Səkkizinci pərdə
Səhifə 1 / 2
Mexaniki sexin qarşısıdır, hər tərəf çiçəklərlə və rəhbərlərin şəkilləri ilə bəzənmişdir. Sexdən dəzgahların işləmək səsləri eşidilir.
Mirzə Teymur — (Mirzə Əhmədlə bərabər gəlir) Bir neçə gündür ki, özüm-özümdən iyrənirəm. Çünki xalqın mənə nifrət bəslədiyini bilməmiş deyiləm. Nə üçün mən işi bu dərəcəyə çatdırdım. Tutaq ki, Durnanın məni rədd etdiyi üçün onu təhqir edirdim. Əcəba Qəhrəman mənə nə yamanlıq etmişdi? Firəngiz macərasını nə üçün yaratdım?
Mirzə Əhməd — Doğrusunu axtarsan gənc mühəndislər bizə yalnız işdə qazandıqları qələbə ilə deyil, öz mədəniyyətləri ilə də cavab verdilər. Bizim həsəd və inadlarımızı soyuqqanlılıqla qarşıladılar. Nə isə, şüur məhdudluğu təzə dünyanı öyrənmək üçün bizə imkan vermədi.
Mirzə Teymur — Bizim kimi adamlar kimə lazımdır? Mən nələr etmədim? Nə oyunlar çıxarmadım? Nə üçün «Özümü asacağam» — deyə özümü gülünc bir hala qoydum? Doğrudan da Durna çox yerində dedi.
Mirzə Əhməd — Durna nə dedi?!
Mirzə Teymur — Dedi ki, Fransada nə qədər əxlaq pozğunluğu varsa yığıb gətirib bizim həyatımıza aşılamaq istəyirsən.
Mirzə Əhməd — (gülür) Şeytanların biliyi də, iti dilləri də var. Dilbər üzümə dedi: «Amerikada nə qədər qabalıq və məğrurluq varsa hamısını çamadanına doldurub gətirmisən» Doğrudan da mən o qədər qabalaşdım ki, təzə həyata açılan geniş qapıdan içəri girə bilmədim.
Bu əsnada Bəhlul ilə Qəhrəman əllərində portfel gəlirlər.
Qəhrəman — (Mirzə Əhmədə və Mirzə Teymura) Sizi təbrik edirəm, qazandığımız qələbədə sizin də biliyiniz az rol oynamadı.
Mirzə Əhməd — (boğazı tutulan bir halda) Məni utandırma oğlum. Həsəd və inad sənə olan atalıq məhəbbətimi davam etdirməyimə mane oldu.
Qəhrəman — Ata! İnan sənə olan hörmət və məhəbbətim zərrə qədər azalmamışdır.
Mirzə Teymur — (bir əli ilə Qəhrəmanın o biri ilə Bəhlulun əlindən tutur). Məni təhqir edin, məni töhmətləndirin, haqlısınız. Mən gərək Firəngiz barəsində səninlə Dilbərin arasında düşmənlik yaratmayaydım.
Qəhrəman — Onların hamısını unudun. Xırda işlərdir. Gənclər sizi əvəz edirlər. Siz öz biliyinizi onlardan əsirgəməyin, onları ruhlandırın, sizdən tələb olunan ancaq budur. Qalanları isə unudulmuşdur.
Mirzə Teymur — Təzə adamları köhnə şüur və köhnə gözlər ilə tanımaq çox çətin imiş.
Qəhrəman — Buyurun sexə, komisiya sexi təhvil götürür.
Gedirlər.
Mirzə Teymur — Sovet adamları nə qədər nəzakətli imiş.
Mirzə Əhməd — Sovet adamlarının qiymətli cəhətlərindən birisi də insanlığın qədrini bilməkdən ibarətdir. Mən bunu Amerikada görmədim. Sovet adamları hər şeydən əvvəl insanları düzəltməyə çalışırmışlar. İslah etmək istəyirlər.
Durna ilə Dilbər əllərində portfel gəlirlər.
Durna — Salam! Bizim əziz müəllimlərimiz bu qələbə münasibətilə sizi təbrik edirik. (Onların əllərini sıxırlar).
Mirzə Əhməd — Qızım, elə bir söz söylə ki, mənim vicdanım sakit olsun, məni bağışla! Sənə atalıq etmədim.
Mirzə Teymur — Durna xanım, Dilbər xanım, mənim günahımdan keçin! Durna xanım, sənə çox əziyyət verdim. Dilbər xanım, səni Qəhrəmanla döyüşdürmək üçün yazıb Firəngizi buraya gətirtdim. Günahımdan keçin!
Dilbər — Əmin olun ki, bu qələbə şəxsi işlərin hamısını unutdurdu. Sovet gəncliyi intiqamçılıq ruhu ilə tərbiyə olunmamışdır.
Durna — (Mirzə Teymurun əlindən tutur) Siz də məni bağışlayın. Güllü nənənin çıxardığı oyunlara mən səbəb olmuşam. (Mirzə Teymurun qolundan tutub aparır).
Səhnə boş qalır, Güllü ilə Nəsir görünür.
