Səhifə 2 / 3 · 33%

ƏVVƏLİNCİ GƏLİŞ

H e y d ə r x a n. Qibleyi-aləm! Xəbər gəlibdir ki, Nadir şəhərin on, beş ağaclığındadır.
Ş a h T ə h m a s. Buyruq ver ki, şəhərə qoymasınlar.
H e y d ə r x a n. Qibleyi-aləm! Bu saat onun qabağını saxlamaq olmaz. Buyruq veriniz gəlsin, vaxta ki, daxil oldu, cəllada hökm edərsiniz boynunu vursun.
Ş a h T ə h m a s. Yaxşı, sən cəllada deyərsən hazır olsun. Buyruq ver ki, Nadir şəhərə daxil olanda qoşunu bir ağaclıqda qoysun və şəhərin xəlqi çox şadlıq etməsin. (Təhmas öz otağına gedir.)
H e y d ə r x a n. Hər nə hiyləm var idi işlətdim. İndi padşaha məndən müqərrib bir kimsə olmadığını Nadir düşünər. Mənim əslim xan, dövlətin hər bir ixtiyarı mənim əlimdə, Nadir isə dünənki quldur. Doğrusu, ürəyim qəbul etməyir ki,
dünənki quldur bu gün bu tövr şan-şövkətə layiq olsun.... Xeyr.... Vaxtında gərəkdir iş görmək....
Ş a h T ə h m a s (daxil olur. Uzaqdan şeypur səsi). Heydər! Bu nə səsdir? (Heydər xan qapıya gedərkən, qapıdan Nadir və sərkərdələr daxil olub şahın qabağında dizləri üstə otururlar.) Durun! (Əli ilə göstərir.) Bir adam ki, padşahın əmrindən çıxdı, ona xeyir-dua vermək olmaz, onun başı gərəkdir vurulsun. (Nadir və qeyriləri ayağa durub bir-birinə təəccüblə baxırlar.)
N a d i r. Qibleyi-aləm! Nə günahın sahibiyəm?
Ş a h T ə h m a s. Günahın çoxdur: neçə aydır gedibsən, beş min qoşun aparıbsan, bu vaxtadək bir şey yazmayıbsan, bəs bundan məlum olur ki, padşahın əmrindən çıxıb, başında qara fikirlər bəsləyirsən. Mən o başı yox etdirərəm..
(Bərkdən.) Cəllad!

İKİNCİ GƏLİŞ

N a d i r (uca səslə). Səbir ediniz, qibleyi-aləm! Təvəqqe edirəm qulluğunuza göndərdiyim məktubları buyurasınız
gətirsinlər.
Ş a h T ə h m a s. Nə məktub?
N a d i r. Hər nə ki olubdur, hər şəhəri ki almışıq, hamısının barəsində Mirzə Mehdi yazıbdır. Mirzə, doğrudurmu?
M i r z ə M e h d i. Bəli, hər əhvalat ki olub, vaxtbavaxt təfsilən qibleyi-aləmin qulluğuna yazılıb göndərilibdir.
Ş a h T ə h m a s. Heydər! Kağızları gətir görüm.
N a d i r. Qibleyi-aləm! Fikrinizə gəlirmi, qoşunun qabağında and içdim ki, bundan sonra səmim-qəlblə millətə və dövlətə kömək edəcəyəm? Ola bilərmi o andımdan sonra padşahıma və dövlətimə xəyanət edəm?
Ş a h T ə h m a s. Onlar köhnə sözdür.... İnsanın qəlbini bilmək olmaz.

ÜÇÜNCÜ GƏLİŞ

Heydər xan kağızları gətirib verir şaha.

H e y d ə r x a n. Qibleyi-aləm, ancaq iki kağız alınıbdır. (Şah Təhmas kağızları alıb baxır.)
Ş a h T ə h m a s (başını yırğalayıb). Bəli, hərgah burada yazılanın hamısı düz olsa, çox hünərlər edibsiniz, amma....
N a d i r. Qibleyi-aləm! Səbəb nədir ki, mənim sözlərimə inanmırsınız? Və nə səbəbə gərəkdir mən yalan danışam və yainki yazam? Təvəqqe edirəm buyurasınız qalan məktubları. da gətirsinlər.
Ş a h T ə h m a s (Heydərə). Dahadamı var?
H e y d ə r x a n. Qibleyi-aləm! Qeyri məktublar o qədər lazımlı olmadığına görə saxlamamışam.
Ş a h T ə h m a s. Əhvalat fikrindədir, ya yox? Nə yazılmışdı?
H e y d ə r x a n. Bir qəribə və lazımlı söz yox idi, o barədə kərratla qibleyi-aləmə ərz etmişəm və məxfi edəcəyəm.
N a d i r (acıqlı). Qibleyi-aləmdən çox təvəqqe olunur ki, qalan məktubları harada olsa Heydər xan tapsın; ikinci, mən dövlət və millət yolunda qılınc vuram, necə ola bilər ki, dövlətin məndən gizlin sözü ola vəhalonki cəmi qoşun hamısı mənə tabedir: öl dəsəm ölərlər, qal desəm qalarlar....
Ş a h T ə h m a s. Nadir! Özünə çox ümid edirsən, yaman fikirləri başından daşla! Yoxsa ... başından özgə bir xəyallar
keçir? Hə?
N a d i r. Şahım! Fikrimdə vətənə rövnəq verməkdən, onu düşmənin zülmündən, məşəqqətindən qurtarmaqdan başqa bir şey yoxdur. Qibleyi-aləm! Bunu gərəkdir fikrinizdən unutmayasınız ki, mənim xüsusi düşmənlərim çoxdur, gözləri görüb xain olan ürəkləri qəbul etmir ki, mən quldurluqdan qibleyi-aləmin mərhəməti ilə gəlib bu şan və şövkətə çatam. Xülasə.... (Fikirdə.) Məlum olur ki, mən qibleyi-aləmin buyurmağına görə, özgə fikirlərə düşmüşəm. Bəli.... Hərgah mənim ... o fikirlərim qibleyi-aləmə naxoşdur, buyursun bu saat başımı vursunlar; ancaq təvəqqe edirəm hamı məktubları tapdırıb oxuyasınız, o vaxt yəqin edərsiniz, mən qibleyi-aləmin hüzurunda nəinki tənbehə və bəlkə böyük olan mənsəbə layiq olam.... Bu biçarə sərkərdələr və qoşun aslan kimi dava edib, cəmi Xorasan və Əfqanıstan mahallarını zəlzələyə gətirib xanlarını əsir, yerlərini tar-mar ediblər. Bunlar göstərən qeyrətin əcri budurmu? Bu binəvalar şad-xürrəm gələrkən fikir edirdilər: "Şahımız bizə mərhəmət və ənam edəcəkdir", fəqət.... (Fikrə gedir.)
Ş a h T ə h m a s (hirsli). Mənə nəsihət etmə! (Başını əli ilə tutub fikrə gedir və əli ilə işarə edir ki, çıxsınlar. Nadir xan və qeyriləri çıxırlar. Tək.) Ürəyimizi şad edəcəkdir! Ənam edəcəkdir! Yaxşı şad edərəm! Dünənki quldur mənə nəsihət edir. Xeyr, görünür, bir şey var, Heydər deyən söz gərəkdir doğru ola. İnsan belə olurmuş. Bir az ki, əlinə ixtiyar verərsən, özünü itirər. (Fikir.) Yox, bu işi belə qoymaq olmaz, vaxtkən çarə qılmaq.... (Fikir.) Nə etmək? Kimdən bilmək ki, həqiqət, Nadir padşahlıq fikrinə düşübdür. Heydərin sözünə çox da inanmaq olmaz. (Fikir). Tapdım.... Mirzə Mehdi Nadirin ən müqərrib adamıdır, onun həp bir gizlin fikri olarsa bilər.... Tələb edərəm. Qorxusundan hər nə varsa, açıb
deyər. (Qapıdakı fərraşa). Heydər xanı buraya çağır. (Fikirdə.)

