Teatrın foyesidir, foye lazımı qədər işıqlanmamışdır.

Durna — (Dilbər ilə bərabər zaldan çıxırlar) Afərin Qəhrəmana! Gözəl danışdı. Bu mə’ruzə iclasda olanların hamısını hazırkı qələbəmizə inandırdı. Həm də bir tərəfli tənqidçiləri lazımınca ifşa etdi. Sən əbəs yerə onunla bir yabançı kimi rəftar edirsən.

Dilbər — Durna, sən də bir tərəfli danışırsan. Nə üçün mənim Qəhrəmandan çəkdiyim əziyyətlərdən, ondan gördüyüm həqarətlərdən danışmırsan? Mən onun inadları nəticəsində doğma atamı da atdım, amma o...

Durna — Necə amma o?.. O nə edə bilərdi? O partiyanın və hökumətin qarşısında ağzını yumub otura bilməzdi ki? O ki, qaldı həqarətə, o da Qəhrəmanın barəsində açıq bir böhtandır, çünki o bunun üçün yaranmamışdır. Elə bilirəm ki, onun qəlbində kin və ədavətə yer yoxdur. O olduqca nəvazişkar bir oğlandır.

Dilbər — Onların hamısı doğrudur. Lakin o yaxşı da olsa, pis də olsa mənim üçün deyildir, hazırda mən onu bir əməkdaş kimi müdafiə edirəm. Edəcəyəm də, çünki o olduqca namuslu bir mütəxəssisdir. Nə isə... görəsən bədii hissədə nə var?

Durna — Afişanı görmürsənmi?

Dilbər — (afişaya baxaraq diksinir) mən yuxumu görürəm? Bu ki, Firəngizdir. (Durnaya) Bax, bu sənin tə’rif etdiyin Qəhrəmanın Firəngizidir, o məni zəhərləmək üçün bunu çağırıb Azərbaycana gətirdi. (Afişaya diqqətlə baxır). Sən qızlığında da kədərli idin, indi də kədərlisən. Görünür ki, sən də mənim kimi şadlıq üçün yaranmamısan.

Durna — Dilbər, mən bu işdən şübhələnirəm. Qəhrəman Firəngizin buraya gələcəyini bilsəydi bizdən gizlətməzdi. Mən elə bilirəm ki, bu bir təsadüfdür.

Dilbər — (afişaya bir daha diqqətlə baxır) Doğrudur o gəlib, lakin bu gəlməklə Qəhrəman üçün şadlıq gətirməmiş, çünki qız başqa familiya daşıyır.

Durna — Yazıq Qəhrəman!

Dilbər — Doğrudan da yazıq Qəhrəman. İqbal onu cəzalandırdı. Çünki o Firəngizi də, məni də itirdi. Gözləyənlərin sonu budur.

Durna — Elə düşünmə, Dilbər, Qəhrəmanı rədd etmək insafsızlıqdır.

Dilbər — Durna, sən gəl məni təhqir etmə. Mən növbəyə yazılan qızlardan deyiləm.

Durna — Bəxtin gülməyə başlarkən ağlamağın mə’nası yoxdur. Sən Qəhrəmanı sevirsən, heç atılıb düşmə.

Dilbər — Qəhrəmanın özü də məni qısqandırmaq üçün orada-burada: «Firəngiz dünya gözəlidir» deyirdi. İndi yaxşı bax, bunun harası dünya gözəlidir?

Durna — Mən səni qısqandırmaq istəmirəm. Amma olduqca cazibəli gözləri vardır.

Dilbər — Baxışları sün’idir. Dodaqları mərmər bir heykəlin dodaqları kimi cansızdır. Firəngizi mənə tanıtma. Onu məktəb skamyasından tanıyıram.

Durna — Duruşunda qalınlığa məxsus bir əzəmət var.

Dilbər — Padumayeş! Əzəmət var. Bəsdir sən allah, qulaqlarım yoruldu. (Gedir).

Durna — (onun dalınca gülür) Qısqanclığın özü də sevgi ilə bərabər doğulan xəstəlikdir. (Dolanmağa başlayır, Bəhlul zaldan çıxıb Durnanı görüb yanaşır)

Bəhlul — Nə üçün tək durmusan?

Durna — Dilbər məndən ayrılıb getdi. Təzə hadisədən xəbərin varmı?

Bəhlul — Nə hadisə?

Durna — Afişaya yaxşı bax, bu qız Qəhrəmanın gözlədiyi Firəngizdir. Özü də ərə getmiş.

Bəhlul — Bunu kim bura çağırdı? Qəhrəman nə üçün bunu bizdən gizlətdi?

Durna — Mən elə bilirəm ki, bu bir təsadüfdür və yainki burada bir gizlin əl işləmişdir.

Bəhlul — Qəhrəmanı gözdən qoymaq lazım deyildir. O özünü rüsvay edə bilər.

Başlayırlar foyedə dolanmağa, Dilbər dəxi həyəcanlı bir surətdə onlara yanaşır.