Güllü — (Nəsirə) Səndən çox təvəqqə edirəm ki, belə-belə yerlərdə özünü yaxşı aparasan. Bir sözü ağzında bişirməmiş danışma.
Nəsir — Mən də səndən çox təvəqqə edirəm ki, mənə nəsihət vermə. İndi mən sən fikirləşdiyin kişilərdən deyiləm.
Güllü — Nə oldu? Nəsihət verəndə nə olar? Mən də indi sən düşündüyün Güllü deyiləm, adlı-sanlı bir qadınam. Bəs belə ha, hələ ZAGS-a getməmişdən mənim ağzımı qapamaq istəyirsən?
Nəsir — Ay qız, nə üçün məni anlamaq istəmirsən? Elin arasında bir qayda var ya yox?
Güllü — Nə qayda var?
Nəsir — Arvadın kişiyə nəsihət verməsi kişinin əskikliyidir.
Güllü — Qadam o kişinin ağzına dəysin ki, nəsihəti əskiklik hesab edir.
Nəsir — İndi ki, söz açıldı, mən də sənə deyirəm, özünü bir qədər yaxşı apar. Acığın gəlməsin, bir qədər açıqsan. Qadın olduğunu unutma!
Raykom katibi — (direktor və mühəndislər ilə bərabər sexdən çıxırlar, işçilər sexin qarşısına toplanırlar). Əziz yoldaşlar! Hörmətli mütəxəssislər! Sizin sosializm yarışında qazandığınız bu tarixi qələbəni təbrik edirəm. Mexaniki sexin vaxtından çox əvvəl istifadəyə verilməsi bizə böyük bir müjdənin xəbərini verir. Bununla biz inanırıq ki, bu namuslu kollektiv müharibədən sonrakı beşilliyi dörd ildə vaxtından əvvəl bitirə biləcəkdir. (Hamının əlini sıxır).
Direktor — Qəbul komisiyonu görülən işin uca bir keyfiyyət daşıdığını qeyd etməklə bizi sevindirdi.
Hamı əl çalır.
Katib — Əziz yoldaşlar, sexdən gələn dəzgah səslərini böyük iftixarla dinləyin! Bu səslər qələbə bayramının simfoniyasını tərənnüm etdirir. Daşlı və qumlu bir çöldə ucalan bu gigant, xalqımızın dühasına məxsus mö’cüzənin əzəmətli bir heykəlidir. Bu heykəl Amerika və Avropa üstünlüyünə səcdə edənlərə qarşı qəti bir cavabdır.
Musiqi çalırlar.
Direktor — (Mühəndislərə) Yoldaşlar, nə qədər ki, kolxozlardan çağırılan qonaqlar gəlməmişdir, siz mükafata təqdim ediləcəklərin siyahısını hazırlayın!
Qəhrəman — Siyahı hazırdır, icazə verin mühəndis Dilbər oxusun.
Mirzə Teymur — (irəli keçir) Möhtərəm katib, hörmətli direktor, icazə verin böyük zəhmət ordusunun qarşısında öz günahlarımı boynuma götürüm.
Direktor — Buyurun mirzə, sizin nə kimi bir günahınız ola bilər?
Mirzə Teymur — Biz elə bilirdik ki, gənc mütəxəssislər mexaniki sexi vaxtından əvvəl deyil, vaxtından sonra da bitirə bilməyəcəklər. Sovet mütəxəssislərinin bu qələbəsi mənim şüurumda olan köhnə fikirləri darmadağın etdi. Mən burada gördüyüm bacarığı və sovet adamlarında gördüyüm mədəniyyəti Avropada görməmişdim.
Mirzə Əhməd — Mən sovet dünyasına iki gənc mütəxəssis vermişəm, birisi Dilbər, o birisi də Qəhrəmandır. Lakin onların bu böyük vəzifənin öhdəsindən gələ biləcəklərinə inanmırdım. İndi isə onlar məni utandırdı. Gənclərdə polad iradə varmış. Mən belə bir məmləkətdə yaşadığıma iftixar edirəm.
Mirzə Teymur — Sosializm mədəniyyətilə tərbiyə olunmuş sovet adamları dünyada ən nəzakətli adamlardır. Bunu mən öz həyatımda sınaqdan çıxardım.
Katib — Mən elə zənn edirəm, siz mirzə teymurlar və mirzə əhmədlər təzə dünyanı qurmaq işində yenə də dəyərli işlər görə bilərsiniz. Siz inanın, sovet gəncliyindən hörmətdən başqa bir şey görə bilməyəcəksiniz.
Mirzə Əhməd — Artıq biz buna inanırıq. Biz yaşımızın çoxluğuna baxmayaraq təzədən doğulduq. İçində olduğumuz həyat bizim şüurumuzu təmizlədi.
Katib və direktor işçilərin və mühəndislərin əllərini sıxırlar.
Nəsir — (direktorun əlini sıxır) Bağışla yoldaş direktor, sizə bir müxtəsər sözüm var.
Direktor — Buyur Nəsir dayı!
Nəsir — Mən öz gələcək həyat yoldaşım Güllü barəsində danışmaq istəyirdim.
Direktor — Güllü xanımı mükafatlandırırıq, həm də onu kursa göndəririk.
Nəsir — Bu olmadı ki, bu gün sabah mənim toyumdur, bir tərəfdən də gəlini kursa göndərirsiniz. (Həyəcanla) Deyəsən mən Bakıya getməli olacağam.
Güllü — Nəsir, eyibdir, bir qədər özünü ələ al. Adlı-sanlı işçiləri kursa göndərirlər. Kursa getməklə səni atmıram ki, yenə qayıdıb gələcəyəm.
Nəsir — Güllü, həyatımı da kəbininə salıram, əmanət kassasında olan pullarım da sənin olsun, gəl bu daşı ətəyindən tök.
Güllü — Dünyanı mənə versən də gedəcəyəm. İndi ki, hökumət və partiya bizi adam etmək istəyir, heç kəs mənə mane ola bilməz.
Dilbər — Ay Nəsir dayı, sən həmişə iddia edirsən ki, mən təzə adamam. Təzə adam da öz qadınının oxuyub sənətkar olmasına mane ola bilərmi?
Nəsir — Ay Dilbər xanım, təzə adamda ürək olmazmı? Mənim də arzum var axı, niyə mənim toyumu yasa döndərirsiniz?
Durna — Yaxşı, Nəsir dayı, səbr elə bu məsələni sonra həll edərik. Hələ vacib işimiz çoxdur.
Qəhrəman — (məclisə) İcazə verin Dilbər siyahını oxusun.
Dilbər — Staxanovçulardan İsmixan Rəhimov, özü köhnə çobandır.
Nəsir — Yoldaşın fəaliyyətinə heç bir söz ola bilməz. İndi də yazın ora Nəsir kəblə Heybətqulu oğlu.
Güllü — (onun ətəyindən dartır) Sənə yüz kərə demişəm ki, hər işdə yuyulmamış qaşıq kimi özünü aralığa soxma.
Dilbər — Nəsir dayı, səbr elə, siyahını çərkə ilə oxuyacağam.
Güllü — (Nəsirə) eşitdin ki?
Nəsir — Sən qoyacaqsan mən ad-san qazanım ya yox?
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-boyuk-qurulusda-sekkizinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən cəbhəni buraxıb evə qayıdanda, şəhər daxilində olan bütün silahlı qüvvəyə öz mövqelərini buraxmaq əmri verilmişdi. Dan ulduzu çıxan zaman şəhər tamamilə sakit idi, yalnız Hacı Qulamrza karvansarasına qapanmış rus soldatlarının atışma səsi eşidilirdi. Barıt dumanlarını şəhər üzərindən sürüb aparmaq üçün gələn səhər yeli işə başlamadan, yara bağlamaq üçün səfərbərliyə alınmış şəfqət bacıları da – Nina, Sənubər, Töhfə, bir də Həsənağanın arvadı Nazenin işlərini bitirib evə qayıtmışdı. Bu dörd qadın İran inqilabında iştirak edən ilk şəfqət bacıları idi. Onlar cəbhədən birbaş Ninanın evinə qayıtmışdılar.Mən içəri girərkən, bütün libasları qana və palçığa bulanmış dörd nəfər gənc gördüm.
Qorxulu gecəHara getdiyimi hiss etmirdim. İclasın istəmədiyim kimi bitməsi, bu qədər qorxu və böhranlı saatlarda Təbrizdəki inqilab rəhbərləri ilə sazişə girə bilməməyim, onların bilərəkdən özlərini təhlükələrin qoynuna atmaq istəməsi mənim əsəblərimi tamamilə sarsıtmış və məni təbii halımdan çıxarmışdı. Mən gedirdim, nə üçün və hara getdiyimdən xəbərim yox idi. Mən yüz dəfələrlə keçdiyim bu küçələri indi tamamilə başqa quruluş və başqa şəkildə görürdüm.Söyüd ağaclarının hər birisi bir dar ağacı, nəvdanların ucunda donub sallanan buzların hər parçası bir cəllad qılıncını xatırlatdığı kimi, küçələrə baxan bacaların görünüşü də mənə yaxın səhərin qorxulu dastanını oxuyurdu. Məni bir dəhşət titrədirdi. Bu dəhşət öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır olması fikrindən doğurdu.
«Rəhm olunmasın!»Vorontsov-Daşkov Təbrizə gələn hərbi səhra məhkəməsi sədrinə belə bir teleqram göndərmişdi:«Üsyançı təbrizlilərə rəhm olunmasın!»
Çar konsulxanasındaTezdən qapı vuruldu. Nina içəri girdi. Çar konsulxanasından gətirdiyi 20 vəsiqəni verərək:– Lazım olursa, yenə də gətirə bilərəm. Bunları şəhərdə azad gəzmək üçün yoldaşlara paylayın, – dedi və sonra sərdar Rəşidin göndərdiyi məktubu mənə verdi.
Başqa şairlərin şeirləri
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
QırqovulQırqovul nə gözəl quşdu,Biri bir gün göldən uçdu,