İnsan balaları
İlan çalmış kiçik Xanımın
Şümşad bədənindən
zəhəri sordun,
Qaraca qız, Qaraca qız.
Körpə ciyərlərini,
balaca ürəyini
yaman yordun,
Qaraca qız...
Nə uşaqlıq sevinci gördün,
Nə bir ürəkdən güldün,
Qaraca qız.
Qara torpaq üstünə
düşüb öldün,
Qaraca qız...
Hisli, qara çıraq işığında
Bir oğlan uşağı
məktub yazır...
Zorla, güclə düzür
hərfi hərfin yanına.
Ömründən, günündən,
Çəkdiyi min əziyyətdən yazır.
Sahibin ona verdiyi
zülmdən, zillətdən yazır.
“Gəl, baba can,
qurtar məni
Bu qəmdən, bu bəladan
Vallah, baba can,
bu əziyyətlərə dözə bilməz
heç bir insan...”
Sonra qatlayır kağızı,
Əyiş-üyüş hərfləri
düzür yan-yana,
“Bu kağız çatacaq
kənddə babama...”.
Xoşbəxt yaşayır
ölkəmin balaları,
Böyükdür, aydındır
onların arzusu, niyyəti.
Çörəyə, işığa möhtacdır
fəqət,
dünyadakı insan balalarının
böyük əksəriyyəti.
Balaca balalar,
insan balaları!
Yer üzünün bütün nemətlərini
sizə paylaya biləydim...
Havanı, suyu, günəşi
sizə verə biləydim,
İsti otaqlardakı
gur işıqları,
Ocaqlarda yanan atəşi
sizə verə biləydim...
Sizin yalın ayaqlarınızı,
üşüyən əllərinizi
Ürəyimin hərarətiylə
qızdıra biləydim.
Zamanın əliylə sizə,
yer üzündəki
bütün insan balalarına
Əbədi səadət fərmanı
yazdıra biləydim.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-insan-balalari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Görkəmli heykəltəraş*Fuad Əbdürrəhmanovun xatirəsinə*
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Ağ bənövşəBahar, səndə nə adətdir,Göy çəməndə mor bənövşə bitirirsən.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,