Nəsir — (Güllü ilə bərabər daxil olub zalın qapısında duran qadına müraciət edir) Konsert hələ başlanmayıb ki?

Qadın — Xeyr! Hələ iclas qurtarmayıbdır.

Nəsir — (divardakı afişada qız şəklini görüb baxmaq istəyir) Güllü, o qız kimdir?

Güllü — (onun ətəyindən dartır) Gəl belə! Nə gözünü ora zilləmisən?! Mənim şorgöz kişidən zəhləm gedər.

Nəsir — (əlini qoyur Güllünün ağzına) Yavaş danış, dəlisən, nəsən? Durnanı, Dilbəri görmürsənmi?

Güllü — Onlar bilsələr ki, sən şorgözsən dərini çıxardarlar. Gündə əlli kərə kontora soxulursan.

Foye işıqlanır, iclasdakılar zaldan çıxır.

Mirzə Teymur — (Mirzə Əhmədlə bərabər zaldan çıxırlar) Doğrusu sənin bu günkü çıxışından heç də xoşlanmadım.

Mirzə Əhməd — Doğrudur, mən inadkaram, bir az qabalığım da vardır, bununla bərabər vicdanım da vardır, həqiqəti inkar edə bilmərəm. Qəhrəmanın dediyi qələbə inkaredilməz qələbədir.

Mirzə Teymurla Mirzə Əhməd danışdığı zaman baş mühəndis onlara yanaşır.

Baş mühəndis — Mirzə Teymur! Sizin bacarıqlı bir mühəndis olduğunuza heç bir şübhə ola bilməz. Lakin yersiz tənqidlər ilə özünüzü ifşa edirsiniz. Çıxışınızdan heç bir kəs razı qalmadı, nə üçün həqiqəti görmürsünüz!

Mirzə Teymur — Doğrudur, tənqid mədəniyyətsiz adamlar üçün çox acıdır. Qoy incisinlər.

Baş mühəndis — Tənqidi təhqirə çevirmək yaramaz.

Mirzə Teymur — Mən heç bir kəsi təhqir etmirəm. Ancaq deyirəm ki, görülən işlər mənim səliqəm ilə düz gəlmir. Mənim ağzımı qapamaq olmaz, mənə yaxşı bax!

Baş mühəndis — İş lazımi qədər təşkil olunub, əmək məhsuldarlığı əldə edilib, mexaniki sexin dəzgahları səslənir, daha nə istəyirsiniz?

Mirzə Əhməd — (sözü müdaxilə edir) Mə’ruzə həqiqi mə’ruzədir. Gənc mühəndislər qalib çıxacaqlar. Mən sexi lazımi qədər gözdən keçirmişəm. Keyfiyyət barəsində heç bir söz ola bilməz. Gənc mühəndislərin təşkilatçılıq bacarığına inanmamaq qərəzkarlıqdır. Sənə qəribə gəlməsin, biz anlamaya da bilərik.

Mirzə Teymur — Demək ki, sən Qəhrəmanla barışırsan?

Mirzə Əhməd — Qəhrəman nəçidir? O burada işləyən makinənin kiçik bir vintidir. Burada böyük bir kollektiv vardır. Sən də, mən də o kollektivin üzvləriyik. Nə üçün biz tək-tək şəxslərdən yapışırıq? Bu bizim səhvimizdir.

Mirzə Teymur — Demək ki, sən təslim oldun. Amma məndə bir avropalı qüruru vardır. Heç bir zaman oğul-uşağa təslim olmaram.

Mirzə Əhməd — Mən çox təəssüf edirəm ki, biz indiyə qədər qürurla cəhlin və inadın fərqini qoya bilməmişik. Mirzə Teymur, sən də, mənim özüm də, şərəfli kollektivə təşəkkür etməliyik. Bəsdir, bizim inadımız işə az ziyan verməmişdir. Biz daha böyük mənfəət verə bilərdik.

Katib — (direktorla bərabər zaldan dışarı çıxır, Mirzə Əhmədə yanaşır) Sağ olun mirzə, sizin bu günkü çıxışınız iclasda olanların hamısını razı saldı.

Mirzə Əhməd — Siz elə bilməyin ki, mən öz çıxışımda gənc mühəndislərə yaltaqlıq etmək istədim. Doğrudur, mən çoxdan bəri gənclərin bacarığına inanmırdım. Lakin mən həqiqəti inkar edə biləcək qədər vicdansız deyiləm.

Katib — Biz bu cür çıxışı Mirzə Teymurdan da gözləyirdik. Lakin bunun əksini gördük.

Mirzə Teymur — (dalısını Dilbərə, Bəhlul və Durnaya çevirib afişanı oxuyur) Moskvada musiqi təhsilini bitirmiş Firəngiz Nə’manova.

Dilbər — Mənə eşitdirmək istəyir. Bilmirəm Qəhrəman nə üçün bunu bizdən gizlədirdi? Qəlbi saf deyil, vəssəlam!

Durna — Səbr elə görək, Dilbər. Hələlik bu açılmamış sirrdir.

Bəhlul — İş-işdən keçibdir. Qəhrəmanı bir təhər buradan aparmaq lazımdır.

Qəhrəman — (bir dəstə işçi ilə zaldan çıxır, Bəhlul, Durna və Dilbərə yanaşır) Dilbər, konsertə qalacaqsanmı?

Dilbər — (yarım açıqlı) Xeyr! Konsertdən də, konsertdə oxuyandan da ötrü məəttəl deyiləm! (Gedir).

Qəhrəman — Durna! Yenə Dilbər nə eşidibdir?!

Durna — Nə eşidəcək? Bir belə işin var idisə nə üçün bizdən gizlədirdin? Biz sənə düşmən deyilik ki?

Qəhrəman — Nə iş? Mənim sizdən nə kimi gizlin işim ola bilər?!

Mirzə Teymur — (gəlib afişanı oxuyur) Təhsilini Moskvada bitirmiş aktrisa Firəngiz Nə’manova!

Qəhrəman — (bu sözdən diksinib, arxasına baxıb afişada Firəngizi görür) Firəngiz? Mən yuxumu görürəm? (Afişanı oxuyur) Firəngiz Nə’manova. Odur, amma familiyası başqadır. Düşüncələrim doğruldu, o qəlbinin qapısını başqa bir sevgiyə açmış imiş.

Zəng vurulur, foyedəkilər zala daxil olur.

Mirzə Teymur — (gedərkən Qəhrəmana) Sizi təbrik edirəm, Sizə xoşbəxt bir həyat dilərəm. (İstehzalı gülüşlərlə uzaqlaşır).

Durna — (Bəhlula) eşitdinmi?

İsmixan — (Katelnikov, Straşnov və sairələrlə Qəhrəmana yanaşıb vidalaşırlar) Sağ olun Qəhrəman yoldaş. Çıxışların bizi öz qələbəmizə inandırdı.

Qəhrəman — Siz də sağ olun. Biz bu qələbədə sizin kimi yoldaşlara minnətdarıq.

Gedirlər.

Bəhlul — Gəl gedək, iş-işdən keçibdir. Həyatda bu cür hadisələr çox olar.

Zaldan əl çalma səsləri eşidilir və bir azdan sonra Firəngizin oxumaq səsi gəlir.

Qəhrəman — Odur, onun səsidir, arzularım səslənir. Mən onun bir sənətkar kimi səhnəyə çıxacağını gözləyirdim. Haman günü gördüm, lakin o mənim deyildir.

Durna — Əhəmiyyət vermə Qəhrəman, mətanətini itirmə! O sənin də olmasa xalqın sənətkarıdır.

Qəhrəman — Uzun illərdən bəri mənim qəlbimi quş kimi qəfəsdə məhbus edən qız! Sənin xəyalınla gecə-gündüz çalışıb əbədən yorulmadım. Ah! Eşq-məhəbbətin bu qədər acı nəticələr verəcəyini bilmirdim. (Tələsik zala daxil olur).

Durna — Rüsvayçılıq! (Onun dalınca zala daxil olurlar).

Dilbər — Ona acığım da gəlir, yazığım da gəlir. Qəhrəmanın nə təqsiri vardır. Vəfa və sədaqət ondan artıq olmazdı ki? Mən nə üçün qısqanıram? Firəngizlə Qəhrəmanı birinci kərə tanış edən mən özüm olmadımmı?

Qəhrəman — (həyəcanla zaldan çıxır) Gözünə görsənə bilmədim, özünü şaşıra bilərdi.

Dilbər — (özü-özünə) Qəlbinə bir bax. Sevgiyə və sədaqətə xəyanət edən bir qızın qeydinə qalır. Bu alicənablıq deyilmi?

Bəhlul — (Durna ilə bərabər zaldan çıxıb Qəhrəmana yanaşırlar) Gəl gedək Qəhrəman, bu macəranın genişlənməsinə imkan vermə! O vəfasız çıxmışdırsa, sən nə edəsən?

Qəhrəman — Yox-yox, mən ona vəfasız deyə bilmərəm, görünür ki, o da təklikdən yoruldu. Nə edim? Ah! Təbiətin nə qədər ağır, çəkilməz cəzaları var imiş. Bu cəza hansı günahın cəzasıdır?

Dilbər — (diqqətlə Qəhrəmanı dinləyir və ona nəvaziş göstərməyə başlayır) Qəhrəman, yalvarıram bir qədər möhkəm ol, sən mətanətli oğlansan axı. Nə üçün özünü itirirsən?

Qəhrəman — Siz gedin, mən mütləq onunla görüşməliyəm. (Zaldan «bis-bis» səsləri eşidilir, Qəhrəman sür’ətlə səhnə arxasına gəlir.)

Dilbər — Qəhrəman nə edirsən, dayan! (Dalınca sür’ətlə gedir).

Durna — (Bəhlul ilə bərabər onların dalınca baxır) Həyatın bu şəkli nə qədər qorxuludur.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri