Yadımda qalanlar
Səhifə 2 / 2 · 50%
Bundan sonra nənəm öz qapılarını açır, ayağının ucunda səssizcə bizə yanaşır, uşaqlar, deyirdi, yatmamışdan qabaq kəlmeyi-şəhadətinizi demisinizmi? Kamil: yox, nənə, indi deyəcəyik, – deyirdi. Nənəm üstümüzü örtür, “yadınızdan çıxmasın ha” deyib gedirdi.
Nənəm getdikdən sonra Rəşid yerin içində üç dəfə mayallaq aşır, sonra əllərini göyə qaldırıb bu sözləri deyirdi:
Əsəllükə dolma bükə.
Qazana qoya, boşqaba çəkə.
Ağzına qoya,
Kamil ona acıqlanıb, yerinin içində oturur, üzünü qibləyə tərəf çevirir və əllərini qaldırıb duanı yarı-yarımçıq oxuyurdu. Bir-iki kəlmə deyəndən sonra, – dalısını ürəyimdə deyirəm – deyib yavaşcadan mızıldanmağa başlayırdı. Rəşid bu zaman sevincək: hə, dalısını bilmirsən ki, bilmirsən ki, – deyə onu cinlətməyə başlayırdı. Bu zaman Kamil balışını götürüb onun üstünə atırdı, hər gecəki balış davası başlanırdı. O buna, bu ona, ta anam eşidənə qədər. Anam eşitcək gəlirdi, hər ikisinə acıqlanırdı. Onu bilirəm ki, mənasını başa düşmədiyimiz bu kəlmeyi-şəhadəti nənəmin təkidinə baxmayaraq heç birimiz axıra qədər öyrənə bilmədik. Evimiz bütün günü arı yuvası kimi qaynayırdı.
Babam Ələkbər bəy böyük maarifpərvər və tərəqqipərvər bir şəxsiyyət, xalq içində tanınan, böyük nüfuza malik bir ictimai xadim idi. O avamlıq, cəhalət və nadanlıqla mübarizədə fədakar bir döyüşçü kimi şəhərin hər işinə qarışır, xeyirxah və ədalətli hərəkətləri ilə xalqa kömək edirdi. Bütün günü babamın yanına dəstə-dəstə adamlar gəlir-gedir, tələbələr, müəllimlər, ziyalılar ondan məsləhət alırdılar. Atam səhərlər xəstəxanaya gedir, axşamlar isə çox vaxt onu xəstə üstünə aparır, yaxud xəstələri yanına gətirirdilər. Atamın ilk həkimlik fəaliyyəti haqqında, o zaman “İrşad” qəzetəsi yazırdı: “Böyük millət atası Ələkbər bəy Rəfibəyovun oğlu Xudadat Rəfibəyov Rusiyada həkimlik təhsilini bitirib doğma Gəncə şəhərinə qayıtmış və həkimlik fəaliyyətinə başlamışdır. Hər gün işdən sonra beşdən doqquza qədər öz evində xəstələrə, yeni axşam saat beşdən doqquza qədər öz evində xəstələrə məccani-pulsuz tibbi yardım göstərir. Həkim yardımına ehtiyacı olanlar müraciət edə bilərlər”.
Atamın qəbul otağına gələn xəstələrin həddi-hesabı yox idi. Anam evin təsərrüfat işlərindən başqa həm də “Cəmiyyəti xeyriyyə”nin Gəncə şöbəsinin sədri kimi fəaliyyət göstərirdi. Anam özü kimi az-çox savadlı olan qadınlarla birlikdə Gəncənin müxtəlif mədəni tədbirlərində iştirak edirdi. Qardaşlarım hər ikisi məktəbə gedirdi. Elə olurdu ki, evdə heç kəs qalmırdı, belə vaxtlarda nənəm Xeyransa xanım məni öz otağına aparar, bərk-bərk qucaqlayıb üzümdən-gözümdən öpərdi. Sonra xırdaca əllərimi ovcunun içinə alar, onun da barmaqları belə şam kimi idi, – deyərdi. Nənəm bu sözləri deyəndə gözlərindən isti yaş axar, mənim saçlarıma tökülərdi. Nənəmin ağlamağını görən kimi, mən də ona qoşulub ağlayırdım. Nənəm dərhal gözlərini silər, gəl sənə qoz verim deyərdi, ağlama, sən ağlama. Sonra hər ikimiz sakit olub bir işlə məşğul olardıq. Mən dünyaya gəlməmişdən çox illər qabaq, yəni atamla anam evlənməmişdən belə əvvəl, nənəmin Suğra adlı gəlin qızı ölmüşdü. Mənim adımı onun şərəfinə Suğra qoymuşdular. Ancaq evdə heç kəs ürək eləyib bu adı çağıra bilmirdi. Dörd-beş yaşına qədər məni kimi Topuş, kimi Lapuş, kimi də Matan deyə çağırardı.
Bu zamanlar Türkiyə şairəsi Nigar xanımın “Əfsus” adlı şeir kitabı anamın əlinə keçmişdi. Anam Nigarın şeirlərini çox sevərdi. Ələkbər babam anamın həm qayınatası, həm də doğma dayısı idi. Atam öz bibisi qızı ilə evləndikdən sonra, nəsildən qız almağı bütün qohumlara qadağan eləmişdi.
Anam babamın otağına keçib: – Ələkbər dayı, evdə bu qızın adını çağırmağa heç birimizin ürəyi gəlmir. Əgər izin versən, bu qızın adını dəyişdirib Nigar qoyardıq, – demişdi. Babam heç bir cavab verməmişdi. Ancaq gözlərində iki damla yaş parlamışdı. Övlad dağı, görünür çox illər keçməsinə baxmayaraq heç zaman sağalmır. Anam onu belə görəndə səssizcə otaqdan çıxmışdı.
Ertəsi gün nahar vaxtı yenə masanın başında babam əyləşmiş, həmişəki qayda üzrə bir yanında Kamil, bir yanında Rəşid oturmuşdu. Mən atamın yanında otururdum. Babam anama müraciətlə: – Cavahir, dur bir şərab gətir, Nigar xanımın sağlığına içək, – demişdi.
Anam ortalığa şərab qoymuş, birinci babam töküb içmiş balaca Nigarın sağlığına, “xoşbəxt olsun, gələcəyi parlaq olsun, gözəl bir dünyada yaşasın”, – demişdi.
Bir neçə gündən sonra anam bir qonaqlıq düzəldib öz rəfiqələrini dəvət etmiş, məclisə qız-gəlinləri yığmışdı. Bundan sonra mənim Topuş, Lapuş dövrüm bitmiş, artıq Nigar adı ilə yaşamağa başlamışdım.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-yadimda-qalanlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir