Məhəbbətim bölünmədi....
Birinci nəvəm oğlandı,
Bir dünya sevinc gətirdi
anadan olanda.
Ürəyimdə əvvəllər duymadığım
bir məhəbbət oyandı.
Ağlayanda,
ürəyimin başı sanki sökülürdü.
Gülüşündən hər tərəfə
qucaq-qucaq
işıq, sevinc tökülürdü.
Düşünürdüm:
Bir nəvəm də olsa,
Onu sevmək üçün
Qəlbimdəki məhəbbəti
Necə yarı böləcəyəm?
Ağlayanda kədərlənib
Qımışanda sevinəcək,
güləcəyəm...
Sonra bir qız nəvəm oldu,
Gözləri göy, üzü göyçək,
Yanaqları dağ laləsi,
Dodaqları incə çiçək...
Qələm qaşı çatılanda,
Ala gözü süzüləndə,
Hərdən incik baxıb mənə
Dodaqları büzüləndə
Qəmlənirdim dərin-dərin.
Günlərimə çiçək-çiçək
Səpilirdi gülüşləri...
Elə bil ki, ürəyimdə
Nəğmə səsi eşidirdim
O yatanda mışıl-mışıl
yatağında.
Bir cüt nəvəm böyüyürdü.
Məhəbbətim bölünmədi,
az olmadı
Oğlan nəvəm, qız nəvəmə
məhəbbətim yetər oldu,
artdı, artdı,
azalmadı.
Üçüncü qız nəvəm oldu,
Qızıl saçlı, qonur gözlü,
Şirin dilli, şirin sözlü...
Ağlayanda yanğın saldı
Ürəyimin başına o.
Hərdən məni qərq elədi
Gözlərinin yaşına o.
Duzlu, şirin, göyçək bala
Hərdən şıltaq-şıltaq oynar,
Hərdən dalar xoş xəyala...
Məhəbbətim bölünmədi,
azalmadı,
Hər üçünə yetər oldu,
az olmadı.
Bir qız nəvəm yenə oldu,
Qaşı qara, gözü qara,
Elə bil ki, nur ələndi,
nur çiləndi buludlara...
Gülüşündən könül güldü,
Ağlayanda qəm töküldü.
Gah məzəli, gah dincdi o,
Həm fərəh, həm sevincdi o.
Sevdim onu
əvvəlki üç nəvəm kimi,
Məhəbbətim azalmadı,
Dördünə də yetər oldu,
az olmadı,
Bu körpəyə məhəbbətim
Onlardan da betər oldu.
Bir-birinin ətəyindən tutub
Yolu keçən gördüm uşaqları.
Yanaqları tompul-tompul,
Nəğməliydi dodaqları.
Məhəbbətim qanadlandı,
Könlüm birdən bahar oldu.
Məhəbbətim ürəyimdə
Yenə min bir çalar oldu.
Nə qəribə duyğudur bu,
Böyük insan məhəbbəti!
Neçə saysız çalarıyla
İnsanlara, təbiətə,
Xalqa, yurda, məmləkətə,
Ulduzların karvanına,
Aya, günə,
dosta, könül həyanına,
Quşa, xallı kəpənəyə,
Əlvan, zərif gül-çiçəyə,
Bu məhəbbət paylandıqca
azalmayır,
Tükənməyir, az olmayır.
Ürəklərə işıq salır,
Ömürlərə yaz gətirir,
Qanadlanıb nəğmə olur.
Əziz mehriban ellərə
Şirin-şirin söz gətirir.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-mehebbetim-bolunmedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız