhəlləsinin camaatı gözüaçıq camaat idi. Fikir edirdi ki, bir camaatın işini ancaq dünyadan xəbərdar, elmli bir adam yaxşı apara bilir. Əmi isə öz kəndindən başqa özgə aləm görməmiş, bir şeydən baş çıxarmazdı. Doğrusu, İ. məhəlləsinin camaatı durbin camaat idi. Əminin N. məhəlləsində nüfuzu artmaq üçün qəsdən Əmini tərif edir və naməlsəmlilərə: "Siz çox xoşbəxtsiniz ki, Əmi kimi böyüyünüz var" deyirdilər. N. camaatı da bu sözləri eşidib deyirdi ki, "Gör Əmi necə ağıllı, fərasətli adamdır ki, rəqiblər də onu böyük adam hesab edirlər".
Daha bizim sözümüz olmaz. Bu xəyalla daha Əmiyə artıq bir iman gətirir, işlərini, hüquqlarını tamamilə ona tapşırırdılar. Hətta iş bir mərtəbəyə çatmışdı ki, ortalığa ən mühüm bir məsələ gələndə N. camaatı heç bir vaxt yığılıb onu müzakirə etməzdi və etməyə ehtiyac da yox idi; çünki yüz baş bir olsa idi, genə Əminin başı kimi olmazdı. O deyən gərək olaydı. Ona görə camaat da arxayın olub öz yerində oturmuşdu. İ. məhəlləsi bu əhvalı görüb dodaqaltı gülürdü. Doğrusu, iki məhəllə ata-babadan bir-birinə düşmən gözü ilə baxırdı. Ona görə də bu kənddə kəndxuda naçar bir halda bulunurdu. Bu kənddə bir-iki ildən artıq kəndxuda davam edə bilməzdi. Kəndxuda İ. məhəlləsindən olanda öz məhəlləsinin tərəfini saxlardı. N. məhəlləsindən olan da öz camaatının tərəfini saxlardı, nə isə, kəndin baxtındanmı, ya bir qeyri səbəbdənmi bu kənddə də bitərəf kəndxuda tapılmırdı. Amma yenə İ. məhəlləsinin tərəfini saxlayan kəndxuda bir az çox davam edirdi; çünki İ. məhəlləsinin tərəfdarı bilirdi ki, tamam N. məhəlləsi bir Əmidən ibarətdir, Əmini də lazımınca görərdi. Əlbəttə Əmiyə pul lazım deyildi. Bir medal və bir xaç almaq hər şeydən yaxşı idi. Doğrudan da, Əmi dünyanın hər bir ləzətini görmək istərdi. Və nə üçün də görməsin?! Fikir edərdi: pul ki var, onunla hər şey almaq olar; hətta onunla böyüklük də qazanmaq mümkündür.
Və heç bir təəcüb etməməli! Həqiqət, pulun gücünə böyük adam olmaq olar, yəni böyük adamlarla durub-oturmaq olar. Buna da bir artıq şey lazım olmurdu: birinə qoyun, birinə inək bağışlardı. Birinə motal göndərərdi. Nə bilim daha, nə, nə!
Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. Adam öldürmək, oğurluq, quldurluq nəhayət dərəcədə intişar tapmışdı. Kəndin öz xahişinə görə bu kənddə dövlət tərəfindən bir bitərəf kəndxuda təyin olundu. Doğrudan da təzə kəndxuda yaxşı adama bənzəyirdi.
Bunun adı Daşdəmir idi. Doğrudan da dəmir kimi bir adam idi; özü yaxşı oxumuş, yaxşı niyyətli bir kəndxuda idi. Kəndin işlərini gələn kimi düzəltdi. Oğurluq, quldurluq tamamilə götürüldü....
Bir neçə vaxt keçəndən sonra təzə kəndxuda gördü ki, N. məhəlləsinin camaatı heç bir vaxt kənd işlərinə qarışmır və çağıranda da gəlmir; ancaq Əmi camaatın tərəfindən hərdənbir ortalığa tullanır. Məsələ, kənddə məktəb açmaq istəyirlər. İ. məhəlləsinin üzdə olan adamları tamamilə gəlir, danışır, çığır-bağır salırlar. N. məhəlləsindən ya heç adam olmur, ya olsa da bir Əmi gəlir, ya gəlmir....
Bir gün belə, iki gün belə.... Axırda bir gün Daşdəmir kəndxuda arvadına deyir: "Mən, doğrusu, N. məhəlləsinin adamlarına təəccüb edirəm. Bunlarda heç bir insan sifəti görünmür, bunlar qoyun kimi şeydirlər. Amma qaldı ki, İ. məhəlləsinin adamları yırtıcı bir camaatdır. Bunlardan qorxmalı. Doğrudur, bunların aralarında bəyzadəzad yoxdur, hamısı fəqir adamdırlar. Fəqət dünyadan xəbərdardırlar, öz hüquqlarına bir az toxunanda arı kimi adamın üstünə tökülürlər". Arvad kəndxudaya dedi: "İ. məhəlləsinin camaatını sən hala yaxşı tanımırsan. Hərgah istəyirsən ad qazanasan, qulluğun artsın, özünü o tərəfə ver, çünki onlar çığıran-bağırandırlar, heç bir şeydən görəsən ki, bir böyük şey düzəltdilər. Mənim atam bu məhəllədən olmağa görə bunların barəsində uşaqlıqdan çox şeylər eşitmişəm".
Kitabxana.az · https://kitabxana.az/works/nerimanov-bir-kendin-serguzesti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vaqe olur Xorasan kəndlərinin birində. Əvvəlinci pərdə: bir tərəfdən Nadirin evi və yol. İkinci pərdə: çöl-biyaban.*ƏVVƏLİNCİ GƏLİŞ
Üçüncü məclisVaqe olur Xorasanın ətrafında. Bir tərəfdə Nadirin çadırı, o biri tərəfdə Xorasan qələsi.*ƏVVƏLİNCİ GƏLİŞ
Dördüncü məclisVaqe olur İsfahanda, Nadirin iş otağı: bir tərəfdə stol, üstündə kitablar. Otaq xalılarla döşənmiş; Mirzə Mehdi xan oturub yazır.*M i r z ə M e h d i x a n. Görəsən belə bir vücudu İran daha görəcəkmi? Çətin! Sözü bir, ürəyi saf, şir ürəkli, aslan qüvvətli, vətənini sevən, millət yolunda can qoyan, sahibsizlərə sahib, köməksizlərə kömək edən, yetimlərə pərvəriş verən
Şamdan bəyƏFRADİ-ƏHLİ-MƏCLİSY u s i f-- mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında.
Başqa şairlərin şeirləri
Gözəllər yola çıxandaYoluna qurban mən olum.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı