Səhifə 2 / 3 · 33%

Çar və ingilis konsullarının bütün rəftarları bunu göstərirdi. Onlar haqlı olaraq tez-tez Rusiya və İran məmləkətlərinin iqtisadca birbiri ilə əlaqədar olduğunu və bu iki məmləkətin sıxı bir əməkdaşlıq nəticəsində səadətə nail olacağını meydana sürürdü.

Xüsusən çar konsulu sərdar Rəşidin bir çar nümayəndəsi olduğunu pərdələmək üçün onun İran hökuməti tərəfindən Təbrizə təyin edildiyi sözlərini ziyafət salonundakı İran tacirlərinə tez-tez eşitdirirdi. Lakin sərdar Rəşidin ziyafətə gəlməsi və onun qiyafəsi, konsulun İran tacirlərinə dediyi yalanlarla uyğun deyildi. Sərdar Rəşidin qiyafəsi bir çar general-qubematorunu xatırladırdı. Onun döşündəki cÖryolb nişanı, çiynindəki rus paqonları, qılıncı, kəməri, lentası və sairə tamamilə bir çar general-qubernatorunu təmsil edirdi. Onun iranlılıqdan ibarət olan papağı da başında deyildi. Ziyafət salonuna başıaçıq girmişdi.

O, içəri girən kimi qabaqca diplomatlar ayağa qalxdı, ondan sonra bunu hiss edərək başqaları da ayağa qalxdı, lakin özünü rus general-qubernatoru şəklinə salmış sərdar Rəşid özünü mədəni bir rus sahibmənsəbi kimi yox, yenə də bir Şərq feodalı kimi göstərdi, o yalnız rus və ingilis konsullar:nın əlini sıxdı, başqalarına başı ilə salam işarəsi verib:

– Ağalar əyləşə bilər! – dedi.

Lakin sərdar Rəşid icazə vermədən də ağaların bir çoxu əyləşmişdi. Bunu çar və ingilis konsulları da hiss etdi, onların da üzündə narazılıq əlamətləri göründü.

Sərdar Rəşid salonda olan qadınların da əlini sıxmadığından onlarda özünə qarşı böyük bir nifrət oyandırdı. Xüsusən Nina bu işdən çox acıqlanmışdı, çünki vaxtı ilə bizim vasitəmizlə böyümək istəyən və hər yerdə bizim tanışlığımızla fəxr edən, hətta hər kiçik çətinlik üçün bizim evimizə gələn bu adamın hazırkı rəftarı hər bir soyuqqanlı və hər bir adi adamı da acıqlandıra bilərdi.

Qonaqlar bir yerə yığılmamışdı, bəziləri papiros çəkir, bəziləri bufetin qabağına keçib dodaqlarını yaşlayır, bəziləri dəyirmi stolların başına yığışıb danışır, bəziləri də qadınlar və qızlarla cüt-cüt salonda gəzişirdilər. Nina ilə mən də salonda dolanırkən, rus konsulu ilə sərdar Rəşid də ayaq üstündə durub nə barədə isə söhbət edirdi. Konsulu telefona çağırdılar, Sərdar Rəşidi buraxıb getdi. Sərdar Rəşid tək qaldıqdan sonra salona göz gəzdirib söhbət etmək üçün əlverişli bir qrup axtarırdı. Onun üçün əlverişli qrup ancaq bizim qrupumuz idi. Sərdar Rəşid qabaqca bizə yanaşdı və Ninanın qolundan tutub soruşdu:

– Xanımın kefi necədir? – dedikdə sanki Nina bunun səsini eşitmədi, ona cavab vermədiyi kimi qolunu da dartıb onun əlindən aldı.

Sərdar Rəşid məsələni dərhal anladı və mənim yanıma dönərək:

– İnşallah cənab sərkarın vücudu səlamətdir, – dedi.

Mən:

– Həzrət əşrəfin dövlətindən səlamət dolanırıq – dedim.

Nina mənim sərdar Rəşid ilə söhbətimi gördüyündən yenə də acıqlandı və tez gəlib, qolumdan tutub başqa tərəfə apardı.

– O cürə alçaqlarla danışmağa tənəzzül etmə! – Nina qəti olaraq dedi. – O özünü çox uca tutur, lakin onun bu ucalığının iç üzünü heç kəs bilməsə də, biz yaxşı bilirik.

Sərdar Rəşid salonun o baş-bu başına bir az getdikdən sonra qayıdıb oturdu və konsulu gözlədi. Nə işdən ötrü isə ingilis konsulunu da çağırdılar. Sərdar Rəşid tək qalmağa məcbur oldu.

Hacı Fərəc Sərrafın oğlu Hacı Mirzağa mənə yanaşdı, onunla bir qədər gəzişdik. O, Məşədi Kazım ağadan şikayətləndi, onun özləri ilə rəqabət apardığı və almaq istədikləri kəndə Məşədi Kazım ağanın müştəri durduğunu söyləməklə ona nəsihət verməyi tapşırdı və məni özü ilə bərabər çəkib sərdar Rəşidin yanında əyləşdirdi.

Hacı Mirzağa çar təbəəsi idi, sərdar Rəşid ona yaltaqlandı. Mirzağa isə məşhur dübbələrdən sayıldığı üçün onu ələ salmağa və onu özünün layiq olmadığı yüksək pilləyə qaldırmağa başladı. Bunun üçün də sərdar Rəşid özü inanmadığı bir surətdə qoltuqları şişdi və bu münasibətlə sözə başladı:

– Tehran hökuməti, Şücaüddövlənin vücudə gətirdiyi xarabalıqları təmir etmək vəzifəsini mənə tapşırmaqda səhv etməmişdir. Şücaüddövlə imperator hökuməti ilə şahənşah hökuməti arasında keçilməsi mümkün olmayan bir uçurum yaratmışdı. Ümid edirəm ki, uçurum ancaq mənim təlaşım nəticəsində islah oluna biləcəkdir. İki hökumətin həmişəlik dostluğunu yaratmaq üçün çox işləmək lazımdır, çünki xarabalıq çox böyükdür. Birinci növbədə xalqımızın siyasi əxlaqını düzəltmək və onları imperator hökumətinin dostluğu əsasında tərbiyə etmək lazımdır. Hərgah çar hökuməti bəndənin fəaliyyətinə əmin olmasaydı, Tehran hökumətinin məni Azərbaycan valisi təyin etməsi qərarını təqdir etməzdi.

Mirzağa, sərdar Rəşidin sözlərini təsdiq edərək:

– Həzrət əşrəf həqiqətdə çox səhih buyurdular. Hərgah imperator hökuməti həzrət əşrəfi təqdir etməsəydi, imperatorun əla dərəcəli nişanı olan «Üqabi-səfidə." nişanını onun döşünə taxmazdı.

Bundan sonra Mirzağa durub getdi, sərdar Rəşid isə mənə tərəf dönərək:

– Cənablar əmin olmalıdır ki, sizə olan etimadımız təğyir tapmamışdır, – dedi.

– Çox razıyam! Həzrət əşrəfdən xeyirxahlıqdan başqa bir şey gözləmək layiq deyil.

– Sizin üzərinizdə olan himayəmiz əvvəlki şəklindədir.

– Təşəkkür edirəm!

– Əlbəttə, siz də gərək bu himayəni bir qohumluq əlaqəsi kimi məna etməyəsiniz.

– Təbiidir ki, mən də özümüzü sizə qohum hesab etmirəm.

– Buna görə də siz qardaşınız Ağa Əsədə də tapşırasınız ki, mənim bacım haqqındakı fikirləri birdəfəlik başından çıxarsın, hər kəs gərək öz tayını və öz müsahibini tapsın.

– O barədə mən heç bir söz deyə bilmərəm. Hər kəs başındakı fikrini ancaq özü çıxara bilər, o ki qaldı «tay və müsahibə məsələsinə, bu məsələ mürəkkəb bir məsələdir. Zənn edirəm ki, Əsəd qohum olmaq istədiyi qızın mənsub olduğu ailədən nanəcib deyildir.

– Təbiidir ki, mən sizin şərəfinizə toxunmaq üçün ona cəza verməkdən vaz keçirəm.

– Siz onu bilməlisiniz ki, o çox da aciz oğlan deyil, cəzalanmaq üçün də layiq deyildir. O, sadiq və öz xalqını sevən bir iranlıdır. Bizi himayə etmək məsələsinə gəldikdə, bu barədəki zəhmətinizə razı deyiləm, biz heç vaxt himayədə olmamışıq, öz fəaliyyətimiz, öz hümmətimiz bizi himayə edər.

Sərdar Rəşid söhbəti dəyişərək:

" Üqabi-səfid – Ağ oryolb nişanına deyilir. Sərdar Rəşid Ərdəbildə hakim olduğu zaman İran xalqına xəyanət göstərməsi nəticəsində çar hökuməti ona “Oryol? nişanını vermişdi.

– Xeyr, ağa, vaqedə də mən sizə elə ərz eləmədim ki, siz məndən rəncidəxatir olasınız. Gərək siz özünüz mənim şərəfimi və namusumu müdafiə edəsiniz. Axı mən böyük bir məmləkətin valisi və başı hesab olunuram. Siz mənim adi bir təbrizli ilə qohum olmağıma gərək razı olmayasınız. Qoy mənim bacım Mahrunun ətəyini buraxsın, onun üçün haradan istəyirsən mən qız tapıb evləndirim.

– Sizin səhviniz də orasındadır ki, Mahrunu özünüzə bacı hesab edirsiniz. Halbuki biz haman bacı-qardaşlığın tarixini çox gözəl bilirik. Sizin səadətiniz, sizin nüfuzunuzun korlanmaması onu öz evinizdən bir bacı kimi ərə verməyinizdədir, biləks, ona bacı deyərək gecələr yatağina hücum etməklə öz nüfuzunuzu düşürə bilərsiniz. Hərgah biz sizin namusunuzu müdafiə etmək istəməsəydik, lap günü sabah sizin o qıza rəva gördüyünüz alçaqlığı ifşa edər və sizin Təbrizdə qalmağınıza imkan verməzdik. Biz sizin namusunuzu müdafiə etmək istəməsəydik, İraidanın sizin evinizdən köçüb getdiyi zaman qoyduğu məktubu bütün Təbriz xalqına elan edərdik, çünki siz zavallı qıza evlənərək onu başqalarına da təqdim edirsiniz. Hazırda məktub bizim əlimizdə qalmırmı?

Sərdar Rəşid öz qarşısında kimin oturduğunu dərhal hiss etdi, söhbət və şivəsini dəyişərək, məni aldatmağa başladı:

– Biz həmişə sizə müxlis olmuşuq, siz o qızın sözlərinə baxmayin, o atabir, anabir bacımdır. Lakin onun əqli naqisdir. Naqis olmasaydı, rusun birisinə ərə getməzdi.

Rus və ingilis konsulları salona girdi, ziyafət təntənəsi başlandığı üçün söhbətimiz yarımçıq qaldı.

Çar konsulu beynəlxalq vəziyyətin tutqunluğunu hiss etdirməməyə çalışırdı. O, təzə valinin şərəfinə yaradılan bu ziyafətin çox təntənəli keçməsinə səy eləyirdi.

Lakin ziyafət salonundakı hər bir şey vəziyyətin ağırlığını göstərirdi. Cənab Mirabovun diriforluğu altında çalınan simfonik orkestrin səsi də bir şadlığı yox, bir qorxunu tərənnüm edirdi. Konsulun saxta gülüşləri və cAidap operasından çalınan gurultulu parçalar da siyasi vəziyyətin kədərlərini dağıda bilmirdi.

Qonaqların çöhrəsindəki baxışlar, valinin şərəfinə söylənən tostlar, təzə valinin alnındakı qırışıqlar belə bu təntənənin saxtalığını söyləyirdi. Çilçıraqlarda yanan lampaların şəfəqləri də bu şadlığı nişan vermirdi.

Çar konsulunun daxili düşüncələrini sönük işıqlarda, skripkanın sızıldayan tellərində, diriforun əlindəki çubuqda, pianonun inildəməsində, neydə, fleytada, trubada, təbildə... onlara baxan gözlərdə və onları dinləyən qulaqlarda oxumaq mümkün idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri