Gündəlikdən səhifələr
Məzmun
- 31 dekabr, 1941.
- 1 yanvar, 1942.
- 3 yanvar, 1942.
- 5 yanvar, 1942.
- 6 yanvar, 1942.
- 7 yanvar, 1942.
- 8 yanvar, 1942.
- 10 yanvar, 1942.
- 11 yanvar, 1942.
- 15 yanvar, 1942.
- 18 yanvar, 1942.
- 19 yanvar, 1942.
- 21 yanvar, 1942.
- 22 yanvar, 1942.
- 23 yanvar, 1942.
- 24 yanvar, 1942.
- 25 yanvar, 1942.
- 26 yanvar, 1942.
- 27 yanvar, 1942.
- 28 yanvar, 1942.
31 dekabr, 1941.
Səhərdən özümdə ağır bir yorğunluq hiss edirəm. Elə bil ki, iztirablarla keçirdiyim bu köhnə il bütün ağırlığı ilə üstümə çökmüşdür. Uzun və çətin yollardan bərabər keçmiş iki dost kimi mən bu illə vidalaşmaq istəyirəm. Gecə saat 11-in yarısında cəbhədə vuruşan əsgərlərimizə müraciət edən yeni il şerimi radio ilə oxudum. Həyəcanla oxuduğumu hiss edirdim. Sonra küçəyə çıxdım. Şəhər boz bir duman içində idi. Köhnə il dumanlara qərq olub gedirdi. Qara dənizin sevincli sahillərində qarşıladığım bu ili Xəzərin dumanlı sahillərində yola salırdım. Axırıncı dəqiqələr Səmayə ilə birlikdə olduq. O, nədənsə kədərini məndən gizlətmək istəyirdi. Mən onsuz da bu kədəri duyurdum. Sonra bir az açıldı. Mən onun qəlbinin mənə olan böyük məhəbbətinə inandığım üçün bəxtiyar idim. Bu il mənim həyatımda nadir və əziz bir xatirə kimi qalacaq.
Bizə bir zövqü təxəttür qıldı
Bu sönən, kölgələnən dünyada.
1 yanvar, 1942.
Səhər oyandığım zaman Anar bəxtiyar bir təbəssümlə mənə baxırdı. Anar!.. Anar!.. Hər dərdi bir təbəssümü ilə unutduran Anar. Mən onu geyindirib küçəyə çıxartdım. Səmayə gəldi, birlikdə Nəzakətgilə getdik. Nəzakət tək idi. Mənə elə gəlir ki, Nəzakət uzun müddət müxtəlif axtarışlardan, təzadlardan sonra axır ki, düzgün həyat yoluna başlamışdır. O, əri ilə barışmış və hamının qəbul elədiyi, istədiyi kimi indi ailə həyatı yaşayır. Xaricən o razı və bəxtiyar görünür. Kim bilir, bəlkə mən səhv edirəm. Bəlkə mən onun səadətini sakit bir ailə həyatı qurmaqda görməyimdə də çox dərin səhv etmişəm. Səadət ailədəmi olur?!
3 yanvar, 1942.
Bütün günlərim Anarla keçir. Rəsul gedəndən bəri o mənə daha çox bağlanmışdır. Hər gün gəzməyə çıxırıq. Bu gecə anamgildə qaldıq.
5 yanvar, 1942.
Gündüz Yazıçılar İttifaqına getmişdim. Saat ikidə evə gəldim. Katya məni qapıda çağırdıqlarını söylədi. Bu kim olardı?! Tez çıxdım. Rəşid yoldaşı Nina ilə bərabər Ermənistandan iki günlüyə bizimlə görüşməyə gəlmişdi. Onu görəndə çox sevindim. Sevinc elə bil ki, məni boğurdu.
Qəlbimdə uzaq və dərin bir ağrının baş qaldırdığını hiss etdim. Bu həm ayrılıq, həm sevinc, həm kədər hissi ilə qarışmışdı. Nina birinci baxışda heç xoşuma gəlmədi. O gözəl deyildi. Bundan başqa onun üzündə daxili gözəlliyinə aid kiçik də olsa heç bir cizgi yox idi. Mən nə isə onun üzündə bir şey: yaxşı bir ifadə, bir təbəssüm görmək istəyirdim.
Sonra onlarla anamgilə gəldim. Gecəyə qədər orada olduq. Sonra dayımgilə gedib bir az da orada oturdum. Gecə evə qayıdanda mən yenə yorğun idim. Bəlkə sevinc həyəcanı məni bu qədər yormuşdu. Mən aldığım bu təəssüratla baş-başa yalqız qalmaq istəyirdim.
6 yanvar, 1942.
Gündüz Səmayəni gördüm. Ona Rəşid haqqında heç nə deyə bilmədim. Bəlkə bu xəbər ona ağır gələrdi. Evə gəldim. Anam Rəşid və Nina ilə bizə gəldilər. Birlikdə çörək yedik. Onlar axşam evə getdilər. Mən Səmayənin yanına getdim. Evə qayıtdığım zaman bədənimdə xoş bir yorğunluq hiss edib şirin-şirin yatdım.
7 yanvar, 1942.
Mən yenə bütün günü anamgildə idim. Rəşid və Nina bu gün axşam yola düşəcəkdilər. Axşama qədər oturduq. Axşam Rəşidgil stansiyaya getdilər. Onlar evdən çıxarkən anamın gözləri yaşla dolmuşdu. Yazıq qadın, sənin bu göz yaşlarına mən nə qədər şahid olmuşam. Mən də ağlamaq istəyirdim. Ancaq özümü saxladım. Bu, anama daha pis təsir edirdi. Ana... sən bil ki, ürəyə axan göz yaşları daha dəhşətli olur.
8 yanvar, 1942.
Rəsuldan teleqram gəlmişdir. O, bu günlər gələcəyini vəd edir. Barı tez gəlsin. Biz Anarla yenə sakit gəzintilərimizə davam edirik. O hər gördüyü şey haqqında sual verir. Bəzən mən onun suallarından yoruluram.
Bu vüsala yuxu əhvalı demək mümkün idi
Əgər olsaydı yuxu dideyi giryanımıza...
Gecə Füzulinin bu misraları ilə yuxuladım.
10 yanvar, 1942.
Mən yenə gecə Səmayə ilə idim. Bu gecə mən nədənsə yenə ağlamaq istəyirdim. Mən ona şikayət etmək, bu gün qəlbimdəkiləri açıb tökmək, əzizim bil ki, mən də bütün insanlar kimi daşdan, tuncdan, poladdan deyil, ətdən, qandan, candan, əsəblərdən ibarət bir varlığam – demək istəyirdim. – Mənim sinəmdə döyünən insan qəlbidir. O bəzən o qədər ağrıyır ki, mən bu ağrını heç nə ilə susdura bilmirəm. Səmayə, hər kəsdən çox bunu sən duya bilərsən.
11 yanvar, 1942.
Səhər Anarla gəzməyə getdik. Bakı təbiətinin yoxsul olduğuna baxmayaraq yenə qışa təslim olan bahar axırıncı küləkləri ilə vidalaşırdı. Biz bağda bir qədər gəzdik. Nəzakət də bizimlə idi. Sonra biz Saragilə getdik. Anar oradan evə gəlmək istəmədi. Mən Anarı orada qoyub təkcə evə gəldim. Pilləkənlərdən çıxarkən birisi məni daldan çağırdı. Bu Rəsul idi. Rəsul Krasnodardan qayıtmışdı. Görüşdük. Bərabər evə gəldik. Sonra Anar gəldi. Onun xoşbəxtliyinin hüdudu yox idi. Körpəm... barı bu dünyada sən xoşbəxt olsaydın...
15 yanvar, 1942.
Mən ingilis yazıçısı Oldintonun “Vse lyudi vraqi” romanını oxuyuram. Çox gözəl romandır. İnsan sevgisini və insan həyatını böyük bir zirvəyə qaldırır. O yazır ki: “Mən səni sevdiyimdən utanmıram. Mən bununla fəxr edirəm”. O, sevginin nə şəkildə olursa-olsun, əgər o həqiqi və əsl segidirsə, müqəddəs olduğunu iddia edir. Buna görə də 13 il ərzində bir-birini itirən iki həqiqi sevgilini sonra yenə birləşdirir və bu köhnə sevginin bir an da olsun ölmədiyini sübut edir. Böyük ictimai məsələlər fonunda o, sevgi problemini çox dərindən həll edir. Mən əlbəttə bunu bilmirəm. Bu ancaq romanlarda ola bilər, həyatda isə tamamilə başqadır.
18 yanvar, 1942.
Mən yalqız qalmaq, Füzulini oxumaq istəyirəm. Mən bütün hisslərimin ifadəsini yalnız onda tapa bilirəm. O yazır ki:
Dönə-dönə mənə zülm etməyi şüar etdin,
Pünhan olan qəmi xalqa aşkar etdin...
Dünyanın bütün məhəbbət haqqında yazan şairlərinin başında hər zaman Füzuli durmuş və duracaqdır.
19 yanvar, 1942.
Gecə Yazıçılar İttifaqında növbətçi idim. Saat 1-ə qədər orda oturdum. Rahim və Cəfər də orada idilər. Onlar Rahimin şeirlərini, “Şamo” əsərini və “Gizli Bakı”nı Stalin mükafatı üçün hazırlayırdılar. Mən kitab oxuyurdum. Sonra Nəzakətə telefon etdim. Nəzakət hamilədir. Qoy olsun, onun həyatı bu yolla getməlidir.
21 yanvar, 1942.
Gündüz şeirləri Yazıçılar İttifaqına apardım. Sonra Mirvaridin yanına getdim. Onun həmişə qızlıq, məsumluq məbədi kimi baxdığım evində indi qəribə bir yadlıq vardı. Bəli, artıq onun da məbədinə kafir ayaq basmışdı. O, ərə getmişdi. Elə bil ki, uğursuz bir külək onun bağçasına soxulmuş və kiçik bənövşələrini sındırıb döymüşdür. O, solğun çiçəyə bənzəyirdi. İndi evinin hər yanında kişi izləri vardı. Boş qədəhlər, kişi paltarları, texniki kitablar və rəsmlər. Mən kiçiklikdən birgə gedib-gəlməyə alışdığım bu təmiz qız evindən ağır və qəmli bir duyğuyla çıxdım. Nə isə itirmiş kimi qəlbimin dərinliklərində ağır bir təəssüf vardı. Bəlkə dostlar onun ərə getdiyini təqdir edir və sevinirdi. Mən də ona dost, həm də qəlbən dost idim. Lakin mən nədənsə sevinmirdim.
22 yanvar, 1942.
Günlərim kitab oxumaqla keçir. “Sakit Don”un dördüncü kitabını qurtardım. Bu kitab iyirminci əsrin ən böyük əsərlərindən birisidir. Gecə saat 3-də telefon səsinə ayıldım. Rəsulu Mərkəzi Komitədən axtarırdılar. O hələ gəlməmişdi. Az sonra Rəsul gəldi. Bir daha telefon edib onu səhər iclasa çağırırdılar. Mən bütün gecəni yata bilmədim. Elə bil yerimə qor dolmuşdu. Səhərə yaxın yuxulamışam. Rəsulun necə durub getdiyini belə bilməmişəm.
Sonra durub mən də bir iş üçün şəhərə çıxdım. Saat 2-də evə qayıtdım. Rəsul evdə idi. Həm də o həyəcanlı idi. Tələsirdi. Sabah Krasnodara getməli olduğunu mənə söylədi, sonra çıxıb iş üçün getdi. Mən evdə qalıb onun yol şeylərini düzəltməklə məşğul oldum. Axşam qohum-qardaş bizə gəlmişdilər. Ənverlə Rəfili gecədən keçənə qədər bizdə oturdular. Mən yorğun olduğum üçün gedib yatdım.
23 yanvar, 1942.
Səhərdən yenə Rəsulun yola hazırlıq işləri ilə məşğulam. Rəsulun getməsi o qədər gözlənilməz olmuşdu ki, mən hələ bu barədə bir şey düşünə bilmirəm. O bütün günü evdə olmadı. Mən onunla ətraflı danışa bilmədim. Axşam o gedərkən evimiz adamla dolu idi. O, qapıdan çıxarkən mən boğazıma bir şey tikilmiş kimi boğulub dayanmışdım. Ağlamaq istəyirdim. Göz yaşlarımı zorla saxlayırdım. O getdikdən sonra Anarı qucağıma alıb yatdım. Əgər buna yatmaq demək olarsa.
24 yanvar, 1942.
Rəsula aid olan heç bir şeyə toxuna bilmirəm. Onun əynindən çıxardığı paltarları hələ stolun üstündə qalıb. Onları yığışdıra bilmirəm. Küçəyə qaçmaq, küçənin gurultusu içərisində bir dəqiqə qəlbimin səsini eşitmək istəyirəm. Mən hələ ağlamamışam. Bu mənimçün böyük qəhrəmanlıqdır. Ancaq bu tökmədiyim göz yaşlarının mənə baha oturduğunu yalnız mən duya bilərəm. Axşam Səmayə ilə “Madrid”ə getdik. “Madrid”i mən çox görmüşəm. Bu dəfə onun təsiri tamamilə başqa cür oldu. İspaniyalıların öz azadlığı uğrunda üç ilə yaxın bir müddətdə qəhrəmanlıqla vuruşmaları, sonra da məğlub olmaları mənim qəlbimdə sağalmaz bir yara kimi hər zaman yaşayırdı. Bu məğlub edilməli xalq deyildi. Onun yaşamaq, mərd yaşamaq, namusla yaşamaq hüququ vardı. Bu haqqı tapdaladılar. Onun məğlubiyyəti qalibiyyətə bərabərdi. O qədər mərdliklə vuruşan xalq heç zaman məğlub ola bilməz. Mən birinci pərdənin axırında İspaniya havası çalınarkən hıçqırıb ağlamağa başladım. Bu neçə gündən bəri zorla saxladığım göz yaşları elə bil ki, indi birdən-birə üsyan edib çıxırdılar. Onların qabağını zorla saxlamaq olmurdu. Lojada oturan Osman və başqa yoldaşlar məni sakit etməyə çalışırdılar. Mən camaat içində rüsvay olmuşdum. Qoy hər kəs bu göz yaşlarını necə istəyirsə qəbul etsin... Mənim qəlbimin ağrısı bir azca dayanmışdı...
25 yanvar, 1942.
Mən evdəydim. Başımı birtəhər qarışdırmağa çalışıram. “Manon Lesko”nu oxuyuram. Bu romanda iki şey var – səadət və insan zəifliyi. Manonu sevən oğlan dünyada hər şeydən keçib bütün cəfalara, məşəqqətlərə dözərək sevgilisinin arxasınca gedir. Manon isə həqiqətdə yalnız bu sevgilini sevdiyi halda böyük bir zəifliyi vardır. Bu qadın zinət aşiqidir. O, bu ehtirasından əl çəkə bilmir və uzun əziyyətlər çəkir. Zinəti itirdiyi zaman isə həyatını da itirir. Romanın yazılışı pis deyil. Hər halda bu kitabı mənə çox tərif etmiş adamın zövqünə mən şübhə etməli oldum. Gecə şəhərdə fırtına var.
26 yanvar, 1942.
Qəlbim ağrıdığı kimi vücudum da ağrıyır. Xəstəyəm. Heç yana çıxa bilmirəm. Rəsuldan xəbər yoxdur.
27 yanvar, 1942.
Yenə xəstəyəm. Bu gün səhər güzgüyə baxdım. Rəngim ölü kimi idi. Rəsuldan bir xəbər olsaydı... axşam yerimin içində bir az sakit-sakit ağladım. Heç kəs görmədi. Bu sakit göz yaşları yanan qəlbimi bir az sərinlətmişdi. Səmayə telefonla halımı xəbər aldı. Onu hələ görməmişəm.
28 yanvar, 1942.
Şeir yazmaq istəyirəm. Dünən gecə başladım. Bu gün davam etdirəcəyəm. Rəsuldan heç bir xəbər yoxdur. Mənim fantaziyam çox pis şeylər yaradır. İmkanım olsa, bu saat mən də vaqona minib gedərdim. Bu ağrıya dözmək çətindir. Qəlbim yanır... yanır.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-gundelikden-sehifeler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,