DÖRDÜNCÜ GƏLİŞ

H e y d ə r x a n (daxil olur). Qibleyi-aləm! Buyuruğunuz?
Ş a h T ə h m a s. Heydər! Bu saat Mehdini buraya çağırt.
H e y d ə r x a n. Qibleyi-aləm sağ olsun, Mirzə Mehdini?
Ş a h Təhmas. Mirzə Mehdini! Mirzə Mehdini! Mənə lazımdır. Nadir onsuz heç yerə getməz və ondan bir şey gizlətməz. Bir-birinə məhəbbətləri çoxdur.
H e y d ə r x a n. Təəccüb! Qibleyi-aləmin hüzurunda elə adamların nə işi gərəkdir ola?
Ş a h T ə h m a s. Heydər, elə demə, Mehdi ağıllı adamdır. Yaxşı qələmi var, mən istəyirəm məxsus Nadirin barəsində onunla söhbət edəm.
H e y d ə r x a n. Bəçeşm! (Çıxır.)
Ş a h T ə h m a s. Mehdini qorxutmaq gərəkdir, yoxsa Nadirin pünhan işlərini açmaz; Nadiri o çox istəyir. (Fikrə.) Bəli, qorxu başa bəladır, onu zindana saldırram. (Fikrə.) Yox.... Əvvəl xoşluqla, hərgah xoşluqla olmadı, onda güc ilə
dedirdərəm.

BEŞİNCİ GƏLİŞ

H e y d ə r x a n (daxil olur). Qibleyi-aləm sağ olsun! Mehdi gəlibdir.
Ş a h T ə h m a s. De gəlsin. (Heydər çıxır.)

ALTINCI GƏLİŞ

M i r z ə M e h d i x a n. Salaməleyküm!
Ş a h T ə h m a s. Mehdi! Əyləş! (Mirzə Mehdi oturmayıb qolu bağlı qabağında durur. Şah Təhmas Heydər xana işarə edir ki, çıxsın.) Mehdi! Qələmin yaxşı olmağa görə istəyirəm sənə bir böyük mənsəb verəm, ancaq gərəkdir sidqi-ürəklə dövlətə qulluq edəsən.
M i r z ə M e h d i x a n (baş əyib). Qibleyi-aləmin mərhəməti mənim üzərimdə çoxdur. Ancaq qibleyi-aləm sağ olsun! Böyük mənsəbə mən özümü layiq bilmirəm.
Ş a h T ə h m a s. Ümidvaram ki, qələmin gücü ilə dövlətə çox mənfəət gətirəsən, dövlətə və millətə zərər olan şeyləri təxirsiz bildirəsən ki, vaxtında bəlanın əlacını tapmaq. (Mirzə Mehdi xan fikirdə.) Nə üçün fikrə getdin?
Anlamayırsanmı?
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Həqiqət, anlamıram.
Ş a h T ə h m a s. Anlamayırsan? Məsələn, bir şəxs padşahın canına qəsd edə, belə bir əhvalatı lazım gəlirmi xəbər edəsən?
M i r z ə M e h d i x a n. Əlbəttə!
Ş a h T ə h m a s. Bəs de görüm, Nadirin tərəfindən bir şey eşitməyibsənmi?
M i r z ə M e h d i x a n. Xeyr, qibleyi-aləm!
Ş a h T ə h m a s. Bəlkə məqami-dostluqda sənə demiş ola ki, guya fikrindən padşahlıq keçir.
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Neçə ildir mən onunla bir yerdə oluram, hər bir sirri və pünhan sözü olubsa, məndən gizlətməyibdir, həməvaxt felindək və qövlindən səltənətiniz payidar olmağı və qibleyi-aləmə artıq dərəcədə məhəbbəti
aşkar görünür. Həqiqət, dava məqamında şir kimi şəmşir əlində hamıdan qabaq düşmən müqabilinə gedibdir. Padşahını sevməyən şəxs də bu tövr edərmi?
Ş a h T ə h m a s. Bəs görükür heç bir şey eşitməyibsən?
M i r z ə M e h d i x a n. Heç!
Ş a h T ə h m a s (hirsli). Səni zindana salandan sonra hamısını deyərsən.... Get, amma bir adama bizim söhbətimizi deyibsən, özünü ölmüş bil! (Baş əyib gedir.)
Ş a h T ə h m a s (fikirdə). Bəlkə Heydər səhvdir, ağlım kəsmir ki, Nadirdə belə cürət ola. Hərgah bu fikrə düşmüş olsa da, bu tezlikdə aşkara çıxarmaz. (Fikrə gedib başını əli ilə tutur.)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri