Səhifə 1 / 2

Tariximizin qəhrəmanlıq səhifələrində Azərbaycan qadınının öz şöhrəti, öz şərəfli yeri var. “Kitabi-Dədə Qorqud” qəhrəmanı igid Buğaca süd verən anası, Koroğlunun sadiq Nigarı, Qaçaq Nəbinin silahdaşı qoçaq Həcər – xalqımızın iftixarıdır. Məğrur, əyilməz bir qızın şərəfinə Bakıda möhtəşəm qala ucaltmış şair xalqımız vətən torpağının ən füsunkar guşələrinə şairanə adlar verib – Qızbənövşə yaylağı, Qırxqız bulağı, Gəlin qayası...

Xalqımızın keçmişdə müdrik hökmdarı Nüşabə də olub, cəsur üsyan başçısı Rüstəm də, tədbirli dövlət xadimləri Sara xatun da, Tuti Bikə də...

Ancaq xalqımızın keçmişində qadınlarımızın göz yaşlarından doğan dəryalar, ah-nalələrindən buludlanan səmalar, ağılardan parçalanan ürəklər də olub.

Ölülər dünyasının üfunəti içində yaşıl və köməksiz pöhrə kimi əsim-əsim əsən, tapdanan, əzilən, incidilən balaca, zərif bir varlıq – on iki yaşlı Nazlı, Cəlil Məmmədquluzadənin yanıqlı qələmindən doğulmuş kövrək qızcığaz, mömin və küt Hacı Həsənin qızı, bədbəxt İsgəndərin bacısı, şəhvət hərisi firıldaqçı Şeyx Nəsrullahın “şikarı”...

Kim bilir bəlkə, Nazlının şair təbi vardı? Kim bilir, bəlkə o, başına gələn müsibətləri şeir misralarıyla ifadə etmək istəyirmiş, bacarmırmış? Bəlkə, şeir yazmağı bacarsaydı, onu Şeyx Nəsrullahın murdar ağuşuna atmaq istəyən atasına, gözü, ağlı, qulağı mövhumat dumanından tutulmuş atasına bu sözlərlə müraciət edərdi:

Yalvarram qohum-qardaşa,
Bax gözümdən axan yaşa,
Baxtımı döndərmə daşa,
Vermə məni yada, ata!
Salma yanar oda, ata!

Kəsmə hər yerdən çaramı,
Vurub qanatma yaramı,
Gəl keçirmə sən çıramı,
Vermə məni yada, ata!
Salma yanar oda, ata!

Anam boynun büküb ağlar,
Bacım sinəsini dağlar,
Bacım qızı qara bağlar,
Vermə məni yada, ata!
Salma yanar oda, ata!

Nazlı sənə şirin bala
Haqdan keçib, çəkmə ala
Aldanıb dövlətə, mala,
Vermə məni yada, ata!
Salma yanar oda, ata!

Hacı Həsən ağa körpə qızını dövlətə, mala, bu dünyanın nemətinə, sərvətinə deyil, o dünyanın cənnət xülyasına, şəriətin “savabına” qurban vermək istəyirdi. Nazlının bacısı yox idi; onun üçün sinəsini dağlayan – qardaşı dərdli İsgəndər idi. Bu şerin də müəllifi “Ölülər”dəki Nazlı, Mirzə Cəlilin ölməz Nazlısı yox, real həyatda yaşamış, şairə Nazlıdır.

Adlarının eyniliyi təsadüfidir. Acı taleyin, qara bəxtin, yanıqlı yalvarışların eyniliyi təsadüfi deyil – inqilabdan əvvəlki dövrdə qadınlarımızın ümumi müsibəti, faciəsi, aqibətidir.

Sanki şairə Nazlı, Mirzə Cəlil Nazlısının ağrılarını şeir diliylə ifadə edir.

Sanki Mirzə Cəlil Nazlısı neçə-neçə real Nazlının bədii təcəssümü, timsalıdır.

Qarşınızdakı kitab Azərbaycan qadınlığının bir növ poetik salnaməsidir. Bu salnaməni hörmətli alimimiz, yazıçımız Əzizə xanım Cəfərzadə neçə ilin gərgin axtarışları, ağır zəhməti, səyi nəticəsində toplamışdır. Salnamə neçə-neçə Azərbaycan şairəsinin çoxəsrlik fəaliyyəti, ilhamı, yanğısı nəticəsində yaranmışdır.

Sənət, şeir – həmişə zəhmətlə yaranır. Qadın sənətkarın zəhməti bəlkə də ikiqatdır. Ədəbiyyat tarixinin böyük simaları – antik yunan şairəsi Safodan, XX əsrdə yazıb-yaratmış, Nobel mükafatı laureatı Qabriela Mistrala qədər bir çox qadın sənətkarlar həyatlarının və peşələrinin bu ikiqat çətinliyindən dönə-dönə danışmışlar. Sevgilərinə, ailələrinə, əzizlərinə sədaqətlə, ilhamla şeirlər həsr etmişlər. Qələmi, dəftəri, yazı masasını öz əsərlərində dəqiq, mənalı sözlərlə tərənnüm etmişlər. Şərq şairəsinin, islam ölkələrində yaşayıb-yaradan qadın sənətkarın işi isə ikiqat zəhmətdən başqa, həm də, onqat cəsarət, hünər idi.

Arvadla kişini bağlayır kəbin,
Bu işə yol verir şəriət, ayin,
Mənimsə kəbinim bir rübaidir!
Varmı bu kəbinə yol verən bir din?

Bu vüqarlı sözləri səkkiz yüz il bundan qabaq söyləmiş Azərbaycan şairəsi Məhsəti Gəncəvi öz sualının cavabını da bilirdi. Bilirdi ki, belə bir kəbinə yol verən din yoxdur və islam dini belə bir nikahın ən qəddar düşmənidir. Bu acı həqiqəti Məhsəti xanım da bilirdi, ondan sonrakı əsrlərdə yaşayıb-yaratmış onlarla başqa şairələr də – Natəvan da, Heyran xanım da, Kəminə də, Qürrətüleyi də, Aşıq Pəri də. Bilirdilər və bilə-bilə “kəbinlərini” rübaiylə, qoşmayla, gəraylıyla, qəzəllə, bayatıyla “kəsirdilər”. Bu kəbinin bəhrələri, bu nikahın övladları gözlərimiz qarşısındadır: səhifələri çeviririk, uzaq-uzaq illərin ardından qulaqlarımıza səslər, sədalar gəlir. İncə və zərif qadın pıçıltıları, qəmli zümzümələr, şirin laylalar, təsirli ağılar, bəzən də gülüşlər, şux qəhqəhələr... Bəli, gülüşlər, qəhqəhələr. Çünki ən ağır çağlarda, ən məşəqqətli dövranlarda belə insanlar, xüsusilə qadınlar, gülüşü unutmayıb, şən zarafatdan yadırğamayıblar.

Çəkməsi cığ-cığ eylər,
Evimizi palçıq eylər.
Zəhləm gedir o yardan
Hər gecə acıq eylər.

Samovar pıqqıldayır,
Qəndqıran şaqqıldayır.
Zəhləm gedir o yardan,
İşbilməz, naqqıldayır.

Su götürdüm hovuzdan,
Xoşum gəlir tovuzdan,
Yar mənə pencək alıb,
Astarı qanovuzdan.

Bu şux, şıltaq bayatılar Şamaxı şairəsi Pərinazındır. Həmin o şairənin ki, 1902-ci ildə dəhşətli Şamaxı zəlzələsinin şahidi olmuş və bu müsibətə də təsirli misralar həsr etmişdir:

Şəhərin dam öyləri,
Əsl tərxam öyləri.
Zəlzələ viran qoydu,
Dağıldı şam öyləri.

Bu gələn arabadı,
Qoy gəlsin arabadı.
Dünənki cənnət şəhər,
Bax, bu gün xarabadı.

Dağda biyan varmola?
Soyub yeyən varmola?
Bu əcəlsiz qırğına,
Hayıf deyən varmola?

“Sevinclə kədər əkiz doğulub” – deyiblər. Belə bir ifadə də var: “Bir gözü gülür, biri ağlayır”. Azərbaycan şairlərinin gülən gözləri, xoş saatları da olub. Amma gözləri daha çox qan-yaşla dolub, dərdli-ələmli ayları, illəri, yaxşı günlərini, saatlarını üstələyib. Odur ki, qadınlığın bu poetik salnaməsindən daha çox ah-fəryad səsləri ucalır. Şairələr xalqın ümumi müsibətlərinə – zəlzələlərə, talanlara, müharibə qırğınlarına, ölənlərə, itənlərə yas tuturlar. Şairələr Şərq qadınının ümumi acı taleyinə – hüquqsuzluğa, bərabərsizliyə, mütiliyə ağlayırlar. Bir də hər şairənin, hər qadının öz şəxsi yaraları, şəxsi dərdi, itkisi var.

Böyük Natəvan 17 yaşında dünyadan gedən oğlu Mir Abbasa mətəm saxlayır:

Boyun bəlasın alım, sərv tək yıxılma, oğul,
Doyunca görməmişəm getmə, bir zaman, getmə!
Çıxaydı kaş gözüm, görməyəydi hicranın,
Ölüncə bil edərəm naləvü-fəğan, getmə!
Səbahatək oturub çəkmişəm cəfalərini,
Boyum bərabərisən indi, əlaman, getmə!

İyirmi yeddi il sonra 20 yaşında gənc Məşədixanım Leyli, Natəvanın “Ölürəm” rədifli qəzəlinə nəzirə yazıb, nakam taleyinə ağlayır:

Nişanə qalmadı məndən, qızım da öldü mənim,
Gözümə oldu əcəb tirə ruzigar, ölürəm.

Leyli özünə ağlayır, itirdiyi qızına ağlayır, fəraq içində qoyub getdiyi şair sevgilisinə ağlayır. Bu nə qədər insani bir hissdir. Neçə-neçə qadın dünyadan belə nakam gedib. Amma onların demədiklərini, deyə bilmədiklərini Leyli deyib, bu sözlərlə onları da, özünü də əbədiləşdirib. Poeziya elə insandan dünyada qalan nişanə deyilmi? Bir də, poeziya insanın möhnət, intizar, həsrət üzərində qələbəsi deyilmi?

XVII əsrdə beş Azərbaycan qızını əsir aparıblar. Onlar vətəndən uzaqlarda həsrət və möhnət içində ömürlərini başa vurublar. Bu beş qəlbin əzabları – üç əsrin sarsıntıları, qeyli-qalı arasında çoxdan itib, əriyib, unudulub. İtib? Əriyib? Unudulub? Yox, bu beş “Yesir qız”ın biri – Gülşad şairə imiş; özünün və rəfiqələrinin qüssələrini qələmə alıb və beş qəlbin harayı itməyib. Didilib tökülmüş cüng səhifələrindən, gül ləçəyi kimi zəif bir “ah”, bir giley, bir həsrət nəğməsi, üç əsrin başı üstdən gəlib bizə, bu günə çatıb:

Göydən ötən bölük-bölük durnalar,
Bizdən salam olsun Əcəm elinə.
Yaşıl geymiş sarı telli durnalar,
Bizdən salam olsun Əcəm elinə.
Beş qız idik bir arada, bu yerdə,
Ya ilahi, dərman elə bu dərdə
Canım durna, hər vətəndə, hər eldə,
Bizdən salam olsun Əcəm elinə.

XVII əsrdən, “İstanbul şəhərindən – Qostəntəniyyə”dən gələn bu qəmli sədaya, XIX əsrdə Tehrandan başqa bir şairənin yanıqlı səsi səs verir:

Mən aşığam qara bax,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Bu şeir Ağabəyim ağanındır. İbrahimxəlil xanın qızı, İran hökmdarı Fətəli şaha ərə verilmiş Azərbaycan qızının “qızıl qəfəsdə” yazdığı şeir.

Bir-birinin müasirləri olan şairlərimiz bəzən şeirləşmiş, bir-birinə poetik cavablar yazmışlar. Müxtəlif şairələrin yaratdıqları “Ağam canı” rədifli qəzəllər buna ən yaxşı misaldır. Amma bu kitabda biz başqa bir səsləşməni də eşidirik: bir-birindən xəbərsiz olan, bəzən, hətta ayrı-ayrı dövrlərdə yaşamış şairələrin mövzu və tale səsləşmələrini...

Şairə Bəsti atasına, anasına, qardaşına, bibisinə, xalasına yalvarır, “yaşı əlli, ağ tükü qaşından bəlli, acı sözlü, zəhər dilli bir ağ yala məni verməyin” – deyə fəryad qoparır.

Zəhər qatdılar aşıma,
Bəlalar gəldi başıma,
Baxmadılar göz yaşıma,
Satdılar kaftara məni
Ağ yal canavara məni, –

Deyən Əsmər, sanki Bəstinin səsinə səs verir, atasından, anasından, qardaşından, əmioğlusundan gileylənir.

Və elə bil ki, üçüncü bir şairə bu bəxtiqara qızı təsəlliylə ovundurur:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri