Bu axşam evlənən yox idi. Toy, nişan məclisi quran yox idi. Alimlik dərəcəsi alıb ziyafət verən də yox idi. Əlli-altmış yaşının tamam olmasını bayram edən də yox idi.

Bu axşam Səadət sarayının böyük salonuna qadınlar toplaşmışdı. Vətən müharibəsinin qurtarmasının iyirmi illiyi münasibəti ilə müharibə iştirakçıları – qadınlar toplaşmışdılar.

Qadınlar ağır müharibə illərini yada salır, biri danışır, yüzü gözünün yaşını silirdi. Doktor Qazıyeva danışırdı: “Müharibənin ilk günləri idi. İşdən evə gəldim. Hərbi çağırış vərəqimi yoldaşıma göstərdim. Yoldaşım da öz çağırış kağızını mənə göstərdi. Kağızda yazılmışdı ki, ertəsi gün səhər saat 8-də hərbi komissarlıqda olmalıyıq. Səhər tezdən üç və beş yaşlı uşaqlarımızı geyindirib qucağımıza aldıq, evdən çıxıb rayon hərbi komissarlığına getdik. Hərbi komissarlığın qabağında içərisi körpə uşaqlarla dolu avtobus dayanmışdı. İçəridə uşaqları qeyd etdirib yaşlı bir qadına, bağça müəlliməsinə təhvil verdik. Uşaqları bərk-bərk öpüb avtobusa mindirdik. Sonra hərbi komissarlıqdan təyinatımızı aldıq. Mən Bakı yaxınlığındakı hərbi hospitala getdim. Yoldaşım axşam cəbhəyə yola düşdü. Biz onu bir daha görmədik”.

Azərbaycan Dövlət Universitetinin ədəbiyyat müəllimi Fəridə Vəzirova danışır: “Universitetin filoloji fakültəsinin üçüncü kursunda oxuyurduq. Komsomol komitəsinin katibi sinfimizə gəldi. – Qızlar, – dedi, – Vətənimiz təhlükə altındadır. Onun sizə ehtiyacı var. İndi siz, bütün sinif hərbi komissarlığa gedib təyinat almalı və cəbhəyə yola düşməlisiniz. Sanitar kimi, şəfqət bacısı kimi, cəbhədə kömək edəcək, lazım gələn hər işi görməli olacaqsınız. Hamımız yerimizdən qalxıb hərbi komissarlığa getdik. Təyinatımızı alıb cəbhəyə yola düşdük. Beş il cəbhələrdə qoşunlarımızla çiyin-çiyinə irəliləyib Almaniyaya qədər gedib çıxdıq. Müharibə qurtardıqdan sonra Vətənə qayıdıb təhsilimizə davam etdik”.

Yenə bir həkim qadın danışırdı: “Mənim anam da həkim idi. Hər ikimiz eyni gündə yola düşdük. Anamla bir-birimizə yaxın məntəqələrdə işləyirdik. Arabir görüşə də bilirdik. Anamın fikri yaralıların yanında idi. Məni də yaddan çıxarmırdı. Anamın işlədiyi səhra hospitalına vəhşilər bomba saldılar. Anam yaralı döyüşçülərlə birlikdə həlak oldu”.

Qadının səsi titrəyir, ana ölümünün acı ağrısını bu gün də eyni qüvvətlə duyurdu. Onu dinlərkən bütün qadınlar ağlayırdı.

Anadolu Əbilova o zaman gözəl hisslərlə yaşayan, ürəyi insanlara sonsuz məhəbbət və şəfqətlə döyünən gənc bir qız idi. Müharibə alovlarından keçən gənclik yolu, gördüyü insan iztirabları onun xurmayı saçlarını tamam ağartmışdı. Alman faşistlərinin vəhşiliyi gənc qızı sarsıtmışdı. Əbilova bu yığıncaqda özü kimi yüzlərlə şəfqət bacısının gördüyü işlərdən danışırdı. Onlar danışdıqca müharibə illərinin ağır mənzərələrini xatırlayırdılar. Sonra qadınlar üçün konsert veriləcəkdi. Bayırdan köklənən tarın, kamançanın səsi gəlirdi. Milli Azərbaycan geyimli qızlar rəqsə hazırlaşırdılar. Xatirələr qurtaran kimi durub salondan çıxıram. Pilləkənin başında tanış bir aktrisa məni saxlayır:

– Niyə gedirsiniz? Qalın, konserta baxın.

– Yox, gülüm, getməliyəm, başım ağrıyır, havaya çıxsam yaxşıdır.

Səadət sarayından çıxıb evə getmirəm, ürəyim doludur. Şəhərin sakit küçələrindən birinə düşüb gedirəm: tək, dalğın. Müharibə illərini xatırlayıram.

1941-ci il dekabrın 31-i idi. Yeni il gecəsi. Gecə saat on birin yarısında evdən çıxdım. Şəhər zülmət içində idi. Göz-gözü görmürdü. Əlimdəki kiçik fənəri aramsız yandırır, ayağımın altına işıq salırdım. Arxamdan kişi səsi eşidib diksindim:

– Ay qız, niyə batareyanı korlayırsan? Fənəri kişinin üzünə tutdum, hərbi libasda olduğunu görüb arxayın oldum.

– Qorxuram, – dedim.

– Nədən qorxursan, sənin kimi qızlar cəbhədə vuruşurlar. Qorxmurlar. Sən dinc şəhərdə qorxursan?

– Cəbhədə mən də qorxmazdım, burda isə qaranlıqda tək yeriyəndə qorxuram.

– Hara gedirsən?

– Radio studiyasına.

– Aktrisasan.

– Yox, şairəm.

– Şair də qorxar?

Qaranlıqda üzünü görmədiyim hündürboylu hərbi geyimli şəxslə danışa-danışa, indiki poçtun həyətində yerləşən radio studiyasına gəlib çatdım. Qapıda gözətçiyə buraxılış vərəqəmi göstərib içəri girdim.

Saat on birdə radio ilə yeni şerimi oxuyub döyüşçülərimizi təbrik elədim:

Sən, ey bu yeni ili cəbhədə açan qardaş,
Bax, üfüqlər qızarır, günəş qalxır, can qardaş.
Bizə zəfər yetirən şanlı yeni il gəlir,
Düşmənlərin üstünə dağlar elə bil gəlir...

1942-ci ilin mart ayı idi. Alman faşistləri Krımda hücuma keçmişdilər. Sovet qoşunları geri çəkilirdi. Sovet məlumat bürosunun xəbərlərini ürək döyüntüsü ilə dinləyirdik. Həmin günlərdə mən başılovlu evdən çıxıb birbaş Yazıçılar İttifaqına gəldim. İttifaqın birinci katibi Səməd Vurğunun yanına qalxdım. Səməd iş otağında tək idi.

– Səməd, mən cəbhəyə getmək istəyirəm, – dedim. – Mərkəzi Komitədə danış, məni hərbi müxbir kimi göndərsinlər. Burda qala bilmirəm.

Səməd Vurğun həssas adam idi. Əhvalımı görüb başa düşdü, vəziyyətdən zarafatla çıxmaq istədi. Üzünü mənə tutub tamamilə ciddi ahənglə dedi:

– Mən iki batalyonu hardan alım, səni cəbhəyə yola salsın. Bilirsən, indi Krımda kurort-murort yoxdur. Get şerini yaz, uşağını saxla.

– Axşam pedaqoji institutda şer gecəmiz olacaq, ora gələrsən. Saat 7-də, yadından çıxmasın.

Heç sakit ola bilmirdim. Evə gəlib “Bakinski raboçi” qəzetinin redaktoru Henrix Pismana zəng elədim. O zaman Azərbaycan şairlərinin şeirləri rus dilinə tərcümə edilib cəbhə qəzetlərinə göndərilirdi. Bu işin təşkilatçılarından biri Pisman idi. Arabir mənə də zəng edir və şeir istərdi. Telefonda ondan hərbi müxbir kimi cəbhəyə getməyimə kömək eləməsini xahiş elədim. O da mənə ciddi ahənglə cavab verdi:

– Gənclərimizin vətənpərvər olmaları təqdirəlayiqdir. Ancaq hamımız tökülüb cəbhəyə getsək, arxada kim qalar? Burda iş çoxdur. Yoldaşınız cəbhədədir, burda onun əvəzində işləməlisiniz. Şeir verin, Krım cəbhəsində çıxan qəzetə göndərim.

Bir neçə gündən sonra “Vətən qızları” adlı şeri verdim. Göndərdilər. Krımdakı hərbi qəzetdə çap olundu. Bu şerin taleyi haqqında məşhur sovet şairi İlya Selviski müharibə xatirələrində yazmışdı.

Kerçdən, Rəsuldan gələn məktubların arası kəsilmişdi. Rəsul yalnız arabir cəbhədə rəşadətlə vuruşan azərbaycanlı döyüşçülər haqqında Azərbaycana teleqraf agentliyinə yığcam və qısa oçerk-məqalələr göndərirdi. Göndərdiyi mətnin içində iki kəlmə: “Nigara salam” yaza bilirdi. O vaxtlarda AzTAQ-da işləyən Yefim Qurviç gecə-gündüz, nə zaman olsa telefon edər, bizi sevindirərdi.

Kerçdən gələn məktubların birində Rəsul “Bəxtiyar” şerini göndərmişdi. Mən bu şeri Səməd Vurğuna oxudum. Səməd: – Nigar, mən bu şerin vəznini tuta bilmədim, o nə vəzndə yazılıb, – dedi.

Şer on hecalı idi. Çox işlənən on bir hecalı şerə alışmış qulağımız üçün on hecalı şeir qəribə gəlirdi:

Külək qarı səpələr, Bəxtiyar,
Ağ geyinib təpələr, Bəxtiyar.

Yüksək vətənpərvərlik və vətəndaşlıq duyğusu, qayğıkeşlik və həssaslıq, böyük humanizm müharibə dövrü adamlarının səciyyəvi xüsusiyyəti idi.

Gələcəyə, qalibiyyətə möhkəm inam ədəbiyyatda da öz əksini tapmış, şairlərimizin yaratdığı gözəl şeirlərdə, nəğmələrdə ifadə olunmuşdu. O dövrdə yaranan şeirlər sevilə-sevilə oxunur, dillərdə əzbər olur, geniş yayılır və təsir gücünü göstərirdi. Səməd Vurğunun “Şəfqət bacası” şeri bu əsərlərdəndi. Məşhur bəstəkarımız Üzeyir Hacıbəyovun bu şerə yazdığı gözəl musiqi ona xüsusi təravət vermiş və geniş yayılmışdı.

Süleyman Rüstəmin “Ana və poçtalyon” şeri müharibənin top-tüfəng gurultuları altında insanlığını itirməmiş ana ürəyinin nəcib duyğularını ifadə edən şeirlərdən idi. Bu şeir çox sevilir, çox oxunurdu.

Əhməd Cəmilin “Can nənə, bir nağıl de” şeri insanların müharibə alovlarından qurtarıb dinc və rahat güzəran sürmək ümidini və arzusunu ifadə edən şeirlərdən idi. Başqa şairlərimizin yazdıqları onlarla gözəl şeir və nəğmə böyük təsir gücünə malik idi. İnsanlar bu şeirləri oxuyur, əzbərləyir, bunlarla təsəlli tapır, ümid və arzu yollarını işıqlandırırdılar.

Bu dövrdə yaranan şeirlər içərisində ritorik şeirlər də çox idi. Bu şeirlər poeziyanın əbədiyyət yoluna çıxa bilmədi, lakin faşizm əleyhinə çağırılan mitinqlərdə, tribunalarda, radio verilişlərində səslənmiş, cəbhədə ölən adsız qəhrəmanlar kimi öz vaxtında faydalı işlərini görmüşdